Bakının məşhur qonaqları: Modern Talkingdən Xəzər sahilinə Tomas Andersin Bakı izləri
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
XX əsrin 80-ci illərində Almaniyanın məşhur “Modern Talking” qrupu Avropa musiqi səhnəsinə damğa vurmuş və dünya miqyasında milyonlarla dinləyici toplamışdı. 80-ci illərin pop musiqisini sevən nəsli yəqin ki, Tomas Anders və Diter Bolendən ibarət dueti yaxşı xatırlayır. Pop musiqisinin tarixində silinməz iz qoymuş “Modern Talking” qrupu qurulandan az sonra beynəlxalq şöhrət qazanmışdı. Qrupun uğur zirvəsi əsasən 1985-1987-ci illəri əhatə edir. Bu dövr Tomas Anders-Diter Bolen duetinin mahnılarının və albomlarının ən çox satıldığı zaman idi.
Şübhəsiz ki, “Modern Talking”in Azərbaycanda da minlərlə dinləyicisi, fanatı vardı...
Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.
“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir...
Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub.
Budəfəki yazımızda bir neçə dəfə Bakıda konsert proqramları ilə çıxış etmiş əfsanəvi “Modern Talking”in ünlü solisti Tomas Andersin ölkəmizə səfərindən bəhs edirik.
1980-ci illərin sonlarında dünya musiqi səhnəsini fəth edən "Modern Talking"in alman pop dueti öz melodik səsi və unikal musiqi üslubu ilə milyonlarla insanın qəlbini fəth etmişdi. Qrupun tarixçəsi həm uğur, həm də ziddiyyətlərlə doludur. Onun sürətli yüksəlişi və bir neçə dəfə ayrılıb-təkrar birləşməsi pop musiqi dünyasında nadir rast gəlinən hadisələrdən biridir.
Arayış: Tomas Anders 1963-cü il martın 1-də Almaniyanın kiçik Münstermaifeld şəhərində doğulub. Valideynləri uşağa Berndhart adı qoyublar. Onun özündən başqa bir qardaşı və bir bacısı da vardı. Berndhart kiçik yaşlarından musiqiyə maraq göstərib, fortepiano dərsləri alıb, gitara çalmağı öyrənib. 1979-cu ildə o, “Radio Lüksemburq” müsabiqəsinin laureatı olub və bir il sonra ilk albomu ilə debüt edib. Səhnə adını (Tomas Anders” isə qardaşı ilə birlikdə telefon kataloqundan istifadə edərək seçib.
1982-ci ildən Tomas Anders adı tanınan müğənni bəstəkar və prodüser Diter Bolenlə tanış olub və bu tanışlıq onların həyatında həlledici rol oynayıb.
Qrupun yüksəliş dövrü
"Modern Talking" qrupu 1983-ci ildə Almaniyada yaradılıb. Bir il öncə - 1982-ci ildə müğənni Tomas Anders bəstəkar və prodüser Diter Bolenlə tanış olur və bu tanışlıq onların həyatını dəyişdirir. Hazırladıqları ilk disk alman hit-paradında 6-cı yeri tutur və 30 min tirajla satılır. 1983-cü ildə dostlar “Modern Talking” qrupunu yaradırlar. Qrupun tərkibində iki əsas üzv vardı: prodüser və bəstəkar Deter Bolen və vokalist Tomas Anders. Onlar musiqi dünyasında bir-birini tamamlayan ideal bir tandem yaratmışdılar. Bolenin melodik kompozisiyaları və Andersin yumşaq, fərqli səsi qısa müddətdə milyonların diqqətini cəlb etdi.
Qrupun ilk sinqli "You're My Heart, You're My Soul" (“Sən mənim qəlbimsən, Sən mənim ruhumsan”) 1984-cü ildə buraxıldı və qısa müddət ərzində Avropada, xüsusən də Almaniya, Fransa və Skandinaviya ölkələrində hitə çevrildi. Ardınca gələn “You Can Win If You Want”, “Cheri, Cheri Lady”, “Brother Louie” kimi mahnılar Deter Bolen və Tomas Andersi beynəlxalq səviyyədə məşhurlaşdırdı.
Populyarlığın zirvəsi və daxili ziddiyyətlər
1985-1987-ci illər arası “Modern Talking” öz karyerasının zirvəsində idi. Onlar hər il yeni albom buraxır və dünya turlarına çıxırdılar. Lakin bu uğurların fonunda qrup daxilində gərginliklər də yaşanırdı. Diter Bolenin qrupdakı domiant rolu, hər şeyə müdaxilə etməsi Tomas Andersi narazı salırdı.
Xarici mətbuat yazırdı ki, Bolen və Anders arasında şəxsi və peşəkar anlaşılmazlıqlar artdıqca, “Modern Talking”in işləri də enişə doğru gedirdi. Diter Bolenin təkbaşına qərarlar verməsi və musiqi üzərində tam nəzarəti Tomas Andersi ondan incik salırdı. Nəticədə qrup 1987-ci ildə ilk dəfə rəsmi olaraq dağıldı.
Yenidən birləşmə və ikinci ayrılıq
1998-ci ildə, 11 illik fasilədən sonra, “Modern Talking”in solistləri yenidən bir araya gəldilər. Onların dönüş sinqli "You're My Heart, You're My Soul 98" böyük uğur qazandı və nostalgiya dalğası ilə bir çox köhnə fanatlarını cəlb etdi. Qrup bu dövrdə daha modern, rəqs ritmli versiyalarda klassik hitlərini təqdim etdi və yeni albomlar çıxardı.
Bu dönüş sadəcə əvvəlki fanatları deyil, həm də 90-cı illərdə böyüyən yeni nəsli həyəcanlandırdı.
1998–2003-cü illər arasında qrup dörd yeni studiya albomu buraxdı. Xüsusilə də "Win the Race", "China in Her Eyes", "No Face No Name No Number" kimi parçalar, Avropa hitlərinə çevrildi.
Lakin Deter Bolen və Tomas Andersin birləşdiyi ikinci dövr də uzun sürmədi. Əvvəlki dövrdə olduğu kimi, ikinci dönəmdə də aralarındakı şəxsi və yaradıcı fikir ayrılıqları qrupun davamlılığına təsir etdi. Diter Bolen yenə əsas bəstəkar və prodüser rolunda idi, lakin bu dəfə də onun dominant mövqeyi Tomas Anderslə münasibətləri gərginləşdirdi.
2003-cü ildə qrup yenidən və bu dəfə sonuncu dəfə dağıldı. “Modern Talking”in son canlı çıxışı 2003-cü ilin iyun ayında olub. Konsert zamanı pərəstişkarlar göz yaşlarını saxlaya bilməmişdilər - bu, bir dövrün rəsmi sonu idi.
2003-cü ildə “Modern Talking” "Universe" albomunu çıxardıqdan sonra Diter Bolen mətbuata verdiyi açıqlamada “qrup artıq fəaliyyətini dayandırır" dedi. Onun sözlərinə görə, bu qərar qrupun dağılması ilə deyil, daha çox şəxsi münasibətlərin və musiqiyə yanaşmanın uyğun gəlməməsi ilə bağlı idi. Tomas Anders isə bu qərarın onun üçün də gözlənilməz olduğunu bildirdi və Boleni birtərəfli qərar verməkdə günahlandırdı.
Hər iki solist bir-birini mətbuat qarşısında ittiham etdi – Bolen Andersin səmimiyyətsiz olduğunu dedi, Anders isə Boleni eqoistlikdə suçladı.
“Modern Talking” musiqi tarixində iz buraxmış nadir Avropa duetlərindən biridir. Onun sintezator əsaslı eurodisko musiqisi 1980-90-cı illərin musiqi palitrasına yeni nəfəs gətirdi. Bu gün belə onların mahnıları retro kanallarda, diskotekalarda və sosial şəbəkələrdə məşhurluğunu qoruyub saxlamaqdadır.
“Modern Talking” və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.
1998–2003 dövrü “Modern Talking” üçün həm musiqi, həm də kommersiya baxımından uğurlu bir ikinci mərhələ idi. Bu illərdə qrup həm əvvəlki şöhrətini qoruyub saxladı, həm də yeni auditoriya qazandı.
Qrupun dağılmasından sonra hər iki üzv solo karyeralarına davam etdilər. Tomas Anders solo albomlar çıxardı, dünya üzrə solo turlara çıxdı. Deter Bolen isə əsasən televiziya şoularında münsif kimi çıxış etdi və bəstəkar kimi fəaliyyətini davam etdirdi.
“Modern Talking”in hekayəsi göstərdi ki, uğur təkcə hit mahnılardan deyil, həm də komandadaxili harmoniyadan asılıdır. Onlar tarixə təkcə pop hitləri ilə deyil, həm də ikiliyin mürəkkəb münasibətləri ilə yazıldılar.
Tomas Anders ilk dəfə Bakıda…
Məşhur hitlərlə bütün dünyanı valeh edən “Modern Talking”in solisti Tomas Anders nəhayət Azərbaycana da gəldi. O, 2006-cı ildə Bakıya gələndə “Modern Talking” qrupu artıq dağılmışdı. Tomas Bakıda böyük coşqu ilə qarşılandı… Musiqisevərlərin həyəcanla gözlədiyi bu səfər təkcə konsertlə yekunlaşmadı – Bakı Tomasın başçılıq etdiyi heyətin yaddaşında dərin iz buraxdı.
Tomas Andersin heyəti Bakıya 20 il öncəki pop şöhrətinin izlərini daşıyaraq gəlmişdi. Konsertin keçirildiyi gün - 23 iyun tarixində Heydər Əliyev Sarayı izdihamlı idi – biletlər günlər öncədən tükənmişdi. Qrup üzvləri Azərbaycana ilk dəfə gəlmələrinə baxmayaraq, burada çox səmimi qarşılandılar.
T.Andersin Bakı proqramının repertuarı zəngin idi. Müğənninin repertuarında keçən əsrin sonlarında “Modern Talking” qrupunun digər solisti Diter Bolenlə birlikdə ifa etdiyi mahnılarla yanaşı, sonradan bəstələnmiş yeni musiqi nümunələri də vardı.
Konsertdən sonra verdiyi müsahibədə Tomas Anders Bakı haqqında danışarkən bu sözləri işlətmişdi: “Biz bir çox şəhərdə çıxış etmişik, amma Bakı həm Şərq romantizmini, həm də Avropa müasirliyini eyni anda təqdim edir. İnsanlar çox qonaqpərvər, publika isə enerjili idi. Səhnədə olmaq inanılmaz idi.”
Qrup üzvləri xüsusilə Azərbaycan paytaxtının memarlıq simbiozunu vurğulamışdılər - qədim İçərişəhərin divarları ilə modern göydələnlərin yan-yana mövcudluğu onlarda xüsusi təəccüb yaratmışdı. Tomas Anders və həmkarları həmçinin Azərbaycan mətbəxini də tərifləmişdilər: dolma, plov və qutab kimi milli yeməkləri dadan alman musiqiçilər bu təamların orijinallığını və təqdimat estetikasını yüksək qiymətləndirmişdilər.
“Modern Talkinq” qrupu Bakıdan böyük məmnunluq və sevgi ilə ayrılmışdı. Alman musiqiçilərin təəssüratları təkcə şəhər haqqında deyil, həm də burada musiqiyə olan münasibətə dair idi. Musiqi bir daha sübut etdi ki, o, sərhəd tanımır – nə dillə, nə mədəniyyətlə. Bəlkə də illər sonra onların Bakıya yenidən qayıdışı da bundan irəli gəlmişdi.
Bakıya növbəti səfərlər...
2019-cu ilin may ayında əfsanəvi “Modern Talking” qrupunun solisti Tomas Anders yenidən Bakıda idi, Heydər Əliyev Mərkəzində onun möhtəşəm konserti oldu. Müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini ifa etdi.
Səhnədən tamaşaçıları "Salam, Bakı!", - deyə salamlayan Tomas Anders paytaxtımızda 13 il əvvəl olduğunu və ötən müddət ərzində Bakının çox dəyişdiyini, gözəlləşdiyini qeyd etmişdi.
Tomas Anders konsertdə "Youre My Heart, Youre My Soul", "Cheri Cheri Lady" və digər məşhur mahnılarını səsləndirdi. Bayram ab-havalı konsertdə tamaşaçılar da ifalara qoşulub hitləri müğənni ilə birgə oxumuşdular.
Konsertdən sonra müğənni Heydər Əliyev Mərkəzinin çox heyrətamiz memarlıq incisi olduğunu vurğulamışdı: "Bura mənim indiyədək olduğum bütün məkanların ən gözəli, ən möhtəşəmidir. Binanın arxitekturası insana ilham verir".
2022-ci il sentyabrı... Tomas Anders yenə Bakıda idi... O, “Sea Breeze Resort”da keçirilən açıq hava festivalında böyük coşqu ilə çıxış etdi.
Hələ konsertdən əvvəl Bakı ilə bağlı təəssüratlarını bölüşən Tomas şəhərimizin çox dəyişdiyini bildirmişdi.
“Konsert qrafikimlə ölkənizlə yaxından tanış olmağım olduqca çətindir. Çünki fiziki olaraq buna zaman yoxdur. Amma məndə əsas təəssürat ondan ibarətdir ki, Bakı çox dəyişib. Dəyişən şəhərin inkişafına yatırılan töhfələri hiss etmək olur”.
Tomas növbəti səfərində Bakı ilə daha ətraflı tanış olmaq üçün burada çox zamanının olacağını ümid etdiyini dilə gətirmişdi.
Onun səfər zamanı çəkilən fotoları və sosial şəbəkələrdəki paylaşımları fanatlar tərəfindən böyük maraqla qarşılanmışdı. Tomas Anders zarafatla qeyd etmişdi: “Bəlkə növbəti mahnımızın adı “Baku Nights” olsun?”
2023-cü ilin oktyabrında sevilən müğənni, bəstəkar və prodüser Tomas Andersin daha bir Bakı səfəri gerçəkləşdi... Bu dəfə də Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı baş tutdu...
Şəxsi həyatı...
Tomas Andersin şəxsi həyatı musiqi karyerası ilə paralel gedib. Müğənninin ilk həyat yoldaşı aristokrat Nora Ballinq olub. Onların toyu 1984-cü ildə baş tutub. Nora ərinə güclü təsir göstərib və tez-tez “Modern Talking” qrupunun yaradıcılıq prosesinə müdaxilələr edib. Kosmetoloq və vizajist kimi təhsil alan Nora Ballinq ərinin obrazının yaradılmasında iştirak edib - onun sayəsində uzun saçlı solistin tanınan obrazı yaranıb. 1994-cü ildə onların münasibətləri pozulub və 4 il sonra boşanıblar. Gəncliyində Tomas karyerası ilə məşğul idi, buna görə də o, birinci həyat yoldaşı evlilik zamanı uşaq istəməyib.
1996-cı ildə T.Anders tərcüməçi Klaudiya Hess ilə tanış olub. 2000-ci ildə onlar evləniblər. Toylarından iki il sonra cütlüyün Aleksander adlı oğlu dünyaya gəlib.
İkinci həyat yoldaşı Tomasın təkcə yaradıcılığına deyil, həm də xarici görünüşünə təsir edib. Belə ki, vokalçı imicini kökündən dəyişərək uzun saçlarını kəsdirib. Onlar hazırda da birlikdə yaşayırlar...
Ə.Qafarlı


