Azərbaycanın ən uzunömürlü sakinlərindən biri 114 yaşlı Qızpəri nənəgildən reportaj
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın ən yaşlı sakinlərindən biri Xaçmazda yaşayır.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Nağıoba kəndinin sakini Qızpəri Əmrahovanın 114 yaşı var.
Qızpəri nənə əslən dağıstanlıdır. Nağıoba kəndinə uşaq vaxtı gəlib. Həddi-buluğa çatanda isə özündən bir yaş böyük Əmrah Əmrahovla ailə həyatı qurub. Onların üçü oğlan, üçü qız olmaqla, ümumilikdə, altı övladı dünyaya gəlib. Əmrah baba 2002-ci ildə, 91 yaşında dünyasını dəyişib.
Qızpəri Əmrahova kənddə zəhmətkeşliyi ilə tanınıb. Hamının xeyir-şərinə yarayan xanımlardan olub. Sovet dönəmində qabaqcıl kolxozçu kimi medalla təltif edilib. Onun bişirdiyi dadlı lavaş-çörək kəndin toy məclislərinin bəzəyi olub.
“Anam yadımdadır. Allah ona rəhmət eləsin. Səhərdən axşama kimi işləyirdi. Taxıl biçərdi. Mən də ona yemək aparırdım. Mən özüm də təsərrüfatda işləmişəm. Pomidor, xiyar yığmışam. Axşama kimi tarlalarda olmuşuq. İşləyəndə yaxşı maaş alırdım. 60-70 manata kimi maaş verirdilər. Təmiz məhsullar yemişik - süd, qatıq, yağ. Camış südündən nehrə yağı hazırlamışam... Keçmişdəki toylar yaxşı idi. Çalıb, oxuyub, oynayırdılar. O vaxtkı gəlinlər ağzına yaşmaq çəkərdi. Böyük yanında bir şey danışmazdılar”, - deyə 114 yaşlı Qızpəri Əmrahova bildirib.
“Nəvələrimin hamısını çox istəyirəm. Qurban olaram onlara. Ən çox Habili istəyirəm. Muradı da çox istəyirəm”, - deyə Qızpəri nənənin hazırda 16 nəvəsi, 27 nəticəsi var. Böyük oğlu 2019-cu ildə, 67 yaşında dünyadan köçüb. Əmrahovlar ailəsinin ən kiçik üzvü, Qızpəri nənənin sonuncu nəticəsinin isə hələ 1 yaşı tamam olmayıb.
“Anam son illərədək özünü gümrah hiss edirdi. Həyət-bacaya çıxırdı, toyuq-cücə saxlayırdı. Böyük qardaşımın dünyasını dəyişməsi anama pis təsir etdi. Anam həmişə sağlam olub. Biz onu xəstə, yataqda görməmişik. Heç bir əməliyyat keçirməyib. Mal-qara, toyuq-cücə saxlayıb, bağ, bostan əkib-becərib. Yeməyinə həmişə fikir verib. Camış saxlamışıq. Qaymaq yeyirdik həmişə. Həyətdə olan toyuqları, hinduşkaları (hind quşu – red.) heç vaxt satmayıb. Özümüz üçün yeməyə istifadə etmişik. İndi də qardaşım, gəlinimiz ona yaxşı qulluq edir”, - deyə qızı Xurma Məmmədova söyləyib.
Bir əsrdən çox yaşı olan Qızpəri nənənin indi beli bükülüb, eşitməsi zəifləyib. Qızpəri nənənin gəlini Seyran Əmrahova deyib: “Qızpəri nənə səhər 8-9 da yuxudan oyanır. Səhər həyətə çıxıb əl-üzünü yuyur. Səhər yeməyinə adətən süd yeyir. Günorta toyuq şorbası, küftə bişirirəm. İştaha ilə yeyir. Şam yeməyini saat 5-də edir. Saat altıda yatır. Yuxusu yaxşıdır. Gündüz də, gecə də rahat yatır. Doğma anam kimi baxıram ona. Evdə böyük olması çox yaxşıdır”.
Ailə üzvləri Qızpəri Əmrahovanın uzunömürlü olmasını kənd həyatı, həmişə fiziki işlə məşğul olması və təbii qidalanması ilə əlaqələndirirlər.
“Anam, atam çox zəhmətkeş olub. Amma bizi ərköyün böyüdüblər. Mən burada kənddə qonşuluqda yaşayıram. Bir gün anamın yanına gəlməyən kimi, arxamca adam göndərir. Fikirləşir ki, yəqin xəstələnmişəm deyə onu ziyarətə gəlməmişəm. Bura gələndən bir müddət sonra da deyir ki, evinə - ailənin yanına get. Mənim ailəm üçün də narahat olur. Bir müddət anam Xaçmazda kiçik qardaşımın yanında yaşadı. Onda bu evə gəlirdim, anamı görməyəndə çox darıxırdım. İnsan hansı yaşda olmasından asılı olmayaraq anası üçün darıxır, onu görmək istəyir”, - deyə qızı Lətifə Ədilova söyləyib.
Oğlu Ağamalı Əmrahov bildirir ki, Qızpəri nənənin ətraf kəndlərin hamısında, eləcə də Xaçmazda, Bakıda, Rusiyada nəvə-nəticələri yaşayır. Nəticələrindən hərbi xidmətdə olan, universitetdə oxuyanlar var: “Anamın ən kiçik nəticəsi 9 aylıqdır. Anam zəhmətkeş qadın olub. Həmişə təsərrüfatda çalışıb. Uşaq olanda pomidor yığmaqda anama kömək edərdik. Hamı 70-80 yeşik pomidor yığanda, biz 100 yeşik toplayardıq. Nümunəvi işçi idi. Toylara getməyə böyük həvəsi var. Son vaxtlaradək kənddə toy olanda deyirdi ki, məni də aparın. Toylar üçün çörək bişirərdi. Un gətirib verərdilər, anam toylar üçün təmənnasız çörək bişirərdi”.
Hazırda Xaçmazda yaşı 100-ü keçən cəmi iki sakin yaşayır. Onların hər ikisi qadındır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 01 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















