Icma.az
close
up
RU
Aytəkin Əliyeva: “Ana südü ilə qidalanan uşaqlarda immun sistemi daha tez formalaşır”

Aytəkin Əliyeva: “Ana südü ilə qidalanan uşaqlarda immun sistemi daha tez formalaşır”

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim pediatrı Aytəkin Əliyevanın müsahibəsini yayımlayıb.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Aytəkin xanım, ilk öncə ana südünün əsas faydaları haqqında məlumat verərdiniz...

- Ana südü yenidoğulmuş körpələr üçün ən ideal qidadır və onların sağlam inkişafı üçün əvəzolunmazdır. O, körpənin immun sistemini gücləndirərək, infeksiyalardan qoruyur. Ana südü tərkibində olan anticisimlər sayəsində körpəni ishal, tənəffüs yolu infeksiyaları və orta qulaq iltihabı kimi xəstəliklərdən müdafiə edir. Həmçinin, ana südü körpənin beyin inkişafına müsbət təsir göstərir və intellektual qabiliyyətlərini artırır. O, asanlıqla həzm olunur və körpənin mədə-bağırsaq sistemini yükləmir.
Ana südü, həmçinin ana ilə körpə arasında emosional bağın yaranmasına kömək edir. Südün tərkibi zamanla körpənin ehtiyaclarına uyğun olaraq dəyişir. Uzun müddət ana südü verilən uşaqlarda piylənmə və şəkərli diabet kimi xəstəliklərin riski azalır. Bu səbəbdən, ilk 6 ay yalnız ana südü ilə qidalanma tövsiyə olunur.

- Ana südündün tərkibində hansı vitaminlər var?

- Ana südü körpə üçün demək olar ki, bütün zəruri vitaminləri ehtiva edir. Lakin onların miqdarı ananın qidalanmasından, laktasiyanın mərhələsindən və bəzi fizioloji xüsusiyyətlərdən asılıdır.
A vitamini (retinol) ana südündə körpənin gündəlik tələbatını tam qarşılayır. Xüsusilə kolostrumda A vitamini daha çoxdur və görmənin, immunitetin və hüceyrə böyüməsinin formalaşmasında mühüm rol oynayır. D vitamini isə çox az miqdardadır. Buna görə də D vitamini çatışmazlığının qarşısını almaq üçün əlavə profilaktika vacibdir. E vitamini (tokoferol) doğuşdan sonrakı ilk günlərdə yüksək miqdarda olur və antioksidant qorunma ilə yanaşı hüceyrə membranlarının sabitliyini təmin edir. K vitamini isə çox az miqdarda olduğu üçün yenidoğulmuşlara hemorragik xəstəliyin qarşısını almaq üçün K vitamini profilaktikası mütləqdir. C vitamini körpənin gündəlik ehtiyacını qarşılayır. Onun miqdarı ananın qidalanmasından asılıdır və immun sisteminin gücləndirilməsi ilə yanaşı dəmirin mənimsənilməsində mühüm rol oynayır. B qrupu vitaminləri (B1, B2, B3, B5, B6, B7, B9) adətən ananın balanslı qidalanması ilə kifayət qədər olur və sinir sistemi ilə maddələr mübadiləsinin normal işləməsini təmin edir. Lakin B12 vitamini yalnız ananın heyvani mənşəli qidalar qəbul etdiyi hallarda kifayət qədər olur, veqan qidalanmada analarda isə çatışmazlıq riski var.

- Ana südü uşağın beyin inkişafına necə təsir edir?

- Ana südü uşağın beyninin inkişafında əvəzolunmaz rol oynayır və onun tərkibi süni qidalarla tam əvəz edilə bilməz. Uzun zəncirli çox doymamış yağ turşuları beynin və tor qişanın əsas struktur komponentidir. Neyron membranlarının, sinapsların və mielinizasiyanın formalaşmasına kömək edir. Ana südündəki DHA səviyyəsi əksər süni qarışıqlardan daha yüksəkdir. Xolin-yaddaş və öyrənmə üçün vacib olan asetilxolinin sintezində iştirak edir. Beyin qabığının və hipokampın inkişafına dəstək olur. Laktoferrin və oliqosaxaridlər bağırsaq mikrobiotasının formalaşmasına kömək edir, “bağırsaq–beyin” əlaqəsi vasitəsilə beyin inkişafını dəstəkləyir, iltihabı azaldır və normal neyroinkişafa şərait yaradır. Taurin sinir sisteminin inkişafında mühüm rol oynayır, xüsusilə həyatın ilk aylarında uşağın öz taurin sintezi məhdud olduğu zaman. Hormonlar və böyümə faktorları inzulinəbənzər böyümə faktoru (IGF-1) və digər bioaktiv maddələr sinir toxumasının inkişafını stimullaşdırır. Vitamin və minerallar-B qrupu vitaminləri, xüsusilə B12 və fol turşusu mielin əmələ gəlməsində və neyromediatorların sintezində vacibdir. Yod və sink neyronların yetkinləşməsini dəstəkləyir.

- Ana südü immun sistemini necə gücləndirir?

- Ana südü yalnız qida deyil, həm də körpənin immun sisteminin inkişafına birbaşa təsir edən bioloji aktiv müdafiə kompleksi hesab olunur. Bu səbəbdən, ana südü ilə qidalanan körpələrdə infeksiyalara yoluxma halları daha az olur və immun sistemi daha tez formalaşır. Ana südü antitellərlə zəngindir, xüsusilə kolostrumda, IgA immunqlobulini yüksək miqdarda olur. IgA selikli qişaları qoruyur, patogenlərin hüceyrə səthinə yapışmasının qarşısını alır. IgG və IgM də əlavə qoruma təmin edir. Laktoferrin bakteriyaların çoxalmasını ləngidir, antiviral və antifungal təsir göstərir, bağırsaq epitelini qoruyur və iltihabı azaldır. Oliqosaxaridlər-körpənin bağırsağında faydalı bakteriyaların (Bifidobacteria, Lactobacillus) inkişafını dəstəkləyir, bağırsaq–immun sistem əlaqəsini gücləndirir. Ana südündə hüceyrə müdafiə faktorları-makrofaqlar, limfositlər vardır və onlar infeksiyalara qarşı mübarizə aparır. Sitokinlər və böyümə faktorları-immun sisteminin tənzimlənməsini dəstəkləyir, selikli qişaların bərpasını və müdafiə baryerini gücləndirir. Antioksidantlar və vitaminlər-C, E vitaminləri və digər bioaktiv maddələr immun hüceyrələrinin funksiyasını qoruyur.

- Doktor, ana südü neçə yaşa qədər verilməlidir?

- İlk 6 ay körpəyə yalnız ana südü verilməsi məsləhətdir. Bu dövrdə ana südü bütün qida və immunoloji ehtiyacları tam qarşılayır. 6 aydan sonra əlavə qidalar başlanılır, amma ana südü verilməsi davam etdirilir. Ana südü qidalanmada mühüm rol oynamaqda davam edir və immun müdafiəni gücləndirir. Əgər ana və uşaq istəyirsə ÜST ana südünün 2 yaş və daha uzun müddət verilməsini dəstəkləyir. Uzunmüddətli südvermə uşağın immun sisteminə və psixoloji inkişafına fayda verir. Ana və uşaq üçün rahat olduğu müddətdə südverməni dayandırmaq üçün sərt yaş limiti yoxdur.

- Vaxtından əvvəl doğulan körpələrə ana südü necə verilməlidir?

- Vaxtından əvvəl doğulan körpələrdə ana südü ilə qidalanma xüsusilə vacibdir, çünki onların mədə-bağırsaq sistemi və immun müdafiəsi tam yetkinləşməmiş olur. Ana südünün əhəmiyyəti onun yüksək bioloji dəyərə malik olması, immunoloji qoruma, beyin inkişafını təmin etməsi, nekrotik enterokolit riskinin azaldılmasından ibarətdir.
Əgər körpə özbaşına əmib uda bilirsə, döşdən birbaşa qidalandırılır. Əgər uda bilmirsə, ana südü sağılaraq qaşıq, şpris, xüsusi stəkan və ya zond ilə verilir və tədricən döşə alışdırılır (kanguru üsulu, dəri-dəriyə təmas). Vaxtından əvvəl doğulan körpələr daha tez-tez, kiçik porsiyalarla qidalandırılır.

- Erkən süd kəsmə körpənin psixologiyasına necə təsir edir?

- Ana südündən vaxtından əvvəl ayırma körpənin psixoloji inkişafına bir sıra mənfi təsirlər göstərə bilər, çünki ana südü yalnız qida deyil, həm də emosional bağın formalaşmasında əsas vasitədir. Ana südü ilə qidalanma zamanı dəri-dəriyə təmas və göz təması emosional təhlükəsizlik hissi yaradır. Erkən kəsilmə bu bağın inkişafını zəiflədə bilər və körpədə narahatlıq, gərginlik və daha çox ağlama halları müşahidə oluna bilər. İlk aylarda südəmər körpə ana ilə qidalanma zamanı özünü qorunmuş hiss edir. Erkən kəsildikdə bu emosional komfort mənbəyi azalır, nəticədə bəzi körpələrdə ayrılıq qorxusu və daha çox stress müşahidə oluna bilər. Ana südü ilə qidalanma yalnız fiziki deyil, həm də emosional ehtiyacların qarşılanmasıdır. Tədqiqatlar göstərir ki, uzun müddət ana südü ilə qidalanan uşaqlar daha sabit emosional əlaqələr və yüksək adaptasiya qabiliyyəti göstərirlər.

- Südvermə zamanı düzgün qidalanma necə olmalıdır?

- Südvermə dövründə ana üçün düzgün qidalanma həm öz sağlamlığı, həm də körpənin süd ilə aldığı qida maddələri baxımından çox önəmlidir. Ana bol və balanslı qidalanmalıdır ki, həm enerji ehtiyacını qarşılasın, həm də keyfiyyətli süd istehsal etsin. Gündəlik rasionda zülallar (ət, balıq, yumurta, süd məhsulları), kompleks karbohidratlar (tam taxıllar, tərəvəzlər), sağlam yağlar (heyvan və bitki mənşəli) və bol meyvə-tərəvəz yer almalıdır. Ana kifayət qədər maye qəbul etməlidir. Kofein və qazlı içkilər azaldılmalı, spirtli içkilər isə tamamilə qadağandır. Vitamin və mineral çatışmazlığı varsa, həkim məsləhəti ilə əlavə preparatlar qəbul edilə bilər. Duzlu, yağlı və işlənmiş qidalardan uzaq durmaq südün keyfiyyətini qoruyur. Həmçinin, allergiya riski olan qidaları qəbul edərkən körpədə reaksiya olub-olmadığı müşahidə edilməlidir.
Unutmaq olmaz ki, sağlam qidalanan ana həm özünü enerjili hiss edər, həm də körpəsinin ehtiyaclarını daha yaxşı qarşılayar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Avqust 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri