Azərbaycan dili və əlifbasının inkişaf dinamikası: Tarixdən müasir dövrə
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini özündə yaşadan ən mühüm sərvətlərdən biridir. Bu dil əsrlər boyu formalaşaraq zənginləşmiş, müxtəlif tarixi mərhələlərdən keçmiş və bu gün müstəqil Azərbaycanın dövlət dili kimi inkişafını davam etdirmişdir. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli birliyin və dövlətçiliyin əsas dayaqlarından biridir. Dil xalqın keçmişini gələcəyə daşıyan körpüdür. Ona görə də ana dilinin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın mənəvi borcudur.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir. Bu dil qədim türk tayfalarının danışıq dili əsasında formalaşmışdır. Tarix boyu Azərbaycan dili müxtəlif inkişaf mərhələləri keçmiş, zəngin lüğət tərkibi və qrammatik quruluş qazanmışdır. Orta əsrlərdə Azərbaycan dili böyük şair və mütəfəkkirlərin yaradıcılığı sayəsində daha da inkişaf etmişdir. Bu dövrdə yazılmış əsərlər dilimizin zənginliyini və ifadə imkanlarını nümayiş etdirir.
XIX və XX əsrlərdə Azərbaycan dilinin inkişafında maarifçilik hərəkatının böyük rolu olmuşdur. Məktəblərin açılması, qəzet və jurnalların nəşri, kitab çapının genişlənməsi dilimizin inkişafına mühüm təsir göstərmişdir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan dili dövlət dili statusunu möhkəmləndirmiş və onun tətbiq sahələri daha da genişlənmişdir.
Azərbaycan dili ahəng qanununa əsaslanan zəngin və melodik dillərdən biridir. Dilimizdə sözlər əsasən şəkilçilər vasitəsilə düzəlir. Bu xüsusiyyət Azərbaycan dilini öyrənməyi və düzgün istifadə etməyi asanlaşdırır. Dilimizin zəngin lüğət fondu, atalar sözləri, məsəllər, frazeoloji birləşmələr və bədii ifadə vasitələri onun gözəlliyini artırır. Azərbaycan dili elm, təhsil, mədəniyyət, iqtisadiyyat və informasiya texnologiyaları sahəsində geniş istifadə olunur. Müasir dövrdə internet və rəqəmsal texnologiyalar da Azərbaycan dilinin inkişafına yeni imkanlar yaratmışdır.
Azərbaycan xalqı tarix boyu müxtəlif əlifbalardan istifadə etmişdir. Ən qədim dövrlərdə müxtəlif yazı sistemləri mövcud olmuşdur. VII əsrdən etibarən ərəb əlifbası geniş yayılmışdır. Bu əlifba əsrlər boyu ədəbiyyat və elm sahəsində istifadə edilmişdir.
Bu gün ulu öndər Heydər Əliyevin dil və əlifba siyasəti rəqəmsal dövrdə də aktuallığını qoruyur. Azərbaycan dilinin internetdə, süni intellekt sistemlərində, elektron təhsil platformalarında və rəqəmsal mediada geniş istifadəsi onun irəli sürdüyü dil siyasətinin müasir davamı kimi qiymətləndirilir. Eyni zamanda, latın qrafikalı əlifbanın tam tətbiqi Azərbaycan dilinin beynəlxalq informasiya məkanında daha əlçatan olmasına və milli-mədəni irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilini xalqın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvət kimi dəyərləndirmiş, ana dilinin qorunmasını və inkişaf etdirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etmişdir. Onun təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılmış və bu proses müstəqil dövlətçiliyin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilmişdir.
Bu siyasi və mənəvi xətt bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında Azərbaycan dilinin milli kimliyin əsas atributlarından biri olduğunu vurğulayır, onun saflığının qorunmasını, dövlət dilinin bütün sahələrdə, xüsusilə elm, təhsil və rəqəmsal informasiya məkanında geniş tətbiqini dövlət siyasətinin mühüm istiqaməti kimi dəyərləndirir. Prezidentin imzaladığı dövlət proqramları və sərəncamlar da Azərbaycan dilinin inkişafına və latın qrafikalı əlifbanın tətbiqinin daha da möhkəmləndirilməsinə xidmət edir.
1929-cu ildə latın qrafikalı əlifbaya keçid həyata keçirilmişdir. 1939-cu ildə kiril əlifbası qəbul edilmiş və uzun illər istifadə olunmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı əlifbaya yenidən keçid edilmişdir. 1 avqust 2001-ci ildən latın qrafikalı Azərbaycan əlifbasının tam tətbiqi təmin edilmişdir. Hazırda ölkəmizdə bütün rəsmi sənədlər, dərsliklər və mətbuat latın qrafikalı əlifba ilə nəşr olunur.
Müasir Azərbaycan əlifbası 32 hərfdən ibarətdir. Bu hərflər Azərbaycan dilinin bütün səslərini dəqiq ifadə etməyə imkan verir. Əlifbamızın sadə və aydın quruluşu oxu və yazını asanlaşdırır. Latın qrafikalı əlifbanın tətbiqi Azərbaycanı beynəlxalq informasiya məkanına daha da yaxınlaşdırmışdır.
Əlifbanın düzgün öyrənilməsi uşaqların savadlı böyüməsində mühüm rol oynayır. Məktəblərdə ana dili və əlifba dərslərinə xüsusi diqqət yetirilir. Müasir texnologiyalar da Azərbaycan əlifbasının istifadəsini daha rahat və əlçatan etmişdir.
Ana dilinin qorunması hər bir insanın vətəndaşlıq borcudur. Azərbaycan dilində düzgün danışmaq və yazmaq milli mədəniyyətə hörmətin göstəricisidir. Dövlət tərəfindən dilimizin inkişafı üçün müxtəlif qanunlar qəbul edilmiş, proqramlar həyata keçirilmişdir. Televiziya, radio, kitablar və elektron media Azərbaycan dilinin geniş yayılmasına xidmət edir.
Gənc nəsil ana dilini sevərək öyrənməli, onu düzgün istifadə etməli və gələcək nəsillərə çatdırmalıdır. Xarici dilləri öyrənmək vacib olsa da, ana dilinə sevgi və hörmət hər zaman üstün tutulmalıdır.
Azərbaycan dili xalqımızın milli sərvəti və dövlətimizin rəsmi dilidir. Onun qorunması və inkişaf etdirilməsi milli kimliyimizin yaşaması üçün böyük əhəmiyyət daşıyır. Əlifbamız isə bu dili yazılı şəkildə yaşadan əsas vasitədir. Hər bir Azərbaycan vətəndaşı ana dilini sevməli, onu düzgün öyrənməli və gündəlik həyatında düzgün istifadə etməlidir. Ana dilinə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır.
Beləliklə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil və əlifba siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Bu siyasət Azərbaycan dilinin qorunmasına, zənginləşdirilməsinə və beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsinə mühüm töhfə verir.
Elnarə Gülağa qızı Niftəliyeva
Filologiya üzrə fəlsəfə doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 Avqust 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















