Azərbaycan səhnəsində “Turandot” bayramı
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rafael HÜSEYNOV,
akademik
Azərbaycanın mədəniyyət həyatında 2026-cı ilin 24 oktyabrı füsunkar “Turandot” operasının parlaq nümayişi ilə insanların və tarixin yadında qalacaq Puççini bayramına çevrildi.
Dünyanın bütün opera inciləri arasında bu tək əsərdir ki, lap başlanğıcdan bizə iki cəhətdən doğmadır – birincisi, adında Azərbaycana və bütün Türk dünyasına əziz olan, hamımızı qovuşduran TURAN kəlməsi var, ikincisi də ölməz italyan bəstəkarının bu füsunkar əsəri dahi Nizami Gəncəvinin bulağından su içib.
Həm Qərb, həm də Şərq alimləri lap çoxdan bu fikirdə şərikdirlər ki, Nizami “Xəmsə”sindən Avropa dillərinə edilən tərcümələr artıq XVI-XVII əsrlərdən etibarən gəncəli dahinin təsir dalğasının geniş coğrafiyalar əhatə etməsinə gətirib çıxardı.
Nizami Gəncəvinin (1141-1209) “Həft peykər” – “Yeddi gözəl” məsnəvisindəki sıraca dördüncü olan slavyan qızının hekayəsinin təsiri ilə fransız dramaturqu Alen Röne Lesajın (1668-1747) “Cin şahzadəsi”, italyan yazıçısı, dramaturq, nağıl pyeslərin müəllifi Karlo Qotsinin (1720-1806) “Turandot”, alman şairi, filosof, tarixçi və dramaturq Fridrix Şillerin (1759-1805) “Turandot Çin şahzadəsi” əsərləri meydana gəlib.
Qotsinin “Turandot”u da Puççinini həyatındakı son şedevri doğurmağa ilhamlandırıb.
Nizami: “Dünyada hər bir şey cəzbə bağlıdır”– söyləyirdi.
Bəlkə elə həmin cazibənin nəticəsidir ki, Puççininin “Turandot”u ilk dəfə səhnəyə gəlməsinin 100-cü ilində – əlamətdar yubileyində Azərbaycanda nümayiş etdirilir.
Axı elə başlanğıcda da belə olmuşdu: 1926-cı ildə ilk dəfə səhnəyə gəlişindən lap az sonra – 1928-ci ildə “Turandot” Bakıda tamaşaya qoyulmuşdu.
O vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi. Digər respublikaları bir kənara qoyuram – Moskva, Leninqrad, Kiyev, Minsk vardı, o vaxtın şərtlərinə görə adətən hər işdə qabaqda onlar olardılar, yaxud olmalı idilər. Amma Azərbaycan önə keçə bilmişdi.
Yeri gəlmişkən, “Turandot”un ən erkən göstərilişi baxımından Azərbaycan Avropanın bir çox operasevən ölkələrindən də vaxtca xeyli irəlidədir.
Və Bakı səhnəsində ilk nümayişindən düz 98 il sonra 100 yaşlı “Turandot” Heydər Əliyev Sarayının səhnəsində göstərildi.
Opera Teatrımız təmirdədir. Amma budəfəki “Turandot” premyerasının Opera Teatrımızda deyil, Heydər Əliyev Sarayının səhnəsində göstərilişi də əslində əsərin uğurlu bəxtindəndir. Axı məhz burada göstərilməsinə görə əsərə Opera Teatrında ola biləcəyindən xeyli çox – iki mindən artıq tamaşaçı baxa bildi.
Hər operanın ifası bütöv bir kollektivin əməyinin və istedadının bəhrəsi olur.
Məhz bütöv!
Bütövlük, ahəngdar səsləşmədən, ortaq nizamdan yaranır.
Bütün kollektivin bir-birini layiqincə tamamlaması olmasa, tamaşa bütövlükdə, deyil, yalnız hansısa elementləri ilə təsirli və bəyənilən ola bilir.
Dünyanın hansısa ən məşhur ifaçılarını dəvət edərsən, onların adına çoxlu tamaşaçı yığılar, ancaq nəticədə həmin baş rolları ifa edən dəvətlilərlə ayaqlaşa bilməyən digər ifaçılar, yetərincə uğurlu olmayan xor, orkestr və tamaşanı tamaşa edən başqa amillər qalar kölgədə, əsər özü nə qədər gözəl olsa da, bütövlükdə, arzulanan effekti verməz.
Oktyabrın 24-dəki “Turandot”da isə tam həmahənglik vardı, səhnədə gördüklərimiz və eşitdiklərimizin hamısı bir-birini tamamlayırdı.
Quruluşçu rejissor Mikayıl Mikayılovun da, quruluşçu rəssam Mustafa Mustafayevin də, xormeystr Sevil Hacıyevanın da əməkləri ən yüksək təqdirəlayiq idi.
Dekorasiyalar da, geyimlər də gözəl idi.
Hərdən Avropa səhnələrində klassik operaların ənənəvi dekorasiyaları və geyimləri əvəzinə guya yenilikçilik edən hoqqabaz rejissorkimilərin aktyorları, müğənniləri səhnəyə elə gündəlik adi geyimlərində çıxarması, dekorasiyalar əvəzinə səhnəyə mənası anlaşılmaz mücərrəd nələrisə qoyması yalnız təəssüf oyadır, təəssüratı tamam korlayır.
Parisində də, Londonunda da, Berlinində də buna şahid kəsilmişəm və xeyli pəjmürdə olmuşam.
Bizim “Turandot”da isə hər cəhətdən mükəmməl ansambl vardı.
Xor da əla ifa edirdi, orkestr də gözəl çalırdı, ifaçılar da hamısı bir-birini tamamlayırdı və ümumi ahəngə xələl gətirəcək heç nə yox idi.
Hətta zahirən texniki görünən bir amil – böyük tamaşaçı zalının hər nöqtəsinə səslərin eyni ucalıqda, təhrif olunmadan, qüsursuz çatması məsələsi də yüksək səviyyədə həll edilmişdi.
Elə yüksək səviyyədə ki, hətta sanki irəlicədən studiyada yazılaraq təmizlənmiş, effektlərlə gözəlləşdirilmiş qənaəti oyada biləcək qədər rəvan və kamil idi.
Bunlara nail olmaq əsla asan məsələ deyil.
Dirijor pultu arxasında italiyalı Beatriçe Venezi idi və orkestri də məharətlə, yüksək artistizmlə idarə etdi.
Bizim indi bir-birindən istedadlı və qabil xeyli dirijorumuz var və söz yox, onlardan hər hansı biri də eyni işi məharətlə yerinə yetirməyə müvəffəq olardı.
Ancaq məhz bu tamaşada – “Turandot”un 100 illiyində Azərbaycan səhnəsində göstərilişində həm ifaçılar arasında italyan müğənnisinin olmasını, həm dirijor pultu arxasında italiyalı sənətkarın dayanmasını rəmzi saydım. Axı bu yubiley tamaşası ən əvvəl Cakomo Puççini (1858-1924) və onun son yadigarı “Turandot”un bayramı idi!
Turandot – Turanbanu rolunda Karmen Cannattasio cazibəli idi. Oxusu ilə də, oyunuyla da valeh etdi.
O italiyalıdır, vokalın vətənində yetişmiş sənətkardır.
Ancaq Kalaf – Xələf rolunda azərbaycanlı Yusif Eyvazovu dinləyən, görən kim deyər ki, o italyan deyil?!
Axı 2026-cı ilin 24 oktyabrında Bakı səhnəsində Kalaf surətini misilsiz ustalıqla yaradan, oxusu da, aktyor oyunu da ən yüksək səviyyədə olan Xalq artisti Yusif Eyvazov bundan da artıq bir tərzdə elə həmin İtaliyada elə həmin vokal vətəninin insanlarını riqqətə gətirməyi, sadəcə heyran etməyərək mat qoymağı da bacarıb.
Tarix şahiddir ki, 2019-cu ildə dünyaca məşhur “Arena di Verona”da Yusif Eyvazov Cüzeppe Verdinin “Trubadur” operasında Manrikonu elə ifa etmişdi ki, həmin möhtəşəm amfiteatra toplaşanlar yalnız tamaşa boyu və opera tamamlanınca onu dəqiqələrcə sürən alqışlara qərq etməmişdilər, gözləmişdilər ki, qiymətli sənətkar səhnə geyimini dəyişəndən sonra onu küçələrdə də qarşılasınlar.
Yoldan ötənlər, kafelərdə əyləşənlər bayaq səhnədə möcüzələr yaradan Yusif Eyvazovu indi Veronanın xiyabanlarında ayaq üstə alqışlamışdılar.
Elə həmin 2019-un payızında Yusif Eyvazov Kalafın partiyasını Nyu-Yorkda “Metropoliten-opera”nın səhnəsində əvəzsiz Franko Dzeffirellinin quruluşunda bütün dünyanın kinoteatrlarına canlı yayımla translyasiya edilən “Met: Laive in HD” layihəsi çərçivəsində oxuyanda dünya görmüşdü ki, kim kimdir və əslən opera əyalətindən olub opera paytaxtlarına meydan oxumağı bacaran belə parlaq Azərbaycan oğlu da var!
Yaxşı, Yusifin ifa ustalığına artıq köhnədən bələdik. Amma o axşam Turandotu məftunedici məharətlə ifa edən italiyalı Karmen Cannattasio ilə bərabər o səhnədə Liu obrazını yaradan Afaq Abbasova da vardı, axı!
Elə oxuyurdu, məlahətli səsinə tamaşanın tələb etdiyi dramatizmə uyğun olaraq qovuşdurduğu əlvan çalarlarla avazını elə rəngdən-rəngə sala, bu yolla da surətin psixoloji dərinliklərini elə həssaslıqla aça bilirdi ki, bu Turan qızı Liu o italiyan xanımı Turandotla ustalıqda bərabər, hətta müəyyən məqamlarda üstün idi.
Və məni bir başqa cəhət də sevindirir: “Turandot” ard-arda bu oktyabr günlərində 3 dəfə göstərilir və hər dəfə də yeni tərkibdə.
Oktyabrın 25-dəki artıq olub keçdi, növbətisi də bu gün axşam – oktyabrın 27-dədir, orada da ifaçılar dəyişəcək.
Operamızın belə imkanları, layiqli ifaçı qıtlığından sıxıntımızın olmaması qürur oyadır.
Əlbəttə, “Turandot”un belə uğurlu səhnə təcəssümünün arxasında uzun ayların gərgin zəhməti, yüksək təşkilatçılıq, təbii ki, belə bir premyera üçün vəsait ayrılmasında xəsislik edilməməsi kimi vacib şərtlərin öz yeri var.
Mən çox arzulayıram ki, opera səhnəmizdə belə bayramlar mütəmadi olsun.
Eyni tələbkarlıq, peşəkarlıq və qayğıkeşliklə dünya operasının digər inciləri də səhnəmizdə canlandırılsın.
Və elə həmin yanaşma tərzi ilə “Leyli və Məcnun” da, “Koroğlu”u da, “Sevil” də, digər milli opera incilərimiz də bu cür dünya meyarlarına uyğun biçimdə səhnəyə gəlsin!
“Turandot”un 24 oktyabr tamaşası bunu yalnız arzulamağa yox, ürəkdən istənərsə, məhz gerçəkləşə biləcəyinə də həm ümid, həm inam oyadır!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















