Icma.az
close
up
RU
Bahar xəstəliyi İlham Əzizin yeni hekayəsi

Bahar xəstəliyi İlham Əzizin yeni hekayəsi

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az İlham Əzizin "Bahar xəstəliyi" adlı yeni hekayəsini təqdim edir.
Yeddi ildən sonra Rusiyadan evə qayıdırdım. Qatar səhər Bakıya çatanda, hardasa, saat 8 olardı. Vağzalda məni qardaşım Rəşad gözləyirdi. Onu perronda görəndə, az qala, tanımadım. Saçları çallaşmışdı, bir az da kökəlmişdi, getdikcə atama oxşayırdı. Eynək taxırdı, deyəsən, bahar xəstəliyi hələ də sağalmamışdı.
Görüşdük, hal-əhval tutub maşına tərəf addımladıq. Hara gedəcəyimizi soruşdum. Dinmədi. Mən də üstünü vurmadım.

Biz iki qardaşıq. Mən ailənin ilk övladıyam. Aramızda dörd yaş fərq var. Uşaq vaxtı heç nədən Rəşadı elə hey döyürdüm, qabağıma qatıb qovurdum. Çünki Rəşad ağıllı, tədbirli, düzdanışan uşaq idi. Bu da məni cin atına mindirirdi.
Gizlində tutub onu döyəndə üzümə qayıtmır, sakitcə ağlayır, balaca yumruqlarını sıxır, ağız-burnunu əyə-əyə gözlərini ovurdu. Gözlərini o qədər ovmuşdu, axırda bahar xəstəliyinə tutulmuşdu. Xəstəliyin adını ilk dəfə eşidəndə sevinmişdim, elə bilirdim, bahar adında xəstəlik adamı kor eləməz.

Bizim uşaqlığımız çətin keçmişdi. Atam orta məktəb müəllimi olduğu üçün maaşı evi dolandırmağa bəs eləmirdi. O da bibimin əri İdrislə Krıma nar satmağa gedirdi. Atamdan eşitmişdim ki, orda narın dənəsi beş manatdır. Bunu biləndə ərinməyib həyətimizdəki nar ağaclarını saymışdım. Qırx doqquz nar ağacı... Atam narın hamısını Krıma apara bilsəydi, ömürlük kasıblığın daşını atardıq.

Atam Krıma gedəndə dolanışığımız çətinləşirdi, ümidimiz həyətdəki heyvalara qalırdı. Anam heyvaları bazarda satıb atam gələnə kimi bizi birtəhər keçindirirdi. Satdığı heyvaların pulunu sayanda əziyyət çəkirdi, çünki əli pul görməmişdi. Pulları yanbayan düzüb hesablayırdı.

Atam gələndə bizə həm də əyin-baş alıb gətirirdi. Bir dəfə Rəşada aşırmalı şalvar, mənə də cins şalvar almışdı. Kənddə tək-tük adam cins şalvar geyinirdi. Cins şalvarı, ya Rusiyadan alıb gətirirdilər, ya da Bakıda xarici tələbələrdən tapmaq olurdu. Bu da hər kənd uşağına qismət deyildi.

Rəşadın pal-paltara marağı yox idi, təzə şalvarıma fikir vermirdi. Bu da məni hirsləndirdi. Onu qabağıma qatıb şumluqla meşəyə tərəf qovdum. Tutsam, möhkəm əzişdirəcəkdim. Meşəylə şumluğu ayıran balaca kanala çatanda Rəşad tullandı, mən tullananda kanala düşdüm. Rəşad suya düşdüyümü görüb dayandı, qayıtdı, mənə əl uzadıb kanaldan çıxartdı. Təzə cins şalvarım palçığın içindəydi. Evə belə getsəm, anam bizi öldürərdi. Rəşad şalvarı qurutmaq üçün ətrafdan oduncaq yığıb qaladı. Şalvarı çıxarıb ocağın üstünə tutdum. Rəşad çırpı gətirmək üçün bir də meşəyə tərəf gedəndə gördüm, şalvarı qısa, sandalı da ayağına balacadı.

İndi də yolboyu Rəşadın üzünə baxanda uşaqlığımızdan elə şeylər yadıma düşürdü ki, sonradan baş verən hadisələr mənə aydın olurdu...

Qürbətdə olanda Bakıya qayıtmağımı çox düşünürdüm. Qatardan düşəcəm, köhnə iş yoldaşlarım, qrup yoldaşlarım, sinif yoldaşlarım - hamı məni qarşılamağa çıxacaq, hərə bir tərəfə çəkəcək, zarafat edib, deyib-gülüb, qucaqlaşıb sevinəcəyik. İntəhası, gözlədiyim kimi olmadı. Bakı məni bumbuz, sopsoyuq qarşıladı, elə Rəşad da.

Əhmədliyə çatanda doqquzmərtəbəli binanın həyətində maşından düşdük.
Rəşad həyətdəki dükandan iki çörək aldı, bloka girdik. Liftə minən kimi səkkizinci mərtəbənin düyməsini basdı. İkimiz də liftin düymələrinə zillənib susmuşduq. Nədənsə söhbət sala bilmirdik. Səkkizinci mərtəbədə liftdən çıxıb sağdakı tünd-qəhvəyi qapıya tərəf getdik. Qapının rəngindən evin kirayə olmadığı bilinirdi. Rəşad zəngi basdı. Bizi Rəşadın yoldaşı qarşıladı. Toylarından heç iki il keçməzdi. Həmən gün Ufada möhkəm şaxta vardı. Atam zəng eləyib demişdi ki, qardaşının toyudur, sən də dostlarına qonaqlıq ver. Mən isə qonaqlıq verməyə adam tapmamışdım, çilingər sexinin yanında yatan alkaş başqırdla oturmuşdum. Öz dilimizdə başıma gələnləri danışırdım, o da səssiz içirdi. Danışdıqlarıma fikir vermədən sakitcə içməyi birdən məni özümdən çıxartdı. Durub onun başına bir yumruq vurdum. Onun da başı Rəşadınkı kimi bərk idi. İndi qardaşımla yoldaşını görəndə həmin hadisə gözümün qabağından keçdi.

Gəlin mənimlə elə bil Bakıda yaşayan qaynı kimi görüşdü, hal-əhval tutmamış Rəşadın əlindən çörəkləri alıb mətbəxə keçdi. Rəşad da mənə əliylə qonaq otağını göstərib mətbəxə - arvadının yanına getdi. Bildim ki, məndən danışacaqlar. Bu evdə uşağın olmadığı səliqə-səhmandan hiss olunurdu. Rəşad mətbəxdən əlində çay qayıtdı. Çayı stolun üstünə qoyub dedi:

- İşdən icazə almışam, qayıtmalıyam. İndi sənə də yeməyə bir şey hazırlayacaq, - qurcalandı, saatına baxıb qapıya tərəf getmək istəyəndə dilləndim:

- Gələndə bir dənə Bakı arağı alarsan.

Cavab vermədi, koridorda ayaqqabısını geyinəndə gözüm rəngli qalstukuna sataşdı.

Rəşadı məktəbdə yaxına buraxmazdım. Məktəb stadionunda böyüklü-kiçikli, hamı bölüşüb futbol oynayardı, Rəşad isə mənim qorxumdan stadiona yaxınlaşmazdı. Məktəbdən sonra da məhəllə uşaqlarıyla oynayar, onlarla gəzib-dolaşardım. Rəşadı bizimlə gəlməyə qoymazdım. O da özünə təkadamlıq oyunlar fikirləşərdi.

Məktəbimizə gələn fotoqrafın da qənimiydim. Atam müəllim olduğuna görə bizə bir rəngli şəkil havayı idi. Rəşad utandığından heç o bir şəkli də çəkdirməzdi. Amma hər dəfə fotoqraf gedəndən sonra xəbər tutardılar ki, mənim on-on beş şəklim var.

Bunları düşünə-düşünə durub pəncərəyə yaxınlaşdım. Səkkizinci mərtəbədən Xəzər öz ehtişamıyla görünürdü. Bu yerlərin adamının qürbəti həm də Xəzəri görməyəndə başlayır. Dənizi görən kimi bütün varlığımla dua etmək, bağışlanmaq istədim. Mənə elə gəldi ki, Bakıya indi yox, yayda qayıtsaydım, hər şey başqa cür ola bilərdi.
Rəşadla Xəzərin qumunda uzanardıq, təmizlənərdik, doğmalığımızın üstünü örtən hər şey Xəzərin sularında yuyulub gedərdi. Heyif, indi payızdır...

***

Rəşad araq almamışdı. Yemək yeyəndən sonra gəlin qabları yığıb bizə pürrəngi çay gətirdi. Rəşad əllərini yumaq üçün hamama keçdi. Pultu götürüb televizorun səsini artırdım. Rus kəndindən bəhs edən köhnə sovet filmi gedirdi. Rəşad otağa qayıdan kimi kanalı dəyişdi. Çayımızı içə-içə dinməz-söyləməz boksa baxmağa başladıq. Bütün axşamı Rəşad məndən heç nə soruşmadı. Nə Rusiya barədə, nə ordakı yaşayışımdan. Nə də öz işlərindən bir şey dedi. Hamı Rusiyadan qayıdanda ev, maşın alırdı, qardaş-bacısına əl tuturdu, mənsə son illər Rəşadın göndərdiyi pulla dolanırdım.

Səhəri hamıdan qabaq dirigözlü açdım. Qonaq otağına keçəndə gözüm komodun tutacaqlarına bağlanmış qırmızı lentlərə sataşdı. Lentlərin qırmızısı hələ solmamışdı. Komodun üstündə iki açar və futbol üzrə yığma komandanın bugünkü oyununa iki bilet vardı. Bir azdan Rəşad geyinə-geyinə otağa girdi. Salamlaşan kimi:

- Mən axşam saat 10-da futbola gedəcəm, o da atası evinə, - başıyla o biri otağı göstərib dedi, - sənin nə işin var? Harasa gedəcəksən?

- Bilmirəm, şəhərlik bir işim yoxdu, deyirəm, bəlkə, rayona çıxım?

- Onda elə bir azdan çıxarsan. Rayona taksilər indi 15 manata aparır. Kəndə də təzə yol çəkilib, dəyirmanın yanında düşürsən, ordan keçən yol maşınlarının birinə minib gedirsən, - deyib cibindən iki onluq çıxardı və komodun üstünə yanbayan düzdü. Pullara baxdım. Anamı xatırladım.

Heç on dəqiqə keçmədi ki, Rəşad dilucu sağollaşıb evdən çıxdı. Onun verdiyi pulları götürüb cibimdə qalan rublların arasına qoydum. Koridora keçib gödəkcəmi götürəndə gəlin otaqdan çıxdı:

- Nə tez gedirsiz? Bir azdan çıxardız da. Heç olmasa günortanı yeyin...

- Sağ ol, gəlin bacı, sizə də əziyyət verdim. Yolum uzaqdı. Daha mən gedim, -gödəkcəmin qabağını bağlaya-bağlaya dedim.

Binadan çıxıb siqaret yandırdım. Kəndə səhər-səhər getmək istəmirdim, amma şəhərdə də veyillənib vaxt öldürmək ürəyimdən deyildi. Həyətdəki dükanın yanında üstündə şahmat olan "Jiquli" dayanmışdı.
Qarnının yekəliyindən pencəyinin qabağı bağlanmayan bəstəboy, keçəl bir kişi maşına söykənib siqaret çəkirdi. Yolpulundan əlavə, cəmi, beş manatım qalırdı, fikirləşdim, elə aparsa, məni Lökbatana bu aparar.

- Salam, qardaş. Beş manat pulum var, məni Lökbatana apararsan?

Kişi siqareti sümürüb kötüyünü yerə atdı:

- Kruqa? Rayona gedəssən?

- Hə, rayona gedəcəm.

- Keç otur, siftə səndən.

IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirildi Məşhur aktyor vəfat etdi Almanların Rusiyadakı yeraltı şəhəri - Konyak şüşəsi, yoxsa ölüm mələyi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri