Azərbaycan bütün sahələrin, o cümlədən medianın inkişafına diqqət ayırır
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən həftə Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Belə ki, noyabrın 21-də Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda Media Forumu keçirildi. Tədbir Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil edilib.
D-8-in Baş katibi İsiaka Abdulqadir İmam bildirib ki, Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu mərkəzi öz ərazisində yerləşdirməyə hazır olduğunu ifadə edib.
İdeya bütün spikerlər tərəfindən böyük həvəslə qarşılanıb - forum iştirakçıları media sahəsində əməkdaşlığı gücləndirmək və birgə layihələri inkişaf etdirmək istəyini vurğulayıblar. Forumun yekununda D-8 çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə Bakı bəyannaməsi qəbul edilib.
Media Forumu D-8 üzv ölkələrinin aidiyyəti qurumlarının rəhbərlərini, aparıcı media şirkətlərinin nümayəndələrini, həmçinin sahənin yüksək səviyyəli ekspertlərini bir araya gətirib. İştirakçılar regional və beynəlxalq informasiya mübadiləsinin genişləndirilməsini, media əməkdaşlığının inkişafını, dezinformasiya ilə mübarizə üçün birgə mexanizmlərin yaradılmasını, rəqəmsal layihələrin həyata keçirilməsini və təcrübə mübadiləsini müzakirə ediblər.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində qeyd olunub ki, Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. "Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir", - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanda keçirilən D-8 Həftəsinin bir hissəsi olaraq ilk dəfə baş tutan D-8 Media Forumu haqqında "Euronews"da dərc olunan məqalədə bildirilib ki, Azərbaycan 2025-ci ilin martında tamhüquqlu üzv kimi təşkilata qoşulduqdan sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir.
Qeyd edilib ki, qlobal iqtisadi müzakirələrdə, əsasən, əhalisinin çoxu müsəlmanlardan ibarət inkişaf etməkdə olan ölkələr üçün koordinasiya edilmiş platforma rolunu oynayan təşkilata yeni üzv olan Azərbaycan blokla tam şəkildə inteqrasiya üçün bir sıra təşəbbüslər irəli sürür.
Məqalədə Media Mükəmməllik Mərkəzinin yaradılması və dezinformasiya ilə mübarizə üçün yeni strategiyaların hazırlanması kimi mühüm nəticələrin əldə edildiyi forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətinin səsləndirildiyi bildirilib. Azərbaycan Prezidentinin müraciətdə D-8 Media Forumunun ilkin vəzifələrindən birinin üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlıq formalaşdırmaq, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya məkanı yaratmaq olduğunu qeyd etdiyi xüsusilə vurğulanıb.
"D-8 ölkələri birlikdə bir milyarddan çox insanı və sürətlə inkişaf edən bir sıra iqtisadiyyatları təmsil edir. Azərbaycanın üzvlüyü təşkilatın təxminən otuz il əvvəl yaradılmasından bəri ilk genişlənməni ifadə edir", - "Euronews" vurğulayıb.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” ( CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib ki, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bütün sahələrin, o cümlədən medianın inkişafına diqqət ayırır. Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq desək, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra söz və mətbuat azadlığının təminatı prioritet məsələlərdən biri olub. Təsadüfi deyil ki, bu il qəbul edilməsinin 30-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Konstitusiyasında da söz və mətbuat azadlığına xüsusi yer verilib.
Onu da qeyd edək ki, Azərbaycan dövləti ötən müddət ərzində təkcə söz və mətbuat azadlığının təmini deyil, eyni zamanda medianın inkişafı istiqamətində qlobal məkanda atılan addımlara dəstəyi, o cümlədən bu istiqamətdə təşəbbüsləri ilə də fərqlənib. Elə Azərbaycanın təşəbbüsü ilə Bakıda ilk dəfə təşkil olunan “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu da ölkəmizin media siyasəti, regional əməkdaşlıq vizyonu və beynəlxalq nüfuzu baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Əksər ekspertlərin də bəyan etdikləri kimi bu forum həm D-8 ailəsinin media sahəsində strateji əməkdaşlığını dərinləşdirdi, həm də Azərbaycanın qlobal informasiya gündəliyində artan rolunu bir daha nümayiş etdirdi: “Təbii ki, bu tədbirin Bakıda keçirilməsi başqa bir məqama görə də önəm kəsb edir. Belə ki, bu, eyni zamanda, Azərbaycanın təşəbbüskar mövqeyinin, regional əməkdaşlığa verdiyi önəmin və beynəlxalq nüfuzunun göstəricisidir. Məhz qeyd edilənləri, həmçinin, tədbirdəki çıxışlarda səslənən fikirləri nəzərə alaraq qeyd edə bilərik ki, sözügedən tədbir, Azərbaycanın media diplomatiyası sahəsində yeni istiqamətlər açmağa hazır olduğunu təsdiqləyən mühüm platforma oldu.
Təbii ki, Azərbaycanın qlobal məkanda media sahəsində əməkdaşlığa verdiyi önəm və töhfə barədə bir qədər sonra yenidən söhbət açacağıq. Hələlik isə vurğulamaq yerinə düşər ki, Azərbaycanın bu tədbirə ev sahibliyi həm də ölkəmizin artan diplomatik fəallığının və xüsusilə İslam dünyası ilə strateji müstəvidə qurduğu güclü əlaqələrin davamlı hal aldığını təsdiqləyir. Tədbir, həmçinin, Bakının beynəlxalq dialoq mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edir”.
Bu məqamda xatırladaq ki, D-8 kimi dünyada nüfuzlu təşkilatın ilk dəfə genişlənmə ilə bağlı qəbul etdiyi qərarın mərkəzində məhz Azərbaycanın dayanması heç də təsadüfi deyildi. Əvvəla Azərbaycanın öz inkişafı, məqsədyönlü siyasəti və dinlər, sivilizasiyalar və müxtəlif istiqamətli güc mərkəzləri arasında etibarlı körpü rolunu oynaması, ən əsası isə etibarlı tərəfdaş olması bütün qütüblər tərəfindən etiraf olunur. Bu baxımdan D-8 kimi təşkilatın Azərbaycanı öz sıralarına qəbul etməsi ilk növbədə 3 istiqamət üçün önəm kəsb edirdi: “Bunlardan birincisi, İslam dünyası ilə Qərb dünyasının təmaslarına dəstək, ikincisi, Türkiyədən sonra Azərbaycanın da D-8-ə üzvülyü fonunda D-8 ilə türk dünyası arasında əlaqələrin daha da dərinləşməsi, üçüncüsü isə hazırda qlobal proseslərin şax damarı rolunu oynayan Cənubi Qafqaza da D-8 üçün bir qapının açılmasıdır. Üçüncü məqama onu da əlavə edək ki, Zəngəzur dəhlizinin açılması qlobal gücləri nə qədər maraqlandırırsa, D-8-də təmsil olunan aparıcı islam ölkələrini də o qədər maraqlandırır. Və burada da heç şübhəsiz Azərbaycan amili, bir qədər də dərinləşdirsək, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycanın yaratdığı reallıqlar öz sözünü deyir.
Bütün bunları xatırlatmaqla yanaşı, qeyd edək ki, 1,2 milyarddan çox əhalini və çox böyük iqtisadi potensialı özündə birləşdirən D-8 təşkilatı daxilində əlaqlərin daha da dərinləşməsi vacibdir və bu məsələdə media sahəsində əməkdaşlığın genişlənməsi öz sözünü deyə bilər. Deməli, Azərbaycanın təşəbbüsü ilə Bakıda ilk dəfə təşkil olunan “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu bu baxımdan müstəsna əhəmiyyət kəsb edir”.
N.Azəri onu da vurğulayıb ki, tədbir son illər media sahəsində bir çox qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycanın prosesə sadiqliyini də bir daha nümayiş etdirdi. Məlum olduğu kimi Azərbaycan müxtəlif ölkələrin aparıcı media nümayəndələrinin, jurnalist şəbəkələrinin, media qurumlarının, akademik dairələrin və ekspertlərinin görüş məkanına çevrilib. Bu, Azərbaycan dövlətinin informasiya siyasətində həyata keçirdiyi ardıcıl və uzaqgörən strategiyanın nəticəsidir. Çünki müasir dövrdə artıq hərbi, siyasi və iqtisadi güc qədər informasiya gücünün də həlledici rol oynadığı hər kəsə bəllidir. Hətta informasiya gücünün digər gücləri üstələdiyi də bildirilir. Belə bir şəraitdə isə hər bir ölkə öz media siyasətini düzgün qurmalı, xarici əlaqələrdə bütün incəlikləri nəzərə almalıdır: “Bu baxımdan ölkəmizin həyata keçirdiyi siyasət təqdir olunur. Çünki ötən müddət ərzində həyata keçirilən dövlət siyasəti, qəbul edilən qərarlar media sektorunun həm struktur, həm texnoloji, həm də peşəkar əsaslarının gücləndirilməsinə yönəlib. Azərbaycan həmçinin, dəyişən dünyanın yeni şərtləri ilə də ayaqlaşması üçün mediaya hərtərəfli dəstək göstərir. Məhz bu baxımdan deyə bilərik ki, rəqəmsal transformasiya prosesləri fonunda media orqanlarının yeni informasiya texnologiyalarına uyğunlaşdırılması, media bazarında sağlam rəqabətin təşviqi, kontent istehsalında məsuliyyət və obyektivliyin artırılması ölkəmizin prioritet istiqamətlərindəndir. Azərbaycan yalnız ənənəvi media institutlarını modernləşdirməklə kifayətlənmir, həm də rəqəmsal jurnalistika, sosial media idarəçiliyi, faktların yoxlanılması, süni intellektin mediada tətbiqi kimi sahələrdə qabaqcıl təcrübələrdən də yararlanır.
Digər tərəfdən, Azərbaycan regional informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində də mühüm təşəbbüslərlə çıxış edir. İnformasiya müharibələrinin, dezinformasiya kampaniyalarının və manipulyativ media fəaliyyətlərinin artdığı bir dövrdə ölkəmiz həm daxili, həm də regional media məkanını daha təhlükəsiz, şəffaf və etibarlı etmək məqsədi ilə sistemli siyasət yürüdür. Bu siyasətin məqsədlərindən biri də saxta xəbərlərə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, informasiya dövriyyəsinin şəffaflaşdırılması və cəmiyyətin media savadlılığının artırılmasıdır: “Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan eyni zamanda beynəlxalq media əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirir. Ölkəmiz mütəmadi olaraq müxtəlif dövlətlərin media nümayəndələrini Bakıya dəvət edir, birgə konfranslar, forumlar, təlim proqramları və praktiki təcrübə mübadilələri təşkil edir. Bütün bunların fonunda D-8 Media Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmin, media diplomatiyası sahəsində qlobal təşəbbüslərinin və D-8 ailəsində fəal rolunun bariz nümunəsidir. Bu forum təkcə media nümayəndələrinin görüşü deyil, həm də yeni regional inteqrasiya modelinin formalaşması baxımından strateji addımdır”.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 26 Noyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















