“ BİZ VARIQ, DEYƏ MƏN DƏ, VARAM”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Şəmsəddin Əliyev
Hüquqşünas-publisist, AYB-nin üzvü
(Publisistik düşüncələrim)
“ Hər bir insanın ölümü ömrümü qısaldır.
Mən bəşəriyyətin bir parçası olduğum üçün hər dəfə
kilsə zənginin harayını eşidəndə
məndən heç vaxt ”dünyadan köçən kimdir”, -soruşma.
Sənsən, mənəm dünyadan köçən”.
Amerika yazıçısı, Nobel mükafatı laureatı
Ernest Heminquey
Antropologiya (İnsan irqlərinin yaranması və inkişafı, insan haqqında elm) elmi ilə məşğul olan təqdiqatçılardan biri Cənubi Afrika ölkələrini tədqiq edərkən qəbilə uşaqlarına həvəsləndirici bir oyun təklif edir. Antropoloq dadlı meyvə ilə dolu səbəti bir ağacın yanında qoyur və ” Kim, ilk olaraq bu ağacın yanına birinci qaçıb çatsa, meyvə ilə dolu səbət onun olacaq”, - deyib təklifini açıqlayır. O, işarə verən kimi uşaqlardan birinin digərindən qabağa getmədiyini, hamının əl-ələ verib cərgə ilə bir yerdə qaçdığını, bir yerdə ağacın yanındakı səbətə yaxınlaşıb meyvələri aralarında bərabər böldüyünü görəndə təəccüblənir: “Niyə belə etdiniz? Niyə hər birinizin səbəti tək əldə edə biləcək imkanı olduğu halda, bunu etmədiniz?”. Uşaqlar da, təəccüblə cavab verirlər : “Ubuntu. Yəni,-digərləri xoşbəxt ola bilmədiyi halda, təklikdə necə xoşbəxt, şad olmaq mümkündür?”
Afrika sivilizasiyasına görə Ubuntu “Mən, biz varıq deyə mən də, varam” anlamını verir.
Ubuntu – Qədim Afrikalıların sözüdür. Başqasına münasibətdə humanist olmaq mənasını daşıyır. Bu prinsip əksər hallarda ətrafa xatırlatma kimi də bəyan edilir. Yəni, “O, biz və hamımız kimiksə, mən də, oyam, biz var olduğumuza görə, mən də varam”-deməkdir.
Bu ifadə özündə 5 prinsipi ehtiva edir; Yaşamaq, həmrəylik ruhu, şəfqət (mərhəmət, yazığı gəlmə), hörmət və ləyaqət . Bu prinsiplər UBUNTU sözünün fəlsəfəsini təşkil edir. Kommunizm quruculuğunun əxlaq kodeksində də buna bənzər bir prinsip var idi: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!”.
Cənubi Afrikada mövcud qəbilə təfəkkürü və düşüncəsi bu prinsiplər vasitəsilə bütün dövlətlərdə, hətta dünyanın inkişaf etmiş ölkələrində itirilən xoşbəxtliyin və səadətin sivil qaydalara uyğun bərpasını mümkün hesab edir.
Dünyamızın qədim səlnaməsində xarizmalı Liderlərin idarəçiliyi, siyasi və iqtisadi təcrübəsi, habelə erudisiyalı davranışları ilə bağlı mənbələr olsa da, şəxsi maraqların ümumi maraqlardan üstün tutulması faktları da az deyil.
Fransa kralı XIV Lüdovik(1643-1775) hələ uşaq vaxtlarında mütləq monarxiya və İlahi hüquq prinsipinin tərəfdarı olub. O, 350 il bundan əvvəl Fransa parlamenti qarşısında çıxış edərkən məşhur kəlamını söyləmişdi; “Dövlət mən özüməm!”. Və yaxud “Dövlət, bu, mənəm!”- ifadəsi hüquqi məntiqlə bir araya sığmasa da, ona məxsusdur. O, “Günəşin Kralı” da adlandırılırdı. Lüdovikə görə hakimiyyət ona Tanrı tərəfindən verildiyindən, heç kimin yanında hesabat verməyə borclu deyil. Təbəə sözsüz ona tabe olmalı və onu uca tutmalıdır. ”Yalnız Allah kralı ittiham edə bilər” sözü də ona məxsusdur. O, 76 il yaşadı, onun 72 ilini Fransa krallığına həsr etdi. Onun Fransanın xarici siyasətində, iqtisadiyyatında, incəsənətində və hətta, dəbin inkişafında xidmətləri danılmır.
XIV Lüdovik hakimiyyətini möhkəmləndirmək məqsədilə önəm kəsb edən siyasi postlara təcrübəli dövlət xadimləri sırasından layiqliləri irəli çəkərdi.
Amerikalı filosof və politoloq Frensis Fukuyama özünün “Siyasi qaydaların mənbəyi: Tarixə qədər olan dövrdən Fransa inqilabına qədər” kitabında yazır: Dövlət formasının üç tərkib elementləri var: Güclü və məsuliyyətli dövlət; Dövlətlərin də tanıdığı Hüququn aliliyi və Hakimiyyətin vətəndaşların qarşısında məsuliyyəti. Bu üç elementin qarşılıqlı vəhdəti və fəaliyyəti nəticəsində demokratik dövlətlərin funksiyası labüdləşməklə hakimiyyətin budaqlarında korrupsiyanın dəhlizi qapanır. Təbii hüquq nəzəriyyəsinə görə korrupsiyalaşmış dövlətlərdə ümumi maraqlar bir qrup partokratların əlində cəm olduğundan, qəbul edilən qanunlar hakimiyyəti idarə edə bilmir, dövlət və dövlətçilik ideyası növbə ilə “Dövlət bizə aiddir” deyənlərə ötürülür. Sadə dildə fikirlərimi izah etsəm, hüquqi dövlət elə dövlətlər hesab edilir ki, orada Konstitusiya Məhkəməsi yox, xalqın iradəsini ifadə edən və yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya bütün normativ hüquqi bazadan yuxarıda dayanır. Qəbul edilən qanunlar Konstitusiyaya zidd olmur. Əks təqdirdə qanunların icra vəziyyəti bərbad gündə olar. Təcrübədə belə idarəçiliyə rast gəlinir.
Monqolustanın eks Baş naziri X.Altanxuyar bir dəfə əsəbi halda ”qanunların buna aidiyyatı yoxdur” deməsi “Demokratiyadan və hüququn aliliyindən ekstez etmək-kənara çəkilmək” kimi qəbul edilib.
XIV Lüdovikin Avropada dünyəvi məsələlərin həllində inqilabi xidmətləri olub(mənbələr belə deyir). Onun müsbət cəhətlərindən biri də, bioloji silahlardan istifadə etməkdən imtinası tarixi mənbələrdə diqqət çəkir. Amma şəxsi gigiyenası barədə əfsanələr də dolaşıb. Həkimlərinin rəvayətinə görə o, həyatında iki dəfə yuyunub.
Alman imperatoru II Vilhelmə xəbər verirlər ki, Baş Qərargahın fikri ilə İmperatorun fikri üst-üstə düşmür, ziddiyyət təşkil edir. O isə “Baş Qərargah da, elə mənəm!” demişdi.
Fransanın müstəqilliyi uğrunda canından keçməyə hazır olan general Şarl De Qoll II Dünya müharibəsi dövründə Britaniyanın Baş naziri Uinston Çörçill və ABŞ Prezidenti Franklin Delano Ruzveltlə söhbəti zamanı belə bir oxşar, ironik ifadə işlətmişdi: ”Fransa - bu, mənəm!”
Klassik hüquq sistemi ölkənin bir nəfərə mənsub olmasını və yaxud qəbul edilən qanunlarda bir nəfərin iradə ifadəsinin təsbitini rədd edir. Müasir hüquqi və demokratik dövlətlərin Konstitusiyalarında da hakimiyyətin bölgüsü prinsipi və xalqların öz müqəddəratını-süverenlik hüququnu müstəqil, özünün seçdiyi nümayəndələri vasitəsilə həll edə bilməsi beyinlərdə yaranacaq belə ironik düşüncələrdən uzaqlaşdırır!...
Avropanın tanınmış simaları ətrafında bir faktı da qeyd etməyi lazım bilirəm. Ötən əsrin axırlarından başlayarq Joze de Saramaqo-(Portuqaliya yazıçısı və şairi, Nobel mükafatı laureatı) vaxtının çoxunu beynəlxalq forumlarda iştiraka sərf edir. O, çıxışlarında Avropa Birliyini, Beynəlxalq Valyuta Fondunu dəfələrlə kəskin tənqidlərə məruz qoyur. 2002-ci ildə isə daha bir hərəkəti ilə həqiqətən dünya miqyaslı qalmaqal yaradır. İordan çayının qərb sahilinə səyahətə çıxan yazıçı yəhudi sionistlərinin Fələstin torpaqlarında yaratdığı vəziyyətlə alman faşistlərinin Osvensim həbs düşərgəsində yaratdığı vəziyyəti müqayisə etməklə dünya yəhudilərinin qızğın etirazına səbəb olur və İsrail höküməti onu ölkə ərazisinə buraxmaqdan imtina edir. Saramaqo isə müsahibələrinin birində bu barədə belə deyir: “ İsrail tərəfdən ünvanıma söylənilən tənqid məni az narahat edir. İstənilən vicdanlı insan başa düşür ki, fələstinlilərin özlərinə dövlət qurmaq haqqı var. Lakin İsrail rəhbərliyinin həm beynində, həm də planlarında “Böyük İsrail” ideyası möhkəm yer tutubsa, fələstinlilərin bu istəyi necə gerçəkləşə bilər? Əgər İordan çayının qərb sahilində - məhz Fələstin dövlətinin yerləşməli olduğu torpaqlarda yəhudilər iki yüzdən artıq yeni yaşayış məskəni salıblarsa, İsrail rəhbərlərinin humanist bəyanatlarına necə inanmaq olar? O ki qaldı tez-tez qaldırılan “islam fanatikləri” məsələsinə, buna dair belə sual vermək olar: “Yer üzündə İsrail siyasətindən, İsrail ordusunun hərəkətlərindən daha fanatik bir şey varmı?
Onların söykəndiyi dəyərlərin qiymətini, dünyasını bu yaxınlarda dəyişmiş biokimya üzrə yəhudi professoru Yeşayahu Leyboviç gözəl vermişdi. O, İsrail hökümətinin ideologiyasını “yəhudi-nasist” ideologiyası adlandırırdı. Birləşmiş Millətlər Təşkilatının qərarlarını cəzasızlıq şəraitində rədd edən İsraili belə vəziyyətdə nəyəsə inandırmaq, ya da onunla dialoqu davam etdirmək qeyri-mümkündür və olduqca mənasız görünür....”
Yenə keçmişə istinad edirəm. Qədim insanlar sərt ətraf mühitdə yaşadıqlarına görə, təbiət və xasiyyətcə də sərt olublar. Onlar hər gün yaşadıqları ətrafda yabanı meyvələr toplayır, aclığını aradan qaldırmaq üçün köçəri həyat keçirməyə məcbur olurdular. Tədricən qəbilələr yarandı. Sözün həqiqi mənasında qəbilə böyük bir ailənin əyani təzahürü kimi qəbul edilirdi. Birlikdə yaşayır və birgə həyat tərzi ümumi təhlükəsizliyin təmin olunmasına da güvənli bir zəmin yaradırdı. Ümumi rifah naminə bir yerdə yaşamaq “Ubutu” və ya “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!” prinsipinin canlı əfsanəsinə çevrilmişdi . Sonralar əkinçiliyin yaranması və inkişafı ilə böyük bir fasilə yarandı . Əkinçiliklə məşğul olmaq ictimai-iqtisadi formasiyada da dəyişikliyə səbəb oldu. İnsanlar yaşamaq uğrunda torpaqdan məqsədli istifadənin ovla məşğul olmaqdan daha çox önəm kəsb etdiyini dərk etdilər. Torpağı becərmək oturaq həyat tərzinə keçidi şərtləndirdiyindən, əziyyətlə əkib becərdiyi torpaq sahəsindən kənarda yaşamaq vərdişindən artıq uzaq oldular. Tədricən kəndlər və şəhərlər yarandı.
Amma əkinçiliyin inkişafı başqa çətinliklərin meydana gəlməsinə səbəb oldu. Əkilən torpaq sahələrini nəzarətdə saxlayan və işin təşkilinə rəhbərliyi həyata keçirənlər ortaya çıxdı. Necə deyərlər, “müftəxorlar” peyda oldu. Həyat ovçuluqla məşğul olan dövrdən də çətinləşməyə başladı. İnsanların bir qismi əziyyətə tab gətirməklə tarlada çalışır, müəyyən qrup isə heç bir iş görmədən varlanır, zəhmətsiz gəlir əldə edirdilər.Torpaq və onu becərənlər üzərində hökmranlıq edənlər tədricən güclənərək mənsəb sahibləri - patriarx, hökm edənlər, çar və aristokrat adlanırdılar. Məhz onlar hakimiyyətdə və əldə edilən gəlirin bölgüsündə üstünlüyə malik idilər. Beləliklə, cəmiyyət varlılara və torpağı min bir əziyyətlə becərən yoxsullara bölündü. Ağalar, qullar dünyası yarandı. “Kasıbın, kəndlinin, kölənin ismi olmaz”, - deyirlər. Sahibi onu necə istəsə çağıra bilər. Belə insanların istəyi də ola bilməz. Nə verərlərsə, onu da yeyər. İnsanların əksər qismi “danışan alət”ə çevrilirdi. Müəyyən dövrdən sonra isə tənbəl həyat yaşayan və heç bir əziyyət çəkmədən izafi dəyər əldə edən belə təşkilatçılar əvvəlki kimi öz işlərinin öhdəsindən gələ bilməsələr də, torpaq becərənzəhmətkeşlərin əməyindən daha çox gəlir əldə etməyə başladılar. Onların düşüncəsinə görə, “başqasının əməyinə sahib çıxmaqla” yaşamaq, həyat tərzinin ən rahat üsuludur.
Əkinçilik tədricən cəmiyyəti köklü surətdə dəyişdikcə “azadlıq hüququ” da önəm kəsb etdi. Cəmiyyətdə müxtəlif siniflər əmələ gəldi. Artıq, hamı təkcə əkinçiliklə yox, başqa sahələrdə, müxtəlif peşə və sənət növü ilə məşğul olmağa başladılar. Amma hakimiyyət hərisliyi mahiyyətinə, forma və məzmununa görə dəyişmədi, güc də əvvəlki kimi təşkilatçıların və əkinçiliyə nəzarət edən azlığın əlində qaldı.
Cəmiyyət dəyişdikcə yaşamaq uğrunda tələbat və istəklərə uyğun yeni kəşflər ortaya çıxdı. Fabrik və zavodlarda buxarın kəşfi müəssisələrdə dəzgahları, gəmiləri və dəmir yollarında paravozları hərəkətə gətirdi. Bu,çox böyük inkişafın əsasını qoydu. Fabriklərdə istehsal nəticəsində əldə edilən məhsul, təbii ki, əl əməyi ilə əldə edilən gəlirdən daha asan və ucuz başa gəlir, dəmir yolu ilə daşınan yük ünvana daha tez çatırdı. Qeyd olunanlar böyük dəyişikliklərin əyani sübutu idi. Və zaman dəyişdikcə sərvət sahiblərinin sayı da artdı. Təəccüblə qarşılanan hal ondan ibarət idi ki, istehsalın inkişafı varlı təbəqəsinin çoxalmasına təsir etdiyindən, kasıb və yoxsulların, imkansızların miqyasının böyüməsinə şərait yaratdı. Çoxa sahib olanlar, “Bu onların haqqıdır,” – kimi düşünürdülər.
Hindistanın müstəqilliyi uğrunda mübarizənin önündə duran, görkəmli siyasi və dövlət xadimi, ölkənin ilk Baş naziri olmuş Cəvahirlər Nehru (XX yüzilliyin “Avtobioqrafik” əsərlərinin ən yaxşı nümunəsi kimi qəbul edilib) həbsxanadan qızı İndraya göndərdiyi məktubların birində yazır: “Təəccüblüsü odur ki, qızım, insan cəmiyyətlərində heç bir işi görməyən sinfi təbəqələr özgənin zəhməti hesabına əldə edilən məhsulun “qızıl hissəsinə - çoxluğa” nail olurlar. Bilirsənmi, belələri cəmiyyətdə həm də şərəf və ləyaqət sahibidirlər. Bəziləri elə düşünür ki, yaşamaq üçün çalışmaq onlara aşağılıq gətirir...”. Zəhmətsiz gəlirə malik olmaq bu tip insanların həyat kredosudur. Lakin torpaq sahələrində tər tökən kəndlinin, zavod və fabriklərdə çalışan fəhlələrin, yoxsul və kasıblardan ibarət bir ordunun qazandığı gəlirə sahiblik hüququ yox idi...
Dünya ictimaiyyəti bu gün hər yerdə “Azadlıq” istəyir. Əgər dünya və onun mənsub olduğu BMT ”Azadlığ”ı Beynəlxalq hüququn tanınan prinsipləri ilə mütləq deyil, nisbi mənada təmin edə və bu ziddiyyətlərə son qoya bilmirsə, deməli, İlahi dəyərin hər hansı bir anlamı və gücü olmadığından xaotik vəziyyət davam edəcək. Azadlıq və hüquqlar haqqında cild-cild kitablar yazılı(r)b, idarəçilik siyasəti və incəsənətinə dair akademik məqalələr ışıq üzü görü(r)b, amma dünya iqtisadiyyatının ədalətsiz durumu başqa istiqamətə - silah istehsalına, müharibələrə səmtlənib. Bəşəriyyətin layiqli həyat səviyyəsinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmini, habelə rifah halının yaxşılaşdırılması unudulur. Bu gün dünyanın gözü qarşısında acından ölənlərin sayı artmaqda davam edir...
Karl Marksın məşhur bir ifadəsi diqqət çəkir: “Cəmiyyətdə şüur iki halda deformasiyaya uğrayır : Birinci halda cinayət var, cəza isə yoxdur. İkinci halda cəza var, cinayət yoxdur”.
Müasir anlamda patriarxal (patriarxal-hökmranlıq, başlanğıc; müasir anlamda hakimiyyətdə üstünlüyün yaşlı kişilərdə olduğu sosial sistem) təbəqənin əlində cəm olduğu patriarxal idarəçilik sistemində Transmilli Mütəşəkkil Cinayətkarlığın, terrorun və terror qruplarının, narkoticarətin, qanunsuz silah alverinin, korrpusiyanın olub, cəzanın olmamasının təzahürü kimi dəyərləndirmək olar.
200 il bundan əvvəl tanınmış bir fransız şairi və dramaturqu, filosof Volter Fransua Mari Aruye baş verən siyasi baxışlar ətrafında belə fikir açıqlayıb: “Onlar (başqalarının zəhməti hesabına, varlananları nəzərdə tutur) özlərinin incə siyasətilə başqasının zəhməti hesabına varlandıqları insanları acından ölməyə və əzab çəkməyə vadar edən bir üsul kəşf etmişlər. Bu üsul yalnız azlığın marağına xidmət edir”.
Yenə keçmişə istinad edirəm. Vəziyyəti ağırlaşdıran çətinliklər həmişə olub. Qədim zamanlarda ulularımız təbiətdən qorxu hissi ilə yaşayıb, bəzən onu ilahiləşdirib, hətta qurban da verərdilər. Bəzən də təbiət vəhşi yırtıcıya bənzədildiyindən onu oxşamaq və nazlamaq lazım gəlirdi. Şimşək və ildırımın, epidmeyaların qarşısını almaq xatirinə qədim insanlar yalnız can qurban verməyi üstün tutardılar. Müəyyən qrup qədim insanlar günəşin və ayın batmasını böyük bədbəxtlik kimi qəbul edərdilər. İnsanlar günəşin və ayın batmaması üçün dualar edər, nəzir-niyaz verərdilər. Amma bu iki planetin qürub etməsinin ilahi həqiqət olduğunun fərqində olmamışlar.
Tədricən təfəkkürün inkişafı sənət və incəsənət aləmində inkişafa səbəb oldu. Dünyada əhalinin sayı artdıqca, insanlar təhlükələrdən qorunmaq və birlikdə inkişaf etmək üçün bir-birlərinə yaxın ərazilərdə məskunlaşmağa başladılar. Müəyyən məsələlərin həllində birlikdə məsləhətləşib umumi marağa söykənən işlər görməyə məcbur oldular. Bir yerdə, bir ərazidə yaşamağa qarşılıqlı diqqət artdı, həmkəndlisinə, qonşuya zidd olan münasibətlərə qarşı durdular. Bir növ ümumi rifah daha çox əhəmiyyət kəsb etməyə başladı. Bu mənada ailə cəmiyyətin çətin qazanılan əsas özəyi kimi dəyərləndirildi, ailəyə daha çox önəm verildi. Ailədə xoşbəxt, asudə və dinc yaşamaq, bir-birlərinə hörmətlə yanaşmaq,-fikri şüara çevrildi. Bu, kiçik dövlətdə qarşılıqlı sevgiyə, hörmət və ehtirama geniş imkanlar yarandı. Amma yenə belə bir özəkdə baş verən anlaşılmazlıq, münaqişələr və ayrıseçkilik hallarının dairəsi böyüyüb cəmiyyətlərdə, şəhərlərdə, dövlətlər və xalqlar arasında da yayılmağa başladı.
Sonda: Cəvahirlər Nehrunun bir sitatı ilə yazımı bitirirəm: “Əgər insan özünə sahib çıxa bilmirsə və başqalarına qarşı diqqətsiz davranırsa, mübaliğəsiz demək olar ki, o mədəniyyətsizdir”.
Geniş mənada dövlətin qonşu dövlətə, bir xalqın digər xalqın süverenliyinə hörməti yoxdursa, onun suveren hüququna və ərazi bütövlüyünə qəsd edirsə, yumşaq mənada mədəniyyətsizdir,qaba və kobuddur, hegemonluğunun vurğunudur. Mədəni, ədəbli və vicdanlı olmaq, hər bir xalqın milli-mənəvi dəyərlərini qorumaq isə İMANDANDIR! İmanı olmayanın mədəniyyəti və ədəbi də olmaz!

