Bu kənddə qadınlar 100 il yaşayırlar
Modern.az saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın Sardiniya adasının mərkəzi hissəsində yerləşən kiçik Bolotana kəndi uzunömürlülüyün qeydə alındığı yeni “mavi zona”ya çevrilə bilər. Bu ərazi əhalinin qeyri-adi dərəcədə uzun ömür sürməsi ilə seçilir.
Modern.az xəbər verir ki, “Frontiers in Aging” jurnalında dərc olunan araşdırmaya əsasən, 2021–2025-ci illərdə Bolotanada yaşayan qadınlar yaşlı dövrdə xüsusilə yüksək sağqalma göstəriciləri nümayiş etdiriblər. Hesablamalara görə, 70 yaşına çatmış qadınların 100 yaşına qədər yaşamaq ehtimalı İtaliya üzrə orta göstəricidən üç dəfədən çox olub.
Tədqiqatçılar qeyd olunan dövrdə əhalisinin orta sayı 2266 nəfər təşkil edən Bolotana kəndinin demoqrafik məlumatlarını araşdırıblar. Uzunömürlülərlə bağlı məlumatların etibarlılığını yoxlamaq üçün alimlər mülki qeydiyyat sənədlərini kilsələrin vəftiz və dəfn qeydləri ilə tutuşdurublar. Həmçinin 70 yaşdan yuxarı sakinlər arasında ölüm göstəricilərini təhlil edərək nəticələribütövlükdə Sardiniya adası və İtaliya üzrə göstəricilərlə müqayisə ediblər.
Hesablamalar göstərib ki, Bolotanada 70 yaşına çatmış qadınların gözlənilən qalan ömür müddəti 20,85 il təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici Sardiniyada 18,40 il, İtaliya üzrə isə 18,06 il olub.
100 yaşına çatmaq ehtimalı İtaliya üzrə orta göstəricidən xeyli yüksəkdir
70 yaşından 100 yaşına qədər yaşamaq ehtimalı hesablanarkən fərq daha aydın üzə çıxıb. Bolotanada yaşayan qadınlar üçün bu göstərici 13,83 faiz təşkil edib. Sardiniyada 4,43 faiz, İtaliya üzrə isə 3,54 faiz olub.
Tədqiqatçılar bildirirlər ki, bu rəqəmlər eyni qadın qrupunun uzun illər ərzində izlənməsinin nəticəsi deyil. Göstəricilər müvafiq dövrdə qeydə alınmış ölüm səviyyəsinə əsaslanan hesablamaları əks etdirir.
Kişilər arasında isə üstünlük daha az nəzərə çarpıb. Bolotanada 70 yaşına çatmış kişilərin gözlənilən qalan ömür müddəti 16,02 il, 100 yaşına qədər yaşamaq ehtimalı isə 4,92 faiz qiymətləndirilib. Bununla belə, müəlliflər kişilərlə bağlı hesablamalarda qeyri-müəyyənliyin əhəmiyyətli dərəcədə yüksək olduğunu vurğulayıblar.
Kənddə uzunömürlülük ənənəsi tarixən də müşahidə olunub
Tarixi məlumatlar da Bolotanada uzunömürlülüyün yüksək səviyyədə olduğunu göstərir. Tədqiqatçılar 1900–1925-ci illərdə kənddə doğulmuş 3060 nəfər arasında 100 yaşına çatmış 38 uzunömürlü müəyyən ediblər.
Bu göstəricilər əsasında hesablanan ekstremal uzunömürlülük indeksi Bolotanada hər 100 min doğuşa 1242 uzunömürlü təşkil edib. İtaliya üzrə orta göstərici isə hər 100 min doğuşa 793 nəfər olub.
Bununla belə, kənddən sonradan mühacirət etmiş bəzi sakinlərin həyatını izləmək mümkün olmayıb. Bu amil də tədqiqatın nəticələrinin qiymətləndirilməsində nəzərə alınmalıdır.
Yüksək göstəricilər müvəqqəti amillərlə bağlı ola bilər
Alimlər əldə olunan nəticələrin seçilmiş zaman kəsiyindən asılı olduğunu xüsusi vurğulayırlar. Belə ki, 2015–2019-cu illərin məlumatları təhlil edilərkən 70 yaşından 100 yaşına qədər yaşamaq ehtimalı qadınlar üçün cəmi 1,46 faiz, kişilər üçün isə 0,77 faiz olub.
Bu səbəbdən son illərdə qeydə alınan qeyri-adi dərəcədə yüksək göstəricilər yalnız əhalinin davamlı xüsusiyyətləri ilə izah olunmaya bilər. Ölüm səviyyəsindəki müvəqqəti dəyişikliklər də nəticələrə təsir göstərmiş ola bilər.
Tədqiqatçılar hələlik aşkar edilmiş qanunauyğunluğu genetika, qidalanma, həyat tərzi və ya sosial əlaqələrlə izah edə bilmirlər. Əhalinin sayının az olması da hesablamaların dəqiqliyini məhdudlaşdırır.
Buna görə də Bolotana uzunömürlülüyün yüksək olduğu “mavi zonalar” sırasına daxil olmaq üçün perspektivli namizəd hesab edilir. Lakin kəndin bu statusunun təsdiqlənməsi üçün daha uzunmüddətli müşahidələrə və əlavə araşdırmalara ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Oktyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















