Beynəlxalq konfransın materiallarında Azərbaycan alimlərinin də məruzələri yer alıb AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının məruzələri “Ağıllı mühit və yaşıl texnologiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda (ICSEGT2024) müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Konfransda institutun şöbə müdiri dosent Bikəs Ağayev və elmi işçi Məleykə Paşayevanın həmmüəllifi olduqları “Neft və qaz quyularının qazılması zamanı ətraf mühitin çirklənməsinin qarşısını alan qabaqcıl texnologiya”, aparıcı elmi işçi Məmməd Həşimovun “Ağıllı şəhər mühitində fog computing texnologiyalarının tətbiqi məsələləri” mövzularında məruzələri təqdim olunub.
Beynəlxalq tədbirdə, həmçinin institutun baş mütəxəssisi Kəmalə Haşımovanın “Ətraf mühitin rəqəmsal marketinq dəyişiklərinə təsiri: yaşıl marketinq” və baş mütəxəssis Sünbül Zalovanın “Jurnalistikada süni intellekt texnologiyalarının rolu” mövzularında məruzələri dinlənilib.
ICSEGT2024 “ağıllı” ekoloji həllər və qabaqcıl yaşıl texnologiyalara dair müzakirələrin aparılması, alim və mütəxəssislərin səylərinin birləşdirilməsi, eləcə də müvafiq sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün unikal platformadır. Konfransa qəbul olunmuş məqalələr nüfuzlu “Springer” bazasına daxil olan konfrans materiallarında, eləcə də kitab seriyasında dərc edilib.


