Icma.az
close
up
RU
Bayram Ağrıdağın “Namələri”

Bayram Ağrıdağın “Namələri”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alim-şair Bayram Ağrıdağın (Bayram Fəti oğlu Apoyevin) «Nərgiz» nəşriyyatı tərəfindən «Namələrim» adlı yeni kitabı çap olunmuşdur.

«Qabaqcıl təhsil işçisi» Bayram Apoyev uzun illərdir Gəncə Dövlət Universitetində elmi-pedaqoji sahədə çalışır. Bu fəaliyyətinin çox hissəsini pedaqoji fakültənin dekanı kimi məsul vəzifədə keçirən Bayram müəllim elmi sahədə də böyük uğurlar qazanmışdır.

100-dən çox elmi əsərin, o cümlədən 20 adda monoqrafiya, dərslik və tədris-metodik vəsaitlərin müəllifi olan Bayram müəllimin kitablarının 5-i dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuşdur.

AYB-nin üzvü, Prezdent təqaüdçüsü alim-şair Bayram Ağrıdağ elmi yaradıcılıqla paralel olaraq, bədii yaradıcılıq sahəsində də nailiyyətlər əldə etmişdir. "Namələrim" kitabı onun oxucularla 8-ci poeziya görüşüdür. Beş bölmədən ibarət kitabın ilk üç bölməsinə şairin doğma Vətəni Azərbaycana, ata yurdu Qərbi Azərbaycanın Vedibasar mahalına və Qarabağ müharibəsindəki Böyük Zəfərə həsr olunmuş şeirləri, son iki bölməyə isə sevgi və fəlsəfi mövzularda şeirlər daxil edilmişdir.

Bu əsərlərin ictimai dəyərini nəzərə alan millət vəkili, akademik Nizami Cəfərov kitaba ön söz yazmışdır. Həmin yazını oxucuların diqqətinə çatdırırıq.

Bayram Ağrıdağın “Namələri”

Gərgin ictimai, siyasi, mənəvi mübarizələr gedişində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması (və tamamilə təbii olaraq, bu bütövlüyün təminatının bütün tarixi-coğrafi Azərbaycan miqyası üzrə başa çatdırılması ehtiyacının yenidən gündəmə gəlməsi!) Azərbaycan cəmiyyətində olduğu kimi, ədəbiyyatında da böyük ruh yüksəkliyi əmələ gətirmişdir. Öz tərcümeyi-halını yurdunun, vətəninin, xalqının tərcümeyi-halından heç vaxt kənarda təsəvvür etməyən istedadlı şair Bayram Ağrıdağın “Namələri”, ilk növbədə, həmin ümumxalq ruh yüksəkliyinin ürəkdən gələn poetik əks-sədasıdır. Dahi həmyerlisi Nizami Gəncəvinin məşhur “Xəmsə”sinin struktur üslubunu xatırladan formada qələmə alındığı “Namələr” beş bölmədən ibarətdir: “Vətənnamə”, “Vedinamə”, “Şuşanamə”, “Gülnamə” və “Hikmətnamə”. Onlardan ilk üçü, adlarından da göründüyü kimi, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəlmiş böyük Zəfərimizə həsr olunmuşdur. Dördüncü “Namə” eşqdən, sevgidən, beşinci isə ağıldan, müdriklikdən bəhs edir ki, hər ikisi poeziyamızın ənənəvi mövzularındandır. Ancaq bu mövzulardakı şeirlərdə də dövrün, zamanın qürurlu müzəffər ovqatı özünü aydın hiss etdirir.

“Vətənnamə”nin epiqrafında şairin ideya-mənəvi kredosu

“Vətənnamə” – doğma torpaq,

Od-ocağa sədaqətim.

Neçə milyon ildən bəri

Coşub-daşan bədahətim, – misraları ilə təqdim olunur. Və ikiyə bölünmüş Vətənin taleyi “yarım” sözünün leksik-qrammatik omonimliyində kifayət qədər həssas, zərif notlarla verilir:

Cənubda inləyən

Ulu Şəhriyar,

Şimalda sızlayan

dərdli Bəxtiyar,

Müşfiqi göynədən

kaman, tarımdı,

Vətən yarımdı.

Bayram Ağrdağın tərənnüm elədiyi Vətən mücərrəd deyil, kəndi-şəhəri, dağı-daşı, gülü-çəməni, çayı-gölü ilə hər guşəsi müəllifin həyatına, duyğu- düşüncələrinə silinməz izlər qoymuş son dərəcə konkret, canlı, qürurverici məkandır:

Goranboyda göz açmışam

Bu işıqlı dünyaya mən.

Məğrur Kəpəz yamacında

Gülüb üzə güllü çəmən.

Vedibasar ata yurdum

Verib mənə ilk savadı.

Ağrıdağın ətəyində

Tanımışam dostu, yadı.

Bakı mənim darülfünum,

Burda bildim kamal nədir.

Vətənimə xidmət etmək,

Saf əqidə, amal nədir...

Şeir davam edir, şair universiteti bitirdikdən sonra müəllimlik etdiyi Kür boyundan – Yevlaxdan söhbət açır. Sonra isə “son ünvanı” Gəncəyə köçməsindən danışır, Nizami tək səcdəgahı olduğunu söyləyir... Hər nə qədər müxtəlif bölgələrin adını çəkib həyatının unudulmaz illərini yada salsa da, müəllif Vətənin bütövlüyü ilə fəxr edir:

Bölgələrə bölünmədim,

Bütöv candır cismim-tənim.

“Haralısan?” deyənlərə:

“Azərbaycan tək Vətənim!”

“Vətən”, “Cənnətin özüsən”, “Mənim müqəddəsim”, “Oğul deyir”, “Azərbaycan bayrağı”, “Araz dərdi”, “Haxçıvanım”, “Zəngəzurum”, “Qərbi Azərbaycanım” kimi şeirlərdə bu bütöv (və böyük!) Azərbaycanın təsəvvürlərimizdəki möhtəşəm obrazına yeni çalarlar əlavə etməklə yanaşı, Bayram Ağrıdağ “tula payı”na göz dikən Vətən xainlərini də cavabsız qoymur:

Unudub kökünü, nəsil-soyunu,

Görmür Avropada gedən oyunu,

Qanmır erməninin faşist huyunu.

Gözü kordur, qulağı da kar olsun,

Vətənə xor baxan kəsə ar olsun!

“Vətənnamə”dən sonra gələn “Vedinamə” və “Şuşanamə” də, əslində, Vətən mövzusunun yeni etnoqrafik-coğrafi kontekstdə davamıdır.

“Vedinamə” – ata yurda,

El-obaya məhəbbətim,

Sarıbaba ətəyində

Soykökümlə söz- söhbətim…

– deyən şair

“Şuşanamə” – Qarabağın

Baş tacına dərin sevgim,

Böyük Zəfər yürüşünə

Xeyir-dua, dilək-öygüm… – söyləməklə bu əsərləri qələmə almaqda məram-məqsədini elan edir.

Birinci “Namə” barədəki fikrimi əsərin ayrıca nəşrinə yazdığım “Bayram Ağrıdağın “Vedinamə”si adlı ön sözdə bildirmişəm. İkinci “Namə”yə gəldikdə isə deyə bilərəm ki, “Şuşanamə” son illərdə Şuşa haqqında işıq üzü görmüş sayca az olmayan əsərlər arasında həm ideya-məzmunu, həm də ifadə- forması baxımından seçilir... Sözünə kədərli əhval-ruhiyyə ilə başlayan, yaxın keçmişin hüznlü xatirələrini yada salan şair, təbii olaraq, qəzəbini, hiddətini gizlədə bilmir:

“Vətən, Vətən” deyənləri

Dar günündə qaçan gördüm.

“Lazım gəlsə...” söyləyənin

Öldüyünü haçan gördüm?!

Doğma yurdu vəzifəyə

Satanlar da “Vətən” deyir?!

Qanımızı yad qanına

Qatanlar da “Vətən” deyir?!

...İnan, heç vaxt bağışlamaz

Şəhidlərin ruhu bizi,

Yurdumuzda qalacaqsa,

Bir gavurun ayaq izi!

Qarabağ münaqişəsinin müxtəlif dövrlərinə aid şeirlər bu münaqişənin xronikasını olduqca həssas bir şəkildə əks etdirir. “Yurdum yağıya qaldı”, “Qeyrət vaxtıdı”, “Şad eylə”, “Qarabağdadı”, “Belə getməz”, “Azad et” kimi şeirlərdə Vətən həsrəti, Vətən uğrunda mübarizə ruhu hakimdirsə, sonrakı şeirlərdə Zəfərin təntənəsi özünü hər misrada göstərir... Ali Baş Komandanın bütün dünyanı silkələyən (və Zəfərimizin parolu olan) “Qarabağ Azərbaycandır!” sözləri artıq Bayram Ağrıdağın şeirlərinin nəqaratına çevrilir. “Şuşaya gedən yol” isə, yəqin ki, Zəfər günlərinin ən təsirli şeirlərindən biridir:

Müxtəlif isimli insanlar kimi,

Yolun da cürbəcür, min bir adı var.

Əyri yol, hamar yol, asan, çətin yol,

Yolun doğması var, yolun yadı var.

Boyanıb minlərlə şəhid qanına,

Bu yol xalqımızın “Zəfər yolu”du.

Şuşaya gedən yol elin-obanın

Müqəddəs ocağa səfər yoludu.

…Zəvvarı olmuşam mən də bu yolun,

O yolun eşqilə döyünür ürək.

Vüqarla bu yolda yürümək üçün

Uğrunda canından keçəsən gərək!

“Şuşanamə” Şuşanı – “könül dünyamızın paytaxtını”, Ulu Öndərin sözləri ilə desək: “milli rəmzimizi”, “Azərbaycanın gözü”nü tərənnüm edən şeirlərlə başa çatır.

“Gülnamə” müasir dövrümüzün məhəbbət dastanı, “Hikmətnamə” isə müdriklik kitabıdır. Və hər iki əsərdə tarixiliklə müasirlik, ictimailiklə fərdilik, eposla lirika üzvi vəhdətdə çıxış edir.

Mən heç bir şübhə etmirəm ki, tanınmış şair-alim Bayram Ağrıdağın “Namələri” onun yeni yaradıcılıq uğurudur.

Nizami CƏFƏROV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Mart 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri