Bir evin içində böyüyən səssizlik...
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Şüşənin qırıqları ayağına batanda ağlamağa başladı…
Bütün baş verənlərə öyrəşmiş olsa da, kiçik bir yara Nərgizi öz keçmişi ilə üz-üzə qoydu. Lap uşaqlığına, xatırlaya bildiyi ilk anlara qayıtdı. Həyatı dərk etməyə başladığı anlardan yadına düşən ən çox da valideynlərinin davaları idi. Çox kasıb ailədə böyümüşdü. Üstü narıncı kirəmit damlı birotaqlı evin içindəki sevincli günləri barmaqla sayılacaq qədər az idi. Soruşsan heç vaxt uşaqlığına qayıtmaq istəməzdi, amma indi özünün seçib qurduğu ailə də valideynlərinkindən geri qalmırdı. Gözünün önündən heç çəkilməyən əsas mənzərə qapının ağzındakı qab-qacaq qırıqları, sınmış pəncərə şüşələri, cırıb atılmış fotolar və içki şüşələri idi.
Ayaqlarına batan şüşə qırıqlarını çıxarmadan evə səpələnən parçaları süpürməyə başlayanda sanki həmin günə qayıtdı. Səkkiz yaşı var idi, amma yaşadığı həyat onu vaxtından tez böyütmüşdü. Sınıqları təmizlədikdən sonra fotoları birləşdirməyə çalışdı, lakin çox kiçik hissələrə ayrıldığı üçün edə bilmədi. Heç anası da buna imkan vermədi. Tək anladığı fotoların atasına aid olması idi. Ukraynadan gələndə gətirmişdi. Bəziləri dənizdə, bəziləri evdə, bəziləri də at belində çəkilmişdi. Həmin fotolar indi olmasa da, hələ də Nərgizin yaddaşının dərinliklərində yaşayır… Toyuqlu pizza
Hər axşam evdə dava olanda, anası da olanlara öyrəşmiş kimi səhər açılanda heç nə etmirdi. Böyüklərin dağıdıb tökdüklərini ortalıqdan yığışdırmaq da Nərgizin əsas borcu idi.
Anası Əsmər xanım saçları qısa, bədəncə arıq qadın idi. Kənardan çox soyuqqanlı görünürdü. Uşaqlarını sevmirdi, ya da sevgisini göstərə bilmirdi. Sanki onlarla arasında qalın buz dağı var idi. Nə uşaqlar onu aşa bilirdi, nə də anaları. Əsmər xanım bəzən qonşu uşaqları ilə mehriban danışanda Nərgizin gözləri dolurdu.
Atası Həsən kişi isə evdə sakit görünsə də, çöldə deyib gülən və əylənməyi sevən adam idi. Nərgiz bəzən onun qonşu uşaqlarının saçını sığallayıb əzizləməsinə həsrətlə baxırdı. Həmin əllərin sığalını öz saçlarında hiss edirdi.
Evdəki söz-söhbətin bir səbəbi də onlar balaca olanda atasının ailəsini qoyub işləmək adıyla Ukraynaya getməsi idi. Həmin illərdə kənddə çox az adamda mobil telefonlar vardı. Olanlarda isə başı antenalı “Nokia” və “Ericson”lar idi. Atası qonşunun ya da əmisinin telefonu ilə onlarla əlaqə saxlayırdı. O da həftədə 1 dəfə, 2 həftədən bir, bəzən də ayda 1 dəfə…
Bir dəfə Nərgiz atasından ona məktub yazmasını istəmişdi, lakin günlər keçsə də, məktubdan xəbər yox idi. Bir gün məktub həsrəti ilə nə qədər ağladısa, anası sabah ona məktub gələcəyinə söz verib yatmağa apardı. Səhər sevinclə yuxudan oyanıb atasının məktubunu öpüb qucaqlamağa başladı. Məktub kiril əlifbası ilə yazılmışdı və oxuya bilmədiyi üçün anasından oxumağını istəmişdi. Atası hər şeyin yaxşı olduğunu və onlar üçün darıxdığını yazmışdı. Həmçinin uşaqlarını öpdüyünü ən çox da Nərgiz üçün darıxdığını yazmışdı. Həmin cümləyə görə anası hər gün dəfələrlə eyni məktubu təkrar-təkrar oxumağa məcbur olurdu. Həmin cümlə Nərgizin yaddaşında dərin iz buraxmışdı. Lakin evlənəndən sonra öyrəndi ki, Nərgiz daha ağlamasın deyə həmin məktubu anası ona yazıbmış…
Bütün bu xatirələr onun beynini alt-üst edirdi. Lakin eyni həyatı övladlarına yaşatdığının da fərqində idi. İndi buz dağı kimi görünən anasını daha yaxşı başa düşürdü. Həyat yoldaşıyla arasında olan davaları onu da soyuq buz dağına çevirmişdi. O da övladlarına həmin sevgi ilə yanaşa bilmirdi. Lakin seçdiyi həyatdan asılı qalmağı onu daha çox incidirdi. Sevərək evlənmişdi. Uşaqlarını da istəyərək dünyaya gətirmişdi. Lakin zamanla maddi vəziyyət çətinləşdikcə aralarındakı sevgi bağları da dəyərini itirirdi. Həyat yoldaşının getdikcə daha da vecsizləşməsi və ailəyə qarşı olan soyuq davranışları onu günü-gündən məhv edirdi. Hər şeyin dalınca qaçmaqdan yorulmuşdu. Boşanmağını isə ailəsi qəbul etmirdi.
Günlərlə fikirli-fikirli gəzdikdən sonra kəndə ata evinə qayıtmaq qərarına gəldi. Evini son dəfə təmizləyirmiş kimi bütün işlərini bitirib, uşaqlarını da götürüb kəndə yola düşdü.
Qapını açıb içəri girəndə bir anlıq donub böyüdüyü həyətə tamaşa etdi. Bura onun doğulub böyüdüyü həmin ev deyildi. Həmin evdən qalan yalnız xatirələr idi. İndi evin otaqlarının sayı çox idi.
Universitetə hazırlaşanda hər kəs bir otaqda yatdığı üçün gecələr dərs oxumaq çətin olurdu. Ona görə də digərlərinə işıq düşməsin deyə lampanın bir tərəfinə kağız taxıb yatanlar narahat olmasın deyə işıq düşən tərəfdə oxuyub dərslərini oxuyurdu. İndi həmin mənzərə sadəcə yaddaşını bir küncündə ilişib qalan kiçik xatirə idi. Həyətin görünüşünə qədər hər şey dəyişmişdi. Daha qışda pilləkən buz tutduğu üçün sürüşüb yıxılmasınlar deyə qaynar su tökmürdülər, qar yağanda əlinə corab taxıb odun daşıyan da yox idi. Günəş də artıq dərini yandırmır, həyətdə örtük qurulub, balaca ağaclar da böyüyüb kölgəsini ətrafa yayır. Həyətin ərazisi də əvvəlki kimi deyil. Qapıda üstünə it hürmür. Bacın qardaşının dalaşıb sonra gülüşməsinin səsini də eşitmirsən. Daha atanla anan da dalaşmır. Nərgiz anlaya bilmirdi ki, indi valideynləri dalaşmaqdan yorulublar, yoxsa qocaldıqca biri-birlərinin qədrini bilirlər?
Nəhayət, ata-anasını səslədi. Ailəsi onu sevinclə qarşıladı. Əsmər xanım qızını və nəvələrini bağrına basıb sevincək oldu.
- Nə yaxşı gəlmisən?
- Tətildir axı. Həm də mən işə gedəndə uşaqlar evdə tək qalır.
- Yaxşı eləmisən. Havalar da istidir, burda yaxşı dincələrlər. Lap aparıb gəzdirərik. Nə onlar darıxmaz, nə də ki biz.
Nərgiz 3 gün qaldı orada. Əsas məqsədi müşahidə etmək idi. Deyirlər övlada heç kəs öz anası qədər baxa bilməz. Nərgiz ancaq görürdü ki, anası övladlarına ondan da yaxşı baxır. Nəhayət, həmin günü gəldi çatdı. Nərgiz ilk olaraq atasını möhkəm-möhkəm qucaqladı, sonra anasına və övladlarına sarıldı. Görüşdükdən sonra övladlarını anasına, qardaşları isə biri-birinə əmanət edib yola düzəldi. Kənddən çıxanda günortaydı. 3 saatdan sonra nəhayət evinə çatdı. Tək idi. 4 divar və Nərgiz biri-birinə tamaşa edirdi…
Axşam qapı döyülsə də, Nərgiz açmadı. Hikmət dəfələrlə zəng etdi, amma telefon susurdu. Uşaqları kənddə qoyub evə qayıtdığını bildiyi üçün narahat olmuşdu. Ağ rəngli dəmir qapının dəstəyini nə qədər oynatsa da, qapını aça bilmirdi. Çarəsiz qalıb qapıya zərbələr endirməyə başladı. Dəmirə dəyən yumruqlar əllərini incitsə də, içəridən gələcək ən xırda səsə belə möhtac idi. Həmin an düşündüyü tək şey Nərgizin qapını açmağı idi. Lakin bütün zərbələri cavabsız qaldı. Hikmət nəhayət yan məhəllədə qalan çilingəri köməyə çağırdı. Qapını açıb içəri girəndə zaman sanki bir anlıq dayandı.
Evin içində dərin bir səssizlik vardı. Həmişə yorğunluqla, narahatlıqla dolu olan həmin qadın indi sakit idi. Həddindən artıq sakit…
Yerdə uzanmış Nərgizin cansız bədəninə baxdıqca Hikmətin ayaqları əsdi. Dizləri üstə çökdü. İlk dəfə idi ki, onun yoxluğunun nə qədər böyük boşluq olduğunu anlayırdı.
Yanında qatlanmış bir kağız vardı.
Əlləri titrəyə-titrəyə məktubu açdı. Göz yaşları sözləri bulanıqlaşdırırdı. Məktubun sonuna qədər oxuya bilmədi. Baxışları yalnız bir cümlənin üzərində donub qaldı:
“Bağışlayın… Mən bacarmadım…”
Həyətin ortasında qurulmuş örtüyün altında Əsmər xanım nəvələrinin saçını sığallayırdı. Hərdən başını qaldırıb həyətin giriş qapısına baxırdı. Elə bil hələ də qızının içəri girib:
- Ana, gəldim… deyəcəyini gözləyirdi.
Həsən kişi illər əvvəl cırılıb atılmış şəkillərin hissələrini toplaya bilmədiyii kimi, indi də dağılan ömrün parçalarını bir yerə yığmaqda aciz idi.
Nərgizin uşaqları isə hələ bilmirdilər ki, anaları uşaqlığında necə hər səhər axşamkı davada qırılmış qabların qalıqlarını süpürürdüsə, həyatının sonuna qədər də görünməyən qırıqları təkbaşına yığmağa çalışmışdı…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Sentyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















