Müdriklik işığı Bayram Məmmədov yazır
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Dünyanın dolaşıq yolları hardan başlanır, hara gedir, bitirmi, bitmirmi, bilinməz. Yollar boyunca yellər hardan əsir, hara əsir, kəsəcəkmi, kəsməyəcəkmi, bilinməz. Yollarımıza yağan yağışları da, göy üzünün gözümüzü küsdürən göz yaşlarını da sevmişik, xırdaca damlalarına qoşa ovuc açdığımız yağışları da. Yarpaqların yaşılını da sevmişik, yanaqlarına sarı xallar düşənlərini də. Şeiri də sevirik, musiqini də, rəngkarlığı da. Beləcə, sevgi zərrələri olan ömrümüz zaman-zaman dan yerinə həvəsidiyi kimi, yaxşı insanların işığına da can atıb. Tanıdığım yaxşı insanlarla hər ünsiyyəti ömrümə qazanc bilmişəm. Tofiq Mehdiyevi belə tanımışdım, ona ehtiramım belə formalaşmışdı, onu minlərdən biri kimi mən də bu ehtiramlarla da xatırlayıram.
Tofiq Şəfaət oğlu Mehdiyev 1946-cı il sentyabrın 14-də Şərqi Zəngəzurda - Zəngilan rayonunun Pirçivan qəsəbəsində (indiki Zəngilan şəhərində) anadan olub, buranın gözəlliklərini gözlərinə köçürə-köçürə burda böyüyüb, mehinə mehirlənib, güllərinin-çiçəklərinin rayihəsindən sehrlənib, şimşək çaxışından, sellərin coşqusundan burda qəhərlənib, gündüzlər Günəşin, gecələr Ayın, ulduzların işığını keçəcəyi yollara xəyalən burda ələyib...
Tofiqin atası Şəfaət Mehdiyev 1937-ci ildən 1960-ci ilədək Zəngilan rayon torpaq şöbəsinin aqronomu, Maşın Traktor Stansiyasının (MTS) baş aqronomu, Maşın Traktor Stansiyasının direktoru və Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdi. Sosialist Əməyi Qəhrəmanı idi. Anası Nazlı xanım ali partiya məktəbini bitirmişdi, Qubadlı rayon partiya komitəsinin partiya kabinetinin müdiri işləmişdi; Tofiq belə bir ailədə böyümüşdür...
Tofiq Şəfaət oğlunun rəngkarlığa da, musiqiyə də böyük marağı olub. Musiqi məktəbində tar çalmağı öyrənirmiş, Zəngilan şəhər 1 saylı məktəbin dil-ədəbiyyat müəllimi, istedadlı şair və rəssam Nəriman Əliyevdən rənglərin harmoniyasının sirlərini, bu sirlərin fəlsəfəsini mənimsəyirmiş. Öyrəndikcə fırçayla yaradılan rənglər dünyasına vurulurmuş. Bu, böyük sevgi idi; Tofiq bu sevginin işığında rəssam olmaq istəyirdi. 1961-ci ildə Mincivan qəsəbə orta məktəbinin 7-ci sinfini bitirmişdir. Sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə vermişdir. Minbir istəklə gəldiyi təhsil ocağı onun könül dünyasında tərs yellər əsdirmişdir; sol gözündə "qara su" aşkarlanmışdır. Həkimlər ona rəssamlıqla məşğul olmağı məsləhət görməmişdilər, müəyyən həddə qadağan etmişdilər. Valideynləri bu qadağanın yeniyetmənin gələcəyi üçün səsləndirildiyini nəzərə almışdır. Tofiqin göz yaşları ürəyini islatmışdır. Bakı Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. Texnikumu bitirəndə düşüncələrinin tərpənişi onun niyyətinin səmtini dəyişmişdir. Tofiq Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) elektrotexnika fakultəsinə daxil oldu. Oxudu, öyrəndi. Öyrənə-öyrənə həm də dünyaduyumu formalaşırdı...
İnstitutu bitirib Azərbaycan komsomolunun 50 illiyi adına Bakı Elektrik Maşınqayırma zavodunda usta köməkçisi kimi əmək fəaliyyətinə başladı. Bu vəzifədə az işlədi. 1971-ci ilin iyulunda Esman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda mühəndis vəzifəsinə təyin olundu. 1973-cü ilin aprelindən 1976-cı ilin aprelinədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Kolxozlararası Kökəltmə Birliyində böyük mühəndis, 1976-1977-ci illərdə Ümumittifaq Tədqiqat Heyvandarlıq Fermalarının Quraşdırılması İnstitutunun Zaqafqaziya şöbəsinin direktoru, 1977-ci ilin martından 1982-ci ilin yanvarınadək Kənd Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində inspektor, sonra katib vəzifəsində işlədi.
T.Mehdiyev bacarıqlı kadr idi, məsuliyyətli kadr idi, dövlətə, dövlətçiliyə sədaqətli kadr idi. Bu fəzilətlər və malik olduğu milli-mənəvi dəyərlər onun kadr kimi zəmanəti olmuşdur: 1982-1983-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsininın kənd təsərrüfatı şöbəsində təlimatçı, 1983-1986-cı illərdə katib köməkçisi, 1986-cı ildən 1987-ci ilin dekabrınadək kənd təsərrüfatı şöbə müdirinin müavini işlədi. 1987-ci ildə Zəngilan rayon partiya komitəsinin birinci katibi seçildi. Bu, Böyük Yolun başlanğıcı imiş...
T.Mehdiyev Zəngilanın timsalında Azərbaycanı düşünürdü, Zəngilanın timsalında Azərbaycanın nüfuzunu qoruyurdu, Zəngilanın timsalında Azərbaycanı müdafiə edirdi. Düşməni tanımaq müdafiənin başlanğıcıdı. Ermənistanın xislətini bildiyinə görə daha etibarlı tədbirlər görürdü.
Mərkəzi Komitə Zəngilanın iqtisadi və sosial inkişafını təqdir edirdi: yollar çəkilirdi, abadlıq işləri genişlənirdi, kəndlərə telefon xətləri çəkilirdi, kəndlər qazlaşdırılırdı, Qafanın və Kaçaranın mis-molibden mədənlərinin çirkləndirdiyi Oxçu çayının təmizlik dərəcəsini müəyyənləşdirən laboratoriya, Bakı Quru Transformatorlar zavodunun filialı açılmışdı, "Qotur su" kimi tanınan müalicəvi suyun mənbəyində "Süsən" sağlamlıq pansionatı, kərpic zavodu, tikiş və toxuculuq sexi, hamam, mədəniyyət sarayı, yeni məktəblər, kinoteatr istifadəyə verilmişdi, Zəngilan yeni iqtisadi metodlar əsasında inkişaf edirdi.
Ermənistanda ermənilik genişlənəndə, Azərbaycanda ərazi iddiası Ermənistanın xarici siyasətinin istiqamətini müəyyənləşdirəndə, ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün açıq mübarizəyə başlayanda Zəngilanda gərəkli müdafiə tədbirləri görülməyə başlanıldı. Tofiq Mehdiyevin təşəbbüs ilə fəallar yığıncağı çağırıldı. Yığıncaqda qərara alındı ki, müdafiə şurası yaradılsın, rayonun müdafiəsi və mühafizəsi təmin edilsin. Təxirəsalınmaz tədbirlər çərçivəsində tanınmış hərbi xadim general-leytenant Valeh Bərşadlının məsləhətlərilə rayonda müdafiə sistemi yaradıldı. Sərhədyanı kəndlərdə klublar, ictimai binalar hərbi tələblərə uyğunlaşdırıldı. Könüllü döyüşçülər bu tikililərdə yerləşdirildi. Qazançı, Seyidlər, Rəzdərə kəndlərində sərhəd mühafizə məntəqələri yaradıldı. Yuxarı Genlik kəndində hərbi baza inşa edildi.
T.Mehdiyev Moskvanın diktəsi ilə Azərbaycandan alınıb Ermənistana verilmiş Nüvədi kəndinin Zəngilana qaytarılmasını tələb edirdi, bunun üçün xüsusi dövlət komissiyasının yaradılmasına, beş il bu kənddə Azərbaycan idarəçiliyinin təmin edilməsinə nail olan deputat idi.
T.Mehdiyev XI, XII çağırış Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilərək zəngilanlıların mənafeyini layiqincə təmsil edib, dövlət atributlarının - Bayrağının, Himninin, Gerbinin qəbul olunmasında iştirak edib. Bununla yanaşı, Müstəqillik Aktına imza atan deputatlardan biri olub. Ali Sovetin sessiyasında iştirak etmək üçün Bakıya gələndə MK-da rayonun kuratoru, təşkilat partiya işi şöbəsinin inspektoru Şamil Hüseynova deyib ki, mən sessiyada çıxış edib şəhərlərimizin, rayonlarımızın adlarının qaytarılmasını tələb edəcəm. Cəzalandırılsam da, təklif edəcəm. Beş-on ildən sonra Gəncə adı unutdurulan kimi Nizami adı da unutdurulacaq, Qəbələ adı unutdurulan kimi İsmayıl bəy Qutqaşınlı adı da unutdurulacaq. Beləcə, tariximiz unutdurulacaq. Vətənə görə o günün qəzəbindən qorxmalıyıq...
Tofiq müəllim sessiyada çıxış etmişdi, təklifini səsləndirmişdi: Kirovabada öz əvvəlki adı olan Gəncə qaytarılsın, Qutqaşenə Qəbələ, Vartaşenə Oğuz adları qaytarılsın!
Öz adından demişdi, xalqın adından deyilmiş kimi səsləndi!..
1988-ci ildə Ermənistanda azərbaycanlıların qəddarlıqla, vəhşiliklə deportasiyası başladı. Ermənistandan qaçmağa məcbur olanlarımızın bir hissəsi Zəngilana pənah gətirirdi. Onlar Mincivanda və Şərikanda böyük səmimiyyətlə, səmimiyyət qarışıq qəhərlə qarşılandı. Qaçqınlar ilk vaxtlar yerli əhalinin evlərində, məktəblərdə, uşaq bağçalarında, ...yerləşdirilirdi. Sonra 30-cu illərdə varlığını itirmiş Tağılı kəndinin yerində layihə əsasında yeni Tağılı kəndi, Cəfərquluuşağı kəndinin yerində "Yeni Cəfərquluuşağı" kəndi inşa olundu, qaçqınlar bu kəndlərdə məskunlaşdılar...
Tofiq Mehdiyev sonralar müstəqil Azərbaycanda "Azərittifaq"ın ilk sədri oldu. Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələr həm də bu rəsmi dövlət qurumu vasitəsilə tənzimlənirdi, bu tənzimlənməni həm də T. Mehdiyevin rəhbərlik qabiliyyəti, bu əlaqələrə ruhən sevgisi tənzimləyirdi. Azərbaycanın Türkiyədə ilk ticarət nümayəndəliyini T.Mehdiyev təsis etmiş, ora nümayəndə göndərmişdi.
Zəngəzur təkcə toponim kimi deyil, Vətənin bir hissəsi kimi heç zaman T.Mehdiyevin düşüncələrindən uzaq düşməmişdir. Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad ediləcəyinə də inanırdı, nə vaxtsa hansı səbəblərədənsə ilhaq edilmiş ərazilərinin də öz sərhədləri daxilində olacağına da. Bu baxımdan Zəngəzur da istisna deyildi. Bu inam Tofiq Mehdiyevin təşəbbüsü ilə yaradılmış "Zəngəzur İctimai Birliyi"nin ideya istiqamətlərini müəyyənləşdirdi. Tofiq Mehdiyev bu Birliyin sədri seçildi. Hazırda Tofiq müəllim Ağsaqqallar Şurasının sədridir. Ağsaqqal xeyir-duası ilə yaradılan Birlik ağsaqqal tövsiyələri ilə işıqlı səhərlərə uğurdadır...
Vətən müharibəsində qazanılan Zəfər təkcə ərazilərimizin işğaldan qurtuluşu ilə məhdudlaşmadı, həm də tarixi ədalətin daha geniş miqyasda bərpa olunacağı inamını kükrətdi. Yaddaşlardan tarixə qaytarılan Zəngəzur kimi. Bu gerçəklik Tofiq Şəfaət oğlunun da ruhunun zikri oldu. Bu zikr şükranlıqdır. Bu şükranlıqda qədərsiz sevgi də var. Vətəni tarixi bütövlüyü ilə sevənlər Zəngəzur dəhlizinin açılmasını Zəngəzura qayıdışın başlanğıcı bilir. Bu dərk hər bir azərbaycanlı üçün gözaydınlığıdır. Bu gözaydınlığında tanıdığım və sevdiyim Tofiq Şəfaət oğlu Mehdiyevin Vətən sevgisinin də işığı var, vətəndaşlığının da, dünyaduyumunun da, azərbaycançılığının da...
Hər kitabın öz mahiyyəti olur. Yüksək siyasi təfəkkürə malik olan Tofiq Mehdiyev həm də SÖZə yaxşı bələd olan ziyalıdır. Onun tarixi müstəvidə yazdığı "Zamanın axarında" (Zəngəzursuz illərim) kitabı sevgilər kitabıdır: Azərbaycana sevgi, Zəngilana sevgi, Azərbaycanı, Zəngilanı sevənlərə sevgi. Bu baxımdan tarix haqqında yazılmış tarixi kitabdır, mahiyyəti baxımından tarixin kitabıdır. T.Mehdiyev bu kitabda neçə-neçə tarixi hadisəni tarixləşdirib, bu hadisələrin hər biri ayrılıqda da, vəhdətdə də Azərbaycanımızın tarixidir. Qəlbin hökmü ilə yazılmış bu kitaba Azərbaycanın bir regionu haqqında tarixi hadisələr antologiyası da deyə bilərik...
Tofiq Şəfaət oğlu Mehdiyevin 80 yaşı tamam olur. Bu yaş müdriklik yaşıdır. Gəncliyini də, ilkin ağsaqqallığını da müdrik düşüncələrlə yaşamış Tofiq müəllimə cansağlığı, bundan sonra da dəyərlərlə yaşanılacaq illər arzulayırıq...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 11 Sentyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















