Icma.az
close
up
RU
BP də nə baş verir? “Şirkətin bu vəziyyətə düşməsi indiki rəhbərliyin günahı deeyil, ancaq...

BP də nə baş verir? “Şirkətin bu vəziyyətə düşməsi indiki rəhbərliyin günahı deeyil, ancaq...

Britaniyanın enerji nəhəngi bp ötən ilin dördüncü rübünün yekununda neft və qaz sektorunda hasilatın üçüncü rübdən aşağı düşəcəyini gözləyir. Şirkətin hesabatında qeyd edilib ki, mənfi dinamikanın davamlı olacağı gözlənilir. 

BP-nin ilkin hesablamalarına görə, oktyabr-dekabr aylarında avtomobil yanacaqlarının satış həcmi və bu biznesin gəlirliliyi üç ay əvvəlkindən aşağı olacaq ki, bu da mövsümi dalğalanmalarla izah olunur. Şirkət həmçinin “neft ticarəti biznesində zəif performans”, eyni zamanda əvvəlki dövrlə müqayisədə xalis borc göstəricisində azalma qeydə alacağını gözləyir. Nağdsız hesablaşmaların həcminin 1-2 milyard dollar olacağı gözlənilir.

Son 12 ayda bp-nin bazar kapitallaşması 7 faiz azalaraq 68,2 milyard funt-sterlinqə (83,38 milyard dollar) düşüb.

Qeyd edək ki, ötən ilin üçüncü rübündə bp-nin xalis mənfəəti təxminən 24 dəfə, mənfəəti isə 31 faiz azalıb. İyul-sentyabr aylarında xalis mənfəət bir əvvəlki ilin eyni dövründəki 4,86 milyard dollarla müqayisədə 206 milyon dollar təşkil edib. Sentyabrın sonunda şirkətin xalis borcu 24,26 milyard dollar olub, bir il əvvəl isə 22,32 milyard dollar idi.

BP şirkətinin perspektivlərinə dair bədbin proqnozlar ötən ildən dünya mətbuatında yer almaqdadır. Bu məlumatlar şirkət 112 il fəaliyyət göstərdiyi Türkiyədə işini dayandırandan sonra yayılmağa başlayıb. Türkiyədəki biznesinin satışını bp 2024-cü ilin noyabrında yekunlaşdırıb. Ötən il həmçinin bp Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin son seqmenti olan TransAdriatik Qaz Boru Kəmərindəki payının bir qismini satıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bp Trans-Adriatik Qaz Boru Kəmərindəki (TAP) payından Amerikanın özəl investisiya fondu "Apollo Global Management"ə satmağa razılaşıb. Alqı-satqının məbləği 1 milyard dollardır. Türkiyədən qazı İtaliyaya çatdıran TAP kəmərinin səhmdarları bp - 20 faiz; CQD - 20 faiz; Snam - 20 faiz; Fluxys - 20 faiz; Enagas - 20 faiz, - idi.

BP həmçinin ötən il ABŞ-dakı külək enerjisi biznesini də satışa çıxarıb. Məlumatı "BP Wind Energy" özü yayıb. Bu şirkət ABŞ-ın yeddi ştatında on külək stansiyasında iştirak payına malikdir. Onların hamısı şəbəkəyə qoşulub, onların ümumi gücü 1,3 GVt təşkil edir.  "RBC Capital Markets" analitikləri bu biznesin dəyərini təxminən 2 milyard dollar qiymətləndirirlər.

"Bloomberg" agentliyinin analitikləri hesab edirlər ki, bp şirkəti ciddi maliyyə problemləri yaşayır. Analitiklərin hazırladığı materialda qeyd olunur ki, bp bundan əvvəl 1998-ci ildə - neft qiymətləri 10 dollara qədər ucuzlaşanda da belə ağır vəziyyətə düşmüşdü. O zaman şirkət vəziyyətdən ABŞ-ın "Amoco" şirkəti ilə birləşməklə çıxdı: “BP bu gün də oxşar mövqedədir. Onun gələcəyi qaranlıqdır. İnvestorlar onun strategiyasına, idarəçiliyinə və idarə heyətinə inamını itiriblər”. 

"Bloomberg" analitiklərinə görə, indi bp vəziyyətdən hansısa şirkətə birləşməklə çıxa bilər: “Tarix təkrarlanmır, ancaq qafiyələnir. BP-nin rəhbəri Helqa Lund telefonu götürməli və sövdələşməni müzakirə etməlidir - bu, şirkəti effektiv şəkildə satışa çıxarmalıdır. Əgər o, yaxşı oynasa, neft nəhəngi əldə olunan sövdələşməni "bərabərlərin birləşməsi" adlandıra bilər. Bəs o kimə zəng edə bilər? Əlbəttə ki, "Shell Plc". Üstəlik, Böyük Britaniya hökuməti "Shell-BP"ni Britaniya və hələ də London Fond Birjasında siyahıda saxlamaq üçün belə bir sövdələşməni təşviq etməlidir".

Müəlliflərə görə, bp-nin 2020-ci ildən alternativ enerjiyə investisiyaları artırması yanlış addım olub. Buna görə də hazırda investorlar yenidən diqqətin qalıq yanacaq olan neft-qaza yönəldilməsini tələb edirlər. Bildirilir ki, son illərdə bp çox böyük zərərlə üzləşib: “BP-nin təxminən 75 milyard dollarlıq bazar dəyəri onun əvvəlki gücünün kölgəsidir. 2006-cı ildə şirkətin sərvəti 250 milyard dollar idi; hətta 1998-ci ildə, "Amoco" ilə birləşmədən əvvəl, 80 milyard dollar dəyərində idi. Birjada onun performansı dəhşətli idi. Uzaqlara baxsaq, vəziyyət heç də yaxşı görünmür - onun səhmləri son beş ildə 20 faiz ucuzlaşıb. Əlbəttə ki, şirkət ümidsiz deyil. Onun Meksika körfəzindəki biznesi misilsizdir və ticarət imkanları əfsanəvidir. Lakin qiymətləndirmək mümkün olmayan bir çox zəif fəaliyyət göstərən bölmələri də var”. 

Müəlliflərin yazdığına görə, bp-nin "Shell"ə birləşməsi böyük qazanc əldə etməyə imkan verər: "Barclays Plc" analitiklərinin hesablamalarına əsasən bp-"Shell" birləşməsi illik əməliyyat xərclərində 7,5 milyard dollar, kapital məsrəflərində 5 milyard dollar qənaətə imkan verər ki, bu da sövdələşmənin bir neçə il ərzində özünü doğrultması demək olar: “Üstəlik, bp-nin alınması "Shell"in əsas problemlərini həll edəcək: 2030-cu ildən sonra artımı necə saxlamaq və onun ABŞ-dakı mövcudluğunu necə genişləndirmək. "Shell" rəhbərləri son illərdə çox yaxşı qərarlar qəbul ediblər. "Shell" hazırda 2026-cı ilin ortalarına qədər tamamlanmayacaq bir iş dönüşü üzərində cəmləşib, ona görə də bp ilə müqavilə indi şirkətin istədiyindən daha tez olacaq”. 

"Bloomberg" ekspertləri bildirirlər ki, başqa variantlar da var: “BP "TotalEnergies"i bərabərhüquqluların birləşməsinə inandırmağa çalışa bilər. Lakin Böyük Britaniya hökuməti şirkətin xarici ələ keçməsinə o qədər də həvəsli olmaya bilər. Avropa razılaşması olmadığı təqdirdə, bp ABŞ-ın çətin vəziyyətə düşən neft nəhəngi "ConocoPhillips" üçün cəlbedici ola bilər. "Conoco"nun bazar dəyəri 135 milyard dollardır və bu, onu bp-dən təxminən iki dəfə böyük edir. Nəhayət, bp Yaxın Şərqin strateji investoruna müraciət edə bilər - yada Əbu-Dabi və Küveytin dövlət neft şirkətləri gəlir. Küveytlilər 1980-ci illərin sonunda bp-nin beşdə birindən çoxunu aldılar, baxmayaraq ki, London sonradan müdaxilə edərək Yaxın Şərq ölkəsini bir hissəsini satmağa məcbur etdi. Belə bir tarixlə sövdələşmə mürəkkəb ola bilər - lakin dövlət tərəfindən idarə olunan firmalar ticarət və LNG sahəsini genişləndirmək istəyirlər. Üstəlik, yeni səhmdarlar strateji istiqamətdə dəyişikliyə məcbur etsələr, bp-nin səhmlərində hər hansı sonrakı artımdan faydalanacaqlar.

BP-nin son illərdəki fəlakətli fəaliyyətini nəzərə alaraq, Səhmdarlar Şurası bütün variantları nəzərdən keçirməlidir".

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, bp-nin maliyyə vəziyyəti həqiqətən də çox ağırdır: “Dünya enerji nəhənglərinə baxsaq, bp ən geridə qalanlardan biridir. Şirkətin bu vəziyyətə düşməsi indiki deyil, bundan əvvəlki rəhbərliyinin fəaliyyətinin nəticəsidir. O rəhbərlik dünya reallıqlarını nəzərə almadan şirkəti bərpa olunan enerji sektorunda əsas oyunçulardan birinə çevirməyə çalışdı. Halbuki əvvəla, bu sahə çox böyük investisiyalar tələb edən sahədir. Meksika körfəzində 10 milyardlarla dollar ziyan vuran qəzadan sonra isə bp-nin bu investisiyaları yatırmaq imkanları xeyli məhdudlaşmışdı. Üstəlik, yaşıl enerji uzunmüddətli fəaliyyətlər hesabına başa gələn enerjidir, bu sahədə qısa müddətdə böyük nəticələr əldə etmək mümkün deyildi. BP-nin əvvəlki rəhbərliyi bu amilləri nəzərə almadı, ənənəvi enerji layihələrinə yatırımları azaltdı. Bu şəraitdə şirkətin son 15 ildə ayaq üstə qalmasının özü maraqlıdır”.

Ekspert bildirir ki, hələlik neft-qaz qiymətləri yüksəkdir deyə bp ayaqda qala bilir: “Proqnozlara görə, 2026-cı ildən etibarən hər iki məhsulun qiymətində ciddi azalmalar başlayacaq. Bundan sonra bp-nin vəziyyətinin daha da ağırlaşacağı gözlənilir. Buna görə də ola bilsin ki, şirkətin daha stabil vəziyyətdə olan başqa bir şirkətlə birləşməli olacaq. Ola bilsin ki, hansısa dövrdə paralel fəaliyyət göstərsin - 1998-ci il böhranından sonra bp-"Amoco" birgə fəaliyyəti kimi. Onda bp "Amoco"nu almışdı, indi isə onun özünün başqa bir şirkət tərəfindən alınması ehtimalı çox yüksəkdir. Bu baxımdan ən uğurlu variant kimi "Shell" şirkətinin adını çəkirlər. BP Böyük Britaniyanın milli şirkəti hesab olunurdu - onun səhmlərinin yarıdan çoxu Britaniya pensiya fondlarındadır. "Shell" əvvəl Niderland-Britaniya şirkəti idi, ötən il yüz faiz Britaniya şirkətinə çevrildi. Şirkət qaz sahəsində dünyanın ən nəhəng şirkətlərindən biridir. BP-nin məhz "Shell" tərəfindən alınması bütün bunlara görə daha realdır”.

Onu da qeyd edək ki, bp Azərbaycanda Əsrin müqaviləsinin - “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə 1994-cü ilin 20 sentyabrında Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında neft-qaz sahəsində ilk hasilatın pay bölgüsü sazişinin əsas iştirakçılarından biri və operatorudur. Şirkətin layihədə 30,34 faiz payı var.

BP operatoru olduğu “Şahdəniz” yatağının işlənməsi layihəsində 29,99 faiz, Cənub Qafqaz Boru Kəməri (CQBK) və Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrində eyni səviyyədə,  Türkiyəyə qaz çatdıran Trans-Anadolu Boru Kəmərində (TANAP) 12 faiz paya sahibdir. Bundan əlavə, bp-nin operatorluğu ilə AÇG yatağının dərin qatlarından qaz hasilatına başlanması üzrə layihənin icrasına da başlanıb. Şirkətin başqa şirkətlə birləşməsi bu layihələrə necə təsir edə bilər? 

İ.Şabanın fikrincə, bp "Shell"ə birləşərsə, bu, Azərbaycandakı layihələrdə uğurlu fəaliyyətin davam etməsinə gətirib çıxarar: ""Shell"in bp-ni alması Azərbaycandakı qaz layihələrinin icrasında uğurlu işlərin davam etməsinə, daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər. Çünki bizdəki aktivlər kifayət qədər gəlirli aktivlərdir, "Shell"in onları başqa şirkətlərə verməsi inandırıcı görünmür”.

Dünya SAKİT,
“Yeni Müsavat”

seeBaxış sayı:96
embedMənbə:https://mia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri