Azərbaycan xalçaşünaslığının atası
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lətif Kərimov – 120
O, Şərqin də görkəmli xalçaçı rəssamı sayılırdı
Prezident İlham Əliyevin Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam, milli xalça sənətimizə və sənətkarın bənzərsiz irsinə dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürüdür. Sərəncam görkəmli sənətkarın zəngin irsinin yenidən tədqiq olunması, onun elmi əsaslarını qoyduğu milli xalça məktəbinin daha da inkişaf etməsi üçün geniş imkanlar açır.
Lətif Kərimov 1906-cı ilin noyabrında Şuşada Allahverənlər nəslindən papaqçı Məşədi Hüseyn və xalçaçı Telli xanımın ailəsində dünyaya göz açıb. Yaşadığı ev-eşiyin hanalarında ərsəyə gəlib kəsilən, döşəməyə sərilən, divarlara vurulan, dinlədiyi nağılların qanadlarında göyə uçan xalçalar onu ömürlük sehirləyib. Hələ 4–5 yaşında ikən anasının toxuduğu xalçaya ilk düyününü vurub. Uşaq barmaqları ilə vurulan bu kiçik düyün gələcəkdə sənətkarın əllərindən çıxacaq minlərlə mükəmməl ilmənin, naxışın başlanğıcı olub. Onun 14 yaşı olanda artıq anası üçün xalça eskizləri çəkirdi. Beləliklə, o taylı-bu taylı Vətənini qarış-qarış gəzib ilmələr gülləyən, çeşnilər bəlləyən gələcək sənətkar – kamil bilici yetişirdi Azərbaycanda.
Bir ara ailəsi ilə Məşhədə köçən sənətkar orada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasında fəaliyyətə başlayıb. İplik sarımaqdan heyrətamiz əriş-arğac ahənglərinin yaradılmasına qədər ucalıb. Peşəkarlıq zirvəsinə gedən yolda məşhur ustad Behzad Təbrizinin yanındakı fəaliyyəti də mühüm dönəm olub.
Ustadı Lətifin istedadına elə böyük etimad göstərirmiş ki, hətta şah üçün nəzərdə tutulan böyük xalının yaradılmasını məhz ona həvalə edib.
Sonra Vətənə qayıdan Lətif Kərimov 1930-cu ildə “Qarabağ xalça” idarəsində rəssam-təlimatçı işləyib, milli xalça sənətimizin inkişaf tarixində böyük bir intibahın əsasını qoyub. Onun təşəbbüsü ilə Şuşada ilk xalça fabriki açılıb və oraya sənətkar özü rəhbərlik edib. Artıq toxucu dəzgahı arxasında tək usta dayanmır, çeşnilər əsasında bir neçə insan eyni sənət əsəri üzərində işləyirdi.
Lətif Kərimovun xalça sənəti sahəsindəki elmi yaradıcılığı Azərbaycanın mədəniyyət tarixində ayrıca bir səhifədir. Onun elmi fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə sıx bağlı olub. Sənətkarın böyük səyləri nəticəsində 1945-ci ildə institutda ayrıca xalça şöbəsi yaradılıb. Həmin şöbəyə rəhbərlik edən Lətif Kərimov xalça sənətinin təkcə təcrübi deyil, həm də elmi-nəzəri əsaslarla öyrənilməsini təmin edib. Rəssamın zəngin irsinin ən mühüm nümunələri xalça növlərinin sistemləşdirilməsini ehtiva edən “Azərbaycan xalçalarında ornament” kitabı və üçcildlik “Azərbaycan xalçası” monoqrafiyasıdır.
Lətif Kərimov yazırdı: “Xalçaşünas o insana demək olar ki, xalça işinin texnoloji xüsusiyyətlərinə dərindən bələd olsun, xalçanın rəng çalarlarını duysun, ilk baxışdan ornamental strukturunu və kompozisiyasını başa düşə bilsin, element və detalların mənşəyini, naxışların orijinal və ya surət olduğunu, onların xalq sənətkarları, peşəkar, təcrübəli rəssamlar, yaxud təcrübəsiz, naşı adamlar tərəfindən yerinə yetirildiyini təyin edə bilsin”. Rəssamın bu fikirləri xalçaşünaslıq elminin, sadəcə, nəzəriyyədən ibarət olmadığını, bu sahənin həm dərin texniki bilik, həm də yüksək bədii duyum tələb etdiyini ortaya qoyur.
Xalçaçılıq sənətində sirr, düyünlər açmış Lətif Kərimov hər hansı bir işin sonunu əvvəli qədər aydın görən alim idi. Onun nəzərində xalçanın da şeir kimi bölgüsü, hecası, qafiyəsi və rədifi olur. Ən cüzi yanlışlar belə sənətkarın gözündən yayınmazdı. Deyilənə görə, 40-cı illərdə yaratdığı monumental bir xalçanı ikicə ilməlik yanlışa görə, iki yerə parçalayıb. Xalq şairi Məmməd Araz demişkən, iki ilmənin bir yanlışda – aldanışda görüşməsinə qol qoymayıb.
Mərhum jurnalist Tahir Abbaslı “Ustad Lətif” adlı oçerkində yazırdı: “Və ha gəzib-dolaşasan, “ələk-vələk” axtarasan - xalı-xalçalara, gəbələrə, kilimlərə, xurcunlara, nalça-xovça-qolçalara köçürülməmiş bir mənzərə, ya gül-çiçək, hadisə, “həndəsə” tapammazsan bu Vətən təbiətində! Bunlarınsa ən son-soraq çeşniləri, ali-əlvan təcəssümlü nümunələri, ulu-olu incəsənət lətafətliləri Lətif Kərimova məxsusdur...
Xalça fəlsəfəsi çox dərin olub Lətif Kərimovun. Əməkdar jurnalist Tahir Aydınoğlu xatırlayır ki, xalçaçı-alim bir dəfə ustad yaxın dostları ilə Şuşada olarkən xalçanın əhəmiyyətini öz müşahidələri əsasında belə açıqlayıb: “Dünyanın bir çox elini-obasını gəzib xalçanın “sirlər”ini öyrənmişəm. Təsəvvür edin: tərəkəmələr, köçərilər öz alaçıqlarına yun xalçalar döşəyib, oğlan uşaqlarına 4 yaşınadək yun corab geyindirib o xalçaların üstündə gəzdirirdilər ki, xəstələnməsinlər, yunun möcüzəli qoruyucu kəraməti ilə sap-sağlam böyüyüb azman kişi, basılmaz ər olsunlar”...
Qeyd etdiyimiz kimi, onun qoyduğu miras təkcə muzey eksponatları və ya rəngarəng xalça eskizləri ilə məhdudlaşmır. Lətif Kərimovun daha böyük xidməti, əsrlər boyunca xalq sənətkarlarının yaddaşında pərakəndə şəkildə yaşayan naxış və ornamentləri elmi sistemə salmasıdır. O, xalçaçılığı adi bir sənətkarlıq növü olmaqdan çıxararaq, riyazi dəqiqliyə söykənən bir elm sahəsi olan xalçaşünaslıq səviyyəsinə yüksəldib. Onun yaratdığı məktəb, bu gün həm xalçaçı-rəssamlar üçün bədii mənbə, həm də alimlər üçün mühüm tədqiqat bazasıdır.
Lətif Kərimovun yaradıcılığı 2 əsas istiqamət olan, portret xalçaları və ornamental xalçalar üzrə inkişaf etmişdir. 1934-cü ildə Parisdə uğurla nümayiş etdirilən, Firdovsinin anadan olmasının 1000 illiyinə həsr olunan xalça sənətkarın portret xalçaçılığı sahəsindəki ilk addımı idi. Onun Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əllərinin izləri görünən xalçaları dünyada böyük rəğbətlə qarşılanıb. İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Hüseyn Cavid, Səməd Vurğun və Əcəmi Naxçıvani kimi dahi şəxsiyyətlərin portret xalçalarını yaratması xalçaçı-rəssamın sənət dünyasının, eyni zamanda, dərin bir ədəbi və fəlsəfi köklərə malik olduğunu göstərir. O, hər bir obrazın daxili dünyasını, yaşadığı dövrün ruhunu ilmələrin dili ilə ideal şəkildə ifadə edib.
Sənətkar ornamental xalçalar sahəsində də mürəkkəb rəng və naxış ustası kimi tanınıb, əsas yaradıcılığını bu sahədə inkişaf etdirib. “Qarabağ”, “Pambıq”, “Xətai” kimi əsərlərində özünü xalça ornamentinin əvəzsiz ustası kimi göstərə bilib.
Lətif Kərimovun Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etdiyi “Xəmsə” xalçaları onun sənətkar dostları ilə birgə yaratdığı möhtəşəm əsərlər silsiləsidir. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar əlvan boyalarla təsvir edilib. Poemaların ən dramatik və lirik süjetləri sənətkar fırçasından çıxaraq xalçaların mürəkkəb naxış strukturuna köçürülüb, sözün qüdrəti ilə rəngin və ilmənin ahəngi bir araya gətirilib.
Lətif Kərimov onun adını daşıyan və dünyada bir ilk olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) yaranmasının təşəbbüsçüsü, təşkilatçısı idi. O, təkcə xalçaçılıq sahəsində deyil, dekorativ-tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradıcılarından biri olub, tərtibatçılar kollektivində aparıcı rəssam və elmi məsləhətçi kimi iştirak edib.
Filoloq-alim Azər Turanın böyük sənətkar haqqında dedikləri:
– 1983-cü ildə Londonda IV Ümumdünya Şərq Xalçaları konfransı keçirilirdi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 600 xalçaşünas alimin, rəssamın, xalça kompaniyaları başçılarının qatıldığı konfransda SSRİ nümayəndə heyətinə Lətif Kərimov rəhbərlik edirdi və Lətif Kərimov həmin konfransda Şuşa xalçaları haqqında məruzə etmişdi. Böyük maraqla dinlənilən məruzəsində Lətif Kərimov Şuşanın tarixinə də toxunur, şəhərin qurucusu Pənah xan haqqında məlumat verir, eləcə də xatırladırdı ki, Şuşaya xeyli sonralar gəlmiş ermənilər xovlu və xovsuz xalça texnikasını azərbaycanlı xalçaçılardan öyrənmişlər.
Konfransda dünya sənətşünaslığının parlaq imzaları - Amerikadan Çarlz Qrant Ellis, Con Tomson, Hamburqdan Azadi, Türkiyədən Orhan Atasoy, Nejat Diyarbəkirli, Macarıstandan doktor Qomboş iştirak edirdi və sovet nümayəndə heyətinin başçısı ən qədim sənət növünün Şuşada azərbaycanlı ustalar tərəfindən yaradıldığını gündəmə gətirməklə bir təfəfdən “Şuşa xalça məktəbi” istilahını ilk dəfə elmi dövriyyəyə buraxır, digər tərəfdən, sənətşünaslığa, dünya xalçaşünaslığına elmi-nəzəri baxımdan əsaslandırdığı “Azərbaycan xalçası” terminini gətirirdi. Sübut edirdi ki, dünya muzeylərində qorunan və əsasən, Qafqaz xalçası kimi ümumi ünvanla tanınan, yaxud “erməni xalçası” adı ilə təqdim olunan xalçaların böyük əksəriyyəti Azərbaycan xalçalarıdır.
Lətif Kərimov bunu 1983-cü ildə Londonda Beynəlxalq Elmi Konfransda deyirdi və bir qayda olaraq, onunla mübahisə etmirdilər, çünki Lətif Kərimov dekorativ-tətbiqi sənət sahəsində dünyada qəbul edilən nadir nəzəriyyəçilərdən biri idi. Təsadüfi deyil ki, “Azərbaycan xalçası” monoqrafiyasını dünya tətbiqi incəsənət mütəxəssisləri xalçaşünaslığın bibliyası adlandırırlar.
Tanınmış xalçaçı-rəssam Fazil Abbasquluzadə:
– Ölməz Lətif Kərimov bizim üçün böyük məktəb olub və məktəb olaraq qalmaqda davam edir. Özümüzü onun davamçıları saymağımızla fəxr edirik. Lətif Kərimov Vaşinqtonda Tekstil, Londonda Viktoriya və Albert, İstanbulda Topqapı kimi məşhur muzeylərlə əməkdaşlıq edib və elmi məsləhətçi statusuna yüksəlib. Onun nüfuzlu mədəniyyət müəssisələri ilə əlaqələri, xüsusilə, dünya muzeylərindəki Şərq xalçalarının mənşəyinin dəqiq müəyyənləşdirilməsi baxımından müstəsna önəm daşıyıb. Ustad qitədən-qitəyə “uçan xalça”ları ilə Azərbaycan mədəniyyətini layiqincə təbliğ edib.
Milli xalça mədəniyyətimiz tarixində dərin iz buraxmış Lətif Kərimovun irsi bu gün Azərbaycan Milli Xalça Muzeyində və dünyanın bir çox mədəniyyət mərkəzlərində qorunub saxlanılır.
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















