Azərbaycanda ilk dəfə kofe qalıqlarının toplanması və təkrar istifadəsi həyata keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
“EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşəbbüsü və “Baristica Coffee Roastery” şirkətinin baş tərəfdaşlığı ilə yeni ekoloji layihə ictimaiyyətə təqdim edilib.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, layihə 1 oktyabr – Beynəlxalq Kofe Günü münasibətilə “Passage 1901”-də “Baristica Coffee Roastery” şirkətinin təşkil etdiyi “Coffee People” Festivalı və “Comandante Championship” çərçivəsində təqdim olunub.
Təşəbbüsün əsas məqsədi kofe-shoplarda artıq qalan kofe qalıqlarının (jımıx) tullantı kimi deyil, təkrar emal üçün dəyərli ekoloji resurs kimi istifadəsini təmin etməkdir. Toplanacaq qalıqlar “Smart Waste” MMC ilə əməkdaşlıq çərçivəsində kompost, üzvi gübrə və digər təbii həllərə yönləndiriləcək.
“EkoSfera” SEC-in rəhbəri, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultan-zadə çıxışında vurğulayıb: “Biz bu layihə ilə həm tullantıları ekosistemə geri qazandırırıq, həm də ictimaiyyətə göstəririk ki, kiçik addımlar böyük dəyişikliklərə yol aça bilər. Azərbaycanda ilk dəfə kofe qalıqlarının sistemli şəkildə toplanması və təkrar istifadəsi həyata keçiriləcək”.
Festival çərçivəsində keçirilən barista yarışları, müxtəlif qəhvə içkilərinin təqdimatı və dequstasiyalar tədbir iştirakçılarına həm kofe mədəniyyətini yaxından tanımaq, həm də ekoloji məsuliyyətin əhəmiyyətini dərk etmək imkanı yaradıb.
Yeni təşəbbüs beynəlxalq təcrübəyə əsaslanır və tullantıların azaldılması, torpağın münbitliyinin artırılması, resursların səmərəli istifadəsi baxımından böyük fayda verəcək.


