Icma.az
close
up
RU
Brüssel təzyiq edir, Tbilisi boyun əymir

Brüssel təzyiq edir, Tbilisi boyun əymir

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Gürcüstan minilliklər boyu sadəcə bir ərazi yox, sivilizasiyalar dəhlizi olub. Avropadan Asiyaya, Qara dənizdən Xəzərə gedən ticarət yolları məhz buradan keçib. Elə buna görə də Tbilisiyə nəzarət uğrunda mübarizə heç vaxt yalnız regional siyasətin çərçivəsində qalmayıb. XIX əsrdə Rusiya imperiyası Gürcüstanı "Qafqaza açar" sayırdı. XX əsrdə SSRİ onu həm sənaye, həm də mədəniyyət mərkəzinə çevirdi, amma eyni zamanda sərt mərkəzləşmənin obyektinə də. XXI əsrdə isə Gürcüstan yenidən diqqət mərkəzinə düşüb - bu dəfə ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və Çin rəqabətinin aləti kimi.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2024-cü ildə Gürcüstan iqtisadiyyatı 5,5 faiz böyüyüb, turizm isə ölkəyə təxminən 3,3 milyard dollar qazandırıb. Amma eyni vaxtda xarici borcun həcmi də artaraq 20 milyard dolları keçib, bu isə ÜDM-in 85 faizi deməkdir. Nəticədə paradoks yaranır: ölkə inkişaf edir, amma xarici kapital və kreditorlardan iqtisadi asılılıqdan qurtula bilmir.

2014-cü ildən, Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalandıqdan sonra Gürcüstan Avropaya inteqrasiya kursunu seçdi. Bir tərəfdən, bu konkret nəticələr gətirdi: Aİ ilə azad ticarət zonası ölkəyə 450 milyonluq bazara çıxış verdi, şərab və kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artdı. Digər tərəfdən, NATO və Aİ üzvlüyünə yol çox daha çətin oldu. Brüssel son illər "gözləmə strategiyası" tətbiq edir - formal olaraq Gürcüstanın Avroatlantik kursunu dəstəkləsə də, üzvlük məsələsini təxirə salır, Rusiyanı qıcıqlandırmaqdan çəkinir.

Beləliklə, "əbədi gözləmə otağı" situasiyası yaranır: Gürcüstan qismən Qərb strukturlarına inteqrasiya olunub, amma təhlükəsizlik zəmanətləri ala bilmir. Bu isə daxildə parçalanmanı gücləndirir: cəmiyyətin bir hissəsi Aİ-ni yeganə şans görür, digər hissəsi isə Qərbin Tbilisini real öhdəliklər olmadan sadəcə bufer kimi istifadə etdiyini düşünür.

2008-ci il müharibəsindən və Moskvanın Abxaziya ilə Cənubi Osetiyanın "müstəqilliyi"ni tanımasından sonra Rusiya faktiki olaraq Gürcüstan ərazisinin 20 faizində hərbi mövcudluğunu rəsmiləşdirdi. Hazırda orada 10 minə yaxın rus əsgəri, yüzlərlə zirehli texnika və strateji rabitə infrastrukturu yerləşdirilib. Bu, daimi təzyiq amili yaradır: Moskva istənilən anda hərbi aləti işə salaraq Tbilisinin siyasi manevrlərini bloklaya bilər.

Enerji amili də həssas olaraq qalır. Şaxələndirməyə baxmayaraq, Gürcüstan hələ də qazın 15 faizini Rusiyadan idxal edir (bu da "Qazprom-Export" vasitəsilə həyata keçirilir). Qalan hissə isə Azərbaycandan gəlir ki, bu da Bakını açar müttəfiqə çevirir. Cənubi Qafqaz boru kəməri (SCP), Bakı-Tbilisi-Ceyhan magistralı (BTC) və Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanı sadəcə tranzit ölkəsi yox, həm də Avropaya gedən Azərbaycan neft və qazının 8 faizindən çoxunun daşındığı enerji qovşağına çevirir.

Burada ABŞ amili işə düşür. 1992-ci ildən Vaşinqton Gürcüstanın inkişafına 4 milyard dollardan çox sərmayə qoyub. Amerika təlimatçıları gürcü hərbçilərinə dərs keçir, birgə təlim mərkəzləri yaradılır. Fəqət paradoks ondadır ki, ABŞ Gürcüstana nə qədər fəal dəstək versə, daxildə qütbləşmə bir o qədər artır.

Kaxa Kaladzenin "dərin dövlət" ifadəsi sadəcə ritorika deyil. Biz görürük ki, QHT-lər, qrant strukturları və şəbəkə mediadan ibarət paralel siyasi məkan formalaşdırılır. Təkcə 2023-cü ildə Gürcüstanda QHT-lərin xarici maliyyələşməsi 25 milyon dollardan çox olub, bunun yarısı isə Aİ və ABŞ-dan gəlib. Formal olaraq bu, demokratiyaya dəstəkdir, amma əslində Qərbin xəttindən yayınan hökumətə qarşı təzyiq aləti rolunu oynayır.

Gürcüstandakı sosial parçalanmalar xarici müdaxilə üçün münbit zəmin yaradır. Caucasus Barometer-in sorğusuna görə, əhalinin 59 faizi Aİ-yə inteqrasiyanı dəstəkləyir, amma cəmi 27 faizi hökumətə etibar edir. Tbilisidə gənclər daha çox avropayönümlü, kənd rayonlarında isə əhval-ruhiyyə daha skeptikdir. Bu ziddiyyət seçkilərdə kəskin elektorat bölgüsü şəklində üzə çıxır, küçələrdə isə kütləvi etirazlara səbəb olur və onlar getdikcə təzyiqin daimi alətinə çevrilir.

Burada əsas ekzsistensial suala yaxınlaşırıq: böyük güclərin öz qaydaları ilə oynadığı dünyada kiçik dövlətlər necə suveren qala bilər?

İkinci Dünya müharibəsindən sonra Finlandiya "finlandlaşma" modelini qurdu - Qərb və SSRİ arasında balans saxladı, neytrallığını qorudu, amma eyni zamanda iqtisadiyyatını və demokratiyasını inkişaf etdirdi. XX əsrdə kiçik bir ada dövləti olan Sinqapur iqtisadi praqmatizmə və hərbi muxtariyyətə üstünlük verdi. İsrail isə düşmən mühitlə əhatələnmiş vəziyyətdə öz hərbi-sənaye kompleksini quraraq "regional supergüc"ə çevrildi.

Gürcüstan üçün bütün bu modellər müxtəlif ssenarilərdir. Sual budur: ölkənin elitası sərt və soyuq başlı seçim etməyə hazırdırmı, yoxsa siyasi sinif hələ də Vaşinqton, Brüssel və Moskva arasında tərəddüd edərək xarici güclərə gündəmi diktə etməyə imkan verəcək?

Gürcü perspektivində avrointeqrasiya sadəcə Şərq və Qərb arasında seçim deyil. Bu, dövlətlərin birliyinə formal aidiyyətlə öz taleyini müstəqil müəyyən etmək hüququ arasında fəlsəfi dilemmanın ifadəsidir.

2022-ci ildə Gürcüstanın Rusiyaya qarşı hərbi münaqişəyə qoşulmaması ehtiyatlılıqdan çox, dövlətçilik yetkinliyinin göstəricisi idi. Brüsseli qəzəbləndirən bu qərar anlayışdan doğurdu ki, milli təhlükəsizlik, sosial sabitlik və iqtisadi inkişaf kənar strateji maraqlara qurban verilə bilməz. Baş nazir İrakli Kobaxidze həmin vaxt Aİ-nin "misilsiz şantajından" açıq danışdı və bu tezis sonrakı aylarda Avropa tərəfdaşlarının atdığı addımlarla təsdiqləndi.

Polşanın gürcü vətəndaşlarının əmək bazarına çıxışını məhdudlaşdırması bunun ən bariz nümunəsi oldu. Burada söhbət texniki tənzimləmədən yox, siyasi təzyiq alətindən gedir. Paradoks isə açıqdır: Varşava ilə münasibətləri daha da gərgin olan Belarus vətəndaşları hələ də sadələşdirilmiş prosedurlardan yararlanır, gürcülərin qarşısına isə qapılar bağlanır. Bu, beynəlxalq münasibətlərdə "simvolik cəza" mexanizmi kimi oxuna bilər - hədəf konkret rejim yox, müstəqil qərar verməyə çalışan cəmiyyətdir.

Amma bu tədbirlər Gürcüstan iqtisadiyyatını sındıra bilmədi. Əksinə, daxili resurslara yönəli diqqəti gücləndirdi. Dünya Bankının məlumatına görə, 2023-2024-cü illərdə Gürcüstanın ÜDM artım tempi sabit şəkildə 6 faizi ötüb, bu isə artıq Aİ-yə inteqrasiya olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin bir çoxundan yüksəkdir. BVF vurğulayır ki, dövlət borcunun ÜDM-ə nisbəti baxımından Gürcüstan regionun ən sabit göstəricilərindən birinə malikdir. BMT-nin hesabatlarında isə elektron demokratiya və antikorrupsiya təcrübəsi sahəsində institusional inkişaf xüsusi qeyd olunur. Bu faktlar göstərir: inteqrasiya yeganə uğur aləti deyil, real iqtisadiyyat və güclü institutlar əsasında müstəqil inkişaf da az nəticə vermir.

Bununla yanaşı, Brüssel tərəfindən formalaşdırılan narrativi də görməmək olmaz. "Sülh layihəsi" ideyası təhlükəsizlik və rifah vəd etsə də, əslində Gürcüstanı risk zonasına çəkmək cazibəsini gizlədir. Burada faktiki olaraq "ikinci cəbhə" qurmaqdan söhbət gedir və bu ssenari Ukrayna nümunəsindən çox yaxşı məlumdur. Fransa prezidenti Emmanuel Makronun yaxınlarda "sülh naminə Ukrayna ərazilərindən imtina edə bilər" deməsi Avropa ritorikasının əsas paradoksunu açdı. Gürcüstandan vaxtilə bütövlüyü uğrunda mübarizə aparmaq tələb olunmuşdu, indi isə Kiyevi itki ilə barışmağa inandırırlar.

Siyasi fəlsəfədə bunu "dəyər" və "qiymət" kateqoriyaları arasındakı uçurum kimi izah etmək olar. Qərb strategləri üçün Gürcüstanın ərazi bütövlüyü yalnız Rusiyaya təzyiq aləti olduğu müddətdə dəyərli idi. Amma məsələ gürcülərin başqa münaqişədə iştirak üçün ödəməli olduğu qiymətə gələndə, bu dəyər asanlıqla ucuzlaşır.

Gürcüstan üçünsə qiymət və dəyər bölünməzdir. Dəyər - onun suverenliyi, milli kimliyi və sosial sabitliyidir. Qiymət - bunları qorumaq naminə çəkiləcək qurbanlardır. Tbilisinin əsas seçimi də budur: xarici zəmanət illyuziyalarından imtina etmək, strategiyasını daxili güc, milli konsolidasiya və rasional hesab üzərində qurmaq.

Deməli, avrointeqrasiya dilemması "Aİ-də olmaq və ya olmamaq" məsələsi deyil. Söhbət Gürcüstanın istəklə imkan, qiymətlə dəyər arasındakı sərhədi necə müəyyən edəcəyindən gedir. Onun tarixi missiyası da məhz bundadır - beynəlxalq siyasətdə obyekt yox, subyekt olmaq.

Müasir Gürcüstan təkcə geosiyasi və iqtisadi təzyiqin deyil, həm də aksioloji toqquşmanın - dəyərlər müharibəsinin mərkəzinə düşüb. Bu qarşıdurma nə neft tonları ilə, nə ÜDM faizləri ilə, nə də ticarət dövriyyəsinin həcmi ilə ölçülür. Burada söhbət cəmiyyətə demokratiyanın klassik, liberal-siyasi mənasına və ya iqtisadi inkişafa birbaşa aidiyyəti olmayan normaların və standartların zorla qəbul etdirilməsindən gedir.

Hollandiya nümunəsi - MATRA proqramının dayandırılması - bu baxımdan əlamətdardır. Formal əsas kimi gürcü hakimiyyətinin "sosial gündəmlə" bağlı mövqeyi göstərildi. Amma mahiyyət etibarilə Gürcüstandan öz mədəni kodundan imtina etmək, kimlik və ailə məsələlərində Qərbin dəyərlər standartlarını qəbul etmək tələb olunur. Bu isə sadəcə siyasi şərt deyil - əsrlər boyu imperiyaların təzyiqi altında özünü qorumağı bacarmış, pravoslav ənənəsini və mədəni özünəməxsusluğunu saxlamış gürcü cəmiyyətinə yönəlmiş dərin çağırışdır.

Aksiologiya burada hakimiyyət alətinə çevrilir: vizasız rejim və ya qrant proqramlarının davamı birbaşa ideoloji itaətlə əlaqələndirilir. Belə yanaşma beynəlxalq hüququn əsas məntiqini dağıdır, çünki suverenlik prinsipi tərəflərin bərabərliyini nəzərdə tutur, "müəllim-şagird" iyerarxiyasını yox. Qərb tərəfdaşları tələblərini ultimatum formasında irəli sürdükdə, bu artıq əməkdaşlıq deyil, paternalizmə çevrilir.

Tbilisi meri Kaxa Kaladzenin "Qərbin Gürcüstana sonsuz sevgisi barədə söhbətlər böyük yalandır" sözləri ictimai əhval-ruhiyyənin təcəssümünə çevrildi. Bu, populist ritorika yox, məyusluq simptomudur: gürcülər görürlər ki, Qərbin real gündəliyi getdikcə daha çox iqtisadiyyat və təhlükəsizliyə dəstəkdən ibarət deyil, ənənəvi gürcü cəmiyyətinə yad modellərin zorla qəbul etdirilməsindən ibarətdir.

Gürcüstan qarşısında ekzistensial bir dilemma dayanır: oyunun bu qaydalarını qəbul edib öz kimliyinin mühüm hissəsini itirmək, yaxud da mədəni özünü müəyyənləşdirmə hüququnu müdafiə etmək - hətta bu, xarici dəstəyin azalması ilə nəticələnəcəksə belə. Mahiyyət etibarilə bu, ekzistensial seçimdir. Geosiyasi qərarları güclərin balansı ilə, iqtisadi qərarları isə investisiya praqmatizmi ilə izah etmək olar. Amma aksioloji münaqişə kollektiv şüurun dərinliklərinə toxunur.

Fəlsəfədə buna "autentiklik uğrunda mübarizə" deyilir. Alman filosofu Yurgen Habermas qeyd edirdi ki, müasirliyin böhranı yalnız demokratiya çatışmazlığında deyil, həm də cəmiyyətin dəyərlər təməlindəki aşınmadadır. Gürcüstan üçün bu tezis birbaşa məna daşıyır: mədəni nüvəni qorumaq milli varlığın şərtinə çevrilir.

Müasir gürcü siyasəti balans axtarışıdır. "Gürcü Arzusu" partiyası göstərir ki, birbaşa itaətdən imtina etməklə təcridə yuvarlanmamaq da mümkündür. Pragmatizm çağırışı Qərblə əməkdaşlıqdan imtina deyil, hörmət tələbidir. Çünki həqiqi ittifaq güclünün zəifi assimilyasiyası üzərində yox, bərabərlik üzərində qurulur.

Beynəlxalq nəzəriyyə baxımından Gürcüstan "yüksək muxtariyyətə malik kiçik dövlət" modelində hərəkət edir. Bu model "bayraqdarın arxasınca gedən" klassik kiçik dövlət obrazından fərqlənir. Tbilisi öz "gəmisini" qurmağa çalışır - böyük olmasa da, davamlı, dünya siyasətinin fırtınalarına tab gətirə bilən.

Məhz buna görə də Gürcüstanın nümunəsi postsovet məkanındakı digər dövlətlər üçün əhəmiyyətli olur. Azərbaycandan tutmuş Mərkəzi Asiyaya qədər hər yerdə eyni sual gündəmdədir: ölkə eyni vaxtda həm dünyaya açıq, həm də özünə sadiq qala bilərmi? Gürcüstan bu suala müsbət cavab verir.

Başqalarının müharibələri uğrunda qiymət ödəməkdən imtina, efemer bonuslar naminə kimlikdən vaz keçməmək - bunlar zəiflik əlaməti deyil. Bu, strateji müdrikliyin təzahürüdür. Böyük güclərin belə sistem böhranları astanasında dayandığı bir dünyada məhz belə qərarlar uzunmüddətli dayanıqlığın zəmanətinə çevrilir.

Elçin Alıoğlu
Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see258

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see257

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see249

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see247

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see243

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see232

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see229

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see225

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see223

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see217

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see215

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see214

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see202

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see199

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see195

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see192

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see192

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see191

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see177

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri