Icma.az
close
up
RU
Azərbaycanın həqiqətə söykənən diplomatiyası

Azərbaycanın həqiqətə söykənən diplomatiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakıda akkreditə olunmuş diplomatik korpusların nümayəndələrinin Qarabağa səfəri illərlə eşidilməyən Azərbaycan həqiqətlərinin dünyaya birbaşa, canlı şahidlərin dili ilə çatdırılması baxımından mühüm hadisədir.

2025-ci il 18 aprel tarixində Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa, xüsusilə də Xankəndi və Şuşa şəhərlərinə səfəri — Azərbaycan diplomatiyasının həm informasiya müharibəsində, həm də regional sabitliyin möhkəmləndirilməsində əldə etdiyi yeni uğurun təcəssümüdür. Bu səfər təkcə diplomatik jest deyil, həm də 30 illik münaqişə sonrası yaranmış reallıqların dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından strateji və simvolik əhəmiyyətə malikdir və Azərbaycanın 30 illik münaqişədən sonra əldə etdiyi tarixi Qələbəni, onun yaratdığı yeni reallıqları dünya ictimaiyyətinə göstərmək baxımından vacibdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərlə bağlı “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib: “Akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə Füzuli Hava Limanına eniş etdik. Şuşaya və Xankəndiyə gedirik. Biz Xankəndidəki Qarabağ Universitetinin tələbələrinə baş çəkəcəyik. Qarabağın və Şərqi Zəngəzurun münaqişədən sonra yenidən qurulması və transformasiyası heyranedicidir!”. Bu cümlələr sadə bir səfərin deyil, Azərbaycanın diplomatik strategiyasının uğurla gerçəkləşdiyini göstərən dərin siyasi mənzərənin xəbərçisidir.

Diplomatik protokol çərçivəsində bu səfər iki istiqamətdə önəmlidir. Birincisi, beynəlxalq münasibətlərdə diplomatik korpusun üzvlərinin bir bölgəyə səfəri həmin ərazidəki statusun, təhlükəsizlik şəraitinin və idarəçilik reallıqlarının tanınması anlamına gəlir. Bu baxımdan Xankəndi, Şuşa və digər Qarabağ şəhərlərinə edilən səfər Azərbaycanın ərazi bütövlüyünün faktiki olaraq beynəlxalq səviyyədə qəbul olunmasının diplomatik siqnalı idi. İkincisi, belə səfərlər səfər edilən dövlətin daxili sabitliyini və məsuliyyətli dövlət idarəçiliyini nümayiş etdirmək üçün mühüm fürsət yaradır. Azərbaycan bu fürsətdən maksimum səmərə ilə istifadə edir.

Prezidentin köməkçisi Hikmət Hacıyev Xankəndidə keçirilən görüş zamanı bildirib ki, Azərbaycan yalnız münaqişəni sonlandırmayıb, eyni zamanda, Cənubi Qafqazda sülh və barışın təməlini qoyub. Onun sözləri ilə desək: “Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər... Azərbaycan Cənubi Qafqaz regionunda beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”. Bu bəyanatlar göstərir ki, Azərbaycan Qələbədən sonra intiqam deyil, ədalət və hüquqi məsuliyyət prinsipi ilə hərəkət edir. Bu isə ölkənin demokratik legitimliyini və beynəlxalq hüquqa sadiqliyini gücləndirən əsas sütunlardan biridir. Azərbaycan bu mərhələdə keçid ədalətinə xüsusi önəm verir. Münaqişə dövründə xalqımıza qarşı törədilən cinayətlərə dair aparılan məhkəmə araşdırmaları, hüquqi prosedurlar və ədalətin təmin olunması istəyi Azərbaycanın beynəlxalq hüquqa və insan hüquqlarına bağlılığını nümayiş etdirir.

Diplomatik nümayəndələrin Qarabağa səfəri informasiya müharibəsi baxımından da strateji əhəmiyyət daşıyır. Müasir dövrdə münaqişələr təkcə cəbhə xəttində deyil, informasiya məkanında, yəni ictimai rəyin formalaşdığı virtual cəbhələrdə də aparılır. Bu səbəbdən informasiya, xüsusilə də obyektiv, yerində müşahidəyə əsaslanan informasiyalar siyasi və diplomatik gücün ayrılmaz hissəsinə çevrilib.

İnformasiya müharibəsi – faktların manipulyasiyası, yalan təbliğat, saxta xəbərlərin yayılması və ictimai rəyə təsir etmək üçün müxtəlif informasiya vasitələrindən istifadə olunmalıdır. Bu müharibə ənənəvi silahlı münaqişələrdən fərqli olaraq zehniyyətlərin və reallıqların formalaşdırılması üzərində qurulur. Bu mənada, informasiya artıq “iti gücə”, – yəni görünməyən, amma təsirli və dağıdıcı bir vasitəyə çevrilib. Azərbaycan 30 ildən artıq müddətdə Ermənistanın informasiya müstəvisində apardığı sistemli və məqsədyönlü dezinformasiya siyasətinə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb.

Dünya ictimaiyyətinə münaqişənin reallıqlarını çatdırmaq üçün kifayət qədər kanallar olmadığından, erməni diasporlarının lobbiçilik imkanları və təbliğat maşını Azərbaycanın səsini çox zaman kölgədə qoyub. Bu səbəbdən obyektiv müşahidəçilərin bölgəyə səfəri təkcə siyasi jest deyil – informasiya balansını bərpa edən mühüm addımdır.

Bu səfərlə Azərbaycan, ilk dəfə olaraq, diplomatik korpus nümayəndələrini Qarabağ reallıqları ilə birbaşa və fiziki ünsiyyətə gətirə bildi. Xarici diplomatlar artıq Azərbaycanın hansı əzab-əziyyətlərdən keçdiyini, Qarabağda qarşılaşdığı dağıntıları, etnik təmizləmələri, dini və mədəni irsə qarşı törədilən vandalizmi, minalanmış əraziləri və məcburi köçkün faciələrini təkcə rəqəmlərdən və hesabatlardan öyrənmir, həm də öz gözləri ilə görürlər. Bu isə informasiya baxımından təhrif olunmuş təsəvvürlərin düzəldilməsi, yanlış stereotiplərin dağıdılması və obyektiv həqiqətlərin diplomatik diskursda yer alması deməkdir. Bu səfərlərin əsas nəticələrindən biri də xarici diplomatların öz ölkələrinə və ya aid olduqları beynəlxalq təşkilatlara verəcəkləri hesabatlardır. Onların müşahidələri əsasında hazırlanacaq sənədlər, danışıqlar zamanı söyləyəcəkləri ifadələr, konfrans və məruzələrdə bölüşəcəkləri təəssüratlar artıq Azərbaycan həqiqətlərinin beynəlxalq tribunaya çıxması anlamına gəlir. Bu zaman Azərbaycan dövləti artıq yalnız bir tərəf kimi deyil, şahidlərin dəstəyinə malik bir reallığın daşıyıcısı kimi çıxış edir. Məhz bu səbəbdən informasiya müharibəsində canlı şahidlik – fotolar, videolar, təəssüratlar və beynəlxalq ekspert rəyləri ilə müşayiət olunan diplomatik tanıma – ən güclü arqumentə çevrilir.

Qarabağa səfər edən diplomatların yaydığı informasiya yumşaq gücün bir forması olaraq Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir. Bu səfərlər nəticəsində formalaşan pozitiv imic və hüquqi əsaslı mövqe Azərbaycanın regionda barış, inkişaf və yenidənqurma yönümlü diplomatiyasını dəstəkləyir. Bundan sonra beynəlxalq auditoriyada Qarabağ haqqında danışarkən Azərbaycan sadəcə, “iddiaçı tərəf” kimi deyil, dəqiq müşahidə edilən reallıqlarla çıxış edən və sülh quruculuğunda lider mövqedə dayanan bir dövlət kimi qəbul olunacaq. Bu isə informasiya müharibəsində qazanılmış strateji üstünlükdür.

H.Hacıyevin vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur artıq yenidənqurma mərhələsinə qədəm qoyub. Bu, təkcə infrastruktural layihələr deyil, eyni zamanda, sosial, iqtisadi və humanitar inkişafın strateji planlaşdırılmasıdır. Regionun “yaşıl enerji zonası”na çevrilməsi, təmiz texnologiyaların tətbiqi, dayanıqlı kənd təsərrüfatı və turizmin inkişafı Azərbaycanın Qarabağda yaratmaq istədiyi müasir və inklüziv cəmiyyətin təzahürüdür. Diplomatik korpus nümayəndələrinin bu prosesləri yerində izləməsi həm də Azərbaycanın beynəlxalq tərəfdaşlıq çağırışının bir hissəsidir.

Azərbaycan bu səfərlə dünyaya bir daha göstərdi ki, Cənubi Qafqazda formalaşmış yeni status-kvo artıq dəyişməz reallıqdır. Bu status-kvo beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanır. Bu isə bölgədə uzunmüddətli sülhün yeganə yoludur. Diplomatik nümayəndələrin səfəri həm də bu yeni status-kvonu tanımağın və ona uyğun davranmağın vacibliyinə işarədir. Diplomatların Qarabağ səfəri Azərbaycanın təkcə hərbi deyil, eyni zamanda, diplomatik və siyasi zəfərini möhkəmləndirən addımdır. Onlar artıq yalnız kağız üzərində deyil, real faktlar və görüntülərlə Azərbaycan həqiqətlərinin şahidləridir. Bu da gələcəkdə beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Azərbaycan dövlətinin məsuliyyətli yanaşması, ədalətli və humanist siyasəti, post-münaqişə mərhələsində sərgilədiyi yenidənqurma və reinteqrasiya səyləri diplomatik səviyyədə yüksək qiymətləndirilir və bu səfər isə həmin qiymətləndirmənin canlı ifadəsidir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri