Icma.az
close
up
RU
Azərbaycan Respublikasının xüsusi qorunan əraziləri

Azərbaycan Respublikasının xüsusi qorunan əraziləri

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikası “Ümumdünya Statistika Günü”nün qeyd olunmasına xüsusi önəm verərək BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnaməyə həm-müəllif kimi qoşulmuşdur. 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş BMT-nin Statistika Komissiyasının 56-cı sessiyasında Ümumdünya statistika günü ilə bağlı BMT Baş katibinin məruzəsi təqdim olunaraq bu əlamətdar günün beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilməsi qərara alınmışdır. Bu günün qeyd olunmasında əsas məqsəd məlumata olan tələbatın hər gün artdığı müasir dövrdə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçilərinə və xüsusilə vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir. Ölkəmizdə Ümumdünya Statistika Gününün qeyd olunması ilə bağlı həyata keçirilmiş bir sıra tədbirlər, o cümlədən cari ilin 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclasının keçirilməsi və Ölkə Prezidenti cənab İlham Əliyevin Statistika Forumunun iştirakçılarına müraciəti ölkəmizdə statistika sahəsinə ən yüksək səviyyədə dəstəyin bariz nümunəsidir.

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri ölkənin bioloji müxtəlifliyinin qorunması, ekosistemlərin tarazlığının saxlanılması və təbii sərvətlərin səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən, xüsusi mühafizə olunan təbiət əraziləri ətraf mühitin mühafizəsi sahəsində xüsusi ekoloji elmi, mədəni, estetik əhəmiyyətə malik olan təbiət kompleksləri və obyektləridir. Bu ərazilər nadir və nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin yayıldığı yerləri əhatə edir və təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılmış torpaq və su məkanlarını (akvatoriya), həmçinin onların üzərindəki atmosfer məkanını əhatə edir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, qorunması və idarə olunması “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasının ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, idarə olunması və mühafizəsi, eləcə də xüsusi mühafizə olunan təbiət obyektlərinin qorunması sahəsində hüquqi əsasları müəyyən edir.

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri məqsəd, mühafizə rejimi və istifadənin xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. Bunlara dövlət təbiət qoruqları (o cümlədən biosfer qoruqları), milli parklar, müxtəlif tipli parklar- təbiət, ekoloji və geoloji parklar, dövlət təbiət yasaqlıqları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar, həmçinin müalicə-sağlamlaşdırma yerləri və kurortlar daxildir.

Milli parklar ekoloji, tarixi və estetik əhəmiyyətə malik təbiət komplekslərinin əhatə edən, təbiətin qorunması, elmi tədqiqat və maarifçilik məqsədilə istifadə olunan, elmi müəssisə və ya təşkilat statusuna malik ərazilərdir.

Dövlət təbiət qoruqları səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq və təbiət proseslərini öyrənmək məqsədilə yaradılmış ərazilərdir.

Geoloji parklar xüsusi geoloji, coğrafi və tarixi əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi, ekoloji, elmi, turizm və maarifçilik məqsədləri üçün istifadə olunan, respublika əhəmiyyətli xüsusi mühafizə olunan ərazilərdir. Bu ərazilər torpaq, su, bitki və heyvan aləminin qorunmasını təmin edir.

Dövlət təbiət yasaqlıqları isə təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və bərpası üçün xüsusi əhəmiyyət daşıyan və burada təbiətə zərər vura biləcək fəaliyyətin qadağan olunduğu ərazilərdir.

Azərbaycanın florası Cənubi Qafqaz regionu üzrə ən zəngin ölkələrdən biridir və burada rast gəlinən bitki növləri regional floranın təxminən 66%-ni təşkil edir. Ölkədə 4500 ali bitki növü yayılmışdır ki, bunlardan da 240 növü yalnız Azərbaycana xas endemik növdür (ümumi floranın 6%-i), 920 növü isə Qafqaz üçün endemik sayılır. Endemik bitkilər məhdud areala malik olub, yalnız müəyyən ekoloji şəraitə uyğunlaşmış ərazilərdə yayılır və bir çoxu nəsli kəsilməkdə olan nadir növ kimi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir.

Xüsusi mühafizə olunan ərazilər üzrə rəsmi statistik məlumatların toplanması və təhlili “Milli parklar, dövlət təbiət qoruqları, geoloji parklar və yasaqlıqlar haqqında” 1-qoruq №-li illik rəsmi statistika hesabatı əsasında həyata keçirilir. Hesabat forması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 13 may tarixli 52/11 nömrəli qərarı ilə təsdiq edilmiş, 2019-cu il 18 iyul tarixli 26/12 nömrəli qərarla isə ona müvafiq dəyişikliklər edilmişdir. Adıçəkilən rəsmi statistika hesabatı hər il yanvar ayının 25-dək təqdim olunur və tabeliyindən asılı olmayaraq bütün milli parklar, dövlət təbiət qoruqları və geoloji parklar tərəfindən yerləşdikləri ərazinin statistika orqanına, yasaqlıqlar üzrə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilir.

Son statistik məlumatlar göstərir ki, Azərbaycan Respublikasında xüsusi mühafizə olunan ərazilərin sahəsi son 34 ildə əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan Respublikasında 1990-2024-cü illər ərzində xüsusi mühafizə olunan ərazilərin sahəsində əhəmiyyətli dəyişikliklər müşahidə olunmuşdur. Belə ki, milli parklar 2003-cü ildə 845,1 km² olmuş, 2024-cü ildə 4213,7 km²-ə çataraq təxminən 5,0 dəfə artmışdır. Dövlət təbiət qoruqları 1990-cı ildə 1867 km² olduğu halda, 2024-cü ildə 1207,2 km²-ə düşərək təxminən 35,3% azalmışdır. Dövlət təbiət yasaqlıqlarının sahəsi isə 1990-cı ildə 1957,8 km² olduğu halda, 2024-cü ilin sonuna qədər 79,2% artaraq 3507,7 km²-ə çatmışdır. Nəticədə, xüsusi mühafizə olunan ərazilərin ümumi sahəsi 1990-cı ildə 3824,8 km² təşkil etdiyi halda, 2024-cü ilin sonuna qədər təxminən 2,3 dəfə çoxalaraq 8928,6 km²-ə çatmışdır.

Azərbaycan Respublikasında milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə davam etdirilmiş və nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizdə daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılmışdır. Bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycanın yeni yaradılmış unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23901,99 hektar ərazini əhatə edir. İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13966,0 hektardır. Yeni yaranan milli parklar hesabına hazırda Azərbaycanda ümumi sahəsi 913342,2 hektara qədər olan xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir ki, bunlara 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı daxildir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,5%-ni, ayrı-ayrılıqda isə milli parklar 5,3%-ni, dövlət təbiət qoruqları 1,2%-ni, dövlət təbiət yasaqlıqları isə 4,1%-ni təşkil edir.

Azərbaycan Respublikasının milli parklarının siyahısı

Adı

Yerləşdiyi ərazi

Yarandığı il

Ümumi sahəsi, hektar

“Qırmızı Kitaba”
daxil olmuş növlər

Abşeron Milli Parkı

Bakı, Xəzər rayonu

2005

783

Xəzər suitisi, ceyran, sultan quşu, ağgöz dalğıc,, fısıldayan qu quşu, adi qızılqaz, kürən vağ, qıvrımlələk qutan və s.

Ağ göl Milli Parkı

Ağcabədi və Beyləqan rayonları

2003

17924

Qamışlıq pişiyi, ceyran, ağqaş qaz, adi göydimdik, mərməri ördək

Göygöl Milli Parkı

Daşkəsən, Goranboy və Göygöl rayonları

2008

12755

Qafqaz maralı.

Şahdağ Milli Parkı

İsmayıllı, Qəbələ, Quba, Qusar, Oğuz
və Şamaxı rayonları

2006

130508

Qonur ayı, nəcib maral, Avropa cüyürü,Qafqaz köpgəri, vaşaq, bərqud qartal, imperator qartalı, Qafqaz tetrası, Qafqaz uları və s.

Altıağac Milli Parkı

Xızı və Siyəzən rayonları

2004

11035

Qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, kəskiniyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən və s.

Hirkan Milli Parkı

Lənkəran və Astara rayonları

2004

40358

Hirkan şümşəsi, Hirkan qovağı, Lənkəran gülxətmisi, giləmeyvəli qaraçöhrə, Talış uzunbığı, qara leylək, cırtdan qartal, tirəndaz, Ön Asiya bəbiri, qonur ayı, vaşaq, zolaqlı kaftar və s.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı

Ordubad rayonu

2003

42797

Bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s.

Şirvan Milli Parkı

Qaradağ, Salyan və Neftçala rayonları

2003

54374

Ceyran, qamışlıq pişiyi, adi qızılqaz, bəzgək və s.

Samur-Yalama Milli Parkı

Xaçmaz rayonu

2012

11772

Qamışlıq pişiyi, vaşaq, Qafqaz maralı, Qafqaz köpkəri, Avropa cüyürü, böyük qırğı, imperator qartalı, çöl muymulu, fısıldayan qu quşu, dəniz sıfı, Eldar şamı və s.

Qızılağac Milli Parkı

Lənkəran, Masallı və Neftçala rayonları

2018

99060

Qamışlıq pişiyi, adi qızılqaz, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, çöl leyi və s.

İlisu Milli Parkı

Qax və Zaqatala rayonları

2025

13966

Giləmeyvəli qaraçöhrə, Satirvari steveniella, Avropa vaşaqı, Avropa cüyürü Qafqaz köpgəri, Qafqaz tetrası, Qafqaz uları, bərqud, Saqqallı kərkəs

Axar-Baxar Milli Parkı

Qax, Samux və Yevlax rayonları

2025

23902

Ağıriyli ardıc, saqqızağacı, Eldar armudu, Qafqaz xarıbülbülü, Nöqtəli səhləb, Şoranyer qarğasoğanı, Gürcü süsəni, bəbir, Avropa vaşaqı, Çöl pişiyi, Zolaqlı kaftar, Çay samuru, safsar, ceyran, İmperator qartalı, Qara kərkəs, Ağbaş kərkəs, İlanyeyən qartal, Çay qaraquşu, Ağquyruq dəniz qartalı, Qara leylək, Çöl qartalı.

Azərbaycanda təsis edilmiş ilk dövlət təbiət qoruqları 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları, 1936-cı ildə isə Hirkan qoruğu olmuşdur. 1958-ci ildən başlayaraq qoruqların yaradılması prosesi davam etdirilmişdir. 2004-cü ildə Eldar Şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə isə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay və Qarayazı, 2008-ci ildə isə Zaqatala dövlət təbiət qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının işğalı altında olan Bəsitçay Dövlət Təbiət Qoruğu və Qaragöl ətrafı tarixən Azərbaycan torpağı olmuş və hazırda tamamilə işğaldan azad edilmişdir. İşğaldan azad edildikdən sonra qoruqların mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə əraziyə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektarı əhatə etmişdir. Hazırda 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilmişdir. Çox yaşlı və qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin məhvi üçün müxtəlif partlayıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və qoruğun inzibati binası dağıdılmışdır. Təbiətə qarşı olan bu vandalizmin izlərini aradan qaldırmaq məqsədilə Prezident 2021-ci il oktyabrın 20-də "Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qoruq ərazisində yerləşən təbiət obyektlərinin inventarlaşdırılmasını aparmış və həm yerli, həm də xarici mütəxəssisləri cəlb etməklə ekoloji vəziyyətin qiymətləndirilməsi həyata keçirilmişdir. Nəticədə, ötən iki ildə 107 hektar sahədə Bəsitçay dövlət təbiət qoruğunun fəaliyyəti xeyli bərpa olunub, həmin ərazilərdə təbii ekosistem, bioloji müxtəliflik, habelə nadir və itməkdə olan bitki növləri sağlamlaşdırılmışdır.

Azərbaycan Respublikasının dövlət təbiət qoruqlarının siyahısı

Adı

Yerləşdiyi ərazi

Yarandığı il

Ümumi sahəsi, hektar

“Qırmızı Kitaba”
daxil olmuş növlər

Türyançay

Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonları

1958

22488

Şahin qızılquş, bərqud, çöl qartalı

Qarayazı

Ağstafa rayonu

1978

9658

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu

Bakı şəhəri və Abşeron rayonu

2007

12323

Korçay

Goranboy rayonu

2008

4834

Ceyran, turac

Qaragöl

Laçın rayonu

1987

240

Şirvan

Salyan və Neftçala rayonları

1969

4657

Çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu

Eldar şamı

Samux rayonu

2004

1686

Eldar şamı

Zaqatala

Zaqatala və Balakən rayonları

1929

47349

Bəsitçay

Zəngilan rayonu

1974

107

Şərq çinarı

Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir. 2003-cü ildə yenidən yasaqlıqların yaradılmasına başlanılmış və həmin ildə Qax, 2005-ci ildə isə Arazboyu və Hirkan, 2008-ci ildə Zaqatala, 2009-cu ildə isə Arpaçay və Rvarud dövlət təbiət yasaqlıqları yaradılmışdır.

Azərbaycan Respublikasının dövlət təbiət yasaqlıqları ölkənin fərqli coğrafi bölgələrində yerləşir: Laçın Yasaqlığı Laçın rayonunda, Korçay Yasaqlığı Goranboy rayonunda, Bəndovan Yasaqlığı Salyan və Qaradağ rayonlarında, Şəki Yasaqlığı Şəki rayonunda, Qusar Yasaqlığı Qusar rayonunda, Şəmkir Yasaqlığı Şəmkir rayonunda, Gil adası Yasaqlığı Bakı, Qaradağ rayonunda, Qarayazı Yasaqlığı Ağstafa rayonunda, Bərdə Yasaqlığı Bərdə və Ağdam rayonlarında, Zuvand Yasaqlığı Lerik və Yardımlı rayonlarında, Ordubad Yasaqlığı Ordubad rayonunda, İsmayıllı Yasaqlığı İsmayıllı rayonunda, Qubadlı Yasaqlığı Qubadlı və Laçın rayonlarında, Kiçik Qızılağac Yasaqlığı Lənkəran rayonunda, Daşaltı Yasaqlığı Şuşa rayonunda, Qızılca Yasaqlığı Gədəbəy rayonunda, Arazboyu Yasaqlığı Zəngilan rayonunda, Qəbələ Yasaqlığı Qəbələ rayonunda, Qax Yasaqlığı Qax rayonunda, Hirkan Yasaqlığı Lənkəran və Astara rayonlarında, digər Arazboyu Yasaqlıqları Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarında, Zaqatala Yasaqlığı Zaqatala və Balakən rayonlarında, Arpaçay Yasaqlığı Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarında, Rvarud Yasaqlığı isə Lerik rayonunda yerləşir.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və genişləndirilməsi ölkənin ekoloji siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu ərazilər təbiətin qorunması, bioloji müxtəlifliyin qorunması və ekoloji tarazlığın təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Eyni zamanda bu proses ölkənin beynəlxalq ekoloji öhdəliklərinin icrasına, həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verir.

Ümumdünya Statistika Günü qeyd edilərkən, bütün digər sahələrdə olduğu kimi bu sahədə də statistik məlumatların əhəmiyyəti bir daha ön plana çıxır. Çünki dəqiq və etibarlı statistika olmadan nə təbiətin vəziyyətini qiymətləndirmək, nə də dayanıqlı inkişaf məqsədlərinə nail olmaq mümkündür. Statistik məlumatların gücü sayəsində təbiətin səsini rəqəmlərdə eşitmək, elmi əsaslı qərarlarla ekoloji tarazlığı qorumaq və gələcək nəsillərə sağlam mühit miras qoymaq mümkündür.

Təranə Şahbalayeva

Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin aparıcı məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see286

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see159

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see144

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see127

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see126

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri