Icma.az
close
up
RU
Tərtərin bolluq, bərəkət mövsümü

Tərtərin bolluq, bərəkət mövsümü

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsində zirehə çevrilmiş bu torpaq dinc günlərin hünər meydanıdır

“Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır”. Rayon sakinləri ulu öndər Heydər Əliyevin Qarabağın dilbər guşələrindən olan Tərtərə verdiyi bu yüksək dəyəri hər zaman fəxrlə və ehtiramla xatırlayırlar. Bu bölgə həm də illər boyu düşmən qarşısında mərdliklə, qəhrəmanlıqla dayanmış igidlərin Vətənidir.

Vaxtilə təmas xəttində yerləşdiyi üçün mütəmadi təhlükələrlə üz-üzə qalan bu qədim türk yurdu rəşadətli ordumuzun şanlı qələbələri sayəsində torpaqlarımızın yağı işğalından azad edilməsi ilə 6 ildir ki, rahat nəfəs almağa başlayıb, yeni inkişaf dövrünə qədəm qoyub. İndi rayonun bərəkətli torpaqları insan əməyi sayəsində gündən-günə daha da canlanmaqdadır.

Dövlət dəstəyi uğur qazandırır

Tərtərdə aqrar sahənin inkişafı rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır. İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd təsərrüfatındakı yeniliklərdən danışarkən bu inkişafın tərtərlilərin zəhmətkeşliyi, torpağa olan sevgiləri və onlar üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitin vəhdətindən yarandığını dedi. Rayon sakinləri əsaslı dövlət qayğısını isə məhz Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra hiss ediblər.

– Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Tərtərə də böyük diqqət və qayğısı sayəsində rayonun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər baş verib, kənd təsərrüfatının müxtəlif istiqamətlərində, xüsusilə pambıqçılıqda tərəqqi olub, yeni iş yerləri açılıb. Bu mənada, Tərtərdə aqrar sahənin inkişaf tarixi məhz Ümummilli liderin adı ilə bağlıdır.

Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini deyən icra başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramının əhəmiyyətinə də toxundu:

– “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizdə aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır. Sənəddə kənd təsərrüfatının inkişafı, habelə yerli istehsal və emal potensialının gücləndirilməsi üçün genişmiqyaslı dəstək mexanizmləri nəzərdə tutulur.

Prezidentin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası, həmçinin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür.

Rayonun əkinçiliklə bağlı cari təsərrüfat ili üzrə statistik göstəriciləri Tərtərdə aqrar sahədə müsbət dinamikadan xəbər verir. Belə ki, 2026-cı il yanvar-iyul aylarında rayonda 8 min 41,3 hektar sahədə payızlıq və yazlıq dənli bitkilər (buğda və arpa) əkilib, sahələrdən 32 min 950,5 ton məhsul yığılıb və hər hektar üçün orta məhsuldarlıq 41 sentner təşkil edib. Ötən il bu rəqəmlərin müvafiq olaraq 6 min 581,8 hektar, 26 min 119,4 ton və 39,7 sentner olduğunu nəzərə alanda artımın kifayət qədər çox olduğu görünür. Digər göstəricilər də ürəkaçandır.

Qarabağın meyvə bağları

Hər zaman bol pambığı, taxılı, çoxsaylı tingçilik təsərrüfatları ilə respublikada öncüllər sırasında olan Tərtər indi yeni salınmış müasir meyvə bağları ilə də öyünə bilər. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Belə bağlardan bir neçəsinə, nümunəvi təsərrüfatlara baş çəkdik. Bələdçimiz, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Aif Behbudovla səfərimizin ilk ünvanı Çaylı kəndində “Frutti Aqro” MMC-nin yeni salınmış intensiv meyvə bağları oldu.

Yolboyu söhbət əsnasında öyrəndik ki, rayon ərazisində, ümumilikdə, 2 min 584,4 hektar meyvə və giləmeyvə bağları var. Onlardan 824,9 hektarı intensiv, 1 min 759,5 hektarı isə ənənəvi bağlardır. 261,9 hektar bağ yeni salınıb ki, bu, Tərtər kimi ərazisi çox da böyük olmayan rayon üçün çox yaxşı göstəricidir. Mövcud meyvə bağlarının 962,1 hektarını ixracyönümlü xurma bağları təşkil edir.

“Frutti Aqro” MMC-yə yaxınlaşdıqda yolun hər iki tərəfində müxtəlif meyvə ağacların sıralandığı bağın ərazisinə daxil olduq. Səliqə ilə əkilmiş, təxminən, eyni boyda, yaxşı inkişaf etmiş ağacların hər birinin yanı ilə müasir suvarma sistemi boruları uzanır. Bağda həvəslə çalışan, ağaclara qulluq edən torpağa bağlı, zəhmətkeş insanları görmək insanda xoş duyğular oyadır. Bizi səmimi qarşılayan MMC-nin icraçı direktoru Zaur Əliyev bildirdi ki, “Frutti Agro” 2022-ci ildə təsis edilib və əsas fəaliyyət istiqaməti bağçılıqdır. Şirkətin balansında, ümumilikdə, 430 hektar ərazi mövcuddur. İlkin mərhələdə ümumi sahəsi 325 hektar olan ərazidə xurma, nektarin və şaftalı, ərik və qara əncir bağları salınıb. Burada 60 nəfər daimi, 200, bəzən hətta 250 nəfər isə mövsümi işçi çalışır.

Bağı dayanıqlı enerji ilə təchiz etmək üçün ümumi uzunluğu 5 kilometr olan elektrik xətti çəkilib. Ərazilərin suvarılması məqsədilə isə ümumi həcmi 200 min kubmetr olan, qidalanması Suqovuşan su anbarından gələn kanaldan təmin edilmiş süni göl yaradılıb. “Frutti Agro”nu ənənəvi bağlardan fərqləndirən “ağıllı” suvarma sistemidir. Bağın suvarılmasının idarə olunması İsrail istehsalı olan avtomatik damlama-suvarma sistemi vasitəsilə həyata keçirilir. Bu məqsədlə ümumi sahəsi 200 kvadratmetr olan nasosxana fəaliyyət göstərir.

İcraçı direktor bağda aqrotexniki işlərin aparılması məqsədilə 12 ədəd traktor və dərman çiləyicilərinin alındığını da bildirdi. MMC rəhbərliyi texnikaların alınması zamanı dövlətin dəstəyindən yararlanıb. Ümumiyyətlə, fəaliyyətləri dövründə istər müxtəlif profilli subsidiyaların verilməsi, istərsə də bağların təbii iqlim risklərinə qarşı Dövlət Aqrar Sığorta Agentliyi tərəfindən sığortalanması təsərrüfat sahiblərinə və fermerlərə əlavə stimul yaradır, onları maliyyə itkiləri ilə üzləşmək təhlükəsindən qoruyur.

Yeni bağlar üçün tinglər əsasən Türkiyədən gətirilsə də, şirkət yerli ting istehsalçıları ilə də əməkdaşlıq edir. Gələcəkdə isə “Frutti Aqro” 2 hektar sahədə ting əkməyi planlaşdırır ki, bu da həm xərclərin azalmasına, həm də rayon ərazisində tingçiliyin inkişafına kömək edəcək.

Zəhmət çəkilirsə, mütləq nəticəsi olacaq. Minbir əziyyətin bəhrəsi olan meyvələrin satışı ilə bağlı sualımıza cavab olaraq öyrəndik ki, yüksəkkeyfiyyətli meyvələr Türkiyə və Rusiyaya ixrac edilir, yəni alıcı problemi yoxdur. Əsas diqqət yetirilməli olan keyfiyyət məsələsində dövlətin aidiyyəti qurumları kömək göstərir.

Tərtərin nümunəvi təsərrüfatlarından olan “Aznektarin” MMC-nin intensiv bağlarında da ağacların bol məhsulu göz oxşayır. Kəbirli kəndində yerləşən müəssisənin icraçı direktoru Arzu Əlizadə ilə söhbət zamanı öyrəndik ki, “Aznektarin” MMC-nin ümumi əkin sahəsi 168 hektardır. Müasir standartlara uyğun qurulmuş bu təsərrüfatda yerli şəraitə uyğun şaftalı, nektarin, xurma, əncir və armud bağları salınıb. Regional məşğulluğun artırılmasına öz töhfəsini verən müəssisədə hazırda 75 nəfər daimi işlə təmin olunub, mövsümi işlər zamanı isə xeyli sayda yerli sakin işə cəlb edilir.

Burada da su ehtiyatlarından səmərəli istifadə edilməsi və itkilərin qarşısının alınması məqsədilə mütərəqqi avtomatlaşdırılmış damlama-suvarma sistemi tətbiq edilir, iqlim risklərindən qorunmaq məqsədilə meyvə bağları Aqrar Sığorta Fondu vasitəsilə sığortalanıb.

Biz ərazidə olanda ağacları bəzəyən qıpqırmızı, şirəli meyvələrin yığımı davam edirdi. A.Əlizadə bildirdi ki, bugünədək 600 tona yaxın məhsul yığılıb, Türkiyə, Rusiya, Ukrayna və Belarusa ixrac olunmaqdadır. Meyvələrin bir qismi isə növbəti mrəhələdə, tam yetişdikdən sonra yığılacaq.

Tərtərdə fermerlər üçün yaradılmış əlverişli mühit, iri şirkətlərin əldə etdikləri uğurlar yerli sakinləri bağçılıqla məşğul olmağa həvəsləndirir. Elə rayonun Qaradağlı kəndindən keçərkən tanış olduğumuz, sahibkar Arif Orucova məxsus 18 hektar ərazidəki xurma bağı da yeni salınıb. Burada ağaclar hələ məhsul verəcək qədər böyüməyiblər, ancaq müasir aqrar texnologiyaların tətbiqi nəticəsində yaxın gələcəkdə bu bağ da daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz meyvələr çıxaracaq. Əsas odur ki, zəhmətə qatlaşasan və uğurlu nəticə əldə etmək üçün əzmkarlıq göstərəsən.

Bolluq qazanc, rifah gətirir

Ölkəmizdə ixracyönümlü məhsul istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verir. Son illərdə bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə, o cümlədən pambıqçılıqda sahibkarlığın inkişafını sürətləndirir, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradır.

Görülən işlər bu sahədə böyük ənənələrə malik Tərtər rayonunda da öz müsbət nəticələrini verməkdədir. Hələ sovet dövründə Tərtərdə pambıqçılıqda adları tarixə düşən neçə-neçə əmək qəhrəmanları yetişib. Bu gün də rayon pambıqçıları öz sələflərinin ənənələrini qoruyub saxlayaraq böyük uğurlara imza atırlar. Nəticədə, son illərdə rayonda həm çiyid səpilən sahələr artır, həm də məhsuldarlıq.

Əmək qəhrəmanlarından söz açılanda Tərtərdə adı çəkilənlərdən biri də Fazil Vəliyev olur. Bəyimsarov kəndində yaşayan Fazil kişi 70 illik ömrünün üçdəikisini pambıqçılığa həsr edib. Ermənilərin etnik təzmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı ata-baba yurdundan didərgin düşərək Tərtərə pənah gətirmiş soydaşımız torpağa sevgisi, zəhmətkeşliyi sayəsində tanınıb, sevilib. Pambıqçılıq sahəsində əldə etdiyi uğurlar dövlət tərəfindən yüksək qiymətləndirilib və 2018-ci ildə I dərəcəli Əmək ordeni ilə təltif edilib.

Qəhrəmanımızla sahədə, 44 hektarlıq pambıq tarlasında görüşdük. İlin əvvəlində yağıntıların çoxluğuna baxmayaraq, aqrotexniki qaydalara əməl edilməsi, vaxtında dərmanlamanın aparılması və digər lazımi tədbirlərin görülməsi sayəsində kolların inkişafının yaxşı getdiyini dedi. Odur ki, qarşısına böyük hədəflər qoyub:

– 2018-ci ildə hər hektardan 60 sentnerdən artıq məhsul toplayaraq orden almışdım. İndi isə söz verirəm ki, bu il sahəmdəki məhsuldarlıq 70 sentnerə çatacaq!

Fazil kişidən uğurlarına, bol məhsuluna əminliyinin yaratdığı xoş təəssüratla ayrılıb səfərimizin sonuncu ünvanına, daha bir əmək qəhrəmanının fərdi təsərrüfatına yollandıq. Soyulan kəndi ərazisində fermer Zəfər Nəsirovun istixana kompleksini Tərtərdə aqrar sahənin inkişafı baxımından xüsusi əhəmiyyətli edən ilk istixana olmasıdır.

Sevindiricidir ki, ölkəmizin digər ərazilərinə, əsasən də Abşeron yarımadasına və Qərb bölgəsinə xarakterik olan bu sahəyə Tərtər rayonunda da maraq yaranıb. Bu isə III dərəcəli Əmək ordenli fermerin əldə etdiyi uğurlar sayəsindədir. 2010-cu ildən tərəvəzçiliklə məşğul olan zəhmət adamı söhbətə təbiətə sevgisindən, kompleksə aparan yolun kənarlarında və ərazidə əkdikləri ağaclardan, onlara qulluqdan başladı.

Öyrəndik ki, istixana 2,2 hektarda yerləşir, gələcəkdə ərazisinin böyüdülməsi nəzərdə tutulur. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib, istixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur.

Kompleksdə hazırda 10 nəfər daimi işlə təmin edilib, 20 nəfərə yaxın yerli sakin isə mövsümi işlərə cəlb olunur. İllik istehsal gücü 200-220 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor yetişdirilir. İstehsal edilən məhsul həm daxili bazara çıxarılır, həm də Ukrayna, Rusiya, Belarus, Qazaxıstan kimi ölkələrə ixrac edilir.

İxracla bağlı danışan Zəfər Nəsirov ölkəmizdə fermerlərə əlverişli şərait yaradıldığını, dövlətin dəstəyini hər zaman hiss etdiklərini, ixracı həyata keçirən şirkətlər üçün də daha əlverişli imkanların yaradılmasının məhsulun satışı prosesinə əlavə kömək ola biləcəyini bildirdi.

İstixanada pomidor şitillərinin yeni üsulla əkininə – yerdən xeyli hündürlükdə yetişdirilməsinə hazırlıq gedirdi. Bu üsulun tətbiqi ilə həm istixanada nəmlik dərəcəsini tənzimləmək asan olacaq, həm də qulluq zamanı insan əməyi yüngülləşəcək.

Tərtərdə aqrar sahədəki yeniliklər, nümunəvi təsərrüfatların yaradılması, bağçılığın, bitkiçiliyin inkişafı rayonun iqtisadi göstəricilərinə müsbət təsir edir. Gördüklərimiz rayonda gələcəkdə daha böyük irəliləyişlərə nail olunacağına, yeni uğurlara imza atılacağına əminlik yaratdı.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 03:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see383

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see377

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see339

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see328

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see320

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see294

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see278

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see265

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see262

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see256

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see253

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see252

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see251

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see242

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see238

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see236

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see210

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see208

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see206

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri