Icma.az
close
up
RU
Bakı mənim ilk müəllimim Kamal Abdulla

Bakı mənim ilk müəllimim Kamal Abdulla

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə var...” memuarının dördüncü hissəsini təqdim edir.
əvvəli burada: "Vaqif nə zamansa..."

Yazacaqdım ki, ilk müəllimim ibtidai sinifdə Rübabə müəllimə olub. Gözəl müəllimə, gözəl insan idi. Qayğıkeş qadın idi. O zaman məktəbdə valideyn iclaslarına anam gedib gələrdi. Sonralar, illər ötəndən sonra anam danışardı ki, Kamalın adı gələndə Rübabə müəllimə əllərini sinəsinə döyər və «oy, oy, bu Kamalın əlindən» deyərək məndən guya bu cür dad qılırmış. Ola bilər. Anam bunu özündən uydurmazdı. Onların - bacılarımın və anamın uydurması ona çatardı ki, dörd-beş yaşım olanda mənim pal-paltarımı bir çamadana yığıb qapının ağzına qoyardılar və guya gizli danışardılar, amma mənə eşitdirərdilər ki, bu uşağı aparıb əsl ata-anasına verək, bu bizim canımızı boğazımıza yığdı. Mən bir küncə çəkilib xısın-xısın ağlardım. Bunlar da gülərdilər. Belə də ailə oyunu olar? Amansız və zalım bir oyun. Uşaq tərbiyəsinə qətiyyən dəxli olmayan avantüra. Mənim ağlamağıma bunlar necə dözürdülər, ağlıma sığışdıra bilmirəm.

Rübabə müəllimə bizim üçün (1 «b» sinfində oxuyan uşaqlar üçün) doğmalaşmışdı. Onun bizim məktəb üçün dözümlü olmamızı saxlayan bir dayaq olduğunu fəhmlə də olsa anlamışdıq. Əslində, ibtidai məktəbdən sonrakı sinif rəhbərlərimiz - Nabat müəllimə, Şərqiyə müəllimə də bizim məktəb adlı möhtəşəm bir sınaqdan keçməmizdə ciddi rol oynadılar. Mənə sonralar aydın oldu ki, məktəb konsertdən əvvəl orkestr ifaçılarının öz musiqi alətlərini yoxlaya-yoxlaya çalmaq üçün hazır vəziyyətə gətirməsidir. Musiqi isə guruldamırdı. Bəs bu musiqi nə zaman guruldayacaqdı?! Biz bunu indi də bilmirik. Bircə aydın olan odur ki, səs yerinə oturmalı olduğu kimi uşağın da xasiyyəti yerinə oturmalı idi. Məktəb də bu işi bəzən bizi əzə-əzə yerinə yetirirdi. Bunu necə edirdi?! Bizim azadlığımızı əlimizdən ala-ala. Əlbəttə ki, biz azadlığa can atırdıq. Azadlıq bizim üçün dərsdən qaçmaq, dərsdə yeri gəldi-gəlmədi şuluq etmək və başqa yasaq sayılan məqamlardan ibarət idi. Bunların qarşısını məktəb və onun amansız direktoru, xatirəsi bizim hamımız üçün bu gün əziz olan Sona müəllimə və onun komandası o zaman «qəddarcasına» almaqla məşğul idi.

Rübabə müəllimə dörd il bizə dözdü. Əlində xətkeş olardı və o xətkeş ancaq bizim başımızın üstündə havada oynardı, o xətkeşin acısını bizim heç birimiz çəkmədi. Əlimizdən ən çox yəğdığı vaxtda belə Rübabə müəllimə ancaq «bax, vuraram ha...» dedi. Sonralar biz yuxarı siniflərə çatıb özümüzü hər şeyi bilən adamlar saydığımız zaman məktəb dəhlizlərində hərdən Rübabə müəllimə ilə qarşılaşanda yenə də əvvəlki dilsiz-ağızsız quzu balalara dönərdik. Onun ətrafına yığışar, hər tərəfdən onu qucaqlayıb az qala yerə yıxar, bizdən yapışan əllərini sığallayardıq, nəfəsinə isinərdik. Məncə, indi o sağ olsaydı, biz yaşımızın bu çağına baxmadan yenə də onun yanında eyni dilsiz-ağızsız uşaqlara dönərdik.

Ricət. Biz çox-çox sonralar bildik ki, Rübabə müəllimə həyatının sonunda ağır bir sınaqdan keçəsi olub. Bu cür ipək xasiyyətli insan üçün belə bir sınaq son dərəcə ədalətsiz idi. O, tənha bir qadın idi, ailə qurmamışdı. Həyatının mənasını onda görmüşdü ki, uzaq qohumu olan bir oğlan uşağını Təzəpir tərəfdəki atadan qalma evinə gətirib oğulluğa götürmüşdü və onu öz övladı kimi böyütmüşdü. Sən saydığını say, gör fələk nə sayır - burda deyiblər. Bu oğlan uşağı böyüyür, böyüyür və günlərin bir günü Rübabə müəllimə onu ürəyi istəyən, sevdiyi qızla evləndirir, şadyanalıqla evinə gəlin gətirir.

Qərəz, gün keçir, ay dolanır. Bu gənc ər-arvad öz aralarında nə danışırlar, nə danışmırlar, günlərin bir günü artıq qocalıb əldən düşmüş Rübabə müəlliməni evdən çıxarırlar, başqa sözlə, evin sahibəsini evdən qovurlar. Heç kimə şikayət etməyən Rübabə müəllimə bir gün bir qohumugildə, iki gün o biri qohumugildə qala-qala ömrünü beləcə yaşayır. Ricətin sonu.

Bizim sinif uşaqları Rübabə müəllimənin başına gələn fəlakəti o, rəhmətə gedəndən çox-çox sonra tamam təsadüfən öyrənmişdilər. Nə edə bilərdik?! «Allah rəhmət eləsin, qəbri nurla dolsun» deməkdən başqa bir çarəmiz qalmışdımı, qalmamışdı. Rübabə müəllimənin oğulluğunu söyməkdən savayı əlimizdən nə gəlirdi?! Mən onda hələ bilmirdim ki, o cavanda, deyəsən, axı bir günah yoxdur. Günah bütövlükdə millətə xas olan bir günahdır. Hamımızın günahıdır. Bu günahın adı belədir: minnətdar olmağı bacarmamaq günahı. Son dərəcə üzücü, biyabırçı bir sindrom. Mən bunu çox-çox sonralar anladım. Öz təcrübəmdə mənim də başıma gəldikdən sonra. Bəli, bizim insan öz qəlbində ona yaxşılıq edən birinə hökmən nifrət bəsləməlidir. Ona borclu olmaqdan yaxasını qurtarmaq üçün. İnanmaq çətindir, amma bu, bir həqiqətdir. Acı həqiqətdir. Başqasına düşünmədən, heç bir əvəz gözləmədən yaxşılıq edənlər (allah eləsin ki, hamısı olmasın) bu durumu yaşayıblar. Sonradan etdiyinə görə peşiman olanlarla peşiman olmayanları da bir-birindən ayırmaq lazımdır. Peşiman olmayanlar «o etdiyi pislikdən usanmır, mən niyə yaxşılıq etməkdən usanmalıyam» kimi ideoloji dayaq nöqtəsi tapırlar, bir müddət sonra başına gələnlərdən heç bir dərs almadan öz yaxşılıq etmək şakərlərinə davam edirlər. Qərəz, bu, bir başqa özəl hekayətdir və yeri gəldikcə həyatın mənim qarşıma çıxardığı (başıma gətirdiyi) bir çox məqamlarda bu sindromun - minnətdar ola bilməmək sindromunun başqa təzahürlərinə də toxunacağam. Mirzə Fətəlidəki evimizin ən yaxın qonşusu Badam nənə deyən kimi «vələdüznalar» var və olacaq və mən də onlara qoşulmamalıydım. Qoşulsaydım, damdabaca gəlib məni aparacaqdı.

Bizdə isə Rübabə müəlliməni sevən hər kəsin qəlbində onunla bağlı belə bir işıqlı inam qalmışdı. Biz inanırdıq ki, Rübabə müəlliməmiz indi cənnətdədir. Və oradan bizləri seyr edib dodaqlarının ucundakı azca istehzalı təbəssümü ilə gülümsəyir, həmişəki kimi əlindəki xətkeşi dikinə tutaraq gülə-gülə pıçıldayır: «bax, özünü doğru-düzgün apar, vuraram ha...»

Bəli, məktəbdə ilk müəlliməm Rübabə müəllimə idi. Ancaq ona da «ilk müəllimim» deyə bilmirəm. Qoy o məni son dəfə bağışlasın. Mən qəhər içində yenə də dərsin şirin yerində bu başdan o başa Aslana, Etibara, Əbülfəzə nəsə qışqırıb demək istəyirəm, amma səsim çıxmır. Güc verirəm, səsim isə batıb. Rübabə müəllimə görür ki, mənim səsim batıb, özüm də əzab içində oturduğum yerdəcə qıvrılıb qalmışam, məni ayağa qaldırır:

- De, ay bala, ay Allahın bəlası, nə demək istəyirsən, de, ürəyində qalmasın, səsinə nə oldu sənin?

- «Heç nə demək istəmirəm». -- Səsim yenə də çıxmır, bu dəfə mən artıq gözlərimlə deyirəm: «Bağışla məni, Rübabə müəllimə. Bağışla bizi...»

Rübabə müəllimə məni bağışlar. O məni başa düşər. O da məni təsdiqləyər ki, mənim ilk müəllimim Bakı şəhəri olub. Çünki mən bilirəm: onun da ilk və son müəllimi Bakı olub. Çünki Rübabə müəllimə bütün varlığı ilə Bakı şəhərinin özü idi. Onun içində də əriyib getdi. Bəli, Rübabə müəllimə Bakı idi, ancaq Bakı təkcə Rübabə müəllimə deyildi.

Bakı mənimçün Mirzə Fətəli küçəsindəki balaca həyətimizdən başlamışdı. Müharibə (2-ci Dünya müharibəsi) 10 il idi ki, qurtarmışdı. Mənim 5 yaşım var idi. Üzlərdəki qırışıq yavaş-yavaş açılırdısa da, adamların ürəyində müharibənin xofu hələ də qalırdı. Balaca həyətimizə düşməyə mənə güclə icazə verirdilər. Allah, bu, mənim üçün necə böyük bir bayram olurdu. Bu bayramı yaşamaq üçün mən gərək anama xeyli yalvaraydım. Vaxtında, çağıran kimi evə qaça-qaça qayıtmalıydım. Yoxsa bir də həyətin üzünü bir həftə sonra ya görərdim ya görməzdim. Artıq pal-paltarımı çamadanı yığışdırıb qapı ağzına qoymaq nömrəsi keçmirdi (həyatımın bu «faciəli» məqamı ilə bağlı bir qədər yuxarıda danışmışdım). Mən artıq böyümüşdüm. Həyətə düşmək, qonşumuz yaşıdım göygöz Nizami ilə elə beləcə heç nə etmədən pilləkəndə oturub söhbət eləmək özü doymaq bilmədiyim bir ləzzət idi. Küçədən vıjıltı ilə dəmir podşipnikli möcüzəli və ləzzətli qutunu itələyə-itələyə keçən «marooojni!!!» deyə qıy vuran dondurmasatanı həsrətlə gözləmək özü belə marojna yemək qədər adama kef verirdi. 10 qəpiyə moloçnı (südlü), 15 qəpiyə slivoçnı (qaymaqlı), 20 qəpiyə isə plombir satırdı. Plombirə pulumuz çatmazdı, onun dadı da fərqli idi, çox dadlı idi, hətta adı belə sirli idi. Mən heç indi də bilmirəm, «plombir» sözünün mənası nə deməkdir.

Nizami ilə söhbətlərimizin konkret mövzusu olardı. Onların evində hələm-hələm hər evdə olmayan təzə çıxmış ecazkar bir qutu vardı - adına televizor deyirdilər. Nizami mənə dünən axşam o qutunun ağzındakı şüşədə göstərilən cürbəcür oyunlardan, tamaşalardan danışırdı. Axşamlar (bu, yay aylarında, havanın isti olan vaxtında olardı) mən də öz balkonumuzdan Nizamigilin açıq qalmış pəncərəsinə gözümü dikib pəncərədən o tərəfdəki otaqda yuxarı başda uca bir servantın üstündə qürurla dayanmış balaca qutuya (Zeynal televizoru adlandıran kimi desək: «danışan güzgüyə») gözlərimi zilləyirdim. Konsertlər, kinolar arasında xeyli fasilələr olurdu. Televizorun pərdəsi uzun zaman bağlı qalırdı. «Danışan güzgü» bu cür hərdən nazlı - nazlı paltarını soyunub ona baxanlara bədənini göstərməkdən, guya ki, utanan «tərbiyəsiz» qızlar kimi ətrafına fors atırdı. Uzun dəqiqələr keçirdi, amma bu nazlı qız paltarını soyunmağa tələsmirdi. Televiziya dilində buna «pərdə» deyirdilər. Bu pərdə öz arxasındakı xəbərləri, konsertləri, teatr səhnəciklərini, bədii filmləri gizlədirdi. Onun açılması yarım saata qədər çəkə bilirdi. Televizorun balaca şüşəsi inadla öz içindəki pərdəni qaldırmırdı.

Olurdu ki, Nizamigilin açıq pəncərəsinin üstündə Nizaminin mənim rahat görməyim üçün bir kənara çəkdiyi alabəzək sətin pərdəni meh vurub pəncərənin önünə qaytarır, bu balaca sehirli qutu mənim gözlərimdən yox olurdu. Bu zaman mən yavaş səslə Nizamini çağırırdım və o gəlib pəncərənin pərdəsini yenidən bir kənara çəkirdi. Sonra yenə evin içinə öz yerinə - televizorun qabağına tələsirdi. Hər nə isə, həyətdə danışmağa, fikrimizi bölüşməyə mövzumuz var idi. Bizim dünən axşam televizorda göstərilənlərlə bağlı söhbətimizi hərdən yuxarı mərtəbədən Badam nənənin mənə yönəli zabitəli səsi yarıda qoyardı: « Həyətdəsən? Bax, küçəyə çıxma ya. Heç kimə qoşulma. Hamısı vələdüznadı. Həyətdən bayıra çıxma. Damdabaca gəlib səni aparar.»

Allah, mən atamdan çox bu damdabacadan qorxardım. Bu sözün qəribə sehri var idi. Elə bil, söz özü bir dev idi, şeytan idi, cin idi, ya nəydi. Badam nənə bu sözü əlində çubuq kimi sağdan sola, soldan sağa fırladıb çırpırdı. Amma mən böyüdükcə Badam nənənin «damdabaca» deməsilə dodağının bir qırağına gəlib qonan təbəssüm də yoxa çıxırdı. Onun özünə də gülməli və qəribə gəlirdi ki, bu sözdə nə vardı ki, mən onu eşidən kimi o saat dönüb «quzu bala» oluram?! Mən bu sözün Badam nənənin tələffüzündə özü ilə gətirdiyi sirriçində qorxuya inanıram, ya yox?! Və günlərin bir günü bu «damdabaca» söhbəti yığışdırılandan sonra mən bir daha Badam nənənin üzündə o təbəssümü görmədim.

Ricət. Mənə «quzu bala» ləqəbini rəhmətlik Müşkinaz xala vermişdi. Mən, təxminən, on, on iki yaşına qədər elə bilirdim ki, o mənim doğma xalamdır. Tez-tez o da, rəhmətlik Turan xanım da bizim Mirzə Fətəlidəki evimizə gələrdilər. Müşkinaz xanımla mənim anam bacılıq idilər. Müşkinaz xanım Cavidlə evlənəndən sonra köçüb gəldiyi ev, yəni, Naxçıvanın Əlixan məhləsindəki Hüseyn Cavvidin ata-baba evinin bağçasını mənim babamın evinin arxa bağçasından bir divar ayırırdı. Bağçaları ayıran bu divar, heç elə bil, yox idi. Divarın təndirəsərə yaxın yerində bir taxta qapı vardı və o qapı həmişə açıq olardı. Biz - yayda Naxçıvana gələn mən və Naxçıvandakı qohum yaşıdlarım, eləcə də, Hüseyn Cavidgilin evindəki həmyaşlarım bu açıq qapıdan Cavidgilin həyətinə, sonra da Cavidgilin həyətindəki bayır qapısından keçirdik küçəyə və görürdük ki, qarşımızdan nəhəng bir çay axır. Bu çirkli suyu ilə utanmadan axan Naxçıvan çayı idi. Yayda Naxçıvanda o iki həyətdə dayıuşaqları ilə, Hüseyn Cavidgilin evində yaşayan bizim yaşıdımız olan qohumları ilə oynadığımız oyunların dadı hələ də damağımdadır. Məndən bir -iki yaş böyük olan Əbülfəz adlı Cavid əfəndinin bir qohumu vardı. Qardaşı nəvəsi idi. Nəxçıvan çayının qırağında onunla dəfələrlə güləşərdik, o biri uşaqlar da qışqırışa-qışqırışa bizi dövyəyə alıb tamaşa edərdi. Əbülfəz sonra Əbülfəz Naxçıvanlı oldu, şeirlər yazdı, Bakıya köçdü, Cavidin ev-muzeyində işləməyə başladı. Bizi yenə də isti münasibət birləşdirirdi. Tez-tez gülə-gülə mənə deyirdi ki, sən mənim sözümə baxmalısan, çünki mən sənin dayınam.

RİCƏT. Əbülfəzin bu sözlərində həqiqət yox deyildi. Ata-anasının Əbülfəzdən əvvəl doğulan uşaqları doğulduqca yaşamırdılar. Naxçıvanda belə bir qədim inanc var idi. Təsəvvür belə idi ki, əgər bir qadının doğulan uşağı hər dəfə ölürdüsə, həmən qadının yeni doğulan uşağını başqa bir qadın köynəyindən keçirirdi və bu zaman uşaq yaşayırdı. Bu şəkildə naxçıvanlılar taleyi aldatmaq istəyirdilər. Və bəzən buna nail olurdular. Əbülfəz Naxşıvanlının timsalında bu, belə olmuşdu. O doğulana qədər ondan əvvəl doğulan bütün bacı-qardaşları ölürdü. Mənim doğmaca nənəm doğulduğu an onu köynəyinin içindən keçirmişdi. Beləliklə, Əbülfəz Naxçıvanlı mənim dayım idi ki, vardı. Və hər dəfə görüşəndə özü bunu mənim yadıma salırdı. Ricətin sonu.

Mən Cavidgilin həyətində ürəkdən, arzu-kamla açan qızıl gülləri daha heç harda görmədim. Bizim həyətimizdə də o cür ətirli qızılgüllər az deyildi. Amma Cavidgilin həyətindəki o güllərin pardaxlanıb açılmış al qırmızı enli ləçəklərindən heç harda yox idi. O qızılgülləri qoxlaya-qoxlaya cürbəcür uşaq oyunları oynamaqdan yorulardıq, gedib Naxçıvan çayının ağzına bacardığımız qədər daş düzüb suyun qabağını kəsərək dərinləşdirərdik və çimdikcə o çirkli çayda çimərdik.

Bir dəfə artıq yaşlı vaxtımda Naxçıvana gəldiyimdə həyətimiz məni çəkdi, gəldim, gördüm ki, bizim həyətidən haman çaya gedən yol (təndirəsərin yanındakı Cavidgilin həyətinə açılan qapı) artıq yoxdur. Cavidə ev - muzey tikəndə o qapını ləğv eləmişdilər. Həyətimizin küçə qapısından keçib Hüseyn Cavidin ev muzeyinin ətrafına fırlanıb çaya çıxdım. Haman təlatümlü, nəhəng çayın yerində böyük bir arx idi, sakit-sakit axırdı. Suyu da həmənki kimi çirkli idi.

Hüseyn Cavidə olan inam və ehtiram o dərəcədə idi ki, babam öz qızını, mənim anamı bacılığı Müşkinaz xalaya qoşaraq yaxın qonşusu, uzaq qohumu Cavidin dərs dediyi məktəbdə oxumaq üçün Bakıya göndərmişdi. Beləliklə, necə deyərlər, Cavidin dərs dediyi Qızlar məktəbində anam və Cavidin həyat yoldaşı Müşkinaz xala bir-birilə ünsiyyətdən əlavə, həm də ədəbiyyat elminə «vaqif» olurlar. Cavidin yazdıqlarına hörmət və sevgidən başqa mən anamı heç zaman ədəbiyyat bilicisi kimi tanımadım. Və anam Cavidin dərs dediyi məktəbi bitirdikdən sonra Naxçıvana qayıdıb bir müddət Nehrəm kəndində - babamın doğulduğu kənddə müəllimə kimi işləyir. Daha sonra anam müəllimliyin «daşını» atır, ixtisasını dəyişib diş həkimi olur. Əslən şuşalı olan atam da bu vaxtlar Naxçıvanda işləyirmiş. Yəqin ki, dişi ağrıyır, xəstəxanaya gəlir. Beləcə, onlar görüşüb tanış olurlar, ailə qurub Bakıya köçürlər.

Bu o vaxt idi ki, artıq Hüseyn Cavid həbs edilmişdi, əsərləri yasaq olunmuşdu. Müşkinaz xala və Turan xanım bizim Mirzə Fətəlidəki evimizə tez-tez gələrdilər. Sonralar ailə söhbətlərində eşidirdim ki, bəzən belə gəlişlər zamanı atam ehtiyat üzündən evimizin qapı pəncərəsini bərk-bərk bağlayar, onlar -- Müşkinaz xala, anam və atam üçlükdə oturub Cavid əfəndinin şeirlərini bir-birinə oxuyub söylərdilər.

«Quzu bala» ləqəbinə gəlincə. Evdə sakit dura bilməməyim, cürbəcür oyunlardan, həngamələrdən çıxmağım anamın və bacılarımın bəzən doğruçu, bəzən yalançı hiddətinə səbəb olan zaman Müşkinaz xala öz əvəzedilməz sakit tövrü, həlim təbəssümü ilə gülümsəyib sakit-sakit «ona dəyməyin, Kamal bu işi görməz, o quzu baladı» deyərmiş. «Quzu bala» sözü o vaxtdan qalan sözdür. Müşkinaz xalanın bu sözlərində həm də əməlli-başlı sarkazm vardı. O çox zaman demək istədiyini zarafata salıb deyirdi. Əlbəttə ki, «quzu bala» ifadəsi məni tanıyan hər kəsin üzündə istehzalı bir təbəssüm oynadırdı.

Artıq Cavid əfəndi bəraət alandan sonra Müşkinaz xalanı müxtəlif məktəblərə, təşkilatlara fəxri qonaq kimi çağırıb şagirdlərlə görüşünü təşkil edirdilər. O, şagirdlərə Cavidlə bağlı xatirələrindən, istibdad dövrünün keşməkeşlərindən danışırdı. Bu və bu kimi görüşlər məktəblilərin tərbiyəsi istiqamətində görülən işlərdən sayılırdı.

Üçüncü, ya dördüncü sinifdə oxuyurdum. Müşkinaz xala bizim məktəbə qonaq gəlmişdi. Sona müəllimə və Müşkinaz xala məktəbin akt zalına keçdikləri yerdə mən irəli atılıb özümü ona göstərdim. Uşaqların yanında axı forslanmalı idim ki, bu qonağı mən tanıyıram, o da məni tanıyır. Nə isə... buna «uşaqlığın ilk sabahı» deyək. Sona müəllimə mənə qəzəblə baxdığı an Müşkinaz xala məni özünə tərəf çəkib qucaqladı və bərkdən dedi:

- Quzu bala, salam. Necəsən?

Sona müəllimənin bir an içində dəyişmiş üzündəki təəccübü görmək lazım idi. Ən çox da «quzu bala» sözünə təəccüb edirdi.
davamı var...

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi Sarı pencək - Tural Cəfərlinin hekayəsi Badamdardan Əhmədliyə avar çəkə-çəkə üzüb gedirlər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see192

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see155

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see154

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see132

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see127

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see126

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see125

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see121

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see120

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see120

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see119

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see117

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see114

Ağahüseynova bürünc medal qazanıb

04 May 2025 15:00see114

Şəfa Şahdağ Qusar matçının hakimləri açıqlandı

04 May 2025 10:47see113

Serj Sarkisyan: Əgər Qarabağa getmək şansım olsa…

05 May 2025 01:12see112

DİQQƏT: Kartınızda oğurlanan pulları belə qaytarın VİDEO

04 May 2025 15:52see112

Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı

04 May 2025 16:49see112

Kirayə yolu ilə mənzil almaq istəyənlər üçün ŞAD XƏBƏR

04 May 2025 10:36see109

Rusiyadan daha bir ölkəyə ŞOK: “Tarixdə belə millət olmayıb, ərazi birləşməlidir”

04 May 2025 10:44see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri