Azərbaycan Türk dünyasının bir parçası, həm də Qafqaz ölkəsidir
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Biz, eyni zamanda, İslam sivilizasiyasının mühüm mərkəzlərindən biriyik
Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 sentyabr 2026-cı il.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən milli tariximiz, xüsusən, Qafqaz Albaniyası, onun paytaxtı Qəbələ şhəri barədə danışdıqlarını eşidəndə ilin mart ayında eşitdiyim maraqlı faktlar yadıma düşdü.
O zaman qədim şəhərin ərazisində arxeoloji qazıntılar aparılan məkana da getmişdim. İndi orada beynəlxalq ekspedisiya qrupu fəaliyyət göstərir. Qazıntı aparılan yerlərdə bələdçi danışmışdı ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII–IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur. Ehtimal edilir ki, neft Bakıdan gətirilirdi. Şəhərə su Qəbələnin 5–6 kilometrliyindəki bulaqlardan, kəhrizlərdən gil boru – tünglər vasitəsilə gətirilirdi. Şəhərin həndəvərində dulus kürələri aşkara çıxarılmışdır. VII əsrə qədərki külli miqdarda müxtəlif saxsı qab və VIII əsrdən etibarən qab qırıqlarının tapılması burada dulusçuluğun inkişafından xəbər verir. Şirli qablar müxtəlif ornamentlərlə, bitki, heyvan və insan təsvirləri ilə bəzədilirdi.
Eşitdiyim daha maraqlı məqamlardan biri isə o idi ki, Alvan (ehtimal ki, Alban) və Savalan keçidlərindən keçən ticarət yolları Qəbələni Gürcüstan vasitəsilə Qərblə, Atropatena vasitəsilə İranla və Böyük Qafqaz vasitəsilə Şimalla əlaqələndirirdi. Üstəlik, Qəbələ ticarət əhəmiyyətini VIII–IX əsrlərdə də itirməmişdi.
İndi bəzi məqamlara yenidən fikir verək: Əvvəla, o zamankı Qəbələyə neft Bakıdan gətirilirdi. Tamamilə indiki kimi. İkinci, ticarət yolları Qəbələni Gürcüstan vasitəsilə Qərblə, Atropatena vasitəsilə İranla və Böyük Qafqaz vasitəsilə Şimalla əlaqələndirirdi. Tamamilə indik kimi. Üçüncü: Qəbələ ticarət əhəmiyyətini VIII–IX əsrlərdə də itirməmişdi. Tamamilə indiki kimi. Yəni Qəbələnin, qədim Qafqaz Albaniyasının tarixi barədə kiminsə hansısa cəfəngiyyatları dilə gətirməsinə baxmayaraq, Qafqaz Albaniyası azərbaycanlıların ölkəsi, Qəbələ əsrlər boyu Azərbaycan şəhəri olub, indi də belədir, yüz illər bundan sonra da belə olacaq.
Qayıdaq cənab Prezidentin məlum görüşdə səsləndirdiyi fikirlərə. Dövlət başçımız xatırlatdı ki, bizim tədbirlərdə ( Bakıda eyni vaxtda iki konfransın keçirilməsini nəzərdə tuturdu – İ.M.) bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Cənab president onu da əlavə etdi ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var: “Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir”.
İlham Əliyevin fikrincə, müsəlman dini liderlərinin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək. Bütün bunlar isə Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindəndir.
Azərbaycan Prezidenti ölkəmizin İslam aləmi ilə əməkdaşlığa verdiyi töhfələri də yada saldı: “Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik”.
Hörmətli oxucunun diqqətini bir daha Qəbələyə yönəldək. Daha doğrusu, Qəbələnin bugünkü cah-cəlalıına. Ensiklopediyalarda ticarət yollarının üstündə yerləşdiyi deyilən bugünkü Qəbələyə üç tərəfdən avtomobil yolu gəlir– İsmayıllı, Ağdaş və Oğuz rayonları istiqamətindən. Müasir Qəbələnin Dəmir yolu da var, hava limanı da. Ancaq bu yollar Qəbələyə təkcə turistləri və qonaqları gətirmir. Bu yollar qədim paytaxtımıza dünyanın sayılıb-seçilən dövlət və hökumət başçılarını da gətirir.
Mətbuatın yazdığı kimi Prezident İlham Əliyev TDƏŞ (indi TDT adlanır) rəhbərləri ilə Bakıda deyil, məhz Qəbələdə görüşməklə beynəlxalq aləmdəki bədxahlarımıza hansı mesajları göndərir?
Yaxud, “BBC Azərbaycan” bu il aprelin 29-da yazırdı ki, Prezident İlham Əliyev son aylarda bir sıra yüksək səviyyəli görüşlərini Qəbələdə keçirir. Ukrayna lideri Zelenski bura gəldi. Çex Respublikasının Baş naziri ilə müdafiə sənayesi və hərbi əməkdaşlıq üzrə danışıqlar burada aparıldı. Bəs niyə Qəbələ? Ola bilər ki, səbəblər siyasi, simvolik, həm də praktikidir. Sayt əlavə edir ki, son illərdə Qəbələ Prezident səviyyəsində ikitərəfli görüşlərin, biznes forumlarının, strateji danışıqların keçirildiyi alternativ diplomatiya platformasına çevrilib. Azərbaycan diplomatik fəaliyyətini yalnız paytaxtla məhdudlaşdırmamış olur.
Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərdə təhlükəsizlik, logistika və təşkilati məsələlərin problemsiz həlli “bu ölkənin hər yerində görüşə bilərik” mesajını verir. Bu, xüsusilə hərbi əməkdaşlıq mövzusunda vacibdir. Qəbələ təhlükəsizlik baxımından tam nəzarət olunan zonadır və mümkündür ki, uzun, texniki danışıqlar üçün daha sakit mühit yaradır.
Qəbələ – nə Qarabağ zonasıdır, nə də Ermənistanla sərhədə yaxın ərazi. Ona görə də burada rəsmi qəbul, birgə nahar və məhdud tərkibli görüşlərin təşkili danışıqlara şəxsi və etimadlı atmosfer qatır.
Sonda onu da xatırladaq ki, Prezident İlham Əliyev də ümummilli liderimiz Heydər Əliyev kimi Qəbələyə tez-tez səfər etməklə, bu qədim diyarımızın, sözün həqiqi mənasında, çiçəklənməsinə xüsusi töhfələr verir.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar juurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















