Icma.az
close
up
RU
Tarix: yaddaşda və bədii ədəbiyyatda

Tarix: yaddaşda və bədii ədəbiyyatda

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

Yunan tarixçisi Plutarx qədim dünyanın məşhur natiqlərindən Demosfen haqqındakı mülahizələrində belə bir fikri vurğulayır: "Tarixi əsərlər yazacaq adamlar gərək maarifin, mədəniyyətin inkişaf etdiyi iri, məşhur şəhərlərdə yaşasın". Plutarxın "Tarixi əsərlər yazacaq adamlar gərək maarifin, mədəniyyətin inkişaf etdiyi iri, məşhur şəhərlərdə yaşasın" - fikri nə dərəcədə doğrudur? Həqiqətənmi tarixi əsərlər yazacaq adamlar mütləq maarifin, mədəniyyətin inkişaf etdiyi iri, məşhur şəhərlərdə yaşamalıdır?

Şotland mənşəli vəkil, tarixçi və yazıçı, tarixi roman janrının banisi Volter Skott (ilk tarixi roman 1814-cü ildə nəşr edilmişdi - "Veverli") uşaqlıq illərini Sendinoyda babasının fermasında və dayısının Kelso yaxınlığında yerləşən evində keçirmiş, Şotlandiyanın sərhəd əyalətləri ilə sıx əlaqəli olmuşdu. Volter Skott dünyagörüşünün formalaşmasında uşaqlıq illəri önəmli rol oynamış, hələ yeniyetmə yaşlarında o, ətrafındakıları iti ağlı və fenomal yaddaşı ilə heyrətləndirmişdi. Uşaqlıq illərini keçirdiyi mühit, gələcəkdə yazdığı ən məşhur tarixi romanları - "Veverli, yaxud altmış il əvvəl", "Qay Mannerinq və ya Astroloq", "Antikvar", "Puritanlar", "Rob Roy", "Rahib", "Monastır", "Kenilvort", "Kventin Dorvard" və "Talisman" üçün xammal olmuşdu.

Deməli, tarixi əsərlər yazacaq adamların harada yaşamasından asılı olmayaraq, ilk öncə "cəmiyyətin keçmişini öyrənən, sələflərinin vəsiyyətlərini bütün təfsilatı və tərəfləri ilə xələflərinə çatdıran, etiraz və nifaq səbəblərini, tərəqqi və tənəzül yollarını anladan, gələcəkdə yarana bilən hadisəni keçmişin libasında insanların nəzərinə çatdıran" tarixi sevməsi və bilməsi lazımdır. Çünki tarixi romanlarda məqsəd tarixi yazmaq olmasa da, o dövrün insanlarının düşüncələrini, hisslərini, duyğularını, əhval-ruhiyyəsini, psixologiyasını təsvir etməkdir, insan həyatını və cəmiyyətin keçmişini tarixin fonunda təhlil etməkdir. Bu baxımdan bizdən əvvəl yaşamış yazıçı və şairlərin bədii əsərləri öz dövrlərinin səciyyəvi cəhətlərini dərindən əks etdirdiyinə görə, dövrünün tarixinə, vəziyyətinə, mənəvi dəyərlərinə nəzər salmaq baxımından əvəzsizdir. Məsələn, "Rus şairi Puşkinin yazdıqlarının hamısının tarixi sənəd olduğu vurğulanır, onun çoxsaylı əsərləri dövrün poetik salnaməsi adlandırılır".

Tarix hər bir ölkənin, xalqın, millətin kimliyini göstərən ən dürüst, etibarlı sənəd, tarixi əsərlər isə ədəbi salnamələrdir. Fondlar tarixin panteonları sayılan arxiv və muzeylərdə qorunan sənədlər, faktlar, əlyazmalar, yəni tarix "yaddaşda və bədii ədəbiyyatda diri qalır, yeni həyatını başlayır. Arxiv və məxəzlərdə tarixin faktı, rəqəmi, bədii ədəbiyyatda isə ruhu yaşayır. Mövzu, ideyalar məcmusu kimi yox, canlı obraz kimi yaşayır. Obrazlar tarixi oxuculara, gələcək nəsillərə ötürür. Bu səbəbdən "Poeziya tarixdən daha ciddidir" (Aristotel).

Dünya haqqında obyektiv həqiqətin meyarı sayılan tarix ən ədalətli hakimdir. Tariximiz xalqımızın müharibələrlə və mübarizələrlə dolu şanlı zəfərlər və milli faciələr tarixidir. Ədəbiyyatımız isə bütün bunların inikasıdır. Tarixə müraciət etmək, tarixi mövzuda əsər yazmaq çox çətin, bir o qədər də məsuliyyətlidir. Xalq arasında tarixi roman yazan yazıçı haqqında bəzən deyirlər: "Filankəs tarix yazır". İgidlər qəhrəmanlıq göstərib tarix yazır, yazıçılar isə onların həyatını, xalqın mübarizəsini romanlarına mövzu seçərək onları ədəbiyyatda yaşadır.

Dünya tarixinə nəzər salsaq, görəcəyik ki, ən böyük hünər və qəhrəmanlıqlar müqəddəs vətən naminə edilib. Xalq qəhrəmanımız Qaçaq Nəbinin "hünər və qəhrəmanlıqları vətən naminə edilib. Doğma vətənini, Azərbaycanı müstəmləkə altında görmək istəməyən Qaçaq Nəbi vətən, azadlıq uğrunda mübarizə aparan, axına qarşı gələn 22 yaşlı gənc altında Bozat, əlində "Aynalı", yanında dostu, həyat yoldaşı, silahdaşı Həcərlə və dəstəsinə qoşulan igid oğlanlarla dağlara çəkilib azadlıq amalı uğrunda silaha sarılıb. Azərbaycanın azadlığa qovuşmasını görə bilməsə də, milli düşüncə formalaşdıran bir qəhrəman kimi adını əbədilik yaddaşlara  yazıb. Atalarımız nə gözəl deyib: "İgid ölər, adı qalar". Qədirbilən Azərbaycan xalqı qəhrəman Nəbiyə şeirlər yazıb, mahnılar qoşub, məşhur "Qaçaq Nəbi" adlı dastan yaradıb.

Romanı "ədəbiyyatın qocalıq şəkli" adlandıran professor N.Şəmsizadə yazır: "Əgər bir əsərdə xalq yoxdursa, o, nə qədər möhtəşəm olsa da, roman adlana bilməz. Xalq isə tarixdə yaşayır, ona görə də roman tarixi olduğu kimi təsvir etməlidir. Yazıçı tarixin təkcə faktını, sənədini deyil, tarixi faktın, rəqəmin arxasında gizlənən mənasını, sirrini, sehrini, möcüzəsini görməyi və göstərməyi bacarmalıdır". 

Qaçaqçılıq hərəkatından (XIX əsrin sonu - XX əsrin əvvəlləri) bəhs edən mərhələ, tarixi nəsrimizin də diqqət mərkəzində olub, Qaçaq Nəbidən bəhs edən, içində "xalq olan" çoxlu tarixi əsərlər: "Qaçaq Nəbi" mənzum dramı (S.Rüstəm), "Nəbi" kinosenarisi (M.Təhmasib), "Aynalı" povesti, "Qafqaz qartalı" romanı, "Pəri çınqıllı" hekayəsi (S.Rəhimov) və digərləri yazılıb.

Xalq qəhrəmanı "Qaçaq Nəbi" haqqında roman yazıb adını əbədiləşdirənlərdən biri də yazıçı Cəlal Bərgüşaddır. Onun "Bozatın belində" romanı Qaçaq Nəbi hərəkatından bəhs edən əsərlər sırasında özünəməxsus yer tutur.

Yazıçı "Bozatın belində" romanında tarixi dövrün mənzərəsi fonunda yaratmış olduğu ayrı-ayrı obrazların xarakterləri zəminində milli-əxlaqi dəyərlərə bağlılığın özünəməxsus aspektlərini canlandırıb. Xüsusilə, Qaçaq Nəbi və onun həyat yoldaşı Həcər xanımın xarakteri daha dolğun və canlı şəkildə yaradılıb, onların xarakteri ən mürəkkəb hadisə və əhvalatlar fonunda aşkarlanıb.

Qadının öz əri ilə birgə mübarizə meydanına atılması, ən çətin məqamlarda ona arxa durması "Kitabi-Dədə Qorqud", "Koroğlu" və digər qəhrəmanlıq dastanlarımızda öz əksini tapıb. Bu məqam "Qaçaq Nəbi" dastanının da süjet xəttini təşkil edir. Yazıçı Qaçaq Nəbinin qəhrəmanlığını, igidliyini, mübarizliyini, qorxmazlığını, Həcər xanımın sədaqətini, təmizliyini, saflığını, dözümlülüyünü inandırıcı ştrix və detallarla əks etdirməyə çalışıb və buna nail olub.

"Bozatın belində" romanında Cəlal Bərgüşadın Qaçaq Nəbi və Həcər xanımı eyni yolun yolçusu kimi canlandırması onların daxili dünyasını milli-əxlaqi dəyərlər müstəvisində aşkarlamağa imkan verib. Bu baxımdan romanda Qaçaq Nəbi və Həcər xanımın xarakter cizgiləri milli psixologiyanın və əxlaqi dəyərlərin orijinal təzahürü kimi diqqət çəkir. Üç dəfə yüksək tirajla nəşr olunan roman (1958, 1970, 1988) geniş oxucu kütləsinin marağına səbəb olub, böyük uğur qazanıb.

Həyatda heç nə təsadüfi olmadığı kimi, bizim də yazımıza yunan tarixçisi Plutarxın qədim dünyanın məşhur natiqlərindən Demosfen haqqında: "Tarixi əsərlər yazacaq adamlar gərək maarifin, mədəniyyətin inkişaf etdiyi iri, məşhur  şəhərlərdə yaşasın", - mülahizələrindən, Demosfenin: "Mənə qədər olanları bilmirəm, özümə gəldikdə mən kiçik bir şəhərdə yaşayıram və onu da kiçiltməmək üçün bundan sonra da orada yaşamaq fikrindəyəm" - sözlərindən, tarixi roman janrının banisi Volter Skott uşaqlıq illərini Sendinoyda babasının fermasında və dayısının Kelso yaxınlığında yerləşən evində keçirməsindən, Şotlandiyanın sərhəd əyalətləri ilə sıx əlaqəli olmasından yola çıxaraq başlamamız təsadüfi deyil. Tarixi romanlar müəllifi C.Bərgüşad da kiçik bir kənddə doğulub-böyümüşdü. Nəbinin doğulduğu Mollu kəndi ilə qonşu olan Qəziyan kəndində doğulan yazıçı hələ uşaq vaxtlarından Nəbinin, Həcərin igidlikləri haqqında yaşlı adamlardan eşitdiyi söhbətlərlə, aşıqların Nəbinin qoçaqlığını öyən havalarını dinləyərək böyümüş, "xalq qəhrəmanına və onun özündən qoçaq can yoldaşına bəstələnən el nəğmələri bir vaxt anasının laylasına qarışıb onun beşiyimə axmış", eşitdiklərindən yaranan uşaq sevgisi və marağı sonralar onun yaradıcılıq amalına çevrilmiş, uşaqlıq illərini keçirdiyi mühit, yazıçının gələcəkdə yazacağı tarixi romanlar üçün ən qiymətli xammal olmuşdu. O, tələbəlik illərində "Bozatın belində" romanını yazmadan öncə, uşaqlıq yaddaşına həkk olunmuş Xalq qəhrəmanı haqqında uzun illər axtarışlar aparıb, Tiflis, Bakı, Naxçıvanın dövlət arxivlərini araşdırıb, tarixi həqiqətləri öyrənib, "Kavkaz" qəzetinin səhifələrindən öz qəhrəmanının həyatına aid dəyərli sənədlər toplayıb. "Qaçaq Nəbi və Həcər xanımın döyüş yerlərini gəzib, qəhrəmanların səngər dostları ilə görüşüb, şəxsən onların vuruş səhnələrinin şahidi olan qocaların xatirələrini dinləyib" (toplanmış materiallar və əsərin əlyazma variantları Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur), dərin araşdırmalar aparıb və bütün bunlardan uğurlu şəkildə bəhrələnib. Romandan öncə Qaçaq Nəbinin keçdiyi mübarizə yolunun müxtəlif səhifələrini əks etdirən məqalələrlə mətbuatda çıxış edib, oxucuların diqqətini mövzuya yönəldib.

Tələbə yoldaşı Mürsəl Qocayev "Cəlal Bərgüşadla Bərgüşad sahillərində" adlı məqaləsində yazır: "Hələ tələbəlik illərində Cəlal Qaçaq Nəbidən bir sanballı yazı yazmaq arzusunda idi. Bakıya ezamiyyətə gələndə bir tələbə yoldaşı, həmyerli və həmkar kimi görüşüb xeyli dərdləşərdik. Artıq Nəbi haqqında romanın bir çox fəsillərini yazmışdı. Hətta Nəbinin ldürülməsi xəbərindən bəhs edilən XXX fəslini əl yazmasından dönə-dönə mənə oxumuşdu".

Qaçaq Nəbinin doğulduğu yerlərdə, Xalq qəhrəmanı haqqında dastanlar, nəğmələr, söhbətlər dinləyərək böyüyən vətənpərvər, doğulduğu yurda bağlı qeyrətli, milli düşüncəli, folklora və aşıq yaradıcılığına yaxından bələd olan müəllifin,  "Bozatın belində" romanını başladığı epiqraf çox canlı və təsirli səslənir: "Dünyada mənə elə bir igid göstərin ki, iyirmi bir il el-obasından didərgin düşüb, öz ömür-gün yoldaşı ilə qaranlıq mağaralarda, qalın meşələrdə, qarlı dağlarda məskən salmış olsun. Dünyada mənə elə bir cəngavər göstərin ki, at belində yaşa dolub, at belində vuruşsun; at belində qocalıb, at belində həlak olsun. Belə bir xalq qəhrəmanına və onun özündən qoçaq can yoldaşına bəstələnən el nəğmələri bir vaxt anamın laylasına qarışıb mənim də beşiyimə axmışdır. İndi bu nəğmələri mən öz səsimlə oxumaq istəyirəm. Bilmirəm məni axıracan dinləməyə səbriniz çatacaqmı?"

Üst-üstə 90 min tirajla 3 dəfə Azərbaycanda və İstanbulda nəşr olunması romanın böyük səbr, sonsuz sevgi və məhəbbətlə oxunmasının və əsərin uğurunun təsdiqidir. Türkiyə mediası romana yüksək dəyər vermiş, onu "Qəhrəmanlıq və məhəbbət dastanı" adlandırmışdı. Yazıçının Qaçaq Nəbinin və onun silahdaşı Həcərin ölüm-dirim mübarizəsini əks etdirdiyi "Bozatın belində"  romanını həm Azərbaycan oxucusu, həm də ədəbiyyatşünaslığımız obyektiv şəkildə qiymətləndirmişdi.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see332

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see252

Dondurma dadında banan

13 İyul 2026 18:44see225

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see223

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see221

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see216

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see212

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see195

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see187

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see170

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see169

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see169

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see168

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see165

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see160

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see159

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see158

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see154

D 8 təşkilatının Baş katibi: Üzv dövlətlərlə praktiki əməkdaşlıq güclənəcək

13 İyul 2026 18:51see154

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri