Azərbaycan kəndinin bar bərəkət mövsümü
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Fermerlərin çəkdikləri zəhmətin bəhrəsi bol məhsuldur
Oktyabr təqvimdə payızın ikinci ayıdır. İlin bu vədəsində tarla və bağlarda ilboyu görülən işlərə yekun vurulur. Torpağın nemətlərinin bir qismi anbarlara, digər hissəsi şəhərlərə, bazarlara daşınır. Bu il ölkəmizin bütün regionlarında məhsul bol olub. İndi əsas vəzifə torpağın bərəkətini mümkün qədər tez və itkisiz toplamaqdır.
Ötən mövsümlərdə olduğu kimi, 2026-cı il ölkəmizdə aqrar sahədə çalışan fermer və pay torpaqları mülkiyyətçiləri üçün uğurlu olub. Ən başlıcası, bu il taxılımız, yəni çörəyimiz boldur. Belə ki, bu mövsümdə buğda və arpa zəmilərindən rekord miqdarda – 3 milyon tondan çox taxıl toplanıb. İndi əksər bölgələrdə evdar ana-bacılarımız “öz buğdamızın unu”ndan təndir çörəyi bişirməyə üstünlük verirlər. Dadlı və ətirlidir Azərbaycan çörəyi!
Son illər ölkəmizdə “ikinci çörək” sayılan kartof sahələrinin də məhsuldarlığı xeyli artıb. Bu səbəbdən kartofun bazarda qiyməti hazırda alıcılar üçün, insafən, sərfəlidir. Fermerlər özləri də bu qiymətlərdən məmnundurlar. Axı məhsul bol olanda, maya dəyəri aşağı düşür, gəlir artır. Alıcılar isə əvvəlki kimi Gədəbəy və Tovuz rayonlarında becərilən kartofun daha yaxşı olduğunu söyləyirlər.
Bu il oktyabrın ortalarından ölkəmizdə pambığın kütləvi yığımına start verilib. Artıq pambıqyığan kombaynlar sahələrə çıxarılıb. Bununla da ağ qızılın yığımı və tədarükü xeyli sürətlənib. Bölgə müxbirlərimizdən aldığımız məlumatlara görə, bu il pambıq yığımı Bərdə, Sabirabad, Tərtər və Biləsuvar rayonlarında daha uğurla gedir. Pambığın emal müəssisələrinə təhvilində də problem yaşanmır.
Hazırda meyvə bağlarında, çay, tütün plantasiyalarında da qızğın iş gedir. Quba və Qusarın meyvə bağlarında məhsul xüsusilə boldur. Bu rayonlarda son illər kifayət qədər iri meyvə soyuducuları inşa edilərək istifadəyə verilib. Bağlardan toplanan məhsulun xeyli hissəsi həmin soyuducularda saxlanılır.
Oktyabr həm də məhsul bayramları, festivallar ayıdır. Məsələn, bir müddət əvvəl Göygöl rayonunun Keşkü kəndində Kənd Təsərrüfatı Nazirliyinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “III Moruq Festivalı” və “Aqrar Biznes Festivalı” təşkil olunub. Festivalda yerli fermerlərin yetişdirdiyi moruq məhsulları, eləcə də moruqdan hazırlanmış müxtəlif qidalar sərgilənib və ziyarətçilərə təqdim olunub.
Aqrar sahədə çalışanlar hesab edirlər ki, payız aylarında bölgələrdə bu qəbildən olan mərasimlərin keçirilməsi müsbət haldır. Onların fikrincə, belə festivallar yerli istehsalçıların məhsullarının tanıdılması, onların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hörmətli oxucu! Yuxarıda qeyd etdiyimiz faktlar, fikir və mülahizələrdən bir daha belə bir qənaətə gəlmək olar ki, Azərbaycan dövləti ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasna böyük önəm verir. Sevindirici haldır ki, bu sahədə həyata keçirilən düşünülmüş aqrar siyasət xətti öz bəhrəsini verir. Hər şey göz önündədir. Azərbaycan kəndi varlanır, əhalinin güzəranı yaxşılaşır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də məhz bu sahənin davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə görülən işlər, həyata keçirilən mühüm layihələr bölgə əhalisinin razılığına səbəb olur.
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Oktyabr 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















