Böyük Qayıdış gözlənildiyindən də sürətlə həyata keçirilir
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ildə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 3 milyard 500 milyon manat vəsait ayrılacaq.
Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3 500 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na müvafiq olaraq əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, inşa edilmiş evlərə ailələrin köçürülməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 41 900 000 manat vəsait proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 13 100 000 manat və ya 45,5 faiz çoxdur.
Növbəti ilin büdcə layihəsində həmin proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə 5 000 000 manat, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımının ödənilməsi məqsədilə 2 000 000 manat vəsait nəzərdə tutulur.
Bütövlükdə 2026-cı ilin dövlət xərclərindən (bütün xərc bölmələri üzrə) işğaldan azad edilmiş ərazilərin bərpası, yenidənqurması və digər tədbirlər üzrə cəm olaraq 3 548 900 000 manat məbləğində vəsait yönəldiləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb: "Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması məqsədilə yaradılan Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında 50 sahibkarlıq subyekti rezident, yeddi sahibkarlıq subyekti qeyri-rezident kimi qeydiyyatdan keçib. 1 oktyabr 2025-ci il tarixinədək 508 sahibkarlıq subyektinə 612 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilən layihələrin reallaşması nəticəsində yerli istehsala 7.4 milyard manata yaxın investisiyanın yatırılması, 44 mindən çox iş yerinin açılması nəzərdə tutulub".
Millət vəkili Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən intensiv bərpa və yenidən-qurma işləri nəticəsində Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilməkdədir: "Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir. Uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Uzunluğu 124 km olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə artıq tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçəcək işlərin planlaşdırılmasını da nəzərə aldıqda Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bu isə Orta Dəhlizinin regional imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək. Şərqi Zəngəzur həmçinin böyük turizm, sənaye və aqrar potensiala malik olan bölgələrimizdəndir. Ölkə Prezidentinin Zəfərdən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər zamanı məhz onun tapşırıq və göstərişinə uyğun olaraq infrastrukturun qurulması, eləcə də həm məskunlaşmaya, həm yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunlar isə eyni zamanda o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərdən birinə çevriləcək. İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10 faizi həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bu o deməkdir ki, bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək".
Millət vəkili Səbinə Xasayeva qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş Xankəndinə, Xocalıya müxtəlif vaxtlarda səfərlər edib. Bu səfərlərin hər birində işğaldan azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işlərinin tərkib hissələrinin təməlqoyma mərasimlərində, açılışlarında iştirak edib. Bu səfərlərin hər biri tarixi əhəmiyyət daşıyır: "Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi".
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu gün Böyük Qayıdış proqramı gözlənildiyindən də sürətlə həyata keçirilir: "Bu gün, demək olar ki, işğaldan azad olunan bütün ərazilərdə təmir və bərpa, quruculuq işləri aparılır. Hadisələrin təhlili göstərir ki, ölkəmiz bu işləri gözlənildiyindən daha qısa müddətdə həyata keçirib. Hazırda Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydanına bənzəyir. Prezidentin rəhbərliyi və qayğısı ilə azad olunmuş bütün ərazilərdə geniş quruculuq və abadlıq işləri aparılır. Ən diqqətçəkən məqamlardan biri yolların tikintisi və bərpasıdır. Qarabağda yüksək səviyyədə yeni yollar çəkilib və bu işlər davam etdirilir. Eyni zamanda işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndi şəhərində tikintisi həyata keçiriləcək layihələrdən biri də Dəmir Yolu və Avtovağzal Kompleksidir. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyulub. Kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Bu gün Ağdam və Cəbrayılda, eləcə də Araz Vadisi iqtisadi zonasında mühüm layihələr həyata keçirilir. Bütün bu işlər Azərbaycan dövlətinin öz gücü ilə görülür. Qısa müddətdə üç böyük hava limanı inşa olunub ki, bu da tarixi hadisədir. Xüsusilə Laçın hava limanı öz unikallığı ilə seçilir və gələcəkdə bölgənin inkişafına töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərdə yeni sanatoriyalar, məscidlər tikilir, mövcud məscidlər bərpa olunur. Yeni iş yerlərinin yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bütün görülən işlər ən yüksək səviyyədədir, yaxın vaxtlarda bütün ərazilər tam abadlaşdırılacaq və bərpa olunacaq".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















