Azərbaycançılıq işığında yazılmış roman Bayram MƏMMƏDOV
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Həyatmı hekayətlərdi, hekayətlərmi həyatdı?
Olmuşlarmı tarixdi, tarixmi olmuşlardı?
Xatırlanan (və yazılan) olmuşlara da tarix deyirik. Əgər gerçək bir mühitin təsviridirsə, hadisələr reallığı ifadə edirsə, xatırlatmalar dövrün siyasi təbəddülatlarına da uyğun təhkiyələrlə verilibsə, leksik vahidlər (sözlər), fikir-cümlələr dilin qanunauyğunluqlarına söykənirsə, ... təxəyyülün yaratdıqları da gerçəkliklər kimi oxunur.
Yazıçının mövzuya bələdliyi amili nəsrin də "qızıl qaydası"dı; Vidadi Babanlı "Vicdan susanda" romanını yazanda Sumqayıtda zavodda işləməyə başlamışdı. Təbii ki, müvəqqəti, əsərin elmi-təcrübi məğzini dəqiqliklə öyrənmək üçün. Müdiriyyət ona (və ədəbiyyatımıza!) belə bir şərait yaratmışdı. Yazıçı mövzuya tam bələddirsə, bu, əsərin bədii həllində səmərəli olur. Əli bəy Azəri ali hərbi təhsillidi, peşəkar hərbçidi. Böyük xidmət yolu keçib. Onun "İki Zəngəzurlu zabit" romanı erməniliyin azərbaycançılığa qarşı başladığı ərazi iddiasının (siyasi təxribat kimi təzahür edən mübarizəsinin) bir mərhələsinin bədii təsviridi, erməniliyin Azərbaycana qarşı növbəti (! - B.M.) - müharibəyəqədərki təbliğat-təlimatın necə başladığının (və aparıldığının) bir şəbəkəsinin nəsrləşdirilməsidi.
Romanının əsas personajı Azər Ukraynada hərbi məktəbdə oxuyub. Kursantlar arasında müxtəlif millətlərin nümayəndələri var, hətta ermənilər də - Qrişa, İosif. Azərlə İosifin münasibətləri yoldaşlıq səviyyəsindən üstündü. Hər ikisi zəngəzurlu olmasıyla qürurlanır. Bu səbəbdən İosif Azərin bugünkü (bəlkə də sabahkı) taleyinə kölgə (kölgəmi? - B.M.) sala biləsi ehtimalları qabaqlayır. Azəri xəbərdar edir ki, Qrişa qəlbitəmiz adam deyil, onunla ehtiyatlı olsun. Bu söhbət hadisələrin gerçəklik, inandırıcılıq çalarları üçün ədəbi priyomdu, əsərin bədiiliyi aspektindən uğurlu tapıntıdı, sonralar Qrişanın Ermənistana qayıtmasının, Milli Müdafiə qüvvələrinə qoşulmasının reallığına ədəbi zəmindi.
Azərbaycanda başlayan milli qarşıdurma, müharibə şəraiti Azərin də düşüncələrini tarıma çəkirdi. Ona elə gəlirdi ki, keçmiş SSRİ-nin Silahlı Qüvvələrində xidmət edən zabitlər bu vəziyyətin stabilləşməsinə yardımçı ola bilər. Bu düşüncələrlə də hərbi hissədə azərbaycanlı və erməni hərbi qulluqçuları ilə əhatəli söhbətlər təklif edirdi.
Azər hərbçidir, Azər zabitdir, başlıcası, azərbaycançılığın zabit rütbəsində dönməz əsgəridir. Əli bəy Azəri belə bir obraz yarada bilib. Azər obrazı bitkin obrazdı. Onun yeniyetməliyi, ilkin cavanlığı xəyallarla, nostalji duyğularla təqdim edilib, xarakterinin formalaşdığı dövrün, zamanın yaddaşı hələ də yaşadılır. Erməniliyin hələ "qınından çıxmadığı" vaxtlarda cücərməkdə olan bir duyğu dilə gələ bilmir. Bu xatırlama əsərə "bədii yük" deyil, sonrakı hadisələrə məntiqi keçiddir...
İosif-Azər (Əli bəy Azəri bu iki gənc zabiti belə təqdim edir: "Onları hamı "dostlar" adlandırırdı. Dostlar kimi tanınmış, hörmət qazanmışdılar. Özlərini sakit aparır, heç kimin işinə qarışmazdılar. Kiminləsə mübahisə etdiklərini, dalaşdıqlarını da görən olmamışdı...").
Azər-komandir, Azər-Sveta münasibətləri romanın fabulası, mövzusu baxımından əhatəlidi, mahiyyətlidi, ilk baxışda adi, ötəri, keçici görünsə də, ideyanın çözülməsində gərəklidi. Yazıçı bu paralelləri mövzu ilə əlaqələndirə bilib. Fikrin təsdiqi kimi Azər-Sveta xətti, əvvəllər müəyyən qədər etinasız hesab edilən münasibət əsərin sonunda, az qala, bəşəri məqama çatdırılır, Manananın hərbi şəhərcikdə daşnaklardan müdafiə, mühafizə edilməsində Svetanın çox böyük rolu olur - yüksək rütbəli hərbçi olan atasının vasitəsi ilə Manana bu sıxıntılardan, təhlükələrdən xilas olur. Yazıçı bu məqamın timsalında daha böyük ideyanın pərvəriş tapacağına inam da formalaşdırır. Bu inam ermənilik niyyətinin baş tutmayacağına əminlik yaradır. "İki Zəngəzurlu zabit" romanının bədii, ideya işığı bu inamın işığıdı...
Azərlə İosif söhbətlərində ermənilərin Azərbaycanda başlayan ərazi iddiasından da danışırlar. Bu, sonrakı hadisələrin və sonrakı münasibətlərin dərkinə başlanğıc olmaq etibarilə yazıçı təhkiyəsidi. İosif ermənidi, onun ermənilik xislətini yazıçı inandırıcılıqla təqdim edə bilib, romanın finalında İosifin öz sözləri ilə: "Bu gündən mənim qapım sənin üzünə həmişəlik bağlıdı. Başa düşdün?.." Deyilməsə də, bilinməsə də, oxucu güman edir ki, İosif artıq ermənilik toruna düşübmüş. Bir atalar məsəlini xatırlayıram (güman ki, bunu "İki Zəngəzurlu zabit"i yazanda Əli bəy Azəri də xatırlayıb: "Əslində olan dırnağında da olsa, bildirir"). Söhbətlərinin birində İosif Azərə deyir: "...İndi daşnak xülyalı aslana dönmüş bizimkilər sizinkilərin, xəyalında boz qurda çevrilib insan qanına susayan canavara dönmüş sizinkilər də bizimkilərin qanına yerikləyirlər" (İosif). Yazıçı sətiraltı (mətləbaltı) məzmunla erməniliyin qınaq vasitəsilə haqlı olduğunu düşüncələrə köçürməyə meyilli olduğunu xatırladır...
Azər Azərbaycana - Zaqafqaziya Hərbi Dairəsinə qayıtmaq istəyir, komandiri kömək edəcəyinə söz verir. Lakin onun dəyişdirilmə əmrində bu dairənin deyil, Şimali Qafqaz Hərbi dairəsi yazılıb. Niyə? - müəllif hadisələrin güman müstəvisində bunun erməniliklə bağlı olduğunu nişan verir...
...Azərin Azərbaycana gəlişi, Ermənistan ərazisində mühasirə taleyi yaşayan Nüvədiyə getməsi romanın süjetinin sonluğunu müəyyənləşdirir (romanın süjetinin bədii baxımdan "ekvator xətti")...
Dünənlərdən başlayan hərbi xidmət yolunu qeyri-rəsmi Nüvədidə davam etdirən Azər bu başıbəlalı kəndin müdafiəsini təşkil etmək istəyir. Ona inanan da olur, inanmayan da. Ehtiyatlılığı qorxuya yozanlar, Hamletlər bu müdafiənin təşkilinə imkan vermir. Bu səbəbdən camaat onun məsləhətlərini eşitmir...
Kəndin yaylağında Baba Hacı ziyarətgahı camaatın müqəddəs sandığı yerdi. Babəkin burda dəfn olunduğunu deyirlər. Deyilənə görə, knyaz Vaşaqın qızı da burda dəfn edilib. Bu baxımdan ziyarətgah azərbaycanlılar üçün də, ermənilər üçün də müqəddəs yerdi. İnanclara görə, heç kim bura bəd niyyətlə gəlməz.
Ernəzirin xarabalığında Əlimurad kişinin təklifi ilə yolu-izi, səmti, təpəliklərin düzümünü müəyyənləşdirdikdən sonra kəndin müdafiə qərargahını burda yaratmağa qərar verirlər. Bu qərar o illərdə ərazilərin (yaşayış məntəqələrinin) müdafiə mexanizmi haqqında bədii (ədəbi, ədəbi-tarixi) məlumat kimi təqdim edilib və gerçəkliyin ifadəsi kimi qəbul olunmalıdır...
İki rus zabitinin qətlə yetirilməsi rus hərbçilərinin nüvədililərə münasibətini dəyişir, kənddə müdafiə postları yığışdırılır. Bu, duyanların düşüncələrində həyəcanlar doğurur...
Azər, Roman və Zamindar Azərin təklifi ilə müdafiənin təşkili üçün müşahidələr aparmağı qərara alırlar...
Roman müşahidəni davam etdirir, Azərlə Zamindar əslində, kəndin müdafiəsini üzərinə götürə biləcək qərargahı formalaşdırma niyyəti kimi Ernəziri ziyarətə getməyi qərara alır...
Romanın müşahidələri gerçək kəşfiyyat məlumatlarına bənzəyir:
"- Şübhəli görünən kənddən bir adamın çıxıb üzü o tərəfə getməyi oldu. Əvvəlcə fikir vermədim. Dedim, yəqin çəpış-quzu otaranlardandı. Sonra gördüm təpənin tili ilə yuxarı qalxır. Varıb üzü yaylağa tərəf getdi. Uzaq idi deyə tanıyammadım. Hamletə oxşatdım. Tüfəngi də çiynindəydi".
Kəsə yolla şübhəlini izləyirlər; Romanın gümanı düz imiş. Ziyarətgaha gedən Hamlet imiş (az sonra məlum olur ki, bu ziyarət xəyanətdi. Nüvədiyə xəyanətin kənardan göndərildiyini, siyasi niyyətlərlə məskunlaşdırıldığını müəllif maraqlı bir detalla verib: Hamletin kimliyini, niyə bu kənddə yaşamağa gəldiyini bilən yoxdu...). Müəllif qənaəti: təhlükələr biganəliklərin də nəticəsidi...
Hamleti izləyirlər...
...Hamlet ziyarətgaha girir. Onun ziyarətgahdan tez çıxması Azərin düşüncələrinin güman sunamisinə dönür. "İki Zəngəzurlu zabit" romanının mahiyyəti məhz burda, ziyarətgahda (müqəddəs yerdə) açılır. Həm də müqəddəsliyə ikili münasibət kontekstində. Biri (Azər) insanlığın (bəşəriyyətin) gerçək rəmzi (obrazı) kimi təqdim olunub, digəri (İosif) ermənilik təbliğatına uymuş erməni kimi, anti-bəşəri düşüncələrin daşıyıcısı kimi; "İki Zəngəzurlu zabit" romanının finalının başlanğıcı da, final da, bunların mahiyyəti də Xeyirlə Şərin mübarizəsini xarakterizə edir.
Azər ziyarətgahda İosiflə qarşılaşır; bir vaxtlar çörək kəsərdilər, eyni (münasib) düşüncələrini bölüşərdilər, zəngəzurlu olmalarıyla qürrələnərdilər, səmimi münasibətlərlə əhatələnərdilər. Burda qarşılaşanda Azər çaşqınlıqla, İosif düşməncəsinə baxır. Azər təkdi, bura gümanladığı qara niyyəti "cücərməmiş yox etməyə" gəlib, həm də şəraitə görə tək gəlib, İosif - Hamletə görə, Hamletin gətirdiyi informasiyaya görə gəlib. Mükalimələşmə qınaqdı (İosif: "Siz silahlı dəstələr hazırlayıb Meğriyə hücum etmək istəyirsiniz. Bizim ata-baba yurdumuzu boşaldıb Naxçıvanla birləşmək istəyirsiniz. Biz buna imkan verməyəcəyik, doğma Zəngəzurumuzu göz bəbəyi kimi qoruyacağıq"). Qınağın fakturası Yerevanda mitinqlərdə səsləndirilən fikirlərin fakturasının eynidi). İki niyyət üz-üzə dayanıb. Biri erməniliyin qaranlığıdı, digəri azərbaycançılığın işığıdı. Bəd niyyət torpaqsevərliyi qınayır, topraqsevərlik - bəd niyyəti. Mükalimələşmədə İosif etiraf edir ki, Hamleti ermənilərə ruslar ötürüb. (İosif: "Onu elə ruslar bizə calamışdı").
Romanda mükalimələşmənin alt qatının məntiqi bəd niyyəti də obrazlaşdıra bilib. Dərk: ermənilik bədniyyətlikdi. Və yaxud bədniyyətlik ermənilikdi. Əli bəy Azəri bu gerçək qənaəti İosifin düşüncələriylə, dedikləriylə verib ki, bu da ədəbi qənaətdən daha çox, həyati qənaət kimi qəbul edilməlidir...
Hamlet obrazı, Hamletin, onun davamçısı olan Afərinin gizlin fəaliyyəti Birinci Qarabağ müharibəsində məğlubiyyətimizin konturlarından birini nişan verir...
"İki Zəngəzurlu zabit" romanı Azərbaycanın müharibəyəqədərki, daha doğrusu, münaqişədən qanlı savaşa keçid mərhələsi tarixinin romanıdır, gur azərbaycançılıq işığı ilə yazılıb...
Bu mövzuda digər xəbərlər:“Azərbaycançılıq məfkurəsi” biblioqrafiyası
19 Avqust 2025 03:56
Azərbaycançılıq ideyası mətbuatda
19 İyul 2025 10:11
Birləşdirici missiya Azərbaycançılıq!
03 İyun 2025 08:54
Azərbaycançılıq ideyasının təbliği
31 Yanvar 2025 16:22
Ruh qardaşı Bayram Məmmədov yazır
26 Sentyabr 2025 19:03
Baxış sayı:69
Bu xəbər 28 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















