Azərbaycan Respublikasının Konstitusiyası və Suverenliyi
Fərhad ABDULLAYEV,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Qədəm qoyduğumuz 2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür.
Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər.
“Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır.
İstənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir. Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir.
Dövlətin suverenliyi üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi fundament formalaşdırılmalıdır. Azərbaycana münasibətdə qeyd edilməlidir ki, 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması belə fundament rolunu oynadı. Belə ki, tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə müstəqil dövlətimizi qurmağa başlamışdı. Ötən əsrin 60-cı illərinin sonunda Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırmağa başladı. Məhz həmin dövrdə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox mühüm rol oynadı. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, vətənpərvərliyin gücləndirilməsi istiqamətində də vacib addımlar atıldı. O dövrdə müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, həmçinin milli şüurun inkişaf etdirilməsi, milli ruhun yüksəldilməsi sahəsində bir çox mühüm işlər həyata keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamında bununla bağlı qeyd edilmişdir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.
Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən hərbi təcavüz ilə üzləşən ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. Ermənistanda və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, təbii resurslar talan edilmiş, şəhər və kəndlərimiz viran edilmişdir. Lakin bu ərazilər otuz ilə yaxın müddət ərzində işğal altında qalsa da, hər zaman suveren Azərbaycan əraziləri olaraq tanınırdı.
Bu dövrdə Azərbaycanın daxilində cərəyan edən mürəkkəb proseslər, vətəndaş qarşıdurmasının güclənməsi, anarxiya mühitinin dərinləşməsi, ən əsası isə ölkənin müstəqilliyi üçün təhdidlərin meydana çıxması onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu öndər Heydər Əliyev kimi güclü, prinsipial və iradəli lider xilas edə bilər. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu.
Xalqımız və dövlətimiz üçün belə bir ağır zamanda Ulu öndər Heydər Əliyev doğma Azərbaycanı xilas etmək naminə misilsiz fədakarlıq göstərmiş, ölkəmizi ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilas etmişdir. Bununla da, ictimai və siyasi həyatın bir çox sahələrində müşahidə olunan dərin tənəzzülün qarşısı alınmış, dövlətin dayanıqlı və davamlı inkişaf yolu müəyyən edilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində milli dövlətçilik ideyası realizə olundu, müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən irimiqyaslı islahatların həyata keçirilməsinə başlandı. Ümummilli lider Heydər Əliyev ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi quruculuq sahəsində prioritetlərin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının yenidən hazırlanması və digər bir sıra mühüm vəzifələrin öhdəsindən məharətlə gəldi.
Qeyd edilməlidir ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir.
1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazımi təminat vermirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi artıq mütləq idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda vahid siyasi iradənin olmaması, dövlət müstəqilliyi üçün təhdidlərin mövcud olması bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu.
Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı və Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Bu Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli lider Heydər Əliyev Konstitusiya Komissiyasının fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın müddəalarını şəxsən nəzərdən keçirmiş, bu ali sənədin layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbul edilməsini təmin etmək üçün gərgin əmək sərf etmişdir.
1995-ci il iyunun 5-də yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası keçirilmişdir. Həmin iclasda geniş nitq ilə çıxış edən Ulu öndər Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə geniş şəkildə toxunmuş və qeyd etmişdir ki, müstəqil dövlətimizin ilk Konstitusiya layihəsinin hazırlanması tarixi nöqteyi-nəzərdən olduqca böyük və mühüm bir hadisədir. Həmin çıxışında Ümummilli lider qeyd etmişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Ona görə də mən dedim ki, üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox məsuliyyətlidir”.
Eyni zamanda, həmin çıxışında Ulu Öndər Heydər Əliyev qəbul ediləcək yeni Konstitusiyanın məqsədləri, qaynaqları və mahiyyətinə aydınlıq gətirərək ölkə Konstitusiyası barədə belə söyləmişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Ulu öndər Heydər Əliyevin çıxışlarında qeyd edilən bu vacib konseptual məqamlar mahiyyət etibarilə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynadı.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir.
Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
1995-ci ildə ölkənin Əsas Qanununun qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olaraq, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə idi. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi əsası qismində çıxış edir.
12 noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli lider Heydər Əliyev qeyd etmişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya qanunvericilik sisteminin əsasında durur, eyni zamanda ölkədə hüquqi və siyasi sabitliyin təminatı qismində çıxış edir. Həmçinin dövlət suverenliyinin əsas təminatçısı olmaqla, Konstitusiya normaları ictimai münasibətlərin inkişafında müəyyənlik amili qismində çıxış edir. Ölkə Konstitusiyası dövlət quruluşunun əsaslarını, hakimiyyətlərin bölünməsi prinsipini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini müəyyən edir, insan hüquqları və azadlıqlarının müdafiəsi və təminatı ilə bağlı mexanizmləri tənzim edir.
Əsas Qanunun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir. Bu ülvi niyyətlər ümumilikdə Konstitusiyanın mütərəqqi dəyərlərini əks etdirir.
1995-ci il Konstitusiyası bir sıra təməl başlanğıcları özündə ehtiva edir: dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; sosial ədalətə nail olmaq; ümumbəşəri dəyərlərə sadiqlik və digərləri.
Əsas Qanun Konstitusiya quruluşunun ən mühüm başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir.
Əsas Qanun sosial-iqtisadi, ictimai-siyasi sistemlərin əsasını təşkil edir, insan və vətəndaş hüquq və azadlıqlarına əsaslı təminat yaradır. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyən edilməsi, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olmasının nəzərdə tutulması vacib əhəmiyyət kəsb edir. Bu, insana, onun hüquqları və azadlıqlarına dövlət tərəfindən verilən dəyərin bariz göstəricisidir.
Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqları, onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə öz əksini tapıb. Konstitusiyada bu hüquq və azadlıqlar xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir.
İnsan hüquqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.
Məlum olduğu kimi, konstitusiyaların hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluğun, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan normativ hüquqi aktdır. Bununla belə, konstitusiyaların qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur.
Bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində ölkə Konstitusiyasına bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir. Dövrün çağırışlarını özündə ehtiva edən bu islahatlar hüquqi dövlət dəyərlərinin daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı və səmərəli müdafiəsi məqsədlərinə xidmət edib.
İlk dəfə 2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referendumun nəticəsi kimi Konstitusiyaya dövrün obyektiv reallıqlarından irəli gələn bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilib. Əsas Qanunun mətninə 2002-ci il 24 avqust tarixli referendumla edilmiş əlavə və dəyişikliklər ölkənin hüquq sisteminin təkmilləşdirilməsinə xidmət etmiş, eyni zamanda bu ali sənədin mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.
2002-ci ildən keçən yeddi il ərzində cəmiyyət həyatının bir çox sahələrində əldə edilən yeni nailiyyətlər, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, beynəlxalq inteqrasiyanın genişlənməsi və digər bir sıra mühüm yeniliklər Konstitusiyada da bir sıra əlavə və dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirdi. 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi nəticəsində edilən əlavə və dəyişikliklər mahiyyətcə Əsas Qanunun daha da təkmilləşməsinə, xüsusilə insan hüquq və azadlıqları ilə bağlı əhəmiyyətli müddəaların Əsas Qanunda daha dolğun şəkildə ehtiva edilməsinə xidmət edib.
2009-cu il 18 mart referendumundan ötən illər ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı və digər bir sıra vacib amillər ölkənin siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, həmçinin vətəndaşların hüquqlarının və azadlıqlarının daha səmərəli şəkildə müdafiə olunmasını, bunlar isə öz növbəsində konstitusiya islahatlarının həyata keçirilməsini şərtləndirmişdir. Bununla da, 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə Əsas Qanuna mühüm əlavələr və dəyişikliklər edilmişdir.
Əminliklə bildirmək olar ki, ölkə Konstitusiyasına edilmiş bu əlavə və dəyişikliklər hüquqi dövlət prinsip və dəyərlərinin bərqərar olmasının, insan hüquq və azadlıqlarının müdafiəsi və təminatına ən yüksək səviyyədə göstərilən diqqətin bariz təzahürüdür.
Məlum olduğu kimi, 1995-ci ildə qəbul olunan Konstitusiyanın “Keçid müddəaları”nın 11-ci bəndində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılmalı olması nəzərdə tutulmuşdur. Bu müddəaya əsasən ilk dəfə 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasında konstitusiya nəzarətini həyata keçirən orqan kimi Konstitusiya Məhkəməsi rəsmi fəaliyyətə başlamışdır.
Ölkəmizdə Konstitusiya Məhkəməsi simasında ali konstitusiya ədalət mühakiməsi orqanının fəaliyyətə başlaması və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının mühüm və səmərəli mexanizmlərindən biri olmaqla, eyni zamanda hüquqi dövlətin ayrılmaz atributlarından biri olaraq qəbul edilir.
Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikasının Konstitusiyası və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün davamlı normativ fundament yaradaraq, konstitusiya ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsi üçün etibarlı təməl olmuşlar.
Dövlət başçısı cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşlarına müraciətində qeyd edilmişdir: “Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.
(ardı var)