Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabr 19-da Çinin Şençjen şəhərində, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasındakı üçtərəfli görüşün baş tutacağı gözlənilir.
Maraqlıdır, görüşdən gözləntilər nələrdir?
Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, noyabrın 19-da nəzərdə tutulan üçtərəfli görüş beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib:
"Bu görüş müasir beynəlxalq münasibətlər tarixində ABŞ, Çin və Rusiya liderlərinin ilk belə üçtərəfli sammiti olacaq. Dünya mətbuatında görüşün əhəmiyyəti yalnız üç nüvə dövlətinin rəhbərlərinin eyni masa arxasında əyləşməsi ilə izah edilmir. Əsas diqqət Vaşinqton, Pekin və Moskvanın beynəlxalq təhlükəsizlik, nüvə silahlarına nəzarət, İran ətrafındakı vəziyyət, Ukrayna müharibəsi və qlobal güc balansı məsələlərində ortaq mövqe tapmaq imkanlarına yönəlib".
Politoloqun fikrincə, əslində sammitdən böyük və konkret siyasi razılaşma gözləmək çətin görünür. Çünki hər üç ölkənin maraqları bir sıra məsələlərdə üst-üstə düşsə də, onların strateji prioritetləri arasında ciddi fərqlər qalmaqdadır.
"Bütün hallarda görüşün simvolik və siyasi əhəmiyyəti konkret razılaşmaların əhəmiyyətindən daha böyük ola bilər. Bir çox dünya analitikləri görüşü Yalta razılaşması ilə müqayisə edirlər. Lakin burada liderlərin ayrı-ayrı maraqlarını nəzərə almaq vacibdir. Liderlərin fərqli düşüncələri fonunda sammit qlobal siyasətdə mühüm diplomatik hadisə hesab olunur, amma üç liderin bir araya gəlməsi onların bütün əsas məsələlərdə razılığa gələcəyi anlamına gəlmir", - deyə Ç. Şahbazi əlavə edib.
Politoloq hesab edir ki, sammitin ən mühüm və mürəkkəb məsələlərindən biri nüvə silahlarının azaldılması və onların yayılmasının qarşısının alınması olacaq:
"Trampın əsas məqsədlərindən biri ABŞ, Rusiya və Çinin nüvə arsenalına dair yeni danışıqlar prosesinin başlanmasına nail olmaqdır. Xüsusilə ABŞ və Rusiya arasında nüvə silahlarının sayını məhdudlaşdıran sonuncu əsas müqavilənin 2026-cı ilin fevralında qüvvədən düşməsi bu məsələni daha da aktuallaşdırıb. Çinin bu məsələyə münasibəti məhz problemlər yarada bilər. Məsələ burasındadır ki, ABŞ və Rusiyanın nüvə arsenalı Çinin arsenalından xeyli böyükdür. Çin arsenalının 600-dən çox döyüş başlığına, ABŞ və Rusiya arsenalının isə hər birinin 5 mindən çox döyüş başlığına malik olduğu göstərilir. Bu fərq Pekinin Moskva və Vaşinqton ilə eyni şərtlər əsasında silahların azaldılması müqaviləsinə qoşulmaqda maraqlı olmamasının əsas səbəblərindəndir. Bu səbəbdən də hazırkı mərhələdə nüvə tərksilahı müqaviləsinin imzalanması ilə bağlı gözləntilər aşağıdır".

Politoloq: "Üçtərəfli görüşdən bəzi nəticələr əldə edilə bilər"
Ç. Şahbazinin proqnozuna görə, gələcəkdə danışıqlar prosesinin davam etdirilməsi baxımından yaxşı zəmin yarana bilər. İran ətrafında yaranmış mürəkkəb vəziyyət və regionda təhlükəsizlik məsələləri də masaya qoyula biləcək məsələlərdəndir.
"Trampın bu addımı təsadüfi deyil. Tehranla bağlı təhlükəsizlik məsələlərində Moskva və Pekinin mövqeyini və xüsusilə də onların İranla bağlı münasibətlərini nəzərə almaq istəyir. Hesab edirəm ki, Moskva və Pekinin bu məsələlərdə yanaşmaları fərqli ola bilər. Çünki Vaşinqtonun əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısının alınması, regionda hərbi qarşıdurmanın genişlənməməsi və təhlükəsizlik risklərinin azaldılmasına nail olmaqdır. Amma üçtərəfli görüşdən bəzi nəticələr əldə edilə bilər. Bura İranın nüvə proqramı ilə bağlı diplomatik danışıqların bərpasına dəstək, Regionda hərbi eskalasiyanın qarşısının alınması, İranın nüvə silahı əldə etməməsi ilə bağlı beynəlxalq mexanizmlərin tətbiqi, Hörmüz boğazı və enerji təhlükəsizliyi ilə bağlı risklərin azaldılması kimi məsələlər daxildir" - müsahibimiz bildirib.
Çingiz Şahbazi qeyd edib ki, sadalanan nəticələr mümkün görünsə də, üç böyük ölkənin İranla bağlı vahid siyasi mövqeyə gəlmələrinə inanmaq çətindir. Xüsusilə də İranın regiondakı rolu və ABŞ-nin Tehrana münasibəti ilə bağlı fərqli yanaşmalar qalmaqdadır.
Politoloq onu da vurğulayıb ki, sammit ətrafında ən çox müzakirə olunan məsələlərdən biri Ukrayna müharibəsidir:
"ABŞ öncə bu məsələni üçtərəfli görüşün əsas gündəliyinə daxil etmək istəmədi. Çünki Rusiya tərəfi bu görüşdən Ukrayna müharibəsinin Moskvanın şərtlərinə uyğun başa çatdırılması istiqamətində diplomatik imkan kimi istifadə etmək niyyətindədir. Lakin Trampın son açıqlaması bu mövzunun müzakirəyə çıxarılacağını ifadə etdi. Pekin isə öz növbəsində Ukrayna müharibəsinin üçtərəfli danışıqların əsas mövzusuna çevrilməsinə ehtiyac olmadığından bu məsələyə ehtiyatlı yanaşır.
Əlbəttə ki, müzakirə mövzusu ola biləcək bütün mövzular ziddiyyət təşkil edir və bu ziddiyyətlər təkcə sammit iştirakçıları arasında deyil, həmçinin Avropa ölkələri, Yaponiya, İran, Yaxın Şərq ölkələri və digər ölkələrin də bu görüşlə bağlı gözləntiləri var və narahatçılıqlar da istisna edilməməlidir. Çünki Trampın Putinlə danışıqlarda Ukrayna və Avropanın təhlükəsizlik maraqlarına təsir edə biləcək gözlənilməz mövqelər səsləndirməsindən ehtiyat edirlər. ABŞ və Çin arasında iqtisadi qarşıdurmanın yumşaldılması, münasibətlərin sabitləşdirilməsi sammitin mümkün nəticələrindən biri kimi qiymətləndirilir. Vaşinqton və Pekinin əsas maraqları mövcud ticarət atəşkəsini qorumaq və münasibətlərin yenidən kəskinləşməsinin qarşısını almaqdır".
Politoloqun fikrincə, tərəflər qarşılıqlı olaraq tariflərin azaldılması , kənd təsərrüfatı məhsullarının tədarükü, nadir torpaq elementləri və texnologiya ixracına nəzarət kimi məsələləri də müzakirə edəcəkləri ehtimalı var. Bu baxımdan da Si Cinpin üçün görüşün əhəmiyyəti var. Çünki Çin təzyiqlərin azaldılmasında maraqlıdır.
"Bundan başqa, Tayvan və Asiya-Sakit okean regionunda güc balansı məsələsi var və Çin Tayvanı özünün ayrılmaz hissəsi hesab edir. ABŞ isə Tayvanla bağlı təhlükəsizlik və müdafiə məsələlərində Pekinlə fikir ayrılıqları yaşayır. Yaponiya da Trampın Si Cinpinlə görüşünün Vaşinqtonun Tayvan və Asiya-Sakit okean siyasəti ilə bağlı hansı mesajı verəcəyindən narahatdır. Rusiya üçün Çinlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq məsələlərdə Pekinin mövqeyinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Çin isə Rusiya ilə münasibətləri qorumaqla yanaşı ABŞ ilə iqtisadi və siyasi əlaqələrdə öz maraqlarını təmin etməyə çalışır" - müsahibimiz əlavə edib.
Ç. Şahbazi son olaraq vurğulayıb ki, Moskva və Pekinin yaxınlaşması onların Trampın da iştirak edəcəyi üçtərəfli görüşə münasibətlərində birlikdə və eyni mövqedən çıxış edəcəkləri anlamı daşımır. Bu tarixi görüşdə hər üç dövlətin öz maraqları var. Bu maraqlar üzərindən siyasi və iqtisadi məsələlərə yer veriləcək və qərarlar alınacaq.
Gülşən Şərif
Baxış sayı:72
Bu xəbər 18 Noyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















