AZAL təyyarəsi, Mehdiyev versiyası və rus diversiyası...
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində istintaqın başlaması və ağır ittihamların elan olunmasından sonra bir-birinin ardınca ehtimallar irəli sürülür, versiyalar səsləndirilir və bu da olduqca təbii haldır".
Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Anar Niftəliyev bildirib.
Onun sözlərinə görə, uzun illər ölkədə yüksək vəzifədə olmuş, hakimiyyətin əsas kadrı sayılmış, nəhayət, 81 yaşını başa vurandan 5 ay sonra siyasi vəzifəsindən böyük hörmət-izzətlə, 84 yaşını tamamlayanda isə AMEA prezidentliyindən hörmətsiz-izzətsiz istefaya göndərilən bir şəxsin 87 yaşında hakimiyyət çevrilişinə cəhd etməsini anlamaq asan deyil:
"Yəni adamın bir ayağı burda, digəri gorda sayılır və “gorda sayılan” ayağının dinc dayanmaması, ora-bura vurnuxması və orda-burda peyda olması təəccüblüdür.
Hüdudsuz sərvətə sahib olan bir şəxsin ömrünün son illərini “krallar kimi” yaşamasına nə mane olur? O, niyə hakimiyyəti zorla ələ keçirməyə çalışmalıdır? Hansı olmayan canı və gordakı ayağı ilə hakimiyyətə gəlmək istəyir?
Əlbəttə ki, bütün bu suallar çoxsaylı versiya, ehtimal doğurur - hansısa “mənbə”lər informasiya sızdırır və yaxud təxəyyüllər işə düşür. Normaldır - Con Kennedinin qətli zamanı onminlərlə versiya irəli sürülmüşdü, hətta hamının gözü qarşısında baş verən ölüm faktını “astar üzünə” çevirən, Kennedinin əslində ölmədiyini, ölüm səhnəsi qurduğunu və “aradan çıxdığını” iddia edənlər də vardı.
İndi kimsə Con Kennedi qətli ilə Ramiz Mehdiyev həbsini müqayisəyə gətirdiyimizə görə təəccüblənə və etiraz edə də bilər: amma 87 yaşında, əsaya söykənərək zorla ayaq üstə duran bir şəxsin hakimiyyəti ələ keçirməyə cəhd etməsi və dövlətə xəyanət etməsi elə Kennedinin qətli qədər şokedicidir.
Beləliklə, bu gün daha bir versiya dövriyyəyə buraxıldı: yaxın keçmişdə, yəni elə Ramiz Mehdiyevin “dönəmində” əhəmiyyətli maliyyə ilə təmin edilmiş info-resurslar həvalə edilən, hazırda isə dünyanın o başına gedib, orda müxtəlif dillərdə “Azərbaycan xəbərləri” yayan bir neçə informasiya portalı təsis edən Elnur Baimovun saytı “anonim mənbəyə” istinadla yazdı ki, Ramiz Mehdiyevin hədəfi 25 dekabr 2024-cü ildə Azərbaycanın “bir nömrəli göyərtəsi” olub: sadəcə, bu ssenaridə yer alan “Rusiya ordusunun içindəki qüvvələr” yanlış hədəfi - AZAL-ın mülki təyyarəsini vurublar və bundan sonra “Rusiyadakı qüvvələr yeni reallığa uyğun ssenari” cızmağa məcbur olublar və s. Həmin gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşünün olması və Azərbaycan liderinin o xəbəri aldıqda, Peterburq səmasından geri qayıtması burda “fakt kimi” istifadə olunur.
Ən qısa müddətdə bu “informasiya” hökumətyönlü sosial şəbəkə hesablarında dərhal təkzib edilməyə başladı. Hətta Baimovun sözügedən saytının həmin məqaləsi skrin edilərək, üzərinə qırmızı rəngli qəşəng bir “feyk nyus” möhürü də vuruldu və hər yerdə paylaşıldı.
Nə baş verib ki? Niyə bu “anonim mənbəyə” istinadla yayılan versiya-iddiaya dərhal bu cür reaksiya verilməli və o, “nyus-xəbər” adlanmalı və təkzib edilməlidir?
Ramiz Mehdiyevin həbs xəbəri 14 oktyabrda yayılıb və bu 3 gün ərzində onlarla versiya yayılıb. Məsələn, ölkənin ən etibarlı agentliklərindən biri “hökumətdəki mənbəyə” (yəni anonim mənbəyə) istinadla yazdı ki, Ramiz Mehdiyevi ifşa edən Rusiya tərəfinin özüdür və bu məlumat 9 oktyabr Düşənbə görüşündə liderlər səviyyəsində keçirilən görüşdə ötürülüb, yəni Putin bunları İlham Əliyevə təqdim edib: Ramiz Mehdiyev “çevriliş ssenarisi” ilə Rusiyanın zəhləsini tökürmüş, Rusiya da bundan canını qurtarmaq üçün faktları Azərbaycan tərəfinə verib və özünün dost olduğunu göstərib və s.
Bu ehtimalda ciddi boşluqlar var: Rusiya öz agentini niyə belə rahat satsın ki? “Zəhləsini tökdüyü üçün” arqumenti qeyri-peşəkar, hətta gülməli səslənir və versiyanı etibarsızlaşdırır - halbuki ehtimalın yaşamasını təmin edən çoxlu faktlar gətirmək olardı. Məsələn, elə 15-16 oktyabr 2015-ci il Qazaxıstandakı MDB görüşündən qayıdan kimi İlham Əliyevin MTN-i ləğv etməsini yada salmaq olardı.
Yaxud: belə çıxır ki, Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə çalışıb, Azərbaycan xüsusu xidmət orqanlarının heç nədən xəbəri olmayıb? Bu, 44 günlük savaşda idealcasına işlədiyi bütün ictimaiyyətə əyan olan bir qurum haqda heç də doğru təsəvvür yaratmır.
Bəlkə ehtimalı belə qoyaq: 9 oktyabr görüşündə xüsusi xidmət orqanından əldə edilən fakt bölüşülüb və Rusiya fakt qarşısında daha bir etiraf edib - AZAL-la bağlı etirafı üzdə etdiyi kimi və s.
Buna - yəni bu qədər ciddi boşluğa baxmayaraq, hörmətli agentliyin yaydığı xəbər-ehtimalı “feykləmək” kimsənin ağlına gəlmədi və ümumiyyətlə, 3 gün ərzində yayılan onlarla ehtimaldan heç biri bu dərəcədə “möhürlü-sübutlu” təkziblənməyib və buna ehtiyac da yoxdur. Ehtimallar mütləq səsləndirilməli, yüzlərlə versiya gündəmə gəlməlidir, ancaq sonda həqiqəti istintaq deyəcək! Bu, qaydadır, hər yerdə belədir!
Bəs niyə Baimovun “anonim mənbə”dən qaynaqlanan versiyası bu qədər həyəcanla təkzib edildi? Halbuki Mehdiyev məsələsinin Putin-Əliyev görüşündə müzakirə edildiyi ehtimalını agentlik yayırsa, okeanın o tayından bu ehtimal sadəcə, “bir az inkişaf etdirilmiş” təsiri bağışlayır.
O versiyanın “köməkçi detallarını” yada salaq: Nəcməddin Sadıqov GPS söndürəcəkmiş, müdaxilə edəcəkmiş və s.
Nəcməddin Sadıqov 2020-ci ildən heç bir səlahiyyətə malik deyil və general-polkovnik olmasına baxmayaraq, artıq ölkədən 2-3 ildir çıxa da bilir. Qaydalara görə, general-polkovniklərin ölkədən çıxması asan məsələ deyil, çünki onlar xüsusi məxfi hərbi informasiyalara malik olurlar və onların düşmən kəşfiyyatının əlinə keçməsi ehtimalı var. Əgər general-polkovnik rütbəli istefada olan bir şəxsin ölkədən çıxışına maneə yaradılmırsa, deməli, onda olan məlumatların, kodların, şifrələrin heç biri artıq işlək deyil; demək, sistem tam dəyişdirilib!
Bu, o demək deyil ki, Nəcməddin Sadıqov qəti şəkildə Rusiyanın adamı deyil və Ramiz Mehdiyevlə birgə hakimiyyəti zorla ələ keçirmək istəməyib. Sadıqovun rusyönlü və Rusiya adamı olduğunu bu ölkədə bilməyən yoxdur. Sadəcə, onun Azərbaycanın mülki və yaxud xüsusi qorunan təyyarəsinin GPS-ni söndürəcək gücdə, o müdaxilədə olması-filan cəfəngiyyatdır. Cənubi Qafqazın ən qüdrətli ölkəsini bu cür zəif, 1991-ci ildəki kimi göstərməyə cəhd etmək yaramaz.
Sözügedən “anonim mənbə”nin Nəcməddin Sadıqovla bağlı dedikləri bəs edir ki, ehtimalın uydurulduğu təsəvvürü yaransın. Yəni feykdir, söz yox. Ancaq bu feykin də yaşamaq, dövriyyəyə buraxılmaq haqqı var - həqiqət ortaya çıxana qədər bütün təxəyyül məhsulları ortaya atıla bilər.
Bəs, niyə bu versiya görülməmiş əks-reaksiya yaratdı?
Çünki Ramiz Mehdiyev ətrafında ölkə daxilində politoloqların, siyasilərin, sosial media fəallarının irəli sürdüyü versiyalara paralel ölkə xaricindən “diversiyalar” qoşulmaqdadır.
Elə ötən gün daha bir (di)versiya ortaya atılmışdı: “AZAL təyyarəsini Mehdiyev külli miqdarda pulla Rusiya nizami ordusunun nəzarətindən kənar olan çeçen hərbi birliyinə sifariş edib. Məqsəd Rusiya-Azərbaycan münasibətlərini pozmaq, gərginliyi artırmaq, xaos yaratmaq, sonra da çevriliş üçün Kremlin dəstəyinə nail olmaq...”
Necə gözəl, inandırıcı versiyadır, deyilmi? Əslində isə informasiya diversiyasıdır!
Bu, Rusiya informasiya texnoloqlarının idealcasına manipulyasiyasıdır və böyük ehtimalla öz kanalları vasitəsilə yayılır. Məqsəd AZAL təyyarəsinin vurulmasında da Azərbaycanın öz içindən çıxan bir şəxsi ittiham etməkdirmi?
Ehtimal ki! Əks halda bu qədər kəskin təkzibə ehtiyac olmazdı!
Ona görə versiyalar ayaq açıb yeriyəndə diversiyalara daha həssaslıqla diqqət etmək lazım gələcək...", - deyə o qeyd edib.
Lalə, Bakupost


