Icma.az
close
up
RU
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın iqlim liderliyinə dair müzakirələr təşkil olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın iqlim liderliyinə dair müzakirələr təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) açılış mərasimindən sonra işini sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, AnewZ-nin baş redaktoru Guy Shonenin moteratorluğu ilə keçirilən sessiyada “Azərbaycanın iqlim liderliyi: COP29-dan Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-ə” mövzusu müzakirə olunub.

BMT-nin Azərbaycandakı rezident koordinatoru Vladanka Andreeva COP30-da yeni hədəflərin müəyyən edilə biləcəyinə diqqət çəkib. O qeyd edib ki, COP29-dan dərs alınmalı, onun nəticələri tətbiq olunmalıdır: “BMT-nin Baş katibi yeni beynəlxalq səviyyədə hədəflər, ambisiyalar müəyyən edib. Onlardan biri temperaturun 1,5 dərəcədən yüksəlməsinin qarşısını almaqdır. Biz alternativ enerjidən istifadə etməliyik. Meşələri qorumaq vacibdir. Çünki karbon emissiyaların qarşısını alır. Ağır metallurgiya müəssisələrində qaz emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq etməlidirlər. Hər bir cəmiyyətin öz texnoloji strategiyaları olmalıdır. Düşünürəm ki, növbəti ildə Azərbaycan öz yeni əməkdaşları ilə yeni hədəflər müəyyən edəcək".

Sessiyaya onlayn qoşulan “Pro Natura International”ın təsisçisi və sədri Marcelo de Andrade deyib: “Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) iqlim sahəsində görülən işləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və gələcək üçün birgə həll yolları tapmaq baxımından ideal platformadır. Burada aparılan müzakirələr imkan verir ki, həm uğurlarımızı bölüşək, həm də mövcud problemlərə diqqət yetirək”.

O, bu sahədə əsas çətinliklərdən birinin maliyyələşmə olduğunu vurğulayıb: “Müxtəlif maliyyə dəstəkləri mövcuddur və onlar real şəkildə həyata keçirilir. Ancaq təəssüf ki, bu dəstək bütün ölkələrə bərabər şəkildə şamil edilə bilmir. Ən çox zərər görən dövlətlər isə çox zaman ən az imkanlara malik olanlardır”.

Marcelo de Andrade diqqətə çatdırıb ki, iqlim dəyişikliyinə qarşı mübarizədə meşələrin qorunması xüsusi əhəmiyyət kəsb edir. “Meşələr planetin “yaşıl ağciyərləri”dir. Onlar atmosferdəki karbonu udur, havanı təmizləyir və bioloji müxtəlifliyi qoruyur. Lakin qlobal istiləşmənin artması ilə meşə yanğınları daha geniş vüsət alır. Bu yanğınların qarşısını almaq, meşələri qorumaq və bərpa etmək üçün böyük maliyyə resursları tələb olunur. Xüsusilə də meşələrin geniş ərazilərini itirən ölkələr bu prosesdə daha həssas vəziyyətdədirlər. Ona görə beynəlxalq həmrəylik və çoxtərəfli maliyyə mexanizmlərinin gücləndirilməsi vacibdir. Biz bir daha anlamalıyıq ki, iqlim böhranı milli sərhədləri tanımır. Meşələrin qorunması, iqlim risklərinin azaldılması və sabit gələcəyin təmin olunması yalnız qlobal əməkdaşlıq və ortaq maliyyə öhdəlikləri ilə mümkün olacaq”,- deyə o əlavə edib.

BMT-nin Baş Assambleyasının 77-ci sessiyasına sədrlik edən Çaba Köröşi qeyd edib ki, COP29-un nəticələrinə diqqətlə baxılsa, əldə edilən mühüm nailiyyətləri görmək mümkündür:”Bu konfrans dayanıqlı keçidə doğru atılmış çox mühüm addım oldu. Müxtəlif müqavimətlərə və geosiyasi çətinliklərə baxmayaraq, COP29 sübut etdi ki, əsaslı proqramların işlənib hazırlanması, dayanıqlı bazarların qurulması və yeni maliyyə imkanlarının cəlb edilməsi mümkündür. İqlim dəyişikliyi ilə mübarizədə sərmayənin rolu danılmazdır. Bu sahədə maliyyə resursları olmadan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi qeyri-mümkündür. Hər bir ölkə öz sərmayəsini diqqətlə hesablayır və bəzən kompromisə getmək çox çətin olur. Lakin qlobal maraqları nəzərə alaraq, bu kompromisləri tapmalıyıq. Unutmayaq ki, yaxın illərdə 2 milyarda yaxın orta təbəqəyə mənsub insanın daha çox enerjiyə ehtiyacı olacaq. Bu artan tələbat tələb edir ki, alternativ enerji mənbələrini planlaşdırmaq və idarə etmək məsələsinə ciddi yanaşaq. Yalnız düzgün strategiyalar və idarəetmə sayəsində bu ehtiyacları ekoloji cəhətdən təhlükəsiz şəkildə qarşılaya bilərik”.

Çaba Köröşinin sözlərinə görə, COP29 çərçivəsində görülən tədbirlər və qəbul edilən qərarlar göstərir ki, birgə səylər nəticəsində gələcəkdə üzləşəcəyimiz problemləri minimuma endirmək mümkündür. “Bu yolda hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq davam edərsə, daha sabit, yaşıl və dayanıqlı gələcəyə doğru irəliləyə biləcəyik”.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Bakı İqlim Fəaliyyəti Həftəsinin vacibliyinə diqqət çəkib: “Bu platforma iqlim dəyişikliyi ilə bağlı görülən işləri müzakirə etmək, uğurlarımızı paylaşmaq və gələcək üçün birgə həll yollarını müzakirə etmək üçün olduqca əhəmiyyətlidir. Bakı İqlim Fəaliyyəti Həftəsi bu baxımdan unikaldır. Lakin qarşıda hələ böyük vəzifələr dayanır. İqlim dəyişikliyinin qarşısını almaq üçün yalnız dövlət səyi kifayət deyil. Özəl sektorun, beynəlxalq tərəfdaşların və vətəndaş cəmiyyətinin aktiv iştirakı vacibdir. Bu sahədə investisiyalar və innovasiya çox önəmlidir”,- deyə səfir əlavə edib.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova isə vurğulayıb ki, COP-da gənclərin iştirakı Qlazqodan başlayıb və həmin tədbirdə gənclər öz fikirlərini ifadə edə biliblər. “Bakıdakı tədbirlərdə isə gənclərin rolunu daha aydın şəkildə görürük. Ümumiyyətlə, COP29 ölkənin qarşısına yeni hədəflər və çağırışlar qoyub”, - deyə o diqqətə çatdırıb.

Sessiya işini müzakirələrlə davam etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri