Icma.az
close
up
RU
Azərbaycan mühacirət mətbuatı: qürbətdə istiqlal mübarizəsi

Azərbaycan mühacirət mətbuatı: qürbətdə istiqlal mübarizəsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində mühacir mətbuatının tanınmış tədqiqatçısı, professor Xeyrulla Məmmədovun təbirincə desək, “sahənin lokomotivi” olan filologiya elmləri doktoru Abid Tahirli ilə görüşümüz təsadüfi olmadı. O, mühacir mətbuatın əsrarəngiz dünyasını sistemli, fundamental şəkildə tədqiq edərək, bu sahədə jurnalist, alim, publisist kimi yarım əsrə yaxın fəaliyyəti ilə mühacir mətbuatşünaslığı və mühacirət ədəbiyyatşünaslığının zənginləşdirilməsinə böyük töhfə vermiş alimlərdəndir.

Müsahibimiz mühacirət probleminə həsr olunmuş 20-dən çox kitabın, o cümlədən 12 monoqrafiyanın, ölkəmizdə və xaricdə nəşr edilən nüfuzlu jurnallarda işıq üzü görmüş 200-dən çox məqalənin müəllifidir. “Azərbaycan mühacirəti”, “Azərbaycan mühacirət mətbuatı” (2 cilddə), “Azərbaycan mühacirət mətbuatında publisistika (1921–1991)”, “Azərbaycan mühacirət mətbuatı. Məlumat-soraq kitabı”, “Sözlə yarananlar, sözü yaşadanlar”, “Mətbuat: millətin gücü, güzgüsü və dili”, “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı”, “Məhəmməd Altunbayın həyat və yaradıcılığı”, “Abay Dağlının həyat və yaradıcılığı” və digər monoqrafiyaları sanballı əsərləri arasındadır.

Abid müəllimin araşdırma yönümünü və təcrübəsini nəzərə alaraq verəcəyimiz suallar da həm tarixi, həm analitik, həm də şəxsi yanaşmaları əhatə edir.

– O qədər də qısa olamayan təqdimatdan sonra, buyurun Abid müəllim, sizcə, Abid Tahirli kimdir, jurnalist, publisist, mühacirət irsinin tədqiqatçısı, yoxsa...

– Əslində, adını çəkdiyiniz peşələr və sahələr arasında Çin səddi yoxdur, əksinə biri digərinin inkişafına, formalaşmasına yardım edir. BDU-nun Jurnalistika fakültəsini (1975–1980) bitirmişəm. Əmək faliyyətimə də müxbirlikdən başlamışam. Dövrünün nüfuzlu ictimai təşkilatı olan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin həmvətənlər üçün buraxdığı “Vətənin səsi” qəzetində müxbir (1980-1987), sonra “Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyətinin “Vətən” Cəmiyyətinnin “Odlar yurdu” qəzetində müxbir, məsul katib və redaktor müavini (1988-1992), həmin cəmiyyətdə şöbə müdiri (1992-1993), Azərbaycan Respublikası Nazirlər Kabinetində baş məsləhətçi və dövlət qulluğunun baş müşaviri (1993-2020) kimi fəaliyyət göstərmişəm.

Hansı vəzifədə işləməyimdən asılı olmayaraq, elmə marağım heç vaxt azalmayıb. Azərbaycan mətbuat tarixində, ölkəmizin ictimai-siyasi, ədəbi-mədəni həyatında, istiqlal uğrunda mücadilədə silinməz iz buraxmış Ceyhun Hacıbəylinin həyatı və yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını, daha sonra isə “Azərbaycan mühacirət mətbuatında publisistika (1921–1991)” üzrə doktorluq işimi uğurla müdafiə etdim. Filologiya elmləri doktoruyam.

– Sizi mühacir mətbuatını araşdırmağa nə vadar etdi? Bu maraq necə yarandı?

– Yuxarıda qeyd etdiyim kimi əmək fəaliyyətinə başladığım “Vətənin səsi” qəzeti xaricdə məskunlaşmağa məhkum olan soydaşlarımızın həyatına marağımı artırdı. “Vətən” Cəmiyyəti və onun orqanı olan “Odlar yurdu” qəzeti isə yaradıcılığımda və taleyimdə dönüş nöqtəsi oldu. Elmə gəlməyimin maraqlı tarixçəsi var. 1984-cü ildə atalar sözü toplayan Əbülqasım Hüseynzadə haqqında “Deyilən söz yadigardır” adlı bir kitab yazdım. Əsərlə tanış olan görkəmli alim dostum, tələbə yoldaşım, professor Məhərrəm Qasımlı mənə dedi ki, ayə, bu hazır elmi əsərdir. İş yerindən Akademiyanın Ədəbiyyat İnstituna bir məktub gətir, səni dissertant götürək. Qısa zamanda müdafiə edəcəksən. Məktub gətirmək cəhdim baş tutmadı.

Ölkəmizdə milli azadlıq hərəkatı başlayan vaxtlar idi. Onda “Vətən” cəmiyyətində işləyirdim. Ceyhun Hacıbəylinin Parisdə yaşayan oğlu Timurçin Hacıbəylidən bir məktub aldım. O yazırdı ki, atam Ceyhun Hacıbəyli XX əsrin əvvəllərində mətbuat sahəsində böyük xidmətlər göstərmiş, bir neçə qəzetin, o cümlədən AXC-nin rəsmi qəzeti “Azərbaycan”ın redaktoru olmuşdu. O vaxta kimi, siz də daxil jurnalistika fakültəsinin bitirsək də, Ceyhun Hacıbəylinin adını belə eşitməmişdik. Ceyhun Hacıbəylinin izinə düşdüm, yolumu arxiv və kitabxanalara saldım, o zaman Parisdə YUNESKO-da çalışan görkəmli diplomat Ramiz Abutalıbovla yazışmağa başladım. Demək olar ki, hər gün heyrətamiz və maraqlı faktlarla rastlaşırdım.

Məlum oldu ki, Ceyhun bəy XX əsrin əvvəllərində buraxılan “İrşad”, “Proqres”, “Tərəqqi”, “Kaspi”, “Baku” kimi qəzetlərlərlə sıx əməkdaşlıq etmiş, həmin mətbu orqanlara müxtəlif mövzularda məqalə, felyeton və hekayələr yazmış, “İttihad”, “Kaspi”nin əlavəsi “İzvestiya”, “Azərbaycan” qəzetinin redaktoru olub. Araşdırma zamanı üzə çıxardıq ki, C.Hacıbəyli müxtəlif imzalarla təkcə “Kaspi” qəzetində 250-dək məqalə dərc etdirmişdir.

Elmi-tədqiqat işi məni sanki ovsunlamış, həyatımın ayrılmaz hissəsinə çevrilmişdi. Tiflisdə, Ankarada, İstanbulda kitabxana, arxiv və muzeylərdə, Belçika, Hollandiya, İsveç, İran, Almaniya və digər ölkələrdə mühacir mətbuatı və ədəbiyyatı nümunələri, onların yaradıcılarının bədii, publisistik irsi, həyat və idealları ilə tanış olduqca araşdırmaların əhatəsini genişləndirir, qarşıma qoyduğum məqsədə çatmaq üçün daha ciddi, daha məsulliyyətlə, daha həvəslə çalışırdım.

– Mühacir mətbuatı dedikdə konkret olaraq hansı nəşrlər və dövrlər nəzərdə tutulur?

– Mühacir mətbuatı dedikdə, Azərbaycan siyasi mühacirətinin xaricdə nəşr etdiyi qəzet, jurnal, bülleten və digər yazılı informasiya vasitələri nəzərdə tutulur. Bu mətbuat orqanları əsasən Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) süqutundan sonra sovet işğalını qəbul etməyərək xaricə köç edən görkəmli dövlət xadimləri, açıq fikirli, azadlıqsevər ziyalılar və jurnalistlər tərəfindən yaradılmışdır. Mühacirlər əsasən Türkiyə, Almaniya, Fransa, Polşa, ABŞ və digər Avropa ölkələrində məskunlaşmış və orada sovet rejiminə, kommunist ideologiyasına qarşı Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə aparmışlar.

Mühacir mətbuatı bir ideya, məram, bir proqram – “Azərbaycan davası” birləşdirsə də, mövzu, dil, üslub, sənətkarlıq, nəşr yeri baxımından 20-30-cu illər, Böyük Vətən müharibəsi, 50-60-cı illər və 1980-1991-ci illər dövrü bir-birindən fərqlənir. 20-30-cu illərdə Türkiyədə “Yeni Qafqasiya”, “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Odlu yurd”. “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, Avropada “Azərbaycan”, “İstiqlal”, “Qurtuluş”, eləcə də hərəsi bir-iki nömrə olmaqla nəşr edilən “Milli Azərbaycan Müsavat Xalq Firqəsi” bülleteni , “Açıq söz”, “Kutlu od”, “Aydın yol”, “Doğru söz” , “Vətən diləyi” , “Milli atəş” , “Millət andı” “İlham qaynağı”, “Müqəddəs Odlar ölkəsi” , “Haqqın səsi”, “Dilək,“Haqq”, “Həmlə”, Böyük Vətən müharivəsi dövründə – 1942-ci ildə işıq üzü görən “Türk amacı”, legionerlərin “Azərbaусаn”, “Нücum”, “Milli Birlik”, 5–-60-cı illərdə Türkiyədə “Azərbaycan”, “Türk izi”, “Türk yolu”, “Mücahid”, Avropada buraxılan “Azərbaycan”, həmçinin 1980-ci illərin ikinci yarısından sonra “Ana dili” (Bonn), “Odlar ölkəsi” (Edinburq), “Dədə Qorqud” (İspaniya), “Qürbət” (Brüssel), “Aydınlıq” (London), “Azərbaycan türkləri”, “Xəzər” (İstanbul), “Azərbaycan” (Stokholm), “Azərbaycan” (Vaşinqton), “Araz” (Lund, İsveç), “Azər” (Berlin), “Savalan” (Berlin), “Ərk” (Almaniya) və s. kimi dövrü nəşrləri- mühacir mətbu orqanlarını cəsarətlə istiqlal uğrunda mücadilənin, işğala qarışı mübarizənin salnaməsi adlandırmaq olar.

Yuxarıda sadaladığımız qəzet və jurnallardan əlavə soydaşlarımızın digər Sovet mühacirləri ilə ortaq nəşrləri - 1930-1950-ci illərdə Parisdə buraxılan “Prometey”, “Kafkaz”, Münhendə nəşr olunan “Kafkasya”, “Birləşik Kafkasya”, “Dərgi” və s. jurnallar da Stalin rejiminə və kommunist ideologiyasına qarşı amansız mücadilə aparmışlar.

– Bir tədqiqatçı kimi mühacir mətbuatının Azərbaycan mətbuat tarixindəki rolu və əhəmiyyəti haqqında nə deyərdiniz?

– Mühacir mətbuatı Azərbaycan mətbuat tarixində xüsusi və əvəzsiz bir mərhələdir. Onun rolu və əhəmiyyəti bir neçə əsas istiqamətdə özünü göstərir. Mühacir mətbuat vasitəsilə Azərbaycanın müstəqillik idealını qorudular və gələcək nəsillərə ötürdülər. Bu mətbuat senzurasının olmadığı yeganə platforma idi ki, orada milli ideologiya sərbəst şəkildə ifadə olunur, Sovet imperiyasına qarı sərt mübarizə aparır, onun antibəşəri mahiyyətini açır, ifşa edir, perspektivsizliyini göstərir, Mirzə Bala Məhəmmədzadənin sözləri ilə desək, “imperiyanı silkələyirdi”.

Milli şüurun və kimliyin qorunmasında bu nəşrlərin yeri çox böyükdür. Mühacir nəşrləri milli tarixə, mədəniyyətə, ədəbiyyata və dilə böyük önəm verirdi. Onlar Azərbaycan xalqının keçmişini, mənəvi dəyərlərini və milli kimliyini yad mühitdə belə yaşatmağı bacardılar. Bu fəaliyyət milli yaddaşın itməsinin qarşısını aldı.

Mühacir jurnalistlər və yazarlar yalnız siyasi yox, həm də elmi, ədəbi və fəlsəfi mövzularda yazılar dərc edirdilər. Onların məqsədi cəmiyyətin düşüncə səviyyəsini yüksəltmək, oxucunu maarifləndirmək və müstəqil düşüncəyə təşviq etmək idi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu mətbuatın önəmli işi oldu, Azərbaycanla bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaqda da mühüm rol oynadı. Onlar sovet təbliğatının qarşısında alternativ bir informasiya mənbəyi yaratmağa çalışırdılar. Bu, Azərbaycanın işğal olunmuş bir ölkə kimi tanınmasında mühüm əhəmiyyət daşıyırdı.

Daha mühüm bir vəzifə Azərbaycan mətbuat ənənələrinin davam etdirilməsi ilə bağlıdır. Mühacir jurnalistlər rişəsini Həsən bəyin “Əkinçi”sindən alan, Cümhuriyyət dövründə (1918–1920) formalaşan demokratik mətbuat ənənələrini qürbətdə də davam etdirdilər. Bu, azərbaycanlı jurnalistlərin müstəqil düşüncə, söz azadlığı və peşəkar yanaşma kimi dəyərləri yaşatdıqları bir məktəb oldu.

– Cümhuriyyətin süqutundan sonra xaricdə intişar edən mühacir mətbuatının əsas məqsədi nə idi – informasiya yaymaq, ideoloji mübarizə aparmaq, yoxsa mühacirləri birləşdirmək?

– Bildiyiniz kimi, hər bir mətbu orqan birinci nömrəsində özünün proqramını dərc, bəyan etməklə fəaliyyətə başlayır. Bu dövrdə mühacir mətbuatının əsas məqsədi təkcə informasiya yaymaq deyil, daha geniş və strateji bir missiyanı — ideoloji mübarizə aparmaq və milli birliyi qorumaq idi. Onların fəaliyyəti bir neçə məqsəd ətrafında cəmləşirdi və bu məqsədlər bir-biri ilə çox sıx bağlı idi. Əsas və prioritet məqsəd Sovet Rusiyasının işğalını qəbul etməmək və Azərbaycanın müstəqilliyini beynəlxalq aləmdə müdafiə etmək idi. Mühacir mühərrirlər mətbuat vasitəsilə anti-sovet ideyaları yayır, totalitar rejimi ifşa edir və Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yaymağa, yaşatmağa çalışırdılar.

Xaricdə məskunlaşan azərbaycanlıları milli məqsədlər ətrafında birləşdirmək, onların kimlik şüurunu itirməməsinə kömək etmək mətbuatın əsas vəzifələri sırasındadır. Mühacir publisistlər həm də maarifçilik missiyası daşıyırdılar. Onlar tarix, ədəbiyyat, siyasət və mədəniyyət mövzularında yazılar dərc edərək həm cəmiyyəti məlumatlandırır, həm də ictimai fikri formalaşdırırdılar.

– Tədqiqatlarınız zamanı sizi təsirləndirən faktlar, məqamlar olubmu?

– Mühacirət irsi mühacir həyatının güzgüsüdür. O güzgüyə haradan baxsan, sizi riqqətə gətirən, təsirləndirən məqamlarla üz-üzə qalacaqsınız: gah sevinəcək, gah kədərlənəcək, gah da dərin düçüncələrə dalacaqsınız. Məhəmməd Əmin Rəsulzadənin “Qəzetəçi Seyyid”, Mirzə Balanın “Vətən qaldı”, Məhəmməd Sadıq Aranın “İstiqlal mücadiləsindən bir vaqiə”, Fuad Əmircanın “İntiqam alan kölgə”, Ceyhun Hacıbəylinin “Bir millətin namusu” kimi istiqlal qəhrəmanlarını vəsf edən, sarsılmaz mücahid obrazlarının əks olunduğu xatirə və hekayələrini iftixar, qürur hissi keçirməmək, eyni zamanda, öldürülən, sürülən, edam edilən, təhdid və təqibə məruz qalan vətən övladlarının, soydaşlarımızın acı, ağır taleyini göz önünə gətirdikcə kədərlənməmək olarmı?

Almas İldırımın “Qara dastan”, “Əsir Azərbaycanım”, "Krımda axşamlar", “Bir gün gələcək"; Gültəkinin “Azərbaycan istiqlalı”, “Bolşevik”; Kərim Yaycılının "Hürriyyət yolçuları", "Gəl, sevgilim, qaçalım", "Şəhid teğmən", "İstiqlal uğrunda”, "Araza"; Alazan Baycanın “Dilin qurusun”, “Ana dili”; Teymur Atəşlinin "Biz yenə gələcəyik", "Bir gün gələcək", "Ağlama" və s. kimi Azərbaycan sevdalı, vətən həsrətli, qürbətin ağrı-acısından şikayətlənən, istiqlal və hürriyyəti tərənnüm edən, tarixi şəxsiyyətlərə ithaf etdikləri şeirləri həyəcansız, göz yaşısız oxumaq olarmı?!

Əhməd bəy Ağaoğlunun “67 il” sonra memuarından”, yaxud onun Malta məktublarından təsirlənməmək mümkündürmü? Baninin həyatı və avtobioqrafik əsərləri ilə tanış olan hər kəs ömrü boyu onları unudarmı?! Bayıl həbsxanasında dünyaya göz açan Teymur Atəşli, İran zindanlarında min bir işgəncəyə məruz qalan Almas İldırım, Məhəmməd Altunbay... haqqında sənədlərlə üz-üzə qalanda necə həyəcanlanmayasan, necə dəhşətə gəlməyəsən? Ceyhun Hacıbəylinin vəfatından üç gün əvvəl – 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktubla tanışlıq həm düşündürür, həm də mütəəssir edir. Ölümün bir addımlığında olan Ceyhun bəy əski silahdaşına mücadiləni davam etdirmək üçün mühacirləri birləşdirməyi vəsiyyət edir! Legionerlərin lideri Əbdürrəhman Fətəlibəyli Düdənginskinin sovet xəfiyyəsi tərəfindən Münhendə öz mənzilində qətlə yetirilməsi faktı ilə rastlaşanda gözlərin necə hədəqəsindən çıxmasın!

Mühacirlərin istiqlala inamı, işıqlı istiqbala ümidi heyrətamizdir. Sovet işğalının ilk günündən mühacirlər ən dözülməz, ağır vəziyyətlərində belə “bu rejim çökəcək, bolşevizm məhvə məhkumdur, Azərbaycan gec-tez istiqlalına qovuşacadır” – demişlər, yazmışlar. 1975-ci ildə – Sovet imperiyasının dünyaya meydan oxuduğu vaxt Hüseyn Baykara qələmə aldığı “Azərbaycan istiqlal mücadiləsi tarixi” kitabına yazdığı “Ön söz”də deyirdi ki, “Çevrədə bulunan yaxın və uzaq dostlardan, bu kitabı yazdığıma görə məni qınayanlar vardı: Yəni, sən kiminlə zarafat edirsən. Bax, ABŞ başkanı Ford Vladivosloka Brejnevi ziyarətə gedir”. Mən isə onlara belə cavab verirdim: “Tarixin qəribə cilvələri və sürprizləri var. Sabahın tarixi də çox sürprizli olacaq. Bu kitab Azərbaycanın istiqlal davasının bir əlifbasıdır”.

Yaxud Nağı Şeyxzamanlı 1964-cü ildə qələmə aldığı “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabında yazırdı ki, bütün müqəddəratıma inandığım kimi, ona da inanıram ki, nə rus, nə də qurulacaq bu və ya digər rejim Azərbaycanda əsaslı uyğunlaşmayacaq və yaşamayacaqdır. Demək istədiyimiz odur ki, Sovet imperiyasının çökəcəyi, yerində müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının qurulacağı barədə istiqlal aşiqlərinin böyük inamla söylədiyi fikirlərin tarixi ötən əsrin 20-ci illərindən başlanır.

M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, C.Hacıbəyli, Fuad Daryal, Mir Yaqub Mehdiyev və digər mücahidlərin məqalələrində Azərbaycanın istiqlalına inam əsas xətt kimi keçir və bununla bağlı mənbələrə rast gəldikdə heyranlığını gizələyə bilmirsən. Əlbəttə, bu cür misalların sayını artırmaq olar. Sualınızı bir cümlə ilə isə belə cavablandırmaq olar: mühacirət mətbuatı başdan-başa qürurlandıran, düşündürən, səfərbər edən, təəccübləndirən, kədərləndirən, təssüfləndirən zəngin, dəyərli mədəni, ədəbi, publisistik mənbədir.

– Tədqiqatınız zamanı hansı arxiv və ya mənbələr sizin üçün əsas istinad nöqtələri olub? Onlara çıxış imkanları necə idi?

– Bu sual dərdimizi tərpətdi. Nə qədər ağır olsa da deməliyik ki, əski mühacirlər dünyasını dəyişmişlər, “Azərbaycan davasını” yürüdənlərin ardıcılları və övladları soydaşlarımıza məxsus sənədləri müxtəlif səbəblər ucbatından ya şəxsi arxivlərində müəyyən müddət saxlamış, ya kimlərəsə bağışlamış, yaxud satmışlar. Azərbaycanın YUNESKO-dakı nümayəndəsi fədakar və peşəkar diplomat Ramiz Abutalıbov hələ Sovet hakimiyyətinin süqutu ərəfəsində Parisdəki həmvətənlərimizə aid çoxsaylı arxiv sənədlərini min bir əziyyətlə də olsa ölkəmizə gətirə bilmiş, Milli Arxiv İdarəsinə təmənnasız təqdim etmişdir.

Professor Nəsiman Yaqublu da Polşadan, Türkiyədən mühacirət irsi ilə əlaqəli xeyli sənədi Milli Arxiv İdarəsinə vermişdir. Ruhları şad olsun. 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət şöbəsi yaradıldıqdan sonra mühacirət irsi ardıcıl və sistemli, yüksək peşəkarlıqla araşdırılmağa başlanılmışdır. Nikpur Cabbarlı, Aysel Əfəndiyeva, Hülya Cəbiyeva Türkiyədən çox qiymətli mühacir bəlgələri gətirmişlər. Təvazökarlıqdan uzaq olmasın, mən Əhməd bəy Ağaoğlunun arxivini, çox sayda mühacir mətbuatı və ədəbiyyatı nümunələrini gətirməyə müvəffəq olmuşam.

Dəyərli tədqiqatçı Əli Şamil soydaşlarımıza məxsus bir sıra sənədləri ölkəmizə gətirmişdir. Hazırda bu istiqamətdə – mühacirlərə aid sənədlərin toplanılmasında, təqdiqində Dilqəm Əhməd çox fəaldır. Əlbəttə, Vaqif Sultanlı, Bədirxan Əhmədov, Asif Rüstəmli kimi tədqiqatçıların əməyini də yüksək dəyərləndirmək lazımdır. Bütün bunlarla yanaşı xaricdə itib-batmaqda olan külli miqdarda mühacir irsi nümunələrinin olduğu da şübhə doğurmur.

Heç uzağa getməyək. Ötən əsrin 80-90-cı illərində mühacirətdə buraxılan “Ana dili” (Bonn), “Odlar ölkəsi” (Edin-burq), “Dədə Qorqud” (İspaniya), “Qürbət” (Brüssel), “Aydınlıq” (London), “Azərbaycan türkləri”, “Xəzər” (İstanbul), “Azərbaycan” (Stokholm), “Azərbaycan” (Vaşinqton), “Araz” (Lund, İsveç), “Azər” (Berlin), “Savalan” (Berlin), “Ərk” (Almaniya) və s. bu kimi dövrü nəşrlərin dəstləri kimdə, yaxud hansı arxivdə, kitabxanada var? Onları çıraqla axtarırıq. 50-60 ildən sonra gec olacaq, onların izi-tozu da qalmayacaq.

O ki, qaldı mənim işlədiyim arxiv, kitabxana, muzeylərə, ölkəmizdə və xaricdə onların sayı çoxdur, Gürcüstan, Rusiya, Türkiyə, müxtəlif Avropa ölkələrində ezamiyyətdə, yaxud şəxsi səfərlərim zamanı mühacirət mətbuatı və ədəbiyyatı nümunələrini toplamaq əsas işim olmuşdur. Bu mənbələrə çıxış bəzən asan, bəzən isə çətin olmuşdur. Mənbələri əldə etmək imkanları müxtəlif səviyyədə olsa da, səbr və sistemli yanaşma ilə bu sahədə yetərli və etibarlı informasiya toplamaq mümkündür.

– Azərbaycan mətbuatının 150 illiyi fonunda mühacir mətbuatının hansı aspektlərinə daha çox diqqət yetirilməlidir?

– Azərbaycan mətbuatının 150 illiyi kontekstində mühacir mətbuatının bir çox mühüm aspektlərinə diqqət yetirilməsi vacibdir. Bu yolla mühacirət mətbuatının proqram və missiyası, ideya-istiqaməti, toxunduğu mövzular, əsərlərin janrı, dili, üslubu, sənətkarlıq məsələləri, naşir və redaktorları, əməkdaşları haqqında, mötəbər məlumatlar əldə etmək, müvafiq elmi-nəzəri qənaətlərə gəlmək mümkündür. Mühacir mətbuatı Azərbaycan Xalq Cümhuriyyətinin, istiqlal uğrunda mücadilə tarixinin, mühacirlərin həyat və yaradıcılığını yaşadan etibarlı ensiklopediyadır.

– Sizcə, müasir jurnalistlər mühacir sələflərindən nələri öyrənə bilər?

– İlk növbədə, Vətənə sədaqətlə, tükənməyən məhəbbət və təmannasız xidmət etməyi, milli istiqlala dəyər verməyi, ədalətin, həqiqətin keşiyində ayıq-sayıq durmağı, hadisələri qərəzsiz, real və obyektiv işıqlandırmağı. Hər cür saxtakarlıqdan, yaltaqlıqdan, yalandan, əyrilikdən uzaq olmaq. Bu peşə dözüm, iradə, cəsarət, düzgünlük, geniş bilik, ağır, gecəli-gündüzlü zəhmət tələb edir.

Mühacir mətbuatı yalnız informasiya vasitəsi olmamışdır, publisitlər bu tribunada istiqlal ideallarını, xalqımızın tarixini, ədəbi, mədəni dəyərlərini təbliğ etmək üçün ustalıqla istifadə etmişlər.

Mühacir jurnalistlər azad dünyada yaşasalar da, daim Sovet kəşfiyyatının təzyiqi, təqibi altında olmuşlar. Təsadüfü deyil ki, onlar izi itirmək üçün gizli imzalar altında fəaliyyət göstəriblər. Bununla belə, onlar öz fikirlərini ifadə etməkdən bəzisi nəinki gizli imza ilə yazmış, hətta adını, soyadını dəyişmişlər. Bugünkü qələm sahibləri dərindən dərk etməlidirlər ki, jurnalistikanın əsas məqsədlərindən biri cəmiyyəti təkcə məlumatlandırmaq deyil, həm də düşündürmək, səfərbər etmək, problem ətrafında ictimai rəyi formalaşdırmaqdır.

Ümumiyyətlə, mühacir jurnalistlərin fəaliyyəti müasir jurnalistlər üçün yalnız tarixi maraq deyil, həm də dəyərlərin, prinsiplərin və peşə borcunun örnəyidir. Onların yolunu araşdırmaq və öyrənmək, jurnalistikanın mahiyyətinə daha dərindən nüfuz etməyə kömək edir.

– Dediklərinizdən belə bir qənaətə gəldim ki, bundan sonra da mühacir mətbuatı ilə bağlı görüləsi işlər kifayət qədər çoxdur...

– Əlbəttə. Hələ arxivlərdə, muzeylərdə şəxsi kitabxanalarda “yol gözləyən” çox sayda maraqlı mühacir irsi nümunələri var. Məni təqdimatınızda səxavətlə “çox böyük işlər görmüş bir tədqiqatçı” kimi dəyərləndirdiyiniz üçün təşəkkür edirəm, təvazökarlıqdan uzaq olsa da, Xalq yazıçıları Elçin, Anar, akademiklər Yaşar Qarayev, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Nizami Cəfərov, Tehran Əlişanoğlu, professorlardan Xeyrulla Məmmədov, Nizaməddin Şəmsizadə, Şamil Vəliyev, Cahangir Məmmədli, Nizami Tağısoy, Rüstəm Kamal, Yədulla Ağazadə, Məhərrəm Qasımlı, Asif Rüstəmli, Qərənfil Quliyeva, Hüseyn Əhmədov, Alxan Bayramov, Vaqif Arzumanlı, Həsən Quliyev, Xaləddin İbrahimli, Nazif Qəhrəmanlı, Qulu Məhərrəmli, dosentlərdən Bayram Ağayev, Mənzər İbrahimova, Ramin Əhmədov, Türkiyədən Əli Yavuz Akpınar, Alattin Karaca, Səbahəddin Şimşir, İrfan Murat Yıldırım, Ömər Özcan, Almaniyadan Umud Mehmandarlı və başqalarının araşdırmalarımla bağlı yüksək fikir və rəylərini, məqalələrini minnətdarlıqla qeyd edirəm. Bununla belə etiraf etməliyəm ki, bu sahədə görüləsi işlər düşündüyümüzdən də çoxdur. Azərbaycan mühacir mətbuatının tədqiqi ötən əsrin sonlarından etibarən diqqət mərkəzinə çəkilsə də, bu istiqamətdə hələ də tam şəkildə araşdırılmamış sahələr qalmaqdadır.

– Növbəti planlarınız barədə nə deyə bilərsiniz?

– Mühacirət irsində tanınmış imzalardan, istiqlal mücahidi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, indiki Dövlət Təhlükəsizliyi Xidmətinin sələfi Əksinqilab ilə Mübarizə Təşkilatının (ƏMT) rəhbəri Nağı Saleh oğlu Şeyxzamanlının (1883, Gəncə − 1967, İstanbul) həyat və yaradıcılığı haqqında monoqrafiyam çap ərəfəsindədir. Mühacir ədəbiyyatında imzalar mövzusunda araşdırma üzərində işləyir, mühacirət mətbuatı istiqamətində təqdiqatlarımı davam etdirirəm.

– Maraqlı mühasibəyə görə sağ olun.

Söhbəti apardı:
Namiq QƏDİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see131

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri