Icma.az
close
up
RU
Azadə qəlbin nəğməsi

Azadə qəlbin nəğməsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün həyatın acılı-şirinli gerçəklərinə, ömür səhifələrimizin aramla çevrilib getməsinə romantizmin, fəlsəfi düşüncənin gözü ilə baxmaq, “başa gələnə” təmkinlə yanaşmaq, gözün gördüyünə xoş mənalar yükləmək bacarığı hər kəsə xas olan bir ruh halı deyil. Elmin dili ilə desək, “obrazlı təfəkkür” məhz şairanə, ilhamlı ruhun ayrılmaz parçasıdır.

Onun bəzən təbiət nəfəsli, bəzən də zəriflik, kövrəklik, bəzən isə nisgil, həsrət dolu poeziyası əsl azadə ruh timsalıdır. Elə bir azadəlik ki, misralarında döyüşçü və ya şəhid qəhrəmanını belə sadəcə vətəndaş duyğusu ilə deyil, məhsətisayaq ən məhrəm, ən ülvi hislərin dili ilə əzizləyir:

Bir yaz görüm necəsən?

Yarıcanım hardasan?

Sağım-solum, bütünüm,

Sənsiz elə darıxdım.

Səhv-düz, tələm-tələsik,

Qara-qura eybi yox,

Eləcə yaz ki, sağam.

Canım, gözüm, əzizim.

Bəzən də bu azadə, şairanə ruh yaşadığı həyatın yeknəsənqliyi, gündəlik qayğı və tələblərindən uzaqlaşmaq, ruhun kamillik, müdriklik dünyasına çatmaq istəyir:

Nə ahım yetişir, nə də fəryadım

Gecəli, gündüzlü ha yol gedirəm.

Dağ aşsam, çay keçsəm

Nə dərdim olar?

Eləcə düzəngah uzanıb gedir.

Girəvə gəzirəm qaçım əlindən,

Yayınım gözündən taleyin, bəxtin

Axtaran tapmasın,

Ya qeybə çəkilim, ya daşa dönüm.

Ta mən itiyimi tapana kimi.

Şair Azadə çağdaş poeziyamızda özünəməxsus üslubu ilə yer qazanmış, humanizm, əxlaq, milli kolorit, soy-kökə bağlılıq dünyagörüşünü şeirinin mayasına çevirmiş bir ədəbiyyat insanıdır. Müəllifin assosiativ düşüncə tərzi ona ən kiçik, bəsit təbiət hadisələrindən tutmuş daxilində təlatümlər, ilhamlar yaradan hiss və həyəcanlara, hadisələrə qədər hər bir vaqeəni fəlsəfi-romantik dillə qələmə almağa imkan verir.

Ona görə də qəhrəmanımız Azadə Novruzova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Aparatında çalışsa da, böyük bir ailəyə başçılıq edən fədakar bir ana olmuş olsa da bu çətin, xaotik dünyanın hadisələrini şair qəlbi ilə seyr etməkdən, sevgi gözü ilə baxmaqdan da zövq alır: 

Acıdır hər şeyin dadı

Zəhər dadıram...

Yoxluqdayıq bilirəm...

Dönmürəm sözümdən

Yenə sevirəm...

Onun zənginləşməkdə olan şeir dünyasında fəlsəfi-asketik mənalar da, vətən həsrətli, zəfər sevincli nidalar da, məhəbbət, həsrət yanğılı romantizm də ustalıqla şəkillənir, şeirləşir. Bu parçaların çoxu sərbəst vəzndə qəlibləşib. Lakin müəllifin misralar arasında yaratdığı ritm, harmoniya, daxili qafiyələnmə və sərbəst şeirin spesifik məzmunu: fəlsəfilik və asketizm şeirə poetik bütövlük qazandırır. Aşağıda bəhs etdiyim şeir parçası ilə şair narahat ruhun əvvəlcə qırmızı çiçəyə, yəni, ümidə, inama çevrildiyini, sonra o çiçəyin solmasını və ruhun daim yol gedərək qanadlı quşa, ümmanda bir zərrə işığa, hər şeyə dözən dağa, sonra Allaha, ən sonda isə yenidən insana dönməyini metaforik üslubda məharətlə ifadə edir:

Gözümü yumub,

İçimə boylanıram.

Bir qırmızı çiçək oluram.

Yavaş-yavaş soluram.

Gedirəm, elə hey gedirəm axırıma.

Bir dağın başında quş oluram.

Uçuram, elə hey uçuram.

Göylərin sonu yox.

Göylərdə heç kim yox.

Ümmanda bir zərrə işıq oluram.

Yanıram, yanıram...

Elə hey yanıram.

Mən Azadəni uzaq 90-cı illərdən – bizlərin qayğısız, bir az şıltaq, hər şeyi bilməyə can atan tələbəlik çağlarından tanıyıram. Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə Azadə şeirlər yazmaq istəyindən hələ çox uzaq idi. Ömrünün yetkinlik çağı Azadəni həm sərt, həm mülayim, həm adil, həm nankor sifətləri olan dünyanı anlamağa, tanımağa, təcrübə qazandırdı və beləcə, “Azadə poeziya” cücərməyə başladı.

Azadənin heç vaxt susmayan və daim soya, əcdad ruhlarına, doğma diyarı Qərbi Azərbaycana, doğulub boya-başa çatdığı Şəki kəndinə  bağlılıq duyğusu bütün yaradıcılığı boyu özünü göstərən ovqatdır. 

Həmvətənlərimizin tarixi torpaqlarımız olan İrəvandan, Zəngəzurdan, Vedibasardan, Qarakilsə və digər bölgələrdən min zülm və əziyyətlərlə çıxarıldığı zamanlarda Azadə hələ azyaşlı uşaq idi. İllər ötür, Azadə Baki Dövlət Universitetində təhsil də alır, qələminin sönməyən istedadadı, qəlbindəki eşq ona cild-cild kitablar da yazdırır. Bu əsərlər Türkiyədə, Rusiyada, Ukraynada, İraq, İran, Misirdə işıq üzü də görür. Lakin yaşa dolduqca qazandığı uğurlar o azyaşlı qızın məsumluğunu və yaddaşına həkk olunmuş qorxulu köç və məcburi didərginlik xatirələrini ona unutmağa qoymur. Şeirlərinin mayasına höpmuş milli ruh, vətənpərvərlik, el-oba həsrəti Azadənin şeirlərində ən səmimi, təbii dillə dərd yanır:

Bir meh əsdi, basdı məni bağrına

Elə bildim,

ayrılığı əsir alıb, anam qucdu ruhumu.

Elə bildim,

Zindan çəkib, qandal qurub atam sardı boynumu.

Elə bildim,

Qonaq gəldi əsgər gedən qardaşım.

Elə bildim,

Tanrı payım balam öpdü əlimi.

Elə bildim, 

Qərib düşən əzizlərim, doğmalarım, yığışdılar başıma.

Aman Allah, bu meh Vətəndən əsir, 

dilim-dodağım əsir,

əlim ayağım əsir,

Bu meh vətəndən əsir,

Əsir vətəndən, əsir.

Çiçəkdən-güldən əsir,

Obadan- eldən əsir,

Dağılan məzarlıqdan

Qəbirdən-gordan əsir

Əsir vətəndən əsir,

Bu meh Vətəndən əsir...

Müəllifin yaradıcılığındakı həm vəzn sərbəstliyi, həm də fikir, düşüncələr azadlığı, müxtəlifliyi bədii dildə də özünü göstərir. Milli kolorit, soykökünə məhəbbətin nişanəsidir ki, Azadə bədii dildə də şivə və dialekt sözləri cəsarətlə şeirinin libasına çevirir : “Nə qaldı ki, beşçə-üşçə gün arada”, “perik düşən ruhlar”, “yollaşmırıq”, “güllənən dərd” və s.

Beləliklə, çağdaş poeziyamızda öz ruhu, düşüncə, forma azadlığı ilə özünəməxsus yer qazanmış Azadə şeirləri hər bir oxucunun ürəyindən xəbər verən, dərdini bölüşüb həmdəm ola biləcək bir poeziyadır.

Əziz rəfiqəm! Sənə ən böyük diləyim  budur ki, daxilindəki yaradıcılıq yanğısı daim ilhamlı qanadlar üzərində yaşasın! Bu pərvazlı qanadlar doğma torpağın vəsfini həsrət motivləri ilə deyil, azadə zəfər nəğmələri üzərində yazıb nəsildən-nəslə ötürsün!

Nəzmiyyə YİGİTOĞLU, 
filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see287

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see245

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see195

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see189

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see185

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see180

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see171

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see168

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see167

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see166

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see166

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see165

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see161

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see159

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see157

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see149

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see146

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see141

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see141

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri