Icma.az
close
up
RU
“Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi arxeoloji və mədəni irs perspektivləri” dəyirmi masa

“Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi arxeoloji və mədəni irs perspektivləri” dəyirmi masa

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi-arxeoloji və mədəni irs perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov diqqəti müzakirə edilən mövzunun aktuallığına yönəldib. Rektorun bildirdiyinə görə, Azərbaycan xalqının tarixi mənəvi və maddi irsinin tutarlı bir hissəsini İslam dövrü abidələri təşkil edir. SSRİ dövründə müəyyən ideoloji doqmalardan irəli gələrək, diqqətdən kənarda qalan milli-dini dəyərlərimizdən biri də məhz qəbir abidələrimiz olub. Aqil Şirinov qeyd edib ki, son iki yüz il ərzində erməni millətçiləri ərazi iddialarını məhz Qarabağ və Qərbi Azərbaycan ərazisindəki azərbaycanlılara məxsus abidələrin məhv edilməsi və saxtakarlıqla “erməniləşdirilməsi” ilə əsaslandırmağa çalışmışlar. Buna görə belə məsələlərdə diqqətli olmaq lazımdır. Mədəniyyət Nazirliyinin və Arxeologiya və Antropologiya İnstitutu alimlərinin bu məsələləri aşkara çıxarmaqda böyük rolu var.

Tədbirdə Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qeyd edib ki, son 4 ildə institutun əsas tədqiqat istiqaməti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlıdır. Aparılan tədqiqatlar göstərir ki, düşmənin bizə olan nifrəti dini abidələrimizə qarşı vandalizmdə də öz əksini tapıb.

“İslam dövrü Azərbaycan tarixində, xalqımızın mənəvi və mədəni baxımdan genezisində mühüm bir dönəmi kəsb edir. İnstitutumuzda artıq İslam dövrü arxeologiyası şöbəsi də fəaliyyət göstərir”, – deyə F.Quliyev məlumat verib. “İslam dövrü qəbiristanlıqları bizim mədəni və genetik kimliyimizdir. Qəbir abidələri bir çox istiqamətdə tədqiqatlar üçün nəhəng informasiya daşıyıcılarıdır. Məsələn, epitafiyalar – Vətən tarixi və şərqşünaslıq, daşişləmə - sənətşünaslıq, biofaktlar – arxeogenetika sahələri üçün tədqiqat obyektləridir. Bu abidələr etnologiya, mənbəşünaslıq və digər elmi-tədqiqat sahələrinin payına çatacaq məlumatlar xəzinəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk dünyasının inkişafına, türk dövlətlərinin işbirliyinə yönəlik siyasəti kontekstində biz bu mövzunun aktuallığını da görə bilərik”, - deyə F.Quliyev qeyd edib.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi memarlıq üzrə elmlər doktoru, professor Səbinə Hacıyeva qeyd edib ki, tarixi qəbiristanlıqlarda tədqiqatların aparılmasına ciddi ehtiyac var. “Hazırda daşınmaz abidələrin siyahısında 136 tarixi qəbiristanlıq var. 2021-ci ildən keçirdiyimiz monitorinqlər nəticəsində xeyli tarixi qəbiristanlıq aşkar edilib. Çox sevindirici haldır ki, arxeoloqlar, memarlar və ilahiyyatçılar birgə bu məsələləri müzakirə edirlər”, - deyə S.Hacıyeva bildirib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında aparılmış monitorinqlərin nəticələrindən danışaraq bildirib ki, işğalçılar abidələrimizə münasibətdə bir neçə istiqamətdə öz vəhşi xislətlərini göstəriblər. “Abidələr ya məhv edilir, ya “erməniləşdirilir”, bu da alınmayanda işğalçılar abidələrimizi özgələşdirirdilər. Yəni İslam dövrü abidələrini məhv edə bilmədikdə, onları İran–fars abidəsi kimi təqdim edirdilər”, – deyə G.İsmayılov vurğulayıb.

Daha sonra mövzu ilə əlaqədar tədqiqatçı alimlərin məruzələri dinlənilib.

Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Xaqani Alməmmədov Füzuli və Ağdam ərazilərində yerləşən İslam dövrü abidələri barədə məruzə ilə çıxış edib. O, abidələrin sovet dövründə qeyd edilmiş vəziyyəti ilə müasir dövrdəki durumunu müqayisə edib. “İşğal altında qalmış abidələrimizə qarşı törədilmiş vandalizm faktları ortadadır. Eyni zamanda, işğaldankənar qalmış bir sıra abidələrimizin durumuna münasibətdə bizim biganəliyimiz də təəssüfedici haldır”, – deyə dosent X.Alməmmədov vurğulayıb.

Həmin institutun aparıcı elmi işçisi dosent Pərviz Qasımov 2021-ci ildə Ağdam İmarət Kompleksində aparılmış elmi-tədqiqatlar barədə elektron təqdimatla çıxış edib. Məruzəçi İmarət Kompleksində aparılan tədqiqatlarda Azərbaycan tarixi və etnologiyası üçün maraqlı faktların aşkar edildiyini, erməni işğalçılarının törətdikləri kulturosid, vandalizm və talançılıq aktlarının qeydə alındığını vurğulayıb.

İlahiyyat İnstitutunun kafedra müdiri dosent Əhməd Niyazov Zaqatala və Qax bölgəsində, ingiloyların yaşadıqları ərazilərdə hələ də tədqiqatçı yolunu gözləyən qədim müsəlman qəbir abidələrindən söz açıb. Apardıqları tədqiqatlar nəticəsində öz xüsusiyyətləri ilə fərqlənən qəbir abidələrini əyani surətdə göstərərək, dosent Ə.Niyazov bu abidələrin öyrənilməsinin istər bölgə, istər dövlətimiz üçün həm mədəni, həm ictimai, həm də siyasi baxımdan əhəmiyyətini vurğulayıb.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Şamil Nəcəfov Xocalı tarixi arxeoloji kompleksində apardığı tədqiqatlar haqqında məlumat verib. Xocalı kurqanları barədə danışan dosent Ş.Nəcəfov tədqiqat nəticəsində 212 müsəlman qəbrinin aşkar edildiyini bildirib: “Xocalı qəbiristanlığında Tunc dövrü qəbirləri, həmçinin kurqanları da var. Amma kompleksdəki müsəlman qəbir abidələri öz qədimliyi və xüsusiyyətlərinə görə, xüsusi əhəmiyyət daşıyır”.

İnstitutun aparıcı elmi işçisi dosent Fariz Xəlilli isə qəbir abidələrinin və qəbiristanlıqların kriteriyalarına görə aidiyyəti beynəlxalq konvensiyaların müddəalarını sadalayıb. F.Xəlilli, eyni zamanda, bəzi bölgələrdə İslam dövrünə aid mühüm abidələrin qorunması ilə bağlı ciddi problemlərin mövcudluğunu qeyd edib. Bildirib ki, abidələrin qorunması işinə geniş ictimaiyyət də cəlb edilməlidir. Bizim öz abidələrimizə münasibət dünyanın gözü qarşısında bizim öz tariximizə, mədəniyyətimizə olan münasibətdir.

AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri dosent Elnur Mustafayev 2022–2023-cü illərdə Qarabağda, əsasən də Şuşada – Yuxarı Gövhərağa məscidinin yanındakı qəbiristanlıqda mövcud qəbirlər üzərində epitafiyaların oxunması nəticəsində tarixi həqiqətlər və siyasi-ictimai baxımdan mühüm əhəmiyyətli məlumat əldə edildiyini bildirib. Tədqiqatçı-alimə görə, bir neçə başdaşı üzərində epitafiyalar göstərir ki, burada 1903–1905-ci illərdə ermənilərin öldürdüyü azərbaycanlılar dəfn olunub. İşğal dövründə işğalçılar nəstəliq üslubunda yazılmış bu epiqrafik abidələri oxuya bilmədiyinə görə, onlara əhəmiyyət verməmişlər.

Tədqiqatçı daha sonra qeyd edib ki, indi bu epiqrafik abidələrin mühafizəsinin təşkil edilməsinə böyük ehtiyac var.

İlahiyyat İnstitutunun müəllimi dosent Rəşad Mustafanın məruzəsi də maraqla dinlənilib. Alim Qəbələnin Nic kəndindəki Alban irsinə aid qəbiristanlıqdakı tədqiqatlar haqqında danışıb: “Bəzi kəndlərdə müsəlman və xristian qəbirləri eyni qəbiristanlıqda yerləşir... Daş qoç qəbirlərinin öyrənilməsinə böyük ehtiyac var. Çünki onlar bizim daş yaddaşımızdır”.

Tədbirdə ekspert qismində iştirak edən Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Qafar Cəbiyev bildirib ki, Azərbaycan xalqının tarixən yaratdığı abidələrə qonşu respublikalar tərəfindən ciddi iddia olub və indi də davam etməkdədir. “Azərbaycan maddi mədəniyyət tarixinin önəmli hissəsini təşkil edən İslam dövrü qəbir abidələrinin qorunması üçün hələ görüləcək işlər qarşıdadır”, - deyən professor Q.Cəbiyev bu yöndə tədbirlərin hələ də qənaətbəxş olmadığını bildirib.

Dəyirmi masada ekspert kimi iştirak edən Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri tarix elmləri doktoru, dosent Tarix Dostiyev Azərbaycan ərazisində İslam dövrü qəbiristanlıqlarının, qəbir abidələrinin tarixi mərhələlərinin, regional xüsusiyyətlərinin araşdırılmasının tədqiqatçılar qarşısında durduğunu bildirib. O, çıxışında vurğulayıb: “Paradoksal haldır ki, İslam dövrü qəbir abidələrinin araşdırılması istiqamətində tarixi Azərbaycan bölgələri içində daha çox məhz, Dərbənd bölgəsi araşdırılıb. Bu istiqamətdə biz tədqiqatları genişləndirməliyik, çünki bu abidələr itmək təhlükəsi qarşısındadırlar”.

Daha sonra mövzular üzrə diskussiya aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see270

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see260

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see229

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see158

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see140

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see133

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see131

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see122

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri