Azərbaycanlı qəhrəman kəşfiyyatçı Ukrayna uğrunda həlak oldu FOTO, TƏFSİLAT
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda döyüşən daha bir soydaşımız şəhidlik zirvəsinə ucalıb.
Turkustan.az xəbər verir ki, 30 yaşının tamam olmasına cəmi iki həftə qalmış həlak olan döyüşçü Şofel Faiq Faiq oğludur.
Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir. Faiq kişi 20 il əvvəl dünyasını dəyişib. Faiq anasının soyadını (Şofel) götürüb. O, son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib.
O, 12 oktyabr tarixində həyata keçirilən döyüş tapşırığı zamanı qəhrəmancasına həlak olub. Döyüş yoldaşları onun yüksək peşəkarlığından, qorxmazlığından və Ukraynaya olduğu kimi Azərbaycana da sadiqliyindən danışıblar.
Məlumatı Musavat.com-a Odessada yaşayan jurnalist Anar Natiqoğlu verib. Onun sözlərinə görə, 16 oktyabr səhər saat 10:00-da qəhrəman döyüşçü ilə vida mərasimi Odessadakı “Zabitlər evi”ndə keçiriləcək. Daha sonra dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq.

Musavat.com-un qeydi:
Azərbaycanlılar Ukraynanın azadlığı və Avropanın təhlükəsizliyi uğrunda döyüşür, bu yolda canlarından keçir. Onların mübarizəsi təkcə Ukrayna uğrunda deyil, həm də Azərbaycanın, ədalətin və bəşəriyyətin gələcəyi uğrundadır.
Lakin təəssüf doğuran hal odur ki, eyni zamanda Rusiyanın tərəfində də azərbaycanlı muzdlular döyüşürlər və bu qarşıdurmada 1000-dən çox həmvətənimizin həyatını itirdiyi barədə faktlar mövcuddur. Bu, təkcə siyasi deyil, həm də mənəvi faciədir.

Musavat.com-un mövqeyinə görə, Ukrayna uğrunda döyüşdə həlak olan soydaşlarımız Azərbaycan xalqının nəzərində şəhidlərdir. Onların xatirəsi həm Ukraynada, həm də doğma Azərbaycanda ehtiramla anılmalıdır.
Allah Faiq Şofelin ruhunu şad etsin. Yeri cənnət olsun. Yaşasın Azərbaycan–Ukrayna dostluğu!


