Aygün İsayeva: Dünya məktəbi nin ən böyük reklamı onun məzunlarıdır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Dünya məktəbi"ndə şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, düşünməyi, öyrənməyi öyrətmək prinsipi əsas götürülür".
Bu fikirləri Oxu.Az-a müsahibəsində "Dünya məktəbi"nin direktoru Aygün İsayeva deyib.

Müsahibəni təqdim edirik.
- Xoş gördük, Aygün xanım. Özəl məktəb deyəndə çox adamın ağlına "öz əli, öz başı" deyimi gəlir. Maraqlıdır ki, reallıq nə yerdədir?
- Əslində, bəli, özümüz uğurlu nəticələrimizlə, işlərimizlə filiallarımızı maliyyələşdiririk. Amma dövlət qurumları ilə də əməkdaşlığımız mövcuddur. Məsələn, Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlığımız və dostluq münasibətlərimiz var.
- Biz bilirik ki, "Dünya məktəbi" uğurlu nəticələri ilə tanınır. Bu haqda nə deyə bilərsiniz?
- Nəticələrimiz yaxşıdır, çünki iş prinsipini düzgün formalaşdırmışıq. Həmçinin öz uşaqlarımızla qürur duyuruq. Azərbaycanın parlaq nəsli burada böyüyür. Biz uşaqlara təhsil ilə yanaşı, geniş dünyagörüşü verməyə çalışırıq.

2011-2012-ci tədris ilindən etibarən, həm Azərbaycan-rus bölmələri, həm də IB Diplom Proqramını bitirən məzunlarımız Yaponiya, Çin, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Koreya, Türkiyə və dünyanın bir çox ölkələrindəki məşhur universitetlərdə təhsillərini uğurla davam etdirirlər.
- Məzunlarınızdan Azərbaycanda çalışanlar varmı və onların fəaliyyəti ilə maraqlanırsınızmı?
- Hazırda Azərbaycanda bir çox strukturlarda aparıcı vəzifələrdə çalışan məzunlarımız var. Onlar məktəb ilə sıx əlaqə saxlayırlar, gəlib-gedirlər, müəllimləri ilə dostluq edirlər, "Dünya məktəbi" onlar üçün doğma məkandır, evləri kimidir. Məzunlarımız dünyanın harasında olurlarsa-olsunlar, biz daim onları axtarırıq, həyatları ilə maraqlanırıq.
Bu yaxınlarda bizim məktəbin ilk məzununun toyu oldu. "Dünya məktəbi"nin bütün heyəti yüksək, şən əhval-ruhiyyədə o toyda iştirak etdi.

- Aygün xanım, uğurlu məktəbin təhsil ideologiyası da önəmli nüansdır. "Dünya məktəbi"nin təhsil ideologiyası nədir?
- Dünya sürətlə inkişaf edir, cəmiyyətlər, texnologiya daim yenilənir, dəyişən dünyaya uyğunlaşmaq çox vacibdir. Bu məqsədə çatmaq üçün "Dünya məktəbi"ndə şagirdlərin akademik, sosial, emosional intellektlərinin ("Academic", "Sosial and emotional intelligence") inkişafı kompleks şəkildə həyata keçirilir.
Mütəxəssislərimiz ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və sair ölkələrdə təcrübə mübadiləsi keçərək qabaqcıl xarici məktəblərin iş təcrübəsini öyrənirlər. Biz isə nəticədə bu praktikanı ölkəmizin təlim-tələblərinə uyğun şəkildə tətbiq edirik.
"Dünya məktəbi"ndə şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, düşünməyi, öyrənməyi öyrətmək prinsipi əsas götürülür.

- Qoşulduğunuz beynəlxalq məktəb şəbəkəsi var?
- "Dünya məktəbi" Azərbaycanda ilk dəfə 2009-cu il yanvarın 16-da Beynəlxalq IB Məktəbi statusunu qazanıb. "DUNYA IB School" adı ilə Beynəlxalq Bakalavr Təşkilatının ("İnternational Baccalaureate Organization" - İBO) üzvü olub. Beləliklə, "Dünya məktəbi" beynəlxalq məktəb şəbəkəsinə qoşularaq İBO-nun Diplom Proqramını tətbiq etməyə başlayıb.
Burada ingilis və rus dillərindən başqa şagirdlərin seçimi ilə əlaqədar xarici dil kimi çin, yapon, fransız, italyan, alman dilləri də tədris olunur. Ümumiyyətlə, IB Proqramları şagirdlərə həyatı boyu öyrənmə ("LİFE LEARNİNG") prinsipini aşılayır.

- Yanılmıramsa, "Dünya məktəbi" dövlət başçısının da diqqətindən yayınmayıb.
- Bəli, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə "Dünya məktəbi" 2012-2013-cü tədris illərində "İlin ən yaxşı məktəbi" adına layiq görülüb.
- Xəzər Universitetinin nəzdində yaranan və fəaliyyət göstərən məktəb olmağın üstünlükləri nədir?
- Sözsüz ki, üstünlüyü var. Məsələn, Xəzər Universitetinin kitabxanasının fondu "Dünya məktəbi" üçün hər zaman əlçatandır. Məktəbimizin Azərbaycan-rus və IB bölmələrində hər iki resurs növündən - həm elektron, həm də kitab və dərsliklərdən bərabər sayda aktiv istifadə edilir.

- "Dünya məktəbi" deyəndə ağlımıza yeni dəyərlər, müasir yanaşmalar gəlir. Bəs milli dəyərlərimiz şagirdlərə aşılanırmı?
- "Dünya məktəbi"ndə dilimizə, milli adət-ənənələrimizə xüsusi dəyər verilir. Burada fənlər ayı keçirilir. Hər ay bir fənnə həsr edilir. Məsələn, Azərbaycan dili ayında siz məktəbdəki maraqlı tədbirlərin şahidi ola bilərsiniz. Ötən il dilimiz, tariximizlə bağlı şəhərimizin bütün ziyalı ictimaiyyətinin iştirakı ilə Şah İsmayıl Xətai haqqında səhnə hazırlandı. Hər il Azərbaycan dili ayı möhtəşəm tədbirlərlə qeyd olunur. Burada istər Azərbaycan-rus bölmələrində, istərsə də İB-də dilimizə həssas və təəssübkeş münasibət var.
Mart ayında "Gəncə Dünya məktəbi"ndə böyük Novruz festivalı keçirildi. Xalqımızın bütün milli bayram adət-ənənələri festivalda əksini tapmışdı. Hətta festival Gəncə şəhəri səviyyəsində bayrama çevrildi. Şəhərin hər tərəfindən insanlar festivala axışmışdı. Milli rəqslərimizin hər növü festivalda nümayiş olundu. Ümumiyyətlə, "Dünya məktəbi"nin şagirdlərdən ibarət rəqs qrupu var, onlarla tanınmış rəqs müəllimlərimiz çalışırlar.

Burada ən kiçik yaşlılar da Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun musiqilərini tanıyırlar. Hər gün səhər və tənəffüs zamanları məktəb binalarının radio qovşağından milli musiqilərimiz, dünya şöhrətli bəstəkarlarımızın simfoniyalarından parçalar səslənir.
AMEA-nın alimləri, Bakıdakı aparıcı universitetlərin mütəxəssislərinin, bütün ziyalı ictimaiyyətinin iştirakı ilə böyük tədbirlər, beynəlxalq konfranslar keçiririk. Ötən il Xalq Şairi Nigar Rəfibəylinin yaradıcılığına həsr edilmiş böyük tədbir keçirdik. Başda yazıçı Anar müəllim, Rəsul Rza ailəsi, Yazıçılar Birliyi - hamı "Dünya məktəbi"ndə yığışmışdı. Yəni məktəb həm də ziyalıların toplaşdığı bir yer, mədəniyyət mərkəzinə çevrilib.
- Təhsil ocağı olmaqla kifayətlənirsiniz, yoxsa ölkə təhsilinə dəstək olmaq üçün addımlar atırsınız?
- Təbii ki, ölkə təhsilinə də töhfə verməyə çalışırıq. Məktəbimizdə beynəlxalq elmi konfranslarla yanaşı, ümumrespublika olimpiadaları keçirilir. Əvvəlki illərdə Riyaziyyat fənn olimpiadasına təşkilatçılıq etdik. O yarışda şəhərimizin və ölkəmizin müxtəlif region məktəblərindən şagirdlər iştirak etdilər. Bizim şagirdlər elm, şahmat və idman yarışlarında böyük uğurlar qazanırlar. Ötən il Azərbaycanda ilk dəfə "Sabahın alimləri" ümumrespublika bilik yarışmasında üç qızıl medalla təltif olunan uşaqlarımız sonrakı mərhələdə ABŞ-də iştirak etdilər və oradan Azərbaycanın tarixində ilk dəfə olaraq bürünc medal qazanaraq geri döndülər.

Məktəbimizdə respublika üzrə şahmat yarışları keçirilir. FİDE ustası, tanınmış şahmatçı müəllimlərimiz şagirdlərimizi ümumrespublika və beynəlxalq şahmat yarışlarına hazırlayır. Ümumiyyətlə, şahmat fənninin tədrisinə xüsusi əhəmiyyət verilir.
- Dövlətin daim diqqətində olan və həssas yanaşdığı mövzulardan biri də şəhid ailələridir. Bəs özəl məktəb olaraq şəhid ailələri üçün güzəştləriniz varmı?
- "Dünya məktəbi"nin Bakıdan başqa Sumqayıt və Gəncə şəhərlərində də filialları mövcuddur. Hər üçündə həm məktəbin hesabına, həm də güzəştli əsaslarla - "Yaşat" Fondu ilə birgə şəhid övladlarının təhsil alması üçün şərait yaratmışıq. Bundan əlavə, məktəbimiz hər il uşaq evlərində kimsəsiz uşaqlarla layihə həyata keçirir. Onların geyim və məktəb ləvazimatları, ərzaqla təminatı üçün yardım edir.

- Biz bilirik ki, illərdir, çap olunan dərginiz var. Bu dərginin mahiyyəti nədir?
- Məktəb həyatını, onun hər mənada fəaliyyətini işıqlandıran "Dünya" dərgimiz var. Artıq 10 ildir ki, bu dərgi fəaliyyətdədir. Məktəb həyatı onun səhifələrinə sığmır. Tədbirlər, beynəlxalq konfranslar, olimpiadalar, idman və şahmat yarışları, ədəbi-bədii gecələr, milli bayramlar, ana dili günləri, "Dünya" ana məktəbinin fəaliyyəti, Sumqayıt, Gəncə "Dünya Məktəbləri", dövlət strukturları ilə birgə əməkdaşlıq tədbirlərimiz, daha nələr-nələr... Dərgini əlinizə alıb səhifələsəniz, bütün bu sadaladığım faktların orada şahidi olarsınız.
- Son olaraq nə demək istəyirsiniz?
- Bu gün biz sevinirik ki, məzunlarımızın səsi-sorağı dünyanın ən reytinqli - Oksford, Stanford, Tokyo, Kembric, Harvard və sair universitetlərindən gəlir. Əminik ki, Azərbaycanımızın gələcəyi etibarlı gənclərin əllərində olacaq.




























































Məhərrəm Əliyev


