Bu hadisədən sonra bir həftə dözdü... Ona niyə Xalq artisti adı verilməmişdi?
Bu gün aktyor Hamlet Xanızadənin anım günüdür.
Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının "Hamlet Xanızadə: Mələklə İblis arasında" adlı yeni yazısını təqdim edir.
Proloq əvəzi
“...- Ömrün bu çağında, lap elə bu məqamda nə arzulayırsınız, nəyin həsrətini çəkirsiniz?
- Bir parça, balaca, lap qəbir boyda torpağın. Oturaydım orda, ağac əkəydim, o ağaca su verəydim, nazıyla oynayaydım, meyvəsindən dadaydım. Bilirsən nə deməkdi bu?!”
Bir söhbətindən
1. Baş tutmayan görüşün ağrısı
Mətbuat üçün söhbət eləmək barədə xahişimi bildirəndə demişdi, zəng eləyərsən, amma özü vaxtını-vədəsini söyləməmişdi, mən də soruşmamışdım, duymuşdum ki, ovqatının xoş vaxtına tuş olmaq taleyin, qismətin işidi. Ondan da xəbərim vardı ki, axır vaxtlar arxasınca düşənlər, gücləri çatdı-çatmadı, özü və yaradıcılığı haqqında yazmaq istəyənlər çoxdu...
"Zəng eləyərsən" ümidindən sonra kinostudiyada bir iki dəfə rastlaşmışdıq, görkəminə yaraşan saç-saqqalını görəndə, gözlərindəki yorğunluğu sezəndə özünə rəhm eləmədən işlədiyini başa düşüb vədini xatırlatmaq fikrindən vaz keçmişdim. Onda Yusif Səmədoğlunun eyniadlı romanı üzrə rejissor Gülbəniz Əzimzadənin ekranlaşdırdığı "Qətl günü" filmində eyni vaxtda üç rolda çəkilirdi. Fikirləşmişdim ki, işini başa vurar, nəfəsini dərər, premyeraqabağı söhbət eləyərik.
Mən saydığımı sayırammış, fələk saydığındansa, xəbərim yoxmuş...
Film üzərində iş başa çatdı, zənnimcə, söhbətimizin vaxtı artıq yetişmişdi...
Amma “Qətl günü” filmi ekranlara çıxmamış ortaya qətl düşdü, faciəvi Qanlı Yanvar, elə bil Yusif Səmədoğlunun əsərdə ortaya qoyduğu ideyanı acı gerçəkliklə təsdiqlədi: “Kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr!”
Taleyin amansız zərbələrinə tab gətirmiş Sənətçi – Hamlet Xanızadə gözümüzün qabağındaca baş verən müsibətdən əməlli-başlı sarsılmışdı. Sonralar danışırdılar ki, vəfatından bir neçə gün qabaq “Şəhidlər Xiyabanı”na gedib, günahları yalnız azadlıq istəmək olan qurbanların məzarları başında hönkürüb ürəyini boşaltmaq, bir azca yüngülləşmək istəyib, amma nə illah eləyibsə, o məqamda peşəkar aktyorluq vərdişi dadına çatmayıb: içindən qopan fəryad qurumuş gözlərindən bir damcı yaş belə, çıxara bilməyib...
Sonra da gözlənilməz, inanılmaz, ağlagəlməz bir xəbər ürəklərə güllə kimi sancıldı: Hamlet Xanizadə daha yoxdu!
Ruhən həyatın çəkilməz əzablarına dözmüş sənətçi bu dünyayla cismən də vidalaşdı...
Onda 1990-cı il fevralın 3-üydü...
2. Mələklə İblis arasında
İnsan anadan mələk simasında doğlulur, böyüyəndəsə mələk kimi qalması, yaxud şeytana, iblisə çevrilməsi bəxtin, taleyin işi, bir də işlətdiyi əmələrin sonucudu...
Hamlet Xanızadə də 1941-ci il iyunun 5-də Şağan kəndində anadan mələk sifətində doğulmuş, elə böyüyəndə də o cür qalmışdı, amma taleyin gərdişi üzündən İblisə də çevrilməli olmuş, həyatda içinə yaxın buraxmadığı İblislə səhnədə “dostlaşmışdı”. Onun teatr ömürlüyü elə Mələkdən İblisəcən keçdiyi yolun xronolgiyasıdı...
Səhv eləmirəmsə, 1986-cı il idi, onda Hamlet Xanızadənin çalışdığı Akademik Dövlət Dram Teatrı (indiki Milli Dram Teatrı) Tbilisiyə qastrol səfərinə getmişdi, onda əməkdaşlıq elədiyim “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində çalışan Eyvaz Əlləzoğluyla birgə tamaşaya baxmışdıq, Eyvazın aktyorla “Dekorsuz söhbət” adlı müsahibəsi çap olunmuşdu. O söhbətində Hamlet Xanızadə etiraf eləmişdi ki, aktyorluğa gəlişi təsadüfi olub. Atası səhnə sənətini sevirmiş, evlərində söz-söhbətləri elə tamaşalardan, sənətçilərdən olarmış. Məktəbi bitirəndə - 1958-ci ildəsə sənədlərini Tibb İnstitutuna verib, amma müsabiqədən keçə bilməyib. Təsdadüf üzündən də o il açılan ikiilik aktyorluq kurslarına gedib, sonra Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub, Tədris Teatrının səhnəsində rollar ifa eləyib, 1964-ci ildə də ADDT-nın səhnəsinə qədəm basıb...
İndi Hamlet Xanıızadənin səhnədə yaratdığı rolları sadalamaq asandı: Həsən Sabbah (“Xəyyam”), Molla Abbas (“Dəli yığıncağı”), Qacar (“Ağa Məhməmməd şah Qacar”), Əmir Teymur (“Topal Teymur”), Nizami (“Atabəylələr”), İblis (“İblis”)... Vilyam Şekspir, Fridrix Şiller, Nazim Hikmətin əsərlərində ifa elədiyi obrazlar... Amma bu sadalama Hamlet Xanızadənin sənətçi cizgilərini çatdırmaq iqtidarında deyil, çünki hər rolun arxasında onun ölçüyə və təsvirə gəlməz yaşantıları durur...
İndi də danışırlar ki, o, Qacar rolunda səhnəyə çıxanda teatrın dəhlizlərində kimsə gözə dəymirmiş; sözlərini deyib səhnədən çıxan fateh Qacarın – Hamletin gözləri dünyanı görmürmüş; obrazın psixoloji və emosional ovqatı saçından-dırnağınacan canına hopurmuş; səhnədə iricüssəli aktyorun canlandırdığı Don Juan ortaboylu Hamletin yanında sısqa görünürmüş: hər kəsə qismət olmayan daxili əzəməti, ruhi siqləti sənətçini tamaşaçıların nəzərində böyüdür, ucaldırmış...
Bəxtim gətirib, Hamet Xanızadınin ifasında Molla Abbası, Topal Teymuru, İblisi görmüşəm, ona görə də söylənənlərin tamaşaçı sevgisindən doğan şişirtmə olmadığına qəlbən inanıram...
O, Hüseyn Cavid teatrının aktyoruydu. Bəlkə də, bu fikrimi qəbul eləməyənlər tapılacaq, çünki yaratdığı obrazların sayı-sanbalı yetərincədi. Amma Hamlet Xanızadə Cavidin obrazlarını tamam ayrı bir yanğıyla ifa eləyirdi. Onun İblisi (həmin rola görə də 1984-cü ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdü) Cavid-Xanızadə sənətinin siqlətini yetərincə göstərdi...
Bu da danılmaz faktdı ki, Hamletdən sonra Cavid teatrı gözgörəti kimsəsizləşdi, dayağından məhrum odu....
Səhnədə Otellonu, Hamleti, Mefistofeli oynamaq istəyirdi – buna istedadı da, peşəkarlığı da, daxili hazırlığı da imkan verirdi, yalnız onunla çiyin-çiyinə həmin ucalığa qalxmaq iqtidarında olan rejissor lazımıydı...
Amma taleyin gərdişindən bu arzusunu gerçəkləşdirmək Hamlet Xanızadəyə qismət olmadı...
3. Ekran ondan ötrü sığınacaq yeriydi...
Qəfildən də səhnədən getdi...
İli dəqiq yadımda deyil, amma bu xəbər o vaxt incəsənət aləmində şimşək kimi çaxmışdı. Hamet Xanızadənin məhz “yaradıcılığının çiçəkləndiyi dövrdə” səhnədən getməsi çayxana söhbətlərinin başlıca mövzularından birinə çevrilmişdi. Çox vaxt sənətçinin az qala, nekroloqunu xatırladan belə söz-söhbətlərin də bir ucu gedib arada-bərədə gəzən cürbəcür şayiələrə çıxırdı.
Həmin məqamlarda “xalq yaradıcılığının bu cür nümunələrini” eşidən sənətçinin hansı sarsıntılar keçirdiyini təsəvvür eləmək çətin deyil. Susurdu, dözürdü, sənətdaşlarından, tanışlarından qaçırdı, amma özündən gizlənə bilmirdi. Üstəlik də sensasiya axtaran, “aşkarlıq və demokratiya atəşfəşanlığı”ndan gözləri qamaşan, bəlkə də, elə ona ürəkləri yanan qəzetçilər gününü göy əsgiyə düymüşdülər, bu addımının səbəbini açıqlamağı tələb eləyirdilər. O da özgələrə qısqandığı şəxsi həyatına bu cür müdaxilələri sevmir, israrlardan bezir, üzülür, axırda cana doyur, “sənətdən üz döndərib özünə qayıtdığını” söyləyirdi. Amma bu gen dünyada yalnız sənət üçün yaranmış Hamlet Xanızadənin belə “etirafları” olsa-olsa, onu tanımayanları inandırırdı...
“Sənətdən üz döndərən” Hamlet Xanızadə “doğma ocağı”ndan uzaq getməmiş, sığınacağı kinoda tapmışdı...
Əslində, ekran ondan ötrü elə başdan-binadan yad ocaq olmamışdı, bənzərsiz səhnə ömrünü yaşaya-yaşaya, gec də olsa, kinoda özünəməxsus obrazlar qalareyası yaratmağa başlamışdı. Onda teatr Hamlet üçün hər şey idi, kino isə ikinci evinə çevrilmişdi...
Hamlet Xanızadə ekranda ilk rolunu tələbəlik illərində, müəllimi Həsən Seyidbəylinin “Möcüzələr adası” (1963) filmində oynamış, sonra “Torpaq. Dəniz. Od. Səma.” (1967), “Bizim Cəbiş müəllim” (1969) lentlərində ikincidərəcəli obrazlar yaratmışdı. Onun 70-ci illərin əvvəllərində ifa elədiyi Dadaş (“O qızı tapın”, 1970), Gizir (“Yeddi oğul istərəm”, 1970), Talıbov (“Axırıncı aşırım”, 1971) obrazları isə xarakter cigilərinə görə yeniydi, həm də aktyorun geniş yaradıcılıq imkanlarından xəbər verirdi. Oynadığı rolların ideoloji yönümü Hamlet Xanızadədədən ötrü o qədər də vacib deyildi, onun üçün obraz, obrazın daxili yaşantıları, xarakter çalarları vardı. Fikri-zikri başqalarını da, özünü də təkrardan qaçmaqla tamaşaçıların qəlbini tərpədəcək ştrixlər, məqamlar tapmağın yanındaydı.
Amma arada beş illik fasilə yarandı, Hamlet Xanızadə kinodan uzaq düşdü. Yalnız 70-ci illərin ikinci yarısında sanki onun da ikinci ekran yaradıcılığı dövrü başlandı, bir-birinin ardınca “Vulkana doğru gedirəm” (1976-1977, b/s), “Arxadan vurulan zərbə” (1977), “Qərib cinlər diyarında” (1977), “Bayquş gələndə” (1978), “Od içində” (1978), “Babək” (1979) filmlərində rol aldı.
80-ci illərsə onun bioqrafiyasına müxtəlif filmlərlə yazıldı. Həmin vaxt Hamlet Xanızadə artıq canı qədər sevdiyi səhnə sənətindən canını götürüb kinostudiyaya pənah gətirmiş, ştata keçmişdi, “yaxşı rollarda çəkilmək” arzusuyla yaşayır, arabir radioya, televiziyaya dəvət ounurdu. Tez-tez kinostudiyanın dəhlizlərində, çayxanasında rastlaşırdıq, belə vaxtlarda aurası, söz-söhbəti məni çəkib aparır, müsahibə almaqla bağlı xahişimi dilə gətirməyə cəsarət eləmirdim...
4. O, buqələmunun yaramazdan qorxulu olduğunu bilirdi...
Həmin çağlarda sənətdə seçim nadir hadisəydi: sənətçi istədiyini oynamaq, tamaşaya qoymaq, çəkmək üçün az qala, cəhənnəm əzabından keçməliydi....
Hamlet Xanızadə də “Qızıl uçurum” (1980), “Birisigün, gecəyarısı...” (1981), “Əlavə iz” (1981), “Nizami” (1982), “Avqust gələndə” (1984), “Köhnə bərə” (1984), “Bircəciyim” (1986), “Xüsusi vəziyyət” (1986), “Qəm pəncərəsi” (1986), “Şəhərli biçinçilər” (1986), “Araqarışdıran” (1987), “İmtahan” (1987), “Özgə ömür” (1987), “Şeytan göz qabağında” (1987), “Cansıxıcı əhvalat” (1988) filmlərində çəkiliş meydançasına daha çox rejissorların görümünü gerçəkləşdirmək niyyətiylə çıxmış, işini peşəkar səviyyədə görmüşdü.
Hərdənbir taleyin gətirməsi, bəxtin açılması olur, belə məqamlarda da ürəyəyatan, sənət ölçülərinə uyğun gələn rollar, tamaşalar, filmlər ortaya çıxırdı...
Deyəsən, bu da qismətmiş, yaradıcılıq yoluna rejissor Vaqif Mustafayev çıxmalı, aktyorun illərdən bəri formalaşan ampluasını qəfildən dəyişməliymiş. Onun “Yaramaz” (1988) filmində yaratdığı obraz bütün cizgiləriylə buqələmunu xatırladır: vəzifə sahibi olan kəs dəyişən ab-havanı gözəl duyur, bir göz qırpımındaca rəngdən-rəngə, haldan-hala düşür, qarşısındakı adamın hissləriylə oynamağı bacarır. Hamlet Xanızadənin bu obrazı təbiətinə görə teatr səhnəsində yaratdığı İblisi xatırladır: Direktor adi, hər gün rastlaşdığımız, ünsiyyətdə olduğumuz İblisdi, klassik İblisdən də yalnız əməllərinin miqyasıyla geri qalır. Görünür, Hamlet də həyatda belə buqələmunlarla çox rastlaşmışdı, yoxsa yaratdığı obraz bunca dəqiq alınmazdı. O da təsadüfi deyil ki, film ekranlara çıxandan sonra qəhrəman – Hatəm obrazıyla yanaşı, Hamlet Xanızadənin ifaçılıq məharəti haqqında da dəyərli fikirlər söyləndi və yazıldı...
Bu uğurdan sonra 1989-cu ildə rejissor Bulat Mansurovun çəkdiyi, Qazaxıstanla Misirin birgə istehsalı olan “Sultan Bəybars” filmində tarixçi roluna dəvət alması gözlənilməz olmadı. Amma o, təbiətinə görə narahat adamıydı, başını aşağı salıb işləmək, birtəhər yaşamaqla arası yoxudu, ekranda da özünü, öz ampluasını axtarır, tapa bilməyəndə də ağrıyırdı: “Qəlbimdə səhnə, ekranla bağlı narahatlıq var, elə bil nəsə çatışmır. Nə üçünsə darıxıram, sanki hansı işisə görməliyəm, amma bu, mümkün olmur. Kinoda da istədiyim rolu oynamamışam, sözümü deməmişəm”, - bu, iç dünyasının çalxantılarını ovuda bilməyən, VAXTın su kimi axıb getdiyini, ÖMÜR MÖHLƏTİnin tükəndiyini bütün canıyla duyan Hamlet Xanızadının ölümqabağı etirafıdı. Ruhunu saran əzablar şəxsi həyatıyla yox, SƏNƏTlə bağlıydı, bu da onun təbiətindən qayaqlanırdı...
Hamlet Xanızadə HƏYATda rol oynamırdı, ancaq səhnədə olduğu kimi, ekranda da ÖZ ROLUnu oynamağa can atırdı. Onu rahat yaşamağa qoymayan bu istək idi...
Həmin rolun da yenə Hüseyn Cavidlə bağlı olmasısa taleyin qaçılmazlığıymış...
5. Görən, “Qətl günü”nə doğru getdiyini bilirdimi?
“...- Ölümün xeyir!
...Ölümə qənşər...”
Yusif Səmədoğlunun “Qətl günü” romanını dönə-dönə oxumuşdu, altınıcı duyğusuyla hiss eləyirdi ki, əsər hamı üçün... amma həm də məxsusi onun üçün yazılıb. Bu duyum Hamleti yenidən əməlli-başlı tərpətmişdi, axır illərində fikri-zikri yalnız Cavidlə, “Qətl günü”ylə bağlıydı...
Əlisəmid Kür bir xatirəsində yazır ki, Hamet Xanızadə Pirquluda hansı filmin çəkilişi zamanı fasilələrdə Rəfael Hüseynovun “Vaxtdan uca” kitabını oxuyurmuş, Cavidin başına gələnlərdən bərk sarsılıb, kövrələ-kövrələ deyib: ““Qətl günü”nü çəkələr, Cavidi də mən oynayam...” Bu, elə bil, OLACAĞın öncəgörməsiymiş, özünün də ayırd eləyə bilmədiyi həmin DUYĞU onu Cavidlə yenidən rastlaşdıracağından xəbər verirmiş. Bəlkə də, elə o vaxtlar ədəbi aləmin diqqətini çəkmiş romanın ekranlaşdırılması ideyası Hamlet Xanızadənin CAVİD SEVGİSİnin məntiqi sonucuymuş...
İndi buna şərh vermək çətindi, başlıcası odu ki, arzusuna çatdı: əsəri ekranlaşdıran Gülbəniz Əzimzadə məhz onu seçdi, bununla, əslində, təkcə Hamletin yox, HAMInın istəyinə qol qoydu: əsərdə ayrı-ayrı dövrləri təmsil eləyən üç – Xəstə Ziyalı, Sədi (Cavid) Əfəndi, Qədim Məmləkətin Ən Yaxşı Şairi – obrazı aktyor Hamlet Xanızadəyə tapşırdı. Çox güman ki, rejissor bu çoxqatlı, çoxplanlı, çoxşaxəli əsəri ekrana gətirmək kimi ağır yükün altına girəndə elə başdan-binadan Hamleti nəzərdə tutmuş, ona güvənmişdi.
O vaxt Hamlet Xanızadənin hansı hisslər keçirdiyini təsəvvür eləmək çətindi, amma inanıram ki, aktyor, hər şeydən əvvəl, zəfər məqamının yetişməsi haqqında yox, bir-birindən mürəkkəb üç obraza necə açar tapmaq barədə fikirləşib, belə bir sanballı əsərin uğurla ekranlaşdırılmasında çiyinlərinə düşən yükün ağırlığını hiss eləyib. O, müəllif mövqeyini gözəl duyurdu; aktyor Xəstəni yaşanmış dünyanın bütün günahlarına cavabdeh kimi canlandırır: Qədim Məmləkətin Ən Yaxşı Şairinin də, Sədi Əfəndinin başına gələnlərə görə Xəstə Ziyalı günahkardı, çünki o, canlı insan, qələm əhli olmazdan əvvəl, bütöv bir Milli Yaddaşın rəmzidi. Aktyor zahiri görkəmlərinə görə bir-birindən tamam fərqlənən rolları bir-birinə gözəgörünməz tellərlə bağlayır, obrazları əl-qol, bədən hərəkətləri, uzun monoloqlarla yox, gözlərinin, sifətinin ifadəsi, çoxçalarlı daxili yaşantılarıyla yaradır, onların sükutu belə portret cizgilərinin dolğunlaşmasına yardım eləyir. Hamlet Xanızadə bir filmdə üç obraz yaratmaqla tamaşaçılara üçləşmənin yox, sonsuzluğun görüntülərini çatdırır: Xəstə ayrı-ayrı fərdlərin taleyini öz içindən keçirməklə bütövlükdə insanlığın ömrünü yaşayır.
Hamlet Xanızadə çəkiliş məqamında ağlagəlməz əzablardan keçib, filmin “alınması” üçün əlindən gələni eləyib, amma nə şikayətlənib, nə də gileylənib...
O, özünə əzab verməyin ustasıydı...
6. Qətl Gününü gördü, “Qətl günü”nüsə görmədi...
Hamlet Xanızadənin sənətdən kənarda olan hər şeyə qarşı iddiasızlığı hamıya məlum idi: ad-san arxasınca qaçmağı, qapılar döyməyi, xahiş eləməyi özünə ar bilir, təltif, mükafat, alqış gözləmədən bəxtinə düşən SƏNƏTÇİ ömrünü yaşayırdı.
1982-ci ildə, SSRİ-nin 60 illiyi münasibətilə fəxri ada təqdim olunanların siyahısına düşüb “Əməkdar artist”liyə layiq görülməsini də möcüzə sayırdı. Az sonra o sənətdaşlarının bir çoxu “Xalq artisti” məqamına çatdılar, amma Hamlet Xanızadəyə onların arasında yer tapılmadı...
Onun layiq olduğu məqama çatmağınısa biz – sənətinin pərəstişkarları – tələb eləməliydik, amma bu barədə düşünmədik. Hamlet Xanızadə isə susdu, bizi heç qınamadı da...
Bu da taleyin işiymiş: canını qoyduğu filmin ekranlara çıxmasını görə bilmədi, amma bunu bəlkə də, onun qədər arzulayan yox idi...
Elə bil kəmfürsət ÖLÜM yaradıcılıq anlarında qılığına girib qanına yerikləyə-yerikləyə özünü doğmalaşdırmış, mələk xislətli sənətçisə o fələyin xətrinə dəymək barədə düşünməmiş, Allahdan möhlət istəməmişdi...
Onun ağır, həm də vaxtsız, əvəzolunmaz itkisini bütün itkilərimiz kimi, sonra dərk elədik. Sağlığındasa haqqındakı dedi-qodulara, şayiələrə etinasız münasibətimizlə ömrünü zərrə-zərrə talamış, gücümüz çatan yerdə əlimizi uzatmamışdıq. Sonra da o əllərimizi dizlərimizə çırpıb təəssüfləndik: “Heyif səndən!”
Hələ Arif Babayev itkisindən təzə-təzə özümüzə gəlirdik...
Səhnədə, ekranda, efirdə Səməndər Rzayevin boş yeri ürək göynədirdi...
Hələ Qətl Gününün günahsız qurbanlarının qırxı da çıxmamışdı...
7. Özü adda İNSAN obrazı da yaratdı...
Dəfnindən qabaqkı gün radioda lent yazısını səsləndirirdilər. Sənət adamlarından biri yana-yana qayıtdı ki, bu cür əvəzsiz aktyor hələ də “əməkdar artst”di, belələrinin qədrini həmişə itirəndən sonra bilirik...
Onda eşidən-bilən bu xəbərin ağırlığı altında əzilə-əzilə soruşurdular: “Nə yaşı vardı axı?” Deyirdin, hələ əlli yaşına çatmamışdı, bu da yanğını əməlli-başlı artırırdı...
Hər il Qanlı Yanvarın ildönümündə televiziyalarda “Qətl günü” filmi göstərilir. Hamlet Xanızadə Xəstə – Sədi Əfəndi – Şair sifətində bizə məmləkətimizin yaşadığı faciələri anlatmağa çalışır. Onun oynadığı DƏRDi dərk eləyirikmi?
Bundan sonra XALQIN DƏRD MƏQAMLARInda Hamlet Xanızadəylə birgə, yəqin ki, Yusif Səmədoğlunun adı da anılacaq: Hamlet onun sözə gətirdiyi DƏRDi göstərir...
Dəfn günü deyirdilər, o da YANVAR ŞƏHİDİdi, “Şəhidlər Xiyabanı”nda dəfn olunmalıdı. Yadımdadı, faciədən bir neçə gün sonra kinostudiya tərəfdə rastlaşdıq. Təpədən-dırnağacan sarsıntı içindəydi, bilmirəm, mənəmi, özünəmi “Bu dərdə dözə bilməyəcəyəm”, - dedi. Həqiqətən, cəmi bir həftə dözdü...
Ruhu doğma Şağan kəndini seçmiş, elə bil, ömürlüyünü talayan qarışıqlıqdan, əzablardan və sarsıntılardan sonra sakitlik içində uyumaq istəmişdi...
Həyatının Mələyindən sənətinin İblisinəcən yol keçməyi, “dünyanı itirib yenidən qazandığı” məqamlarla tövbə yolunu tutmağı, toplumun ağrılarını qəlbindən keçirməyi bacaran Hamlet Xanızadə bir bənzərsiz obraz – Özü adda İNSAN obrazı – da yaratdı...
Bu obraz bizə daha məhrəmdi...
Yoxsa yaratdıqları bunca doğma olmazdı...
Epiloq əvəzi
“...Heç bir vaxt onun üzünü görməsən də, bircə kərə səsini eşitməsən də, əminsən ki, bir gün mütləq gələcək, çünki başqa cür ola bilməz – işıq əbəs yanmır, havayı yanmır, o gəlməlidir ki, nigarançılığa, gözüyoldalığa son qoyulsun, sənə bir udumluq təzə nəfəs versin... Onun uzun, səhər şehinin ətri qoxuyan bəyaz saçlarını sığallayacaqsan, sifətini ilıq sinəsinə sürtəcəksən, sonra gözlərindən öpəcəksən. Daha sonra qəflətən ürəyinə nəsə damacaq, dodaqlarını aralayıb bircə kəlmə deyə biləcəksən: getmə. Vəssalam. Sonra tək qalacaqsan, həmin zəif işığın sarımtıl, bozumtul, qırmızımtıl dumanı arasında tək-tənha...”
...Gözlərini yum, Hamlet Xanızadənin səsiylə Xəstənin monoloqunu dinlə...
“...Dəxi mən, a kişilər, bundan sonra bir kimsənin röyasına girmənəm. Amma... işdir-şayəd, gecə röyada sifəti xəzan yarpağı kimi sapsarı saralmış, gözləri çuxura düşmüş, beli azca donqar bir xəstə görsən, ya da ki, başında buxara papaq, əynində kürk, gülümsər və qüsəli gözlər sahibi olan bir kişi görsən, o zaman...”
...o zaman bilin ki, o həm də Hamlet Xanızadədi...
AKİ ingilis dili kursu layihəsinə qəbul elan edir Nazir: "Sədrlik məsələsində yaş amili məhdudiyyət yaratmamalıdır" - Açıqlama Firidun Ağazadənin yeni kitabı çap olundu