Icma.az
close
up
RU
Bir daha NOVRUZ haqqında

Bir daha NOVRUZ haqqında

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əkbər QOŞALI


#Novruz - #Yenigün bayramı #türk ulusunun mədəniyyətində zamanın, məkanın və kimliyin ən qədim, vahid ifadə formalarından biridir. Onu yalnız gələnək kimi deyil, həm də gələcəyə yönəlmiş bir mədəniyyət kodu kimi qəbul etmək haqqımız vardır. 

Xalqların #bayram yaratma norması və mədəniyyəti onların dünyagörüşünə, tarixi təcrübəsinə, doğa ilə, zamanla qurduqları bağlara dayanır. Bayramlar, adətən, doğanın dövri dəyişiklikləri, tarixi olaylar və ya dini-mifoloji inanc sistemləri ilə formalaşır. Onlar həm xalqın kollektiv kimliyini möhkəmləndirir, həm də zamanın ritmini tənzimləyərək sosial harmoniya yaradır.


Bu baxımdan Novruz - Yenigün bayramı türk xalqlarının ən qədim və fundamental bayramlarından biri, bəlkə birincisi kimi önəm daşıyır. Onun yaranması və yaşaması bir neçə əsas məzmun xəttini daşıyır.

?İlk olaraq, 

kosmik və doğa əsaslı bayram vurğusunu edək. - Novruz yaz gecə-gündüz bərabərliyinə əsaslanır. Yazın başlanması ilə doğadakı yenilənmə insanlar üçün həm mənəvi, həm də fiziki oyanış anlamına gəlir. Bu, köhnənin yenisi ilə əvəz olunduğu, dirçəlişin simvolizə edildiyi bayramdır.

?İkincisi, 

türk milli-mədəni kodlarının ifadəsini vurğulamalıyıq. – Türk xalqları üçün Novruz sadəcə doğa bayramı deyil, həm də yaşamın özünün ahəngini, yaradılış fəlsəfəsini ifadə edən dərin mədəni olaydır. O, qədim türk mifologiyasında, dünyagörüşündə yer alan mənəvi saflıq, torpağın oyanışı, suyun, odun və havanın harmoniyası kimi dəyərləri özündə birləşdirir.

?Üçüncüsü, 

bayramı sosial və ailə bağlarını gücləndirən bir qüvvətli arac olaraq vurğulamaqda yarar vardır. – 

Bayram insanları bir araya gətirir, onların bir-birinə bağlılığını artırır. Novruz süfrəsi, qutlamalar, tonqalqalama, qonaqlıq və birlik ritualları ulusun sosial strukturunu qoruyub saxlayan əsas elementlərdəndir.

?Dördüncü vurğumuz 

Türk dünyasının inteqrasiyası ilə bağlıdır. – 

Novruzun yalnız bir xalqın deyil, bütün türk xalqlarının (və bəzi əqraba, qonşu, yüzillərlə qaynayıb-qarışdığımız topluluqların) ortaq milli bayramı olması onun ölkələrarası bağlayıcı funksiyasını göstərir. Bu, türk birliyinin dərin köklərə sahib olduğunu və bayramın kollektiv yaddaşda önəmli yer tutduğunu göstərir.

?Nəhayət, 

daha bir xətti - dini və mifoloji qatları vurğulamasaq, olmaz. – 

Çünki Novruzun bəzi mifoloji versiyalarında insanın yaradılışı ilə, doğanın dirçəlişi ilə bağlanması, İslamsonrası isə dini-mənəvi dəyərlərlə zənginləşdirilməsi (süfrədəki rəmzlər, saflaşma ayinləri) onu daha dərin anlam çalarları ilə süsləyir.

?***

Bu yerdə bir vacib vurğu edim: 

Heç bir ulusu aşağılamaq, özümüzü yuxarılamaq kimi bir düşüncəm olmayıb, yoxdur, elə düşüncə heç gərək də deyil! Həncəri deyərlər, qoy, hər #ulus özününkülərdən xeyir tapsın, başqasına xas olan dəyərlərə sayğı duysun. 

Bu vacib vurğudan sonra demək istərdim ki, farsların Novruz - Yenigün bayramını öz adlarına çıxma cəhdləri özlüyündə ayrıca - müstəqim bir mövzu sayılır. Bu, bir neçə tarixi və ideoloji kontekstdə yorumlana bilər. Öncə ada vurğu edək - bax, mənim adım ərəbcədir amma mən əlbəttə, ərəb deyiləm, fars heç deyiləm.

Novruzun əsas ritualları – #tonqal üzərindən atlanmaq, suyun qutsal sayılması, şamançı və tenqriçi elementlər – farslardan daha çox türklərin animistik və kosmoqonik dünyagörüşünə yaxındır. Fars təsirində olan bayramlar əsasən saray və aristokratiya üçün nəzərdə tutulmuşdu, halbuki Novruz Türk dünyasında ümumxalq (ulus) bayramı kimi formalaşıb və geniş kütlələrin iştirakı ilə keçən törənlərdən ibarətdir.

Novruz bayramının guya atəşpərəstlərin, farsların və b.-nın ata bayramı olması iddiaların əsaslandığı məqamlar əsasən siyasi-mədəni təsir sahələrinin genişləndirilməsi, Sasani İmperiyası dönəmində bayramın rəsmi məzmun qazanması və çağdaş ideoloji manipulyasiyalarla sıx bağlıdır. Lakin tarixi-mədəni kontekstdə Novruzun sırf fars bayramı kimi təqdim edilməsi həm etno-mədəni gerçəkliklə, həm də onun #türklər arasında geniş yayılma formasına illa uyğun gəlmir.

Sasani İmperiyası (224–651) dönəmində Zərdüştilik dövlət dini idi və bu dönəmdə yazın gəlişi ilə bağlı törənlər geniş vüsət almışdı. Fars qaynaqları Novruzun Sasani şahlarının rəsmi bayramlarından biri kimi qəbul olunduğunu vurğulayır. Lakin məsələ ondadır ki, Sasanilər Novruzu icad etməyiblər, sadəcə mövcud gələnəyi öz dövlət ideologiyasına uyğunlaşdırıblar. Örnəyi, İran İslam Cümhuriyyəti deyincə, nə İslamı, nə cümhuriyyət yönətim modelini farslar yaratmayıb və İran adlandırdıqları ərazinin önəmli bölümünün farslara aidiyyəti yoxdur, heç paytaxt Tehranı da onlar qurmayıb və s.

Əslində, Novruzun ilkin forması Sasani dönəmindən daha qədimdir və məhz Türk və İkiçayarası (Mesopotamiya) sivilizasiyalarında da müxtəlif formalarla keçib.

Zərdüştilik və Novruzun qaynaq probleminə gəldikdə isə “Avesta” mətnlərində Novruz adlı bayramın konkret adı yoxdur və onun Zərdüştiliklə birbaşa bağlılığı özü sual altındadır. (Orijinal “#Avesta” mətnlərində (“Vendidat”, “Yasna”, “Vispered” və s.) Novruz adında bayramın mövcudluğuna dair heç bir açıq mətn yoxdur. “Avesta” günlərin və ayların dini mahiyyətini vurğulayır, amma konkret olaraq “Novruz” anlayışını təqdim etmir).

Əksinə, Novruzun əsas ritualları – tonqalqalama, su ilə bağlı ayinlər, yumurta boyama və s. – İran yaylasından daha çox Türk və Şumer mədəniyyətlərinin arxaik gələnəklərini andırır.

Türk xalqlarında Novruzun dominantlığından danışmaqsa tam ədalətlidir.

Türk xalqlarında Novruz qədimdən bəri milli identikliklə bağlı olub. Hun, Göytürk və Uyğur dönəminə aid qaynaqlarda yazın qarşılanması ilə bağlı müxtəlif rituallara rast gəlinir. Özəlliklə, Orhun-Yenisey yazılarında və qədim Çin salnamələrində türklərin yazın gəlişi ilə bağlı törənlər keçirdiyi vurğulanır. Göytürklər üçün də başay - yenigün (mart) ayı önəmli sayılırdı, çünki Dəmirqapı keçidinin açılması və türklərin yenidən gen dünyaya açılması ilə bağlı mifik (dastan) məzmun bu dönəmə aid edilirdi.

Siyasi və ideoloji manipulyasiyalara gəldikdə daha nələri vurğulamalıyıq? - 

Çağdaş dönəmdə Novruzu “fars bayramı” kimi təqdim etmə çabalarının arxasında mədəni-siyasi hegemonluq istəkləri dayanır. İran, Türk dünyasının ortaq bayramını öz mədəni irsi kimi göstərməklə bölgədə təsirini artırmağa çalışır. Ancaq keçməz də keçməz! Novruz müstəqil türk ölkələrində - Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə və Türkmənistanda dövlət səviyyəsində keçirlir; Altay türkləri, saxa-yakutlar, qaqauzlar və Krım tatarları və b. türk xalqları arasında da geniş yayılıb.

Hətta, Çin və Monqolustanda belə, türk-mifoloji gələnəyi ilə bağlı Novruzvari bayramlar mövcuddur.

İndi isə gəlin #Saxa-#Yakut türklərinin İssıx bayramı ilə digər türk xalqlarının Novruz bayramı arasındakı dərin oxşarlıqlara baxaq. Deyəcəklərimiz İssıx və Novruzun ortaq qaynaqdan gəldiyini aydın göstərir.

#İssıx və Novruz: 

fərqli iqlimlər, eyni düşüncə

İssıx bayramı və Novruz, hər ikisi təbii dövrün dəyişməsi, yazın gəlişi və həyatın yenidən doğulması (canlanması) ilə bağlıdır. Lakin fərq bundadır ki, Saxa-Yakutiya kimi soyuq coğrafiyalarda yazın təsirləri, doğanın oyanışı, Günəşin insanın və torpağın canını isitməsi daha gec hiss olunduğuna görə, Novruz mart ayında, İssıx isə üç ay sonra keçirlir. Ancaq mahiyyət eynidir: doğanın yenidən canlanması, Günəşin qayıdışı, həyatın təravət tapması və insanın göyüzüylə harmoniyasının bərpası…

Hər iki bayramın dərin kökləri şamanizm və tenqriçiliyə bağlanır. Həm Novruz, həm də İssıx Günəşin, suyun, odun və torpağın qutsallığını vurğulayan rituallara malikdir. Türk xalqlarının qədim inanclarına görə:

-Günəş həyatın qaynağıdır, onun qayıdışı yeni dönəmin başlanğıcıdır;

-Od, təmizləyici və yeniləyici gücə malikdir (Novruzda tonqal üzərindən atlanmaq, İssıxda atəş rituallarını yada salaq);

-Su qutsal sayılır və yazın gəlişi ilə suyun təmizləyici rolu vurğulanır.

Bax, bu rituallar bir daha sübut edir ki, İssıx və Novruz bayramları, türk xalqlarının ümumi kosmik təsəvvürlərindən doğan gələnəkləri barındırır.

Yəni, bayramın mahiyyət baxımından daha çox türk ruhu daşımasının danılmaz olduğunu bir daha görürük.

Bəs ortaq bayramımız Saxa-Yakutiyada niyə 3 ay ləngiməylə keçirilir?

Saxa-Yakutiyada iqlim çox sərtdir, qış uzun və soyuq keçir; hətta Yer üzünün insan yaşayan ən soyuq kəndi olan #Oymyakon (#Өймөкөөн; Öymököön; #Оймяко́н) da Saxa-Yakutiyadadır (Oymyakonda hava istiliyinin (əgər buna istilik demək olarsa) tam -71.2 olaraq ölçüldüyü görülüb. Əhalisi 500 nəfərə yaxın olan, 63°27′46″ quzey enliyi və 142°47′13″ gündoğar uzunluğunda yerləşən Oymyakon, dəniz səviyyəsindən 750 m. yüksəkdədir). 

Beləliklə, Saxada doğanın canlanması iyun ayının 21-22-sinə uyğun gəlir. Yəni Saxa türkləri eynən Novruz fəlsəfəsini yaşadır, sadəcə olaraq, öz coğrafi ortamlarına uyğunlaşdırırlar.

Bu, onu göstərir ki, əgər Saxalar isti iqlimdə yaşasaydı, onların Novruzu da bizimlə eyni ayda, eyni gündə keçirilmiş olardı.

Beləliklə, İssıxın da, Novruzun da əslində eyni mifoloji-mədəni prosesin fərqli zaman və məkan kontekstlərində yaşadılan formaları olduğunu görürük.

İssıx və Novruz – uzaq coğrafiyada eyni ruhun ifadəsi olmaqla, bayramın türk kültür kökənini, türk bayramyaratma normasını, Turan sosial-kültürəl strukturunu bir daha göstərir.

***

Farsdilli yaxud İran təsirli ölkələrdə Novruzun keçirilməsinə diqqət yetirdikdə də ilginc məqamlar üzə çıxır. Örnəyi, Əfqanıstanda Novruz milli bayram olaraq keçirilir. Özəlliklə, Məzar-i Şərifdə yerləşən “Əli türbəsi”ndə keçirilən rituallar və “Gül-i Sürx” festivalları Novruzla bağlı gələnəksəl törənlərdəndir. Hz. Əli fars yox, ərəbdir; o ulu ad farslar üçün milli yox, dini məzmun daşıyır; deməli, bu planda da götürsək, Novruz türklər üçün milli və İslamöncəsindən gələn bir bayramdırsa, farslar üçün sonradan qazanılmış və məzmun dəyişikliyinə gedilmiş dini bayram dəyərindədir.

Tacikistan da Novruzu geniş miqyasda bayram edir. Lakin Tacikistan coğrafi və tarixi baxımdan Türk dünyası ilə daha sıx bağlıdır, Türküstanın bir parçası kimidir. Üstəlik, Tacikistanın sınır qonşusu Əfqanıstandakı durumu da öncəki cümlələrdə yığcam şəkildə yorumladıq.

Bizə qardaş Pakistanın bəzi bölgələri – özəllikə Bəlucistan və Xeybər-Pəştunxva bölgələrində Novruz bayramı keçirilir. Oralarda fars və türk kültür mirasları sanki konsesnsusdadır… Bəlucların bir bölümü İrandadır, onlar özlərini bölünmüş xalq sayır və farslarla gərgin münasibətləri öz mürəkkəbliyini saxlamaqdadır. Məzhəb, dil, gələnək fərqlilikləri bir də siyasi-ideoloji baxış fərqlilikləri ilə keçmişdən gələcəyə doğru davam edib gedir… Sizcə, onlar bunca fərqliliklər içrə olduqları xalqın cılxa öz bayramını bayram edərmi?..

Beləliklə,

Novruz farsdilli, fars təsirli ölkələrdə keçirilsə də, onun tarixi və mədəniyyət dairəsi Türk dünyasında daha güclüdür.

Fars təsirinin olduğu bölgələrdə bayram, əsasən, Sasani dönəminin “qalıq”ları kimi yaşayıb. Türk xalqları isə Novruzu orijinal mifoloji və kosmoqonik (sakral) baxışları ilə qoruyub saxlayıb. Bu səbəbdən Novruzun türk kökənli olduğunu və Türk dünyasının əsas bayramlarından biri kimi qaldığını demək daha doğrudur. Bu daha doğrunu vurğulayarkən belə, Novruz-Yenigün bayramının ayrıcı deyil, qucaqlayıcı, birləşdirici ruh, güc və mahiyyətini unutmuruq. - Necə ki #UNESCO da Novruzu “çoxmillətli nominasiya” üzrə “bəşəriyyətin qeyri-maddi mədəni irsi” sayıb.

Bayramınız qutlu olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Mart 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see200

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see172

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see165

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see145

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see141

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see134

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see131

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see130

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see127

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri