Azərbaycan Dəmir Yolların da rəqəmsal yüksəliş: elektron imzadan yüklərin onlayn izlənilməsinədək MÜSAHİBƏ
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illərdə bir çox dövlət müəssisələri kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) də aktiv şəkildə modernləşmə və transformasiya mərhələsindən keçir. Bu dəyişikliklərin əsas istiqaməti rəqəmsallaşmadır. Xüsusilə son iki il ərzində bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edilib. Rəqəmsal təşəbbüslər ADY-nin xidmət keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Rəqəmsal inkişaf departamentinin müdir müavini Anar İmamverdiyev "APA-yEconomics"ə müsahibəsində rəqəmsallaşmanın həm beynəlxalq nəqliyyat dəhlizlərində, həm də şirkətin daxili idarəetmə proseslərində tətbiqi barədə danışıb.

– Biz yükdaşıma ilə bağlı bütün əsas proseslərin rəqəmsallaşdırılması istiqamətində genişmiqyaslı və kompleks işlər həyata keçirmişik. Hazırda bu istiqamətdə aparılan rəqəmsal transformasiyanın mühüm mərhələsi uğurla başa çatdırılıb. Bu dəyişikliklərin əsas məqsədi həm əməkdaşlarımız, həm də müştəri və tərəfdaşlarımız üçün şəffaflığı, operativliyi və rahatlığı əhəmiyyətli dərəcədə artırmaqdır.
Ən mühüm addımlardan biri rəqəmsal imzanın tətbiqi olub. Artıq ekspeditorlarımız iş yerlərindən birbaşa, uzaqdan, sürətli və təhlükəsiz şəkildə zəruri sənədləri imzalaya, müştərilər isə yüklərin qəbulunu şəxsən iştirak etmədən, məsafədən təsdiqləyə bilirlər. Bu, kağız üzərində sənəd dövriyyəsinə sərf olunan vaxtı xeyli azaldır və səhvlərin baş vermə riskini minimuma endirir.
Xidmət keyfiyyətini artırmaq məqsədilə hər bir stansiyada əmtəə üzrə kassir, çəki operatoru və stansiya rəisinin fəaliyyətinə dəyişikliklər edilir. Belə mütəxəssislər rəqəmsal imzalarını qoyacaq, elektron sənədlərin düzgün tərtibinə nəzarət edəcək və yüklərlə bağlı yaranan məsələlərin operativ həllinə cavabdeh olacaqlar. Bu isə logistika proseslərini və müştərilərlə qarşılıqlı əlaqəni təkmilləşdirəcək.
Bundan əlavə, biz bütün tərəfdaşlarımız üçün yüklərin çatdırılması üzrə onlayn monitorinq sisteminə çıxışın yaradılmasını və istifadəyə verilməsini planlaşdırırıq. Yeni sistemin istifadəyə verilməsi ilə hər bir müştəri və tərəfdaş öz yüklərinin olduğu məkanı real vaxt rejimində izləyə, marşrut üzrə hərəkət mərhələlərini görə və göndərişin statusu barədə vaxtında bildirişlər ala biləcək. Bu, etimad səviyyəsinin yüksəldilməsinə və istənilən dəyişikliklərə operativ reaksiya verilməsinə şərait yaradacaq. Belə bir sistem müasir logistika əməliyyatlarında beynəlxalq biznesin əsas tələblərindən biri sayılır.

Əlavə olaraq, klirinq proseslərinin rəqəmsallaşdırılmasını tamamlayırıq ki, bu da tərəfdaşlarla qarşılıqlı hesablaşmaları xeyli sürətləndirir və sadələşdirir. Əgər əvvəllər müştərilərə hesab-fakturaların təqdim olunması bir aya qədər (bəzi hallarda isə daha çox) davam edirdisə, indi bu proses maliyyə sistemlərinin avtomatlaşdırılması və inteqrasiyası sayəsində ən qısa müddətdə həyata keçirilir.
Əminik ki, yükdaşıma proseslərinin rəqəmsal transformasiyasının bütün mərhələlərinin tamamlanması xidmətlərimizin keyfiyyətini yeni bir mərhələyə yüksəldəcək, bizimlə qarşılıqlı əməkdaşlığı logistika zəncirinin bütün iştirakçıları üçün daha rahat və şəffaf edəcək.
– Azərbaycan Dəmir Yollarında rəqəmsallaşma sahəsində ilin birinci yarısında əldə olunan nailiyyətlər barədə məlumat verməyinizi istərdik. Bu müddət ərzində hansı uğurlar əldə olunub?– 2025-ci ildə ADY elektron xidmətlər portalını istifadəyə verib. Yeni platforma sayəsində istifadəçilər artıq xidmətlərə onlayn müraciət edə, sorğularının gedişatını izləyə və operativ cavablar ala bilirlər. Əvvəllər bu xidmətlər yalnız kağız sənədlərlə həyata keçirilirdi. Yeni sistem sayəsində fiziki və hüquqi şəxslər artıq xidmətlərdən yararlanmaq üçün ofislərə gəlməli və sənədləri kağız formatında təqdim etməli olmayacaqlar. Bütün proses 24/7 rejimində tamamilə onlayn şəkildə həyata keçiriləcək. Portal ADY-nin Rəqəmsal inkişaf departamentinin mütəxəssisləri tərəfindən şirkətin daxili resursları əsasında yaradılıb.
Qeyd etmək istərdik ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Elektron Hökumət Portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi – digital.login ilə uğurla inteqrasiya edilib. Bu yenilik sayəsində istifadəçilər portala ASAN sistemində saxlanılan məlumatlarından istifadə edərək daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil ola və qeydiyyatdan keçə bilirlər.

Portal xidmətlərindən yararlanmaq istəyən istifadəçilər mövcud identifikasiya vasitələri, eləcə də SİMA İmza, ASAN İmza və SİMA Token kimi rəqəmsal imza vasitəsilə elektron sənədləri imzalaya bilərlər. Bu da sənədlərin etibarlığını və təhlükəsizliyini təmin edir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin idarə olunması çərçivəsində ADY tərəfindən “Control Tower” adlı ixtisaslaşdırılmış İT platformasının yaradılması təşəbbüsü irəli sürülüb. Bu, logistika marşrutlarını real vaxt rejimində izləməyə və optimallaşdırmağa, əməliyyat məlumatlarını təhlil etməyə, eləcə də çatdırılma proseslərinin səmərəliliyini artırmaq və xərcləri azaltmaq məqsədilə operativ qərarlar qəbul etməyə imkan verəcək mərkəzləşdirilmiş idarəetmə sistemidir. Layihə çərçivəsində tərəfdaşlarımızla birgə izləmə və nəzarət (“Track and Trace”) modulunun tətbiqi nəzərdə tutulub ki, bu da dəhliz boyunca yükdaşımaların tam şəffaflığını təmin edəcək. Belə bir platformanın yaradılması ideyası məhz “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsusdur və şirkət artıq bu təşəbbüsü strateji tərəfdaşlarına rəsmi şəkildə təqdim edib. Gələcək sistemin maketi artıq şirkətin nümayəndə heyəti tərəfindən Çində təqdim olunub və müsbət rəy qazanıb. Sistemin ilk işlək versiyasının ilin sonunadək istifadəyə hazır olması gözlənilir.
Sistem Çin istiqamətindən həyata keçirilən konteyner daşımalarının izlənməsini təmin edəcək və tərəfdaşlarımıza zəruri məlumatlar, eləcə də statistik göstəriciləri təqdim edəcək. Bu məqsədlə Qazaxıstan və Gürcüstan dəmir yolları ilə sıx əməkdaşlıq münasibətləri qurmuşuq.
Daha sonra elektron sənədlərin daha müasir standartlarına keçidi gözləyirik. Bu, artıq yeni format, yeni doldurma qaydaları və Orta Dəhliz boyunca multimodal sənəd dövriyyəsinin vahid standartlara uyğunlaşdırılması deməkdir. Bu, yüklərin su, quru və hava nəqliyyatının istənilən növü ilə daşınmasına, eləcə də bu daşımaların transsərhəd legitimliyinin rəqəmsal formada təmin edilməsinə imkan verəcək vahid nəqliyyat sənədinin tətbiqini nəzərdə tutur.
Hazırda müəyyən inzibati və texniki çətinliklər mövcuddur, lakin belə bir keçid bizə sənədləri Azərbaycanın hüdudlarından kənarda da əldə etməyə və təbii ki, mövcud resurslardan daha səmərəli istifadə etməklə məlumat mübadiləsini effektiv şəkildə həyata keçirməyə imkan verəcək.
– Cari ilin sonunadək hansı layihələrin həyata keçirilməsi planlaşdırılır?– Biz qəbul olunmuş İT strategiyası əsasında təsdiqlənmiş rəqəmsal transformasiya prosesini davam etdiririk. Hazırda sistem-əməliyyat və maliyyə konturlarının inkişafı istiqamətində iş aparılır. Kadrların idarəetmə sistemi artıq tamamlanıb və hazırda aktivlərin idarəetmə sistemi üzərində işləyirik.
Əsas diqqət əməliyyat fəaliyyətinin təhlükəsizliyini və səmərəliliyini artırmaq məqsədilə daxili proseslərin rəqəmsal transformasiyasına yönəlib. Xüsusilə yeni insidentlərin idarəetmə sisteminin tətbiqi fövqəladə situasiyalara operativ reaksiya verməyə imkan yaradır və onların hərəkət təhlükəsizliyinə təsirini minimuma endirir. Bizim strateji məqsədimiz bu sistemi mərhələli şəkildə inkişaf etdirməklə, mövcud çağırışlar və adaptasiya zərurətinə baxmayaraq, dəmir yolu əməliyyatlarında təhlükəsizlik və etibarlılığı əhəmiyyətli dərəcədə artıracaq dayanıqlı və effektiv insident idarəetmə mexanizmini formalaşdırmaqdır.
Biz “Rəqəmsal ADY” layihəsini daha da genişləndirərək onun funksionallığını artırmağı planlaşdırırıq. İlin sonunadək bu çərçivədə daha üç yeni xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.

– Son altı ay ərzində xidmət keyfiyyətinin artırılması və infrastrukturun inkişafına yönəlmiş bir sıra mühüm layihələri uğurla həyata keçirmişik.
Ən mühüm nailiyyətlərdən biri kimi, bir sıra stansiyalarda və regionlararası marşrutlarda internetə çıxış imkanının yaradılmasını qeyd etmək olar. Bu yenilik sərnişinlərə səfər zamanı internet bağlantısından istifadə etməyə şərait yaradır və onların rahatlığını əhəmiyyətli dərəcədə artırır. Belə bir imkan, xüsusilə səfər zamanı internetdən istifadə edən və onlayn fəaliyyətini davam etdirmək istəyən işgüzar insanlar və gənc sərnişinlər üçün çox vacibdir. Biz şəbəkənin keyfiyyətinə təsir edən mövcud məhdudiyyətlərin fərqindəyik, lakin hazırda bu məhdudiyyətləri tam şəkildə aradan qaldırmaq üçün texniki imkanlar məhduddur. Bu, ixtisaslaşmış GSM-R rabitə örtüyünün olmaması və əlaqənin mövcud GSM standartları əsasında təmin edilməsi ilə bağlıdır.
Bildiyiniz kimi, ölkə ərazisində qatar marşrutlarının yenilənməsi və genişləndirilməsi istiqamətində fəaliyyəti ardıcıl şəkildə davam etdiririk. Xüsusi diqqət yeni marşrutların açılmasına və mövcud istiqamətlərin bərpasına yönəlib ki, bu da nəqliyyat şəbəkəsinin inkişafına və regionlararası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Həmçinin ölkədaxili sərnişindaşıma xidmətlərinin inkişafına xüsusi diqqət yetiririk və həyata keçirilən tədbirlərin nəticələri artıq öz müsbət təsirini göstərir – sərnişin axını sabit şəkildə artır. Bu, əhalinin xidmətlərimizə olan etimadının və marağının artdığını göstərir.

Bundan əlavə, infrastrukturun inkişafı çərçivəsində Ağdamda yeni dəmir yolu stansiyası inşa edilib və artıq Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişindaşımalar həyata keçirilir. Bu, nəqliyyat şəbəkəsinin imkanlarını genişləndirməklə yanaşı, regionun iqtisadi inkişafına və yerli əhalinin nəqliyyat əlçatanlığının genişlənməsinə töhfə verən mühüm addımdır.
Şübhəsiz ki, göstərilən xidmətlərin keyfiyyətinin artırılması bütün əsas proseslərin rəqəmsallaşdırılması ilə birbaşa bağlıdır. Bu istiqamətdə növbəti mərhələdə Abşeron dairəvi dəmir yolu marşrutunun əsas stansiyalarında SİMA Pay sistemi vasitəsilə ödəniş imkanı olan turniketlərin istifadəyə verilməsi planlaşdırılır. Bu yeniliyin cari ilin sonunadək tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Elektron ödənişlərin tətbiqi sərnişinlər üçün səfərlərin rahatlığını artıracaq, turniketlərdən keçid prosesini sürətləndirəcək və daha müasir, komfortlu xidmətin göstərilməsini təmin edəcək.
– Söhbətimizi yekunlaşdıraraq, son illərdə “Azərbaycan Dəmir Yolları”nda rəqəmsallaşma çərçivəsində həyata keçirilmiş əsas yeniliklər barədə sizin fikirlərinizi öyrənmək istərdik.– Doğrudan da son dövrdə dəmir yollarının rəqəmsallaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişik. Bütün yeniliklər iki əsas istiqamət üzrə həyata keçirilir: sərnişinlər üçün rahatlığın təmin edilməsi, yükdaşımaların səmərəliliyinin artırılması və şirkətin fəaliyyətinin optimallaşdırılması.
2023-cü ildə “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq sərnişinlərə biletləri tez və rahat şəkildə almaq, ödəniş etmək və qatarların hərəkət cədvəli barədə məlumat əldə etmək imkanı yaradır. Həmin ilin yayında Abşeron dairəvi marşrutunda elektron bilet satışı tətbiq edilib. Stansiyalarda sərnişinlərin gediş kartlarının balansını artırmaq və məlumat əldə etmək üçün elektron terminallar istifadəyə verilib.

Ölkədaxili sərnişin qatarlarına minik zamanı yalnız fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb edən qayda ləğv edilib. İndi sərnişinlər şəxsiyyət vəsiqəsini həm fiziki formada, həm də my.gov.az portalı vasitəsilə QR-kodla təqdim olunan elektron versiyada təqdim edə bilirlər. Yaxın gələcəkdə turniketlərdə üztanıma sistemi üzrə pilot layihənin həyata keçirilməsi planlaşdırılır ki, bu da pik saatlarda sərnişin axınının tənzimlənməsinə və stansiyalarda sıxlığın azalmasına imkan verəcək.
Ödənişsiz Wi-Fi artıq bir sıra stansiyalarda — Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Ağstafa və digərlərində, həmçinin ölkədaxili marşrutlar üzrə hərəkət edən qatarlarda istifadəyə verilib.
2024-cü ilin noyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin istifadəçi yönümlü yeni korporativ veb-saytı istifadəyə verilib. Bu platforma sərnişinlərə və biznes tərəfdaşlarına xidmətlərə və layihələrə asan və operativ müraciət imkanı verir.
Yükdaşıma sahəsində müasir yük və kommersiya sistemlərinin tətbiqi istiqamətində işlər aparılır. Bununla yanaşı, biz mövcud “ADY Smart” platformasında da mühüm yeniliklər edirik. Bu yeniliklər müqavilələrin bağlanması, yüklərin izlənməsi və sənədləşmə proseslərinin rəqəmsal idarə olunmasını əhatə edir. Elektron sənəd dövriyyəsi və konteynerlərin izlənməsi sistemləri sayəsində logistika proseslərinin tam rəqəmsal nəzarəti və sənədləşdirilməsi təmin olunur.
2024-cü ildə yük sahibləri üçün “vahid pəncərə” prinsipi əsasında fəaliyyət göstərən onlayn tarif kalkulyatoru istifadəyə verilib. Bütün proseslər – yüklərin qeydiyyatı, daşınması və izlənməsi – real vaxt rejimində həyata keçirilir. Sistem çərçivəsində “rəqəmsal naryad” funksiyası tətbiq olunub ki, bu da əməliyyatların icra müddətini bir neçə saatdan təxminən 20 dəqiqəyədək azaldıb. Platforma pilot rejimdə CIM/SMGS vahid elektron qaimə sistemi ilə inteqrasiya olunub ki, bu da bir neçə sənədi vahid formaya birləşdirərək gömrük prosedurlarını və informasiya axınını sürətləndirir.
Cari ilin 15 iyul tarixindən etibarən “Azərbaycan Dəmir Yolları” QSC proseslərin rəqəmsallaşdırılması istiqamətində növbəti təşəbbüsü həyata keçirib. Belə ki, Bakı və Gəncə vağzalları istisna olmaqla, ölkədaxili marşrutlar üzrə xidmət göstərən vağzal və stansiyalardakı kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılıb. Bu qərarın əsas məqsədi kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, əməliyyat səmərəliliyinin artırılması və biletlərin növbəsiz, daha rahat şəkildə alınmasını təmin edən təkmilləşdirilmiş veb-sayt və mobil tətbiqdən istifadənin genişləndirilməsidir. Ötən il ölkədaxili marşrutlar üzrə səyahət edən sərnişinlərin 70%-i biletləri onlayn qaydada əldə edib. Bu ilin ilk yarısında isə bu göstərici 80%-ə yaxınlaşıb. “ADY Mobile” tətbiqinin istifadəçilərinin sayı artıq 300 min nəfəri keçib; son altı ay ərzində təxminən 90 min istifadəçi tətbiqi yükləyərək onun geniş funksiyalarından yararlanıb.
Bu sistem əməkdaşların texniki dəstək xidmətinə müraciət prosesini sadələşdirir, sorğulara operativ cavab verilməsinə və onların izlənməsinə imkan yaradır. Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” QSC-nin daxili elektron sənəd dövriyyəsi sistemləri Azərbaycanın “rəqəmsal qovşaq” (digital hub/ESD) platforması ilə tam inteqrasiya olunub. Bu inteqrasiya sənədlərin rəqəmsal imza vasitəsilə hazırlanması, təsdiqlənməsi və göndərilməsi proseslərini sürətləndirib. Nəticədə sənəd dövriyyəsinin effektivliyi və təhlükəsizliyi xeyli dərəcədə artıb, kağız üzərində aparılan əməliyyatların həcmi isə minimuma endirilib.
Sərnişin məmnuniyyətinin artırılması ilə yanaşı, rəqəmsallaşma həm də qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir, ölkənin nəqliyyat-logistika potensialının gücləndirilməsi və Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların əməliyyat səmərəliliyinin artırılmasına şərait yaradır.

_1760703350.jpeg)

