Azərbaycanda da antibiotiklərin sərbəst satışının dayandırılmasının vaxtı çoxdan çatıb
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
İstər ətraf mühitdə gedən insan orqanizmi üçün mənfi prosslər, istərsə də qida rasionumuza əlavə etdiyimiz zərərli qidalar istər-istəməz orqanizmdə müəyyən pozğunluqlar, xəstəliklər yaradır. Elə bu səbəbdəndir ki, son illərdə müxtəlif xəstəliklərdə artım müşahidə edilir. Təəssüfedici hal ondan ibarətdir ki, LOR xəstəliklərində də artım qeydə alınır. Bəs görəsən, LOR xəstəlikləri nədən irəli gəlir və onun ilkin əlamətləri nələrdir? Bu və ya digər suallarla Xüsusi Müalicə Sağlamlıq Kompleksinin Qulaq, burun, boğaz və baş-boyun cərrahı uzman doktor Aydın Talışinski ilə söhbətləşdik.
-Aydın doktor, xaricdə təhsil almısınız, uzun illərdir səhiyyə sahəsində çalışırsınız və otorinolarinqologiya, yəni qulaq-burun-boğaz xəstəlikləri üzrə ixtisaslaşmısınız. İlk sualım belədir: bu sahəni sevərək seçmisiniz, yoxsa ailədə tibb sahəsində çalışanların təsiri olub, yaxud bu valideynlərinizin seçimi idi?
– Böyüdüyüm mühit məndə alim və həkim olmağa maraq yaradıb. Valideynlərimin hər ikisi həkimdir. Ümumiyyətlə, hər iki tərəfdən qohumlarımız arasında həm həkimlər, həm də hərbçilər çox olub. Bir neçə qohumum qulaq-burun-boğaz həkimidir. Atam hazırda bu sahə üzrə professordur, eyni zamanda kafedra müdiri olub və ölkənin bu sahədə baş mütəxəssisi vəzifəsində çalışmışdır.
Valideynlərim mənim peşə seçimimə birbaşa təsir göstərməyiblər. Əksinə, tövsiyə ediblər ki, həkimlik çətin bir peşədir, bir daha düşünüm və əgər bu şərəfli, lakin keşməkeşli yolda getməyə hazıram¬sa, o zaman bu peşəni seçim.
Mən də sözümün arxasında durdum. İlk öncə 16 yaşında Lomonosov adına Moskva Dövlət Universitetinin Tibb fakültəsinə daxil oldum. Bu fakültədə 6 il təhsil alaraq 2002-ci ildə məzun oldum və buradan məzun olan ilk Azərbaycanlı və Türk həkim oldum. Daha sonra İzmir şəhərində daha 6 il Tibb üzrə Uzmanlıq təhsili aldım və sonda elmi iş müdafiə edərək ixtisasıma yiyələndim. 2009-cu ildə Braziliyada, öz sahəm üzrə apardığım tədqiqatın məruzəsi ilə Dünya Birinciliyi əldə etdim, yəni Ümumdünya LOR Konqresində Rinologiya sahəsində “ən yaxşı təqdimat” mükafatını qazandım. İtaliya, Almaniya, Mərakeş, Ukrayna, Avstraliya, BƏƏ və bir çox digər ölkələrdə təcrübələrimi paylaşmışam.

– Son illərdə müxtəlif xəstəliklərin artması müşahidə olunur. Qulaq, burun və boğaz xəstəlikləri ilə bağlı vəziyyət necədir? Artım varmı?
– Bir çox ölkədə rəsmi statistikaya görə əksər sahələr üzrə xəstəliklərin sayı artıb, o cümlədən bəzi LOR xəstəliklərində də. Bununla yanaşı, peyvəndləmə və müasir müalicə üsulları nəticəsində azalan xəstəliklər də kifayət qədərdir.
Lakin bizim sahədə onkoloji xəstəliklərin, allergik proseslərin və qulaq problemlərinin sayı artır. Ekoloji mühit, zərərli vərdişlər, qeyri-sağlam qidalanma, müalicənin yarımçıq saxlanılması, antibiotiklərin düzgün olmayan və yersiz istifadəsi mənfi təsirini göstərir.
Səhiyyəmizin tibbin bütün sahələrində uğurları çoxdur lakin bu baxımdan, inkişaf etmiş ölkələrdə və qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da antibiotiklərin sərbəst satışının dayandırılmasının vaxtı çoxdan çatıb. Eyni zamanda Türkiyədə qadağan olunan qızdırılan tütün məhsulları bizdə hələ də sərbəst şəkildə satılır.
– LOR xəstəlikləri adətən nədən yaranır və ilkin simptomları nələrdir?
– LOR xəstəlikləri bir çox orqanı əhatə edir. Hətta Türkiyədə, Avropada və ABŞ-da bu ixtisasın tam adı “Otorinolaringologiya və Baş-Boyun Cərrahiyyəsi”dir. Bu da postsovet məkanında qəbul edilən anlayışdan xeyli genişdir. Ona görə də vahid simptomdan danışmaq mümkün deyil.

Qış mövsümündə daha çox soyuqdəymə ilə müraciətlər olur. Bu barədə bəhs edə bilərəm. Xəstəlikləri biz əsasən virus və bakterial infeksiyalara ayırırıq. Zökəm virus infeksiyasıdır, adətən yüngül keçir, yüksək hərarət olmur və antibiotik müalicəsi tələb etmir. Burun axıntısı və boğazda göynəmə ilə müşayiət olunur. Qrip də virus infeksiyasıdır, lakin zökəmdən daha ağır keçir, yüksək hərarət və ciddi fəsadlar yarada bilər. Virus infeksiyası uzun müddət – adətən 10 gün və daha çox davam etdikdə, bakterial infeksiyaya ağırlaşa bilər. Bu zaman burun axıntısı şəffaflıqdan çıxaraq tünd və yaşıl rəng alır və antibiotik müalicəsi tələb olunur.
– Bu cür xəstəliklərin ağırlaşmaması üçün xəstələrə nə tövsiyə edərdiniz?
– Ev şəraitində infeksiyanın növünü müəyyənləşdirib uyğun müalicə aparmaq mümkün deyil. Təkcə axıntının rənginə baxaraq qərar vermək də yanlışdır. Biz müalicə təyin edərkən limfa vəzilərinin vəziyyətini, halsızlığı, hərarəti, lazım gəldikdə qan göstəricilərini və bir çox digər amilləri nəzərə alırıq. Endoskopiya – burun, udlaq və qırtlağın kiçik kameralarla ağrısız müayinəsi – dəqiq diaqnoz qoymaqda çox faydalıdır. Əksər hallarda rentgen müayinəsinə ehtiyac olmadan sinusit (haymorit) diaqnozunu dəqiqləşdirməyə də imkan verir.
– Evdə müalicə və ya aptekdən dərman almaqla kifayətlənmək nə dərəcədə doğrudur?
– Yüngül boğaz ağrısı və burun axıntısında ilk günlər həkimə müraciət etmək vacib deyil. Dincəlmək, bol maye qəbulu, burnu apteklərdə satılan dəniz sularıyla yumaq kifayət edə bilər. Lakin halsızlıq artarsa, qida və maye qəbulu azalarsa, tənəffüs çətinliyi və ya yüksək hərarət müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.
Bu əlamətlərə əlavə olaraq bəzi simptomlar müşahidə edildikdə yubatmadan tez həkimə müraciət etmək lazımdır. Xüsusilə qulaqla bağlı şikayətlər olduqda, yəni yuxarı tənəffüs yolu infeksiyası qulaq əlamətləri ilə ağırlaşdıqda, ağrının səbəbini həkim müayinəsi olmadan müəyyənləşdirmək mümkün deyil.
– Vaxtında həkimə müraciət etməmək hansı fəsadlara yol aça bilər?
– Bizim ixtisasımıza aid orqanlar baş-boyun nahiyəsində yerləşdiyi üçün infeksiya beyin, gözlər, boyundakı əsas damarlar və sinirlər kimi həyati vacib sahələrə yayıla bilər. Bu o demək deyil ki, hər zökəmdə panikaya düşmək lazımdır, lakin xəstəliyin gedişini diqqətlə izləmək və zərurət olduqda mütləq peşəkar tibbi yardıma müraciət etmək vacibdir.
– Pasiyentləriniz əsasən hansı yaş qrupundandır? Ümumiyyətlə mənfi hallar, fəsadlar özünü hansı yaşda daha çox göstərir?
-Bizim ixtisasımızın yaşla bölgüsü yoxdur, tam və müasir təhsilli LOR mütəxəssisi bütün yaş qrupunda xəstələrə hakim olmalıdır. Doğuşdan etibarən, ahıl yaş daxil bütün yaş pasiyentlərimiz olur. Ən kiçik pasiyentim yenidoğulmuş olub, ən yaşlı pasiyentim 108 yaşında olub. Həmçinin körpələri də, yaşlıları da həm konservativ, həm də yeri gəldikdə cərrahi müalicə aparırıq. Hər yaşın öz xüsusiyyəti var. Pediatrik yaş qrupu daha riskli yaşdır bir çox fəsad üçün. Təbii ki, düzgün həyat tərzi aparan, gənc, mənəvi və fiziki ümumən sağlam insanlarda ağırlaşma riski nisbətən daha azdır.
– Bəzən deyirlər ki, restoranlarda olan yüksək səs də qulaqda problemin yaranmasına səbəb olur. Bir həkim kimi bununla razısınızmı?
-İstənilən yerdəki yüksək səs qulağa mənfi təsir edir. İstər səs qulaqlıqdan gəlsin, istər restoranlardakı dinamiklərdən. Eşitmənin zəifləməsi bir dəfəlik şiddətli səsə məruz qalmaqla belə ortaya çıxa bilər, lakin daha çox mütəmadi təsirdə müşahidə edirik. Anidən eşitmənin zəifləməsində dərhal həkimə müraciət edilməlidir.
– Son olaraq istər vətəndaşlara, istərsə də öz pasiyentlərinizə nəyi tövsiyə edərdiniz?
-Sizin suala bir az fəlsəfi cavab verim. Tövsiyə yerinə, həkim–pasiyent əlaqəsində bəyəndiyim bir məqamı qeyd edim. Mənim üçün dəyərli olan odur ki, həkim xəstəyə bütöv şəkildə yanaşsın, onu həyat tərzi, maraqları və dünyagörüşü çərçivəsində bir tam kimi qiymətləndirsin və müalicəni də bu əsasda aparsın. Eyni zamanda pasiyent də bilməlidir ki, həkim böyük və ziyalı bir həyat yolu keçmiş, həkimlik xaricində yüksək savad və mədəniyyət daşıyıcısı olan bir şəxsdir; ona güvənməli və hörmət göstərməlidir. Bu cür qarşılıqlı yanaşmanın olduğu mühitdə şəfa daha tez tapılar.
Süleyman İsmayılbəyli
Bu mövzuda digər xəbərlər:Deputat: Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb
30 May 2025 12:40
Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb... Prezident
26 Aprel 2025 00:31
Çoxdan gözlənilən filmin çəkilişləri başa çatıb
21 Sentyabr 2025 08:56
İlham Əliyev: “Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan çatıb”
25 Aprel 2025 14:58
Qətiyyətli addımlar üçün vaxt çoxdan çatıb Zelenski
28 Sentyabr 2025 12:55
Baxış sayı:55
Bu xəbər 27 Yanvar 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















