Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə Suriyanın yeni quruculuğunda birgə fəaliyyət göstərir

Azərbaycan və Türkiyə Suriyanın yeni quruculuğunda birgə fəaliyyət göstərir

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə yeni tarixi dövrün əsası qoyulub. Artıq Suriyada dinc həyat və sabitlik, əmin-amanlıq dövrü başlayır, ölkənin xarici dövlətlərlə siyasi-iqtisadi, humanitar münasibətləri yenidən qurulur, ölkənin qlobal dünyaya açılımı və dərin inteqrasiyası istiqamətində iradəli islahatlara start verilib, regional nəqliyyat qapıları xarici partnyorların üzünə açılmaqdadır. Dəməşq aeroportunun beynəlxalq uçuşlara istifadəyə verilməsi, sərhəd xətlərində nizamlı keçid nəzarətinin qurulması, tranzit və kommunkiasiyaların bərpası və digər amillər Suriyada dayanıqlı siyasi-sosial, ictimai mühitin bərqərar olduğunu təsdiqləyir. Bu regionda baş verən müsbət proseslər Yaxın və Orta Şərqdə də geosiyasi vəziyyətin dəyişməsinə səbəb olmaqdadır.

2025-cu il Suriya üçün suverenlik, ərazi bütövlüyü, sabitlik, yeni dövlət quruculuğu və bərpa kimi mühüm tarixi mərhələnin başlanğıcıdır. Ölkənin bu taleyüklü dövründə, yeni ictimai-siyasi münasibətlər sisteminin formalaşmasında və regional əməkdaşlıq infrastrukturlarının qurulmasında əsas siyasi güc və aktorlardan biri kimi Türkiyənin rolu və fəaliyyəti bariz şəkildə sezilməkdədir. Türkiyə Suriyada Əsəd rejiminə qarşı xalqın azadlıq mücadiləsi başlayan ilk gündən prosesləri dərindən izləyərək müxtəlif dövlətlərin bölgəyə gətirdiyi terrorçu qruplaşmaların ölkənin vahidliyini və bütövlüyünü pozmaq cəhdlərinə qətiyyətlə mane olub, bölgədə etnik separatçı güclərin milli dövlət planlarının qarşısını alıb. Bir neçə il əvvəl vətənpərvər suriyalıların mübarizəsindən sui-istifadə edərək ölkənin milli suverenliyini pozmaq təxribatları da məhz Ankaranın müdaxiləsi ilə pozulub. Hətta 2019-cu ildə Suriyanın şimalında muxtariyyət elan edən Rojavadakı silahlı qüvvələrin və onları dəstəkləyən terrorçuların Suriyanı parçalamaq planları işə düşəndə qardaş ölkə “Sülh Çeşməsi” hərəkatı həyata keçirərək Azad Suriya Ordusu ilə birgə bu xain cəhdləri əngəlləyib.
Rəsmi Ankara yürütdüyü regional əzmkarlığı və geridönməz mövqeyi ilə öz cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox edib, eyni zamanda, Suriyanın bir neçə yerə bölünməsinin qarşısını alıb. Nəhayət, 2024-cü ilin sonlarında Azad Suriya Ordusunun ölkənin müqəddəratını çiyinlərinə götürərək apardığı iradəli milli mücadilədə Türkiyənin hərtərəfli siyasi dəstəyi milli ideyanın gerçəkləşməsində fundamental rol oynadı. Demokratik qüvvələrdən ibarət milli keçid hökumətinin qurulması işində Ankaranın bilavasitə təsieretmə imkanları diqqətdən qaçmadı.

Türkiyə bu bölgəni yenidən qan və terror meydanına çevirmək istəyən güclərə layiqli cavabını verərək sarsılmaz siyasi xəttini daha da irəlilədir və hazırda Suriyada sülh və barış missiyasını öz axıcı müsbət məcrasında davam etdirir.

Sözsüz ki, Suriyada Qərbin öz siyasi təsir imkanlarını möhkəmlənləndirmək üçün yeni hökumətlə dialoqlar aparacağı da istisna deyil. ABŞ və Avropa Birliyinin üstün mövqe qazanmaq üçün müxtəlif ictimai-siyasi qüvvələrlə əməkdaşlıq edəcəyi, hətta Türkiyənin güclənməməsi üçün anti-türk qüvvələrə dəstəklər verəcəyi də gözləniləndir. Qərb İraqda olduğu kimi etnik qrupların siyasi mövcudluğunu, dövlətin tərkibində legitim strukturunun yaradılması üçün də saysız cəhdlər edir. Məsələn, kürd muxtariyyətinin yaradılması, digər etniklərin siyasi hakimiyyətdə ön plana çıxarılması və s. təşəbbüslər gizli deyil. Bu baxımdan, Türkiyə kənar güclərin bu gizli oyunlarına qarşı çox açıq və sərrast hərəkət etməkdədir. MHP lideri Dövlət Baxçalının və Prezident Ərdoğanın təşəbbüsü ilə başladılan “kürd açılımı” prosesi də məhz Suriyada xarici emissarların kürd administrasiyası yaratmaq planlarının qarşısını almağa hesablanıb.

Ancaq bütün bunlara baxmayaraq, Yaxın və Orta Şərqin incəliklərini yaxşı bilən Türkiyənin mükəmməl siyasi diplomatiyası, Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədə nüfuz və xarizması sayəsində Suriyada Ankaraya daha yaxın siyasi fraqmentasiya formalaşacağına şübhə yoxdur. Prezident Ərdoğanın keçid hökumətinin rəhbərliyi ilə səmərəli danışıqları, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın, xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərləri və müntəzəm davam edən məsləhətləşmələr iki ölkə arasında yaxın təmasların qurulmasını daha da möhkəmləndirməkdədir. Ankara hökuməti Suriyada yeni rifah və gələcək, sabit dövlət quruculuğunda, qaçqın probleminin həllində, nəqliyyat, kommunikasiya, sosial və şəhər infrastrukturlarının quruculuğunda aktiv iştirak etməkdədir və bu prosesdə ən yaxın strateji müttəfiqi Qətəri də fəal quruculuğa yönləndirməkdədir.

Türkiyənin, eyni zamanda, Suriya ordusunun terrorçu qruplardan və müxtəlif ölkələrin dini təriqətlərinə aid silahlı birləşmələrdən təmizlənməsində və müasir vahid ordu quruculuğunda da fəal iştirak edəcəyi istisna deyil. Eyni zamanda, Türkiyə və ABŞ koordinasiyalı siyasət aparmaqla Suriyada daha tez və genişmiqyaslı qurucluğu təmin edə bilər. Bu baxımdan yanvarın 20-dən sonra ABŞ-ın yeni administrasiyasının Suriya ilə bağlı mövqeni ortaya qoyması bölgədə ciddi dəyişikliklərə səbəb ola bilər.

Rusiyaya gəlincə, Moskva artıq Suriyadakı hərbi və siyasi mövcudluğunu itirməkdədir, hətta rus hərbi bazalarının da ləğvi istisna olunmur. Əsəd rejiminin devrilməsindən sonra ölkədə Rusiya hərbiyyəsinin mövcudluğu siyasi-hərbi məntiqlə artıq mümkün görünmür.

Əlbəttə, Türkiyənin yürütdüyü sülh hərəkatı və yeni geosiyasi platformanı dəstəkləyən Azərbaycan da baş verən proqressiv proqramda yer almaqdadır. Cənab Prezident İlham Əliyevin ötən il dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edərək Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələləri, o cümlədən Suriyada yaranmış yeni vəziyyət müzakirə etməsi, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bildirməsi bölgədəki sülh və həmrəylik arxitekturasına mütərəqqi baxış və yanaşmanın nümunəsidir. Milli dövlət quruculuğunda Suriya xalqına təbriklərini çatdıran Azərbaycanın dövlət başçısı Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək qardaş ölkə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu xatırlatdı.

Bunun ardınca dekabrın 24-də Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım edildi, 10 yük avtomobilindən ibarət yardım karvanında ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları İdlib şəhərinə çatdırıldı. Azərbaycan bu missiyasını davam etdirəcəyini bəyan edib və bu, rəsmi Bakının Suriyanın yeni quruculuq salnaməsində yer almaq niyyətini göstərir. Dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşü də Azərbaycanın yeni mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğunu ifadə edir. Yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə dair mövqeyini bir daha səsləndirib.
Mövcud ssenarilər bir daha təsdiqləyir ki, Azərbaycan və Türkiyənin regiondakı sülh, barış, xalqların suverenlik qətiyyəti ilə qurduğu milli hökumət məsələlərində mövqeləri tamamilə üst-üstə düşür, hər iki ölkə vahid və azad Suriyanın bərpa-quruculuq, humanitar inkişaf proqramlarına köməyini əsirgəməyəcək. Azərbaycan və Türkiyə, bütün regional inkişaf təşəbbüslərində lider olduqları kimi Suriyadakı rifah layihələrində də birgə fəaliyyət göstərəcək.

Millət vəkili Samir Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see202

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see150

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see134

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see126

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see118

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

ABŞ Ukraynaya bu təyyarələri cəlb etmək istəyir

30 Avqust 2025 21:29see117

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see117

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri