Azərbaycançılığın əsas prinsipləri: fəlsəfi təhlil
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
III silsilə
II məqalə
Dil və milli kimlik
Azərbaycançılıq konsepsiyası çərçivəsində dil məsələsinə dönə-dönə qayıtmalı oluruq və bu, zərurətdir. Çünki söz genin səsidir. O, insanın ekzistensial ekosisteminin – canlı və şüurlu varlıq kimi mövcudluğunun fundamental hüdudlarının ifadəsidir! İnsan mövcudluğunun ritmi qəlbdədir. Söz ilk olaraq qəlbdə “səs ritmi” kimi yaranır, sonra beyinə və oradan da dilə “süzülür”. Buna görə, söz insanın mövcudluğunun “öz” tarixidir. Cəmiyyət isə insanların kollektiv mövcud ola bilmək üsulu kimi sözlərin tarixində yaddaşlaşır. O, bu bünövrə üzərində tarixiləşir, yəni Hegel termini ilə desək, əyaniləşir.
Bir məqam da baxdığımız kontekstdə (dil və milli kimlik) maraqlıdır. Biosemiotikanın banilərindən olan Y.fon İkskyül yazırdı ki, hər bir canlı varlığın subyektiv ətraf aləmi olur (Umwelt), o, yalnız bu ekosistem çərivəsində mövcudluğunu təsdiqləyə bilir. İnsan da elədir. İnsanın fərdi və kollektiv yaşam səviyyələrinin öz Umwelt-i vardır. Bu ekzistensial mövcudluq hüdudlarında sözlər, yəni dil xüsusi yer tutur. İnsan söz yaradır və söz insanı yaradır! Deməli, dil fərdi və toplum səviyyələrində şüurlu varlıq kimi insanın kimliyini müəyyən dən başlıca faktorlardan biridir.
Bir qədər dərin koqnitiv qatda belə nəticə çıxara bilərik ki, insan dildə mövcudluğunu təkrar-təkrar təsdiq edir və bu, onun var olmasını şərtləndirir. Əgər “öz” tarixində dildə topladığı şüuri və ünsiyyət təcrübəsi qırılırsa, onda tədricən insan fərd və toplumsal varlıq kimi tarix səhnəsindən silinir.
Belə alınır ki, “azərbaycanlılar kimdir?” sualına cavab axtarışları ilk növbədə “Azərbaycan dili” ifadəsinin prizmasında aparılmalıdır. Buradan aydın olur ki, “azərbaycanlılıq” və “azərbaycançılıq” anlayışlarına birbaşa məntiqi və semantik “çıxış pəncərəsi” yaranır.
İndi bu qısa fəlsəfi təsvirin işığında Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycançılıq kontekstində ifadə etdiyi aşağıdakı fikirlərə baxaq: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.
Bu fikirlərdə ifadə olunan yanaşmanı irəlidə təhlil etməyə çalığıacağıq. İndi başqa bir sitata baxaq.
Qurultayda məsələnin qoyuluşu
Dövlət başçısı YAP-ın VIII Qurultayındak nitqi zamanı tamamilə dillə bağlı əvəllər ifadə etdiyi tezislərin semantik sahəsi daxilində, lakin konkret bir sfera üzrə Azərbaycançılıq aspektində çox əhəmiyyətli fikirlər ifadə etmişdir. Prezident İlham Əliyevin davamlı olaraq vurğuladığı məntiqdən aydın olur ki, Ana dili Azərbaycançılığın mərkəzi faktorlarından biri kimi milli kimliyin formaşalamsının aparıcı parametrlərindəndir. Qurultaydakı nitqdə məhz bu bağlılıqda toplumsal və dövləti səviyyədə təhlükəsizlik doktrinal miqyasda qoyulduğundan, onun yenidən izahı arxivacib idi. Prezident İlham Əliyev onu dolğun, yığcam və dəqiq ifadə etmişdir. İki sitatda bu məqamı görmək olar.
Birinci, dövlət başçısı Qurultayda demişdir: “Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var…İdeoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır...Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır”.
İkinci, sonra fikirlərinə davam edərək bəyan etmişdir: “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir…”
Vurğuladığımız xüssuiyyətlərə Azərbaycançılıq konsepsiyası kontekstində iki səviyyədə baxmaq faydalıdır.
Birinci səviyyə konseptual miqyasla bağlıdır. Yəni dil məsələsi təməldən fərdin və toplumun (xalqın, millətin, cəmiyyətin) ekzistensial varlığının fundamentinə dayanan faktordur. Bu, hər bir qövm üçün təbii şərtdir. Onun fəlsəfi-elmi obrazı kimi Umwelt-i götürə bilərik. Yəni hər bir qövmün mövcudluq ekosistmi ana dilinin semantik sahəsində yaranır. Bunun əsas əlaməti isə toplumsal kimliyin hüdudlarının hər tarixi mərhələdə dəqiq müəyyən edilməsi ilə bağlıdır. Deməli, müəyyən faktor olmalıdır ki, qövmün özünüyaratmasının ümumi sərhədlərini müəyyən edə bilsin və həm də toplumu konkret istiqamətdə təkamülə yönəltsin.
İkincisi, dil faktoru bütövlükdə etnosun, qövmün, cəmiyyətin mənəvi, mədəni, psixoloji, sivil aspektlərdə təhlükəsizliyi ilə yanaşı fiziki təhlükəsizliyin təmini baxımından da çox əhəmiyyətlidir. Prezident bu məqamı konkret olaraq kibertəhlükəsizliyin təmini aspektində dəqiqliklə təqdim etmişdir.
Dövlət başçısı kibertəhdidin yalnız virtul faktor olmadığını, onu geniş sosial, siyasi, mədəni kontekstə birbaşa fiziki təhdid kimi də qəbul etmək lazım gəldiyini ifadə etmişdir. Yəni kibertəhdid informasiya sahəsində elə ilğım yarada bilir ki, bütövlükdə qövm (cəmiyyət, etnos) öz fiziki varlığını qorumağın kriteriyalarını itirir. O, yanlış biliklərə, dəyərlərə, kodlara, memlərə istiqamətlənir və zaman-zaman bu yanlışlıq içərisində əriyib gedir.
Məhz bu bağlılıqda ölkə rəhbərinin aşağıdakı fikirləri üzərində ciddi düşünməyimiz gərəkdir. AMEA-nın 80 illik yubileyində Prezident demişdir: “On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər (seçim bizimdir – F.Q.). Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.
Aydındır ki, Prezidentin Azərbaycançılıq kontekstində vurğuladığı yuxarıdakı fundamental xarakterli müəddəaların tədqiqi, təhlili, izahı, təbliği və təşviqi arxivacib məsələdir. Bu sırada humanitar elmi təfəkkürün dövrləşdirilməsi konsepsiyası prizmasında Azərbaycançılığın fəlsəfi dərkinin aktuallığı xüsusi yer tutur. Məsələ fəlsəfi refleksiya hadisəsi kimi Azərbaycançılığın epistemoloji əsaslandırılması və praktiki tətbiqi imkanlarının “elmi ölçülməsi” baxımından çox əhəmiyyətlidir.
Məfkurəvilik və sivilizasiya faktoru prinsipləri
Bu iki prinsip Azərbaycançılığın fəlsəfi təhlilinə keçid üçün əsas rol oynayır. Həmin prizmada akademik İsa Həbibbyəlinin Azərbaycançılığın fəlsəfəsinə yanaşması çox maraqlıdır. Akademik Azərbaycançılığın fəlsəfəsinə üç ideyanın vəhdətində yanaşır.
Birinci, Azərbaycançılıq məfkurəsi (“Xalqın dövlət qurmaq və onu qorumaq iradəsini elmi-nəzəri cəhətdən təmin edən düşüncə sistemi”).
İkinci, xalq faktoru (“Dövlətçiliyin mənbəyi və maraqlarının qorunmalı olduğu ali subyekt”).
Üçüncü, dövlətçilik xətti (“Məfkurədən güc alan və xalqa xidmət edən, müasir mərhələdə Prezident İlham Əliyevin strateji kursu ilə inkişaf etdirilən praktiki model”).
Bu üç fəlsəfi mahiyyətli ideyanın ortaq semantik sahəsində Azərbaycançılıq məfkurəsi və sivilizasiya faktoru prinsipləri prizmasından baxanda milli, regional və bəşəri sivilizasiyanın ciddi fəlsəfi-elmi kontekstdə münasibətlərinin dövrləşdirmə konsepsiyasında nəzərə alındığını görərik. Konkret olaraq üç məqam vahid məntiqi bucaq altında aktuallaşdırılır.
Birincisi, “azərbaycançılıq qapalı millətçilik ideologiyası (məfkurəsi) deyildir”.
İkincisi, “Azərbaycan xalqının tarixi və mədəni inkişaf yolu daxili milli xüsusiyyətlər, regional və bəşəri sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlər kontekstində tədqiq edilməlidir”.
Üçüncüsü, bu cür dərk edilən Azərbaycançılıq ideyalar sistemi kimi “həm milli mənsubiyyəti qoruyur, həm də qlobal dünyaya inteqrasiyanı təmin edən açıq sivilizasiya fəlsəfəsinə söykənir”.
Bunlardan üç mühüm fəlsəfi qənaət əldə edə bilərik. Onlardan birincisi humanitar elmi təfəkkürün yuxarıda vurğulanan müddəalar kontekstində fəlsəfi-epistemoloji əsaslandırılmasının zəruriliyidir. Problemi yüksək fəlsəfi tədqiqat səviyyəsində araşdırmaq çox vacibdir. Çünki bununla biz bütövlükdə Azərbaycançılığın qövmün mövcudluğu və tarixi təkamülündə ontoloji rolunu sübut etmiş oluruq. Bu da Azərbaycançılığın cəmiyyətin mental faktorlarndan biri olduğunun fəlsəfi əsaslandırılması deməkdir.
İkincisi, Azərbaycançılığın siyasi şüur və liderlik təcrübələri kimi əsas parametrlərinin müəyyən edilməsi aktuallığıdır. Yəni fəlsəfi olaraq izah etməliyik, Azərbaycançılıq siyasi şüur təcrübəsidirmi? Əgər o, şüuri təcrübədirsə əsas olaraq hansı faktorları özündə ehtiva edir?
Üçüncüsü, metodoloji mahiyyətli vurğudur: Azərbaycançılığın şüur (və təfəkkür) hadisəsi kimi fəlsəfi izahı İsa Həbibbəyli anlamında bədii təfəkkürün dövrləşdirilməsinin başlıca qnoseoloji, dünyagörüşü və metodoloji prinsiplərinin bütövlükdə fəlsəfi, sosioloji, tarixi, elmi, siyasi, geosiyasi, kulturoloji, etik, estetik, folklor dövrləşdirilməsinə proyeksiyası sayəsində faydalıdır.
Burada “proyeksiya” “reduksiya” (müncər edilmə) ilə sinonim deyildir. Məsələ bədii təfəkkürün epistemoloji aspektdə müəyyən edilmiş prinsip, kod, kriteriyalarının yaradıcı olaraq bütövlükdə Azərbaycan humanitar təfəkkürünün bütün sferalarına ayrıca tətbiqi imkanlarından gedir.
Yəni əsas məsələ humanitar elmi təfəkkürün müxtəlif aspektləri arasında əsaslı epistemoloji bağlantı qurmaqla əlaqəlidir. Bu da vahid epistemik baza üzərində (bədii təfəkkürün dövrləşdirilməsi prinsipləri) bütövlükdə Azərbaycan humanitar elmi təfəkkürünün dövrləşdirilməsini həyata keçirmək imkanı deməkdir. Məsələnin bu cür qoyuluşu Azərbaycançılıq kontekstində olduqca əhəmiyyətli elmi hadisədir. Onun üzərində dayanaq.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Baxış sayı:115
Bu xəbər 04 Noyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















