Bir milyon manatdan çox dələduzluq edən şəxslə bağlı QƏRAR
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Ali Məhkəmədə 1 milyon manatdan çox dələduzluqda təqsirləndirilən Azər İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.
Təqsirləndirilən Azər İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən Azər İsmayılov 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs olunub. Daha sonra Azər İsmayılov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmədov


