Icma.az
close
up
RU
“Biz də onun bəngü sularında bir kölgə kimi görünüb keçəcəyik…”

“Biz də onun bəngü sularında bir kölgə kimi görünüb keçəcəyik…”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saxa-Yakutiyanın Xalq şairi, imzası Azərbaycan oxucusuna yaxşı tanış olan Natalya xanım Xarlampyevanın yeni yazısını “Ədəbiyyat və İncəsənət” oxucusuna təqdim etməkdən şadam. Xanıməfəndinin bu içsəsi səfər təəssüratından daha artıqdır – doğma torpaqla, suyla, dağla ruhsal görüşün yazısıdır... Lena Sütunlarına hər dönüş onun üçün sadəcə yolçuluq olmur, bir növ özünə dönüş, yaddaşın yenilənməsi, doğanın ilkin dilini yenidən eşitməkdir. Biz Natalya xanımla, ortaq dostlarla 7 il öncə Lenada təknə gəzintisində olmuş, Lena Sütunlarına birgə tamaşa etmiş, şaman alxışı almışıq…

Budur, Lena Xalq şairinin yazısında çay olmaqdan çıxır – zamanın axarına dönüşür; Sütunlar yalnız qayalıq təsiri bağışlamır – zamanın qarşısında dimdik dayanan yaddaşa çevrilir... Bəli, insan gəlir, baxır, heyrətlənir, anır və gedir… Çay isə, çay isə… axır, axır, ağgünlərə axır...

Natalya xanım yazının sonunda çox şairanə, çox insani bir həqiqətə varır: “Biz də onun əbədi sularında bir kölgə kimi görünüb keçəcəyik…”
Bəlkə bax elə buna görə böyük çayların qıyısənda insan özünü həm kiçik, həm də böyük hiss edir: ömrümüz kiçikdir, mənsub olduğumuz yaddaş böyük…
Lena axır.
Ömür keçir.
Yaddaşsa qıyıda qalmır – o da çaya qoşulub bəngülüyə axır…

Qafqazlardan, Xəzər qıyısında Lena Sütunlarına əsənliklər diləyi ilə
Əkbər Qoşalı

LENA SÜTUNLARI – DOĞMA TƏBİƏTİN XEYİR-DUASI

“Dağlardan yaxşı yalnız o dağlar ola bilər ki, hələ oralarda olmamısan…” – Vladimir Vısotskinin altın sözləridir.

İmkanlarım daxilində dünyanı yetərincə gəzmişəm. Çox dağlar görmüşəm; ancaq mənim üçün ən gözəl dağlar, əlbəttə, Lena Sütunlarıdır. İmkan düşdükcə hər yay oraya gedirəm.
Bu yerin insana güc verən, öz fiziki durumunu, bundan da artıq – mənəvi durumunu sınamağa imkan yaradan özəl bir sehri var! Hər dəfə Lena Sütunlarının gözəlliyi başqa cür, yeni biçimdə açılır; hər dəfə zirvədə göyüzü səni ötən dəfəkindən fərqli qucaqlayır, böyük Lenanın ucsuz-bucaqsız genişlikləri göz önündə tamam başqa cür açılır…
İlk dəfə bura gəncliyimdə – 1972-ci ildə gəlmişdim. O zaman Lena Sütunlarına köhnə “Mexanik Kulibin” teploxodu gedirdi. 1955-ci ildə tikilmiş bu gəmi indiyədək Lena ilə Tiksiyə qədər üzür. Mən də 2010-cu ildə onunla Kyusyura – demək olar, Laptevlər dənizinədək səyahət etmişəm.
Gəmi Almaniyada tikilib və görünür, öz dönəmində çox dəbdəbəli olub. Keçmiş cah-calalın izləri hələ də qalır… Kayutlarda qiymətli ağac növlərindən işlənmiş üzlüklər, latun və gümüşdən məhəccərlər, qapı tutacaqları, ağır taxta pilləkənlər… Bir də kayutların üzərində burma, vintaj şriftlə yazılmış lövhəciklər…

Haqqını vermək lazımdır “Mexanik Kulibin”in – bu gün də quzeylilərə sədaqətlə xidmət edir. Yəqin, ömrünü də burada – tikildiyi Varnemünde şəhərindən çox-çox uzaqlarda başa vuracaq…
1990-cı illərdən etibarən Lenaya Avstriyada tikilmiş iki çağdaş, gözəl teploxod – “Demyan Bednı” və “Mixail Svetlov” gəldi. Lena Sütunlarına kruizlər də beləcə adi hala çevrildi.
Bu dəfə də gəmi tam dolu idi – Rusiyanın mərkəzi şəhərlərindən gəlmiş təqaüdçü və məktəbli qrupları, hətta çexlərdən və polyaklardan ibarət kiçik turist qrupları vardı. “Lenaturflot” müflisləşmə həddindədir, səfər yollayışlarının qiyməti xeyli bahalaşıb; görünür, turistlər bu səyahət üçün az pul ödəməyib.
Ana Lena bu kruiz marşrutu boyunca əzəmətli, gözəl və sakitdir…
Ancaq Sanqar və Jiqanskdan aşağıda tamam başqadır. Axın xeyli sürətlənir, çayın yatağı genişlənir, ətraf mənzərələr Quzeyə xas təvazökar görkəm alır, Lena özü isə xasiyyətini dəyişir.
O, sərtləşir, qaralır, gözlənilməz və yenə qüdrətli olur. Hətta, bəzən insanı öz gücü və əzəməti ilə əzir sanki; eyni zamanda, qəribədir, həmin gücdən insana da pay verir…
Bu yerlərdə insan tamam başqa duyğular yaşayır!
Bəlkə elə buna görə klassiklərimiz Kulakovskini və Alampanı da bu genişliklər – Lenanın aşağı axarı, Quzey Buzlu okeanının nəfəsi özünə çəkirdi… Onların hər biri bu yerlərdə dəfələrlə olub və əsərlərində Lena məhz sərt, qüdrətli, öz bildiyini edən bir çay kimi öyülüb.
Lenanı yalnız yuxarı axarında görən onun sərtliyini və qüdrətini görməyib. Sanki bunlar iki ayrı çaydır!

Mən, demək olar, həmişə qonaqlarla səfər edirəm və istər-istəməz onları məşğul etmək, əyləndirmək lazım gəlir. Bu dəfə isə bacımla idim. O, mənim təbiətlə ünsiyyətimə mane olmur, qutsal bir ocağı ziyarət edən zəvvarın ovqatına bənzəyən halımı sakitcə anlayırdı…
Məni tanıyan çox adam vardı; ancaq cəmi bir qız yaxınlaşıb mənimlə selfi çəkmək istədi. Heç kim də gəlib “mən şeir yazıram” və yaxud “bacım şeir yazır” demədi… Bu da ayrıca bir rahatlıq yaradırdı…

Əslində, hər şey həmişəki kimi idi: qıyıda alqısçıtın (alqışçının) – xeyir-dua söyləyən şəxsin alqışı, zirvəyə aparan yeni pillələrlə aram-aram yüksəliş, özlərini bu yerlərin əsl yiyəsi kimi aparan və insanlardan qorxmayan burunduklar və çalağanlar…
Gəmiyə minərkən verilən bir qədəh şampan isə gözlənilməz oldu…

Gəmi qıyıdan ayrılarkən gələnəksəl “Slavyankanın vidası” marşı səsləndi…
Yadıma ötən gözəl zamanlar düşdü. 1990-cı illərin sonlarında bu teploxodlarda böyük alimlərin iştirakı ilə simpoziumlar, konfranslar keçirilərdi.
Yeri gəlmişkən, 1995-ci ildə Valeri Qaniçev Rusiya Yazıçılar Birliyinin səyyar plenumunu Saxaya gətirəndə biz qonaqlara Lena Sütunlarını da göstərdik.
O, unudulmaz bir plenum idi – ölkəmizin hər yerindən gələn yazıçılar yeni dönəmdə ilk dəfə bir araya toplaşmışdı…
Valeri Nikolayeviç sonralar deyərdi:
– Yazıçıları bir yerə topladığı üçün yakutlara təşəkkür edirəm!
Onları o vaxt bizim ilk prezidentimiz Mixail Nikolayev dəvət etmişdi, qonaqları isə ALROSA-nın prezidenti Vyaçeslav Ştırov qəbul edirdi.

Alyaskadan, Koreyadan, Yaponiyadan gələn qonaqları qarşıladığımız vaxtlar da olub. Dəbdəbəli kapitan kokteylləri, qıyıda bişirilən ünlü kapitan balıq şorbası da olurdu…

Bu yay mənim çox səfərim oldu – Peterburqda və Moskvada kitab festivallarında iştirak etdim, Qırmızı meydanda kitabımı təqdim etdim.
Ancaq bütün bu səfərlər içində könlümü ən çox şənləndirən, ruhumu istilik, sevinc və xoşbəxtliklə dolduran məhz bu səfər oldu…
Doğma təbiətlə birlik.
Onun xeyir-duası!

Son fotolara baxın – dağlar və buludlar Lenanın sularında əks olunur.
Biz də onun bəngü sularında bir kölgə kimi görünüb keçəcəyik…

Natalya Xarlampyeva
Saxa-Yakutiyanın Xalq şairi

seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri