Azərbaycan İsrail ABŞ strateji müttəfiqliyi Bakı üçün faydalı ola bilər
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Yaxın Şərq! İkinci dünya müharibəsindən sonra yaranan yeni dünya düzənindən nəsibinə çevrilişlər, müharibələr və qarşıdurmalar düşən Yaxın Şərq. Yeni yaranmış Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın 1947-ci ildə məsələni gündəliyə gətirməsi ilə İsrail və Fələstin dövlətlərinin yaradılmasına qərar verir. Hazırlıq işlərindən sonra 1948-ci 14 mayında David Ben-Qurion öncülüyündə İsrail dövlətinin yaradılması elan edilir. Bir gün sonra beş ərəb dövləti elan edilmiş İsrail torpaqlarına girməklə bu günə kimi uzanan münaqişənin başlanğıcını qoyur. Bununla yanaşı bu illər ərzində ərəb ölkələrində hakimiyyət çevrilişləri, bir neçə Ərəb-İsrail müharibəsi baş verir. İraq Səddam Hüseyn rəhbərliyində İranla səkkiz il davam edən müharibə edir. Küveytə qoşun yeridən Səddam Hüseyn sonra ABŞ başda olmaqla dünya ölkələrinin təzyiqi ilə Küveytdən çıxmalı olur. 2001-ci ilin 11 sentyabrında ABŞ dövlətinə terror hücumundan sonra isə İrakı bunda günahkar hesab edən ABŞ koalisiyası İraqa ordu yeridir. İrak rejimi məğlub olur və Səddam Hüseyn bir müddət sonra asılaraq edam edilir. Ardınca ərəb ölkələrində başlayan rəngli inqilablar və Suriyada başlayan daxili müharibə. Ən son isə İsrailə 2023-cü ilin 7 oktyabrında Qəzzadan edilən terror hücumundan sonra bu günə kimi davam edən İsrail-Fələstin-Həmas-Hizbullah qarşıdurması. Göründüyü kimi Yaxın Şərq son 80 ilə yaxın müddətdə hər zaman dünyanın ən gərgin regionu olmuşdur. Bura Türkiyə ilə PKK arasındakı 40 ildən çox davam edən münaqişəni də əlavə etsək mənzərə tam olur.
Məsələyə tarixi xronologiya üzərindən baxış edilməsinin və kimin haqlı, kimin haqsız olması üzərindən yox, regiondakı aktorların mövcudluğuna diqqət çəkmək baxımından vacib idi.
Bu 80 illik tarixi hadisələr fonunda Azərbaycanın ilk əvvəllər Sovet İttifaqı tərkibində, son 33 il müddətində isə müstəqil dövlət kimi mövcudluğu dövründə İsrail dövləti ilə əlaqələri müstəqillik dövrünə təsadüf edir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamentinin elanı ilə müstəqillik bərpa edildi və 1991-ci ilin noyabrında Türkiyə onu rəsmi olaraq tanıyan ilk dövlət oldu. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıdı və bunu edən ilk dövlətlərdən biri oldu. 7 aprel 1992-ci ildə diplomatik əlaqələr quruldu. Amma Azərbaycan xalqı ilə Yəhudi xalqının dostluğu çox öncələrə dayanır. Azərbaycan ərazisində Yəhudi icması Sovet İttifaqı dövründən yaşayırdı və indi də var. İki xalq arasında dərin mənəvi bağlar yaranmışdır. Yəhudi xalqının müsəlman ölkələri arasında tək rahat və sərbəst şəkildə yaşadığı ölkə Azərbaycandır. Ölkələrimizin ictimaiyyəti arasında dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin arasındakı strateji münasibətlərə çevrilib. Ölkələrimiz arasında iqtisadi münasibətlər yüksək səviyyədədir.
Hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur. Son olaraq Azərbaycan dövləti İsraildə mövcud olan qaz yataqlarının istismar edilməsi üzrə yaradılmış konsorsiuma daxil olub. Azərbaycan İsraildə səfirliyinin 2023-cü ildə açdı. Bu məsələ müsəlman, xüsusən də, ərəb dünyası səbəbindən uzanırdı. Məlum qarşıdurmalar fonunda Azərbaycanın İsraildə səfirliyinin açılmasına ehtiyatla yanaşılırdı. Amma nəhayətdə Azərbaycan bunu etdi. Bununla yanaşı Fələstində də konsulluq açıldı.
Azərbaycanın İsraillə əsas hərbi sahədə əməkdaşlığı nəticəsində 44 günlük Ermənistan-Azərbaycan müharibəsinin nəticəsinə böyük ölçüdə təsir etdi. Azərbaycan İsraildən aldığı silahlar hesabına dağlıq ərazilərdə ciddi şəkildə itki verməkdən qaça bildi. Hərbi dəstəklə yanaşı Yəhudi lobbisinin ABŞ-da verdiyi siyasi dəstəyin də əhəmiyyətini unutmaq olmaz.
İsrailli dostlarımızın Azərbaycan barəsindəki fikirləri xüsusən maraqlı və əhəmiyyətlidir.
İsrail xarici işlər nazirliyinin əməkdaşı Pinhas Avini: "iki ölkə münasibətlərini strateji olaraq qiymətləndirib."
Nazir Uzi Landau: "İsrailin güclü Azərbaycana ehtiyacı var."
XİN Yair Rapid: "Azərbaycan İsrailin çox önəmli ortağıdır."
Göründüyü kimi Azərbaycan və İsrail arasındakı mənəvi və iqtisadi əlaqələri qısa xatırlatmaqla məqsəd bu sahələrdəki dərin inteqrasiyanı göstərməklə yanaşı, Azərbaycan-İsrail münasibətlərinin sıradan adi münasibətlər olmadığını göstərmək idi. Bu isə indi analiz edəcəyimiz və Türkiyəli qardaşlarımızın bir hissəsində Qəzza hadisələri fonunda Azərbaycan və İsrail münasibətlərinin yaratdığı narahatlıq üzərindən fikir bildirəcəyik.
Sadə məntiqlə Azərbaycan İsrailə hər şeyi bir kənara qoysaq, niyə düşmən olsun?
Yaxşı ilə pisi seçməli olsa, niyə pisi seçsin?
ABŞ öz dövlətinin maraqları çərçivəsində dünənə kimi dəstək olduğu Ukraynanı Rusiyaya qurban verir. Çünki ABÇ dövlətinin mənafeyi bunu tələb edir.
Eyni məntiqlə demək olar ki, Azərbaycan niyə Rusiya ilə dostluq edir. O ki, işğalçıdr? İddia edildiyi kimi İsrail də. Bu, məsələnin mənəvi tərəfidir.
Geosiyasi olaraq İsrail və Fələstinin siyasi çəkisi baxımından yanaşsaq da İsrail üstünlük təşkil edir. Azərbaycan dövləti öz strateji maraqlarından çıxış edir. Türkiyə dövləti də bunu anlayışla qarşılayır.
Son günlər Azərbaycanın Trampın keçən hakimiyyəti dövründə imzalanmış "İbrahim anlsşması"na qoşulacağı iddiaları yayılır. Bu, Tramp liderliyində 2020-ci il 15 sentyabrında İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında imzalanmış Ərəb-İsrail normallaşma müddəti ilə əlaqəli anlaşmadır. İbrahim və ya Abraham adının qoyulması isə eyni adlı peyğəmbərin həm ərəblərin, həm də yəhudilərin əsasını qoyduğu insan olması məntiqi və hər iki xalqın onu qəbul etməsi ilə əlaqədardır. Odur ki, simvolik olaraq "İbrahim və ya Abraham anlaşması" götürülüb. İndi Azərbaycanın və Qazaxıstanın da bu anlaşmaya daxil edilməsinin planlaşdırıldığı qeyd edilir. Təbii ki, Azərbaycanın bu prosesə münasibəti hələlik bəlli deyil. Amma ABŞ Prezidenti Donald Trampın şəxsi nümayəndəsi Stiv Vitkofun bir neçə gün öncə Rusiyadan birbaşa Bakıya gəlməsi, İsrail Baş nazirinin parlamentdə çıxışı və İsrailli ravinlərin Trampa Azərbaycana tətbiq edilmiş "Azadlıq aktına 907-ci düzəliş"in ləğv edilməsi ilə əlaqəli müraciəti onu göstərir ki, bu istiqamətdə müəyyən danışıqlar gedir və yaxın dövrdə Azərbaycan-İsrail-ABŞ üçbucağında hansısa proseslər ola bilər. Qeyd edilənlər fonunda Azərbaycanın bu proseslərdə iştirakı Azərbaycan üçün nə qədər əhəmiyyət daşıyır məsələsi maraq doğurur.
Keçən Co Bayden administrasiyasının fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasındakı soyuq münasibətlər bəlli idi. Trampın seçki kampaniyası dövründə Azərbaycan Prezidenti İlham Əliyevin açıq şəkildə Trampa dəstək fikirləri ifadə etməsini nəzərə alaraq, seçkidən sonra Azərbaycan-ABŞ münasibətlərində Tramp adminstrasiyası dövründə yenidən normallaşmanın olması ehtimalının böyük olduğu gözləntilər arasında idi. Doğrudur, bu istiqamətdə ciddi addımların atılmasının hələlik şahidi olmasaq da, baş verən proseslər onu deməyə əsas verir ki, prosesdə aktivlik müşahidə olunur. Yaxın dövrlərdə münasibətlərin bərpası istiqamətində addımlar atıla bilər. İsrail lobbisinin ABŞ-dakı fəaliyyəti bunu deməyə əsas verir. Təbii ki, Azərbaycan və ABŞ arasındakı münasibətlərin isinməsi vacib və mütləqdir. Bu istiqamətdə atılan bütün addımlar doğrudur. Yəhudi lobbisinin də fəaliyyəti alqışa layiqdir. Amma maraq doğuran Azərbaycan və ABŞ arasında İsrail öncülüyündə strateji müttəfiqlik müqaviləsinin imzalanması fikridir. İsrail hər zaman vurğulayıb ki, Azərbaycan Amerikadan sonra İsrailin ikinci strateji ortağıdır. Bu, əslində, həqiqətən də belədir. Çünki İsrailin enerji tələbatının 40 faizinin Bakı-Ceyhan neft boru kəməri ilə təmin edildiyi bəllidir. Bu isə çox böyük strateji məsələdir. Məsələ Azərbaycan neftinin İsrailin enerji tələbatının böyük hissəsinin ödənilməsi demək deyildir. İsrail tələbatı olan neftin qalan hissəsini aldığı mənbələrdən və kənardan da öz tələbatını təmin edə bilər. Əsas məsələ bu mənbənin güvənli və inanılır olmasıdır. Azərbaycan da belə ölkələrdəndir, hansı ki, bu, tək İsrail üçün yox, Azərbaycanın iştirakçısı olduğu digər ölkələrin enerji təminatının yerinə yetirildiyi layihələrə də aiddir. Avropanın Azərbaycan qazını alan 12-dən çox ölkəsinin ortaq fikri də belədir.
Strateji müttəfiqlik Azərbaycana nə verə bilər, xüsusən də Rusiya, İran, hətta Türkiyənin buna isti baxmadığı bir geosiyasi durumda?
İlk öncə onu qeyd etmək lazımdır ki, bu üçtərəfli strateji müttəfiqliyin Azərbaycana verəcəyi dividentlərə skeptik yanaşma da var. Həm də ehtiyatlı yanaşma da. Bu da daha çox Rusiyanın reaksiyasından qaynaqlanır ki, Rusiya bunu xoş qarşılamaya bilər. İran zatən xoş qarşılamaz. Türkiyə isə təbii ki, bu durumu qəbul edər, amma Azərbaycanın yanında olmaqla öz dərin analizlərini də Azərbaycanın öhdəsinə buraxar. Yəni, bu üçtərəfli strateji əlaqənin Azərbaycan üçün mənfi tərəflərinin neytrallaşdırılmasında öz dəstəyini əsirgəməz. Ən azı ona görə ki, Azərbaycanın regionda bu əlaqələrdən istifadə edib güclənməsi Türkiyə üçün də vacib faktordur. Rusiyanın Tramp adminstrasiyası ilə hazırda mövcud olan münasibətlərini nəzərə alsaq, hesab etmək olar ki, Rusiyanın da Azərbaycana buna görə reaksiyası elə də ciddi olmaz. Amma Rusiyanın nəzarəti təbii ki, Azərbaycanın üzərində olar. Hər zaman deyilən deyim vardır: "ABŞ-la yaxınlıq təhlükəlidir, dostluq isə öldürücüdür" misalı aktualdır. Bu deyim illərin təcrübəsinə əsaslanır. Dünyada ABŞ-ın iştirakı ilə baş verən hadisələr bu qənaətə gəlməyə əsas verir. Amma Azərbaycan və Türkiyə kimi praqmatik və strateji planlama ilə siyasət yürüdən iki ölkənin birlikdəliyi qeyd edilən təhlükənin təsirini minimuma endirə bilmənin yollarını tapa bilərlər.
Hesab edirəm ki, qeyd edilən Azərbaycan-İsrail-ABŞ strateji müttəfiqliyi bütün ehtiyatlı fikirlərə rəğmən yeni dünya düzəni qurulması mərhələsində ağıl və cəsarətlə idarə edilərsə, Azərbaycan üçün faydalı ola bilər. Bu, həm də Azərbaycanın multikulutal təcrübəsinin müsəlman ölkələri arasında yayılmasına da təkan verə bilər.
Azərbaycan artıq Türkiyə ilə birlikdə regional güc olmaq mərhələsindən beynəlxalq güc olması mərhələsinə daxil olur. Bu, Avropa İttifaqının təhlükəsizliyi məsələsində NATO-da baş verən çatlar səbəbindən Aİ-nın yeni təhlükəsizlik konsepsiyası yolları axtarması fonunda özünü daha aydın göstərir. Türkiyənin Aİ və Böyük Britaniya ilə birlikdə yeni güc mərkəzi yaradacağı labüd görünür ki, hansı ki, Böyük Britaniya və Türkiyə güc mərkəzinin yarandığını, Azərbaycanın da bu güc mərkəzinin regional halqası olduğunu, ona görə də Qarabağ məsələsinin həll olunmasının zamanı gəldiyini hələ 44 günlük müharibə dövründə vurğulamışdım. Azərbaycanın daxil olacağı İsrail-ABŞ müttəfiqliyi bu güclər arasında tarazlıq və dialoq yaradılması baxımından da önəmli ola bilər. Eyni zamanda Türkiyə və İsrail arasındakı qarşıdurma meyllərinin də azaldılması və tədricən aradan qaldırılması yolunda vasitə ola bilər. Çin-ABŞ hələlik iqtisadi qarşıdurması fonunda Çinin layihəsi olan "Bir qurşaq bir yol" layihəsinin "Orta dəhliz" proyektinin Azərbaycan ayağı olan və Qərbi Zəngəzurdan keçirilməsi planlaşdırılan kommunikasiya yollarının çəkilməsinə ABŞ-ın mane olmasının qarşısını ala bilər.
Strateji müttəfiqlik ABŞ-dan Azərbaycana olan müxtəlif səbəbli siyasi təzyiqləri azalda bilər.
Azər Qasımov
ƏHD Partiyası İdarə Heyətinin üzvü, politoloq

