Icma.az
close
up
RU
Brüssel Tbilisi ilə dialoqdan qaçdı

Brüssel Tbilisi ilə dialoqdan qaçdı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) Gürcüstanla insan hüquqları üzrə dialoqun növbəti iclasını qeyri-müəyyən müddətə təxirə salıb. Tbilisi insan hüquqları üzrə Gürcüstan–Aİ dialoqunu münasibətlərin bərpası və mövcud iradların müzakirəsi üçün vacib imkan kimi görürdü.

Amma ümidlər özünü doğrultmadı. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Brüssel bu dialoqu təxirə salmaqla Tbilisinin əsaslandırılmış mövqeyini dinləməyə hazır olmadığını göstərdi. Görüşün təxirə salınması üçün irəli sürülən səbəblər isə qəbuledilməz və əsassızdır və bu, prosesdən siyasi spekulyasiya məqsədilə istifadə olunduğuna dair şübhələr yaradır. Çünki Aİ-nin Xarici Fəaliyyət Xidməti görüşün keçirilməsinə maraq göstərməyib, siyasi dialoqun davam etdirilməsinə dair arqumentləri dinləmək niyyətində olmayıb. O da bildirilib ki, Gürcüstan tərəfi qeyd olunan görüş üçün geniş hazırlıq görüb, gündəlikdəki məsələlər üzrə Aİ-yə ətraflı məlumat təqdim etmək məqsədilə nümayəndə heyətinin tərkibini aidiyyəti qurumlardan formalaşdırıb.

Beləliklə, Brüsselin görüşü təxirə salması Tbilisi tərəfindən tərəfdaşlıq ruhuna zidd addım kimi qiymətləndirilib. Gürcüstan XİN vurğulayıb ki, Aİ “Gürcü arzusu” hökuməti ilə hər hansı bir əlaqədən imtina etmək mövqeyini davam etdirir. Bununla belə, Tbilisi hesab edir ki, dialoqun alternativi yoxdur. Buna görə də Aİ ilə müxtəlif istiqamətlər üzrə danışıqlar formatlarında iştirak yalnız dayandırılmış dialoq tam bərpa edildikdən sonra mümkün olacaq.

Baş nazir İrakli Kobaxidze məsələ ilə bağlı sərt mövqe ifadə edərək Brüsselin qərarını “müzakirədən yayınmaq cəhdi” adlandırıb. O, “İmedi” telekanalına müsahibəsində bildirib ki, Gürcüstan nümayəndə heyətinin tərkibini əvvəlcədən açıqlamışdı, lakin Aİ tərəfi heyətdə sanksiyaya məruz qaldığı iddia edilən şəxsin olması səbəbilə görüşdən imtina edib. Kobaxidzenin sözlərinə görə, həmin şəxs yalnız Estoniya Xarici İşlər Nazirliyinin qərarı ilə məhdudiyyətə məruz qalıb və Aİ səviyyəsində ona qarşı hər hansı sanksiya mövcud deyil.

Gürcüstan mediasının məlumatından aydın olur ki, söhbət bir müddət əvvəl Estoniyanın ölkəyə girişini qadağan etdiyi daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzedən gedir.

Kobaxidze Aİ-ni “pis niyyətlərdə” və Gürcüstana “çirkli pul” ötürmək cəhdlərində günahlandıraraq Avropa Komissarı Marta Kosun Gürcüstanda vətəndaş cəmiyyətinə maliyyə dəstəyi üçün yeni yollar axtardığını deyib. O bildirib ki, dialoqdan imtinanın fonunda bu niyyət Aİ-nin ölkədə “inqilab etməyə çalışdığını” göstərir: “Biz onların Gürcüstanda beş dəfə inqilab təşkil etməyə cəhdini görmüşük. Onlar yenidən iğtişaş yaratmaq və bunun üçün qeyri-leqal pul ötürmək istəyirlər. Dövlət isə öz maraqlarını qoruyacaq... Viza liberallaşdırılması isə hələ də istifadə olunmamış yeganə vasitə olaraq qalır. Amma onun istifadəsi yalnız Milli Hərəkatın hakimiyyətə qayıtmasını təmin etdiyi təqdirdə məntiqli olar”.

Onu da qeyd edək ki, bu il Gürcüstan hökuməti yeni qanun qəbul edib. Bu qanuna görə, televiziya və radio yayımçılarına xaricdən maliyyə yardımı almaq qəti qadağandır. QHT-lər isə aldıqları dövlət qrantlarını hökumətlə koordinasiya etməlidir. Yada salaq ki, Marta Kos açıqlamasında qeyd edib ki, şərtlər çətinləşsə də, Aİ Gürcüstandakı vətəndaş cəmiyyəti institutlarına dəstəyi artırmaq niyyətindədir. Onun sözlərinə görə, hökumət kimlərin xaricdən maliyyə aldığını ciddi izlədiyi üçün, Ai dəstəyi elə bölüşdürmək istəyir ki, alıcılar risk altında qalmasın.

Məsələ ilə bağlı Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri, sabiq deputat İsak Novruzov XQ-yə bildirdi ki, Brüsselin insan hüquqları üzrə Gürcüstan–Aİ dialoqunu təxirə salması nə diplomatik baxımdan əsaslandırılmış addım, nə də tərəfdaşlıq ruhuna uyğun davranışdır: “Aİ 2024-cü ilin iyununda qəbul etdiyi dialoqu dayandırmaqla bağlı qərarla situasiyanı gərginləşdirib və indi də tərəflər arasında mövcud narahatlıqların açıq müzakirəsi üçün yeganə olan platformanı məqsədyönlü şəkildə bloklayır. Görüşün ləğv edilməsinin səbəbi kimi bir nümayəndənin Estoniya tərəfindən tətbiq olunan məhdudiyyətlərə istinad edilməsi nə hüquqi, nə də siyasi baxımdan doğrudur. Çünki həmin şəxsə qarşı Aİ səviyyəsində heç bir sanksiya mövcud deyil və bu arqument, sadəcə, müzakirədən yayınmaq üçün bəhanədir. Bu, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin prosesə səmimi yanaşmadığını göstərir”.

İsak Novruzovun qənaətinə görə, Aİ Gürcüstanla bağlı mövqeyini obyektiv faktlar üzərində deyil, birtərəfli siyasi narrativlər əsasında formalaşdırmağa meyillidir və dialoqdan imtina bu meylin ən açıq təzahürüdür: “Halbuki Gürcüstan tərəfi görüşə ciddi hazırlıq görmüş, iradların və tənqidlərin şəffaf müzakirəsi üçün zəruri bütün məlumatları təqdim etməyə hazır idi. Aİ-nin bu addımı yalnız tərəfdaşlıqdan uzaq davranış deyil, həm də Avropa institutlarının regionda balanslaşdırılmış siyasətə sadiqliyi ilə bağlı suallar yaradır. Ölkə Avropa ilə münasibətlərdə konstruktiv kursu davam etdirir, lakin Brüsselin dialoqu bərpa etmədən digər formatlarda əməkdaşlıq tələb etməsi qəbulolunan deyil”.

Sabiq debutat onu da dedi ki, rəsmi Tbilisi daxil siyasətdə sabitlik mesajlarını gücləndirir: “Baş nazir İrakli Kobaxidzenin seçkilərin məhz 2028-ci ildə keçiriləcəyini bir daha təsdiqləməsi hakimiyyətin konstitusion çərçivəyə sadiqliyini və daxili sabitliyi prioritet saydığını göstərir. Bu, həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlar üçün aydın mesajdır: Gürcüstan siyasi proseslərini xarici təzyiq və spekulyativ iddialar əsasında deyil, hüquqi çərçivələr əsasında idarə edir.

Tbilisi səmimi və açıq dialoqa həmişə hazırdır, lakin bu dialoqun dayandırılması və ya manipulyativ şəkildə təxirə salınması Aİ tərəfindən siyasi alət kimi istifadə olunmamalıdır. Gürcüstan tərəfi tərəfdaşlıq prinsiplərinə sadiq qalaraq dialoqun bərpasını gözləyir və bu prosesin gələcək əməkdaşlığın yeganə sağlam yolu olduğunu vurğulayır”.

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud XQ-yə bildirdi ki, son dövrlər Aİ ilə Gürcüstan arasında dialoqun başlanması və soyuyan münasibətlərin bərpası ilə bağlı müəyyən addımlar atılacağı gözlənilirdi. Gürcüstan buna hazırlaşmışdı. Artıq gündəlik müəyyən olunmuş, işçi qrupu da yaradılmışdı. Münasibətlərin normallaşdırılması üçün zəruri məsələlər də gündəliyə salınmışdı. Ancaq hər iki tərəfin özünəməxsus narrativləri var. Onlar bu məsələyə fərqli prizmadan baxırlar. Aİ vətəndaş cəmiyyətləri, o cümlədən media və QHT-lər vasitəsilə Gürcüstanın daxili və xarici siyasətinə yön vermək üçün təsir imkanlarını qoruyub saxlamağı düşünür. Buna görə də vətəndaş cəmiyyəti institutlarına açıq və qeyri-şəffaf şəkildə maliyyə yardımı göstərməsi ilə bağlı hansısa məhdudiyyəti qəbul etmir. Gürcüstan isə bu məsələdə məhdudiyyətlərin zərurətdən irəli gəldiyini bildirir və mövqeyindən geri çəkilmək istəmir. Hazırkı gərginliyin səbəbi də budur. Əlbəttə, konstruktiv mövqe sərgiləyən Gürcüstan haqlı olaraq milli maraqlarından çıxış edir. Aİ isə bu məsələdə güzəşt istəyir. Aİ birmənalı şəkildə, hətta az qala imperativ səviyyədə diktəedici güc kimi mövqeyini qoruyub saxlamağa çalışır. Qarşı tərəf isə bunu qəbul etmir. Belə başa düşürəm ki, yaxın gələcəkdə münasibətlərin normallaşması mümkün deyil.

Sonda onu da qeyd edək ki, Gürcüstan məsələsi Aİ Xarici İşlər Nazirliyinin bugünkü görüşünün gündəliyinə daxil edilməyib, lakin mövzu ilə bağlı qeyri-rəsmi müzakirələr mümkündür.

Xatırladaq ki, Gürcüstan AI-yə daxil olmaq üçün namizəd ölkədir. Tbilisi bu statusu 2023-cü ilin dekabr ayında alıb və Brüssel ilə Assosiasiya Sazişi imzalayıb. 2017-ci ildən bəri vətəndaşlar vizasız səyahətdən yararlanıblar. Gürcüstanın inteqrasiya prosesini davam etdirmək üçün doqquz əlavə şərt elan edilib. Bunlara qütbləşmənin aradan qaldırılması, oliqarxsızlaşma, azad və rəqabətli seçkilərin təmin edilməsi və digərləri daxildir.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see249

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see244

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see230

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see225

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see221

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see220

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see219

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see208

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see206

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see205

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see202

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see197

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see190

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see186

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see186

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see185

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see174

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see165

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see160

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri