Icma.az
close
up
RU
Bakı üçün taksilərin kvotası açıqlandı

Bakı üçün taksilərin kvotası açıqlandı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Eldəniz Cəfərov: “Düşünmürəm ki, kvota tətbiq olunan kimi dərhal taksi çatışmazlığı yaransın”

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq, müvafiq məlumatlandırma təmin edilib. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq. Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. 

Bakı kimi bir şəhər üçün 25 min taksi kvotası az deyilmi? Bu, şəhərdə taksi çatışmazlığına səbəb ola bilərmi, yoxsa belə daha yaxşıdır?

Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mediaya açıqlamasında deyib ki, əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var: “Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”.

Ümumiyyətlə, bir neçə ildə Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. Aidiyyəti qurumlar bildirir ki, bu dəyişikliklərin əsas məqsədi sərnişinlərin təhlükəsizliyini artırmaq, xidmət keyfiyyətini yaxşılaşdırmaq və taksi bazarında nizam-intizam yaratmaqdır. Yəni taksi fəaliyyəti daha sərt qaydalarla tənzimlənir və bu sahədə nəzarət gücləndirilib.

Hazırda sərnişindaşıma ilə məşğul olan sürücülər yalnız müvafiq lisenziya və icazə kartı olduqda fəaliyyət göstərə bilirlər. İcazəsiz taksi fəaliyyəti qadağan edilib və belə hallara görə cərimələr tətbiq olunur. Eyni zamanda taksilərdə ödəniş yalnız taksometr və ya rəsmi mobil tətbiqlər üzərindən aparılmalıdır, sərnişindən əlavə ödəniş tələb edilməsinə yol verilmir.

Son dövrdə elektron nəzarət mexanizmləri də tətbiq olunub. Bu çərçivədə “E-taksi” sistemi işə salınıb və minlərlə qaydalara cavab verməyən taksi icazəsi ləğv edilib. Bu addım bazarda qeyri-rəsmi fəaliyyətin qarşısını almağa və xidmətlərin daha şəffaf olmasına xidmət edir. Dəyişikliklərdən biri də taksilərin xarici görünüşü ilə bağlıdır. Qanunvericiliyə əsasən, taksilər müəyyən rəng standartlarına cavab verməlidir ki, onlar digər avtomobillərdən asanlıqla fərqlənsin. Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində yalnız lisenziyalı taksilərin sərnişin götürməsinə icazə verilir. 

Taksi sahəsində tətbiq olunan dəyişikliklər həm sürücülərə, həm də sərnişinlərə müəyyən müsbət təsirlər göstərsə də, bir sıra tənqidi məqamlar da ortaya çıxarıb. Yeni qaydalar ilk növbədə bazarda nizam-intizam yaratmağı və qeyri-rəsmi fəaliyyətin qarşısını almağı hədəfləyir. Lisenziya, icazə kartı və elektron nəzarət mexanizmləri sayəsində sərnişinlər üçün təhlükəsizlik və xidmətin şəffaflığı müəyyən qədər artıb. Sərnişinlər artıq kim tərəfindən daşındıqlarını, ödənişin hansı əsasla hesablandığını daha aydın şəkildə görə bilirlər.

Bununla yanaşı, sərnişinlər üçün bəzi çətinliklər də yaranıb. Xüsusilə taksilərin sayı azaldığı üçün pik saatlarda avtomobil tapmaq çətinləşib, bəzi hallarda gözləmə müddəti uzanıb. Rəsmi tənzimləmələr fonunda qiymətlərin faktiki olaraq artması ilə bağlı narazılıqlar da var. Taksometr və tətbiqlər üzərindən hesablanan tariflər hər zaman sərnişinlərin gözləntilərinə uyğun olmur və bu, sosial narazılıq yaradır.

Taksi sürücüləri üçün dəyişikliklər daha mürəkkəb təsir göstərib. Bir tərəfdən, bazardan qaydalara əməl etməyən sürücülərin çıxarılması rəqabəti azaldıb və rəsmi çalışan sürücülər üçün daha sabit mühit yaradıb. Digər tərəfdən isə lisenziya, texniki tələblər, avtomobilin rəngi və sənədləşmə ilə bağlı xərclər sürücülərin maliyyə yükünü artırıb. Bir çox sürücü bu tələblərə uyğunlaşa bilmədiyi üçün fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Əsas problem ondan ibarətdir ki, dəyişikliklər sürətli şəkildə tətbiq olunub və keçid dövrü bəzi sürücülər üçün kifayət qədər yumşaq olmayıb. Alternativ məşğulluq imkanlarının məhdud olması sosial riskləri artırır. Ümumilikdə, görülən tədbirlər uzunmüddətli perspektivdə daha təhlükəsiz və nizamlı taksi sistemi formalaşdırmağa yönəlib. Lakin bu prosesdə həm sürücülərin sosial vəziyyəti, həm də sərnişinlərin əlçatan və münasib qiymətli xidmətə çıxışı balanslı şəkildə nəzərə alınmasa, narazılıqların davam etməsi ehtimalı qalır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bunları deyib: “Qərardan da məlumdur ki, 25 minlik kvota taksi sürücülərinə deyil, taksi kimi istismar olunan nəqliyyat vasitələrinə tətbiq olunur. Yəni bu o deməkdir ki, Bakı şəhəri ərazisində icazəli şəkildə maksimum 25 min taksi avtomobili fəaliyyət göstərə bilər. Burada söhbət məhz icazəli taksi fəaliyyətindən gedir. Sürücülərin sayı ilə bağlı isə heç bir kvota tətbiq olunmur və bu, ümumiyyətlə, mümkün də deyil. Sürücülərin sayı istənilən qədər ola bilər. Onu da qeyd edim ki, hazırda Bakı şəhərində on minlərlə avtomobil taksi kimi istismar olunur və bunların böyük hissəsi icazəli nəqliyyat vasitələridir. Mənə belə gəlir ki, 25 minlik kvotanın tam dolması yaxın vaxtlarda baş verməyəcək. Çünki hazırda fəaliyyət göstərən avtomobillərin buraxılış kartları mövcuddur və onlar istismarda qalmağa davam edəcəklər”.

Ekspert əlavə edib ki, istismar müddəti bitən və dövriyyədən çıxan avtomobillərə görə yenidən növbəlilik mexanizmi işə düşəcək: “Yəni əgər kimsə taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə və növbəyə dayanıbsa, istismardan çıxan taksilərin yerinə həmin şəxslər öz avtomobilləri ilə sistemə daxil ola biləcəklər. Bu kvota mərhələli şəkildə tənzimlənəcək. Məhz buna görə də düşünmürəm ki, kvota tətbiq olunan kimi dərhal taksi çatışmazlığı və ya taksi qıtlığı yaransın. Belə bir vəziyyət gözlənilmir. Taksi qıtlığı olmadığı halda isə qiymət artımı da mümkün deyil. Qiymətlər sabit qalacaq. Bir məqamı da qeyd etmək lazımdır ki, taksi kvotası yalnız Bakı şəhərinə şamil olunur. Bakı isə Sumqayıt kimi şəhərlərlə sıx əlaqədə olan, qonşu şəhərlərlə inteqrasiya olunmuş bir məkandır. Bu baxımdan hesab edirəm ki, hər hansı ciddi çətinliklərin yaranması ehtimalı yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri