“Bu xalqın prezidenti olmaq qürurdur“ Vladimir Zelenskinin Yeni il müraciəti
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Biz sülhə inanırıq, onun uğrunda mübarizə aparırıq və çalışırıq..."
Ukrayna prezidenti Vladimir Zelenski Yeni il gecəsi xalqa müraciət edərək ötən ilin əsas problemlərini, əldə olunan nailiyyətləri və müharibənin mümkün sonu ilə bağlı baxışlarını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Sülh danışıqları və təhlükəsizlik zəmanətləri
Zelenski bildirib ki, Ukrayna sülhə nail olmaq üçün mümkün olan hər şeyi edir, lakin bu, "istənilən qiymətə" baş verməməlidir. Prezident etiraf edib ki, istərdi Yeni ilin ilk dəqiqələrində müharibənin bitdiyini elan etsin, lakin hazırda bu mümkün deyil.
"Amma vicdanla deyə bilərik ki, Ukrayna sülh üçün mümkün olan hər şeyi edir və etməyə davam edir", - deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, sülh sazişi artıq 90 faiz hazırdır, lakin qalan 10 faiz "sülhün, Ukraynanın və Avropanın taleyini müəyyən edəcək".
"Biz sülh istəyirik? Bəli. İstənilən qiymətə? Xeyr. Biz müharibənin bitməsini istəyirik, amma Ukraynanın bitməsini yox. Yorulmuşuqmu? Çox. Bu, təslim olmağa hazır olduğumuz anlamına gəlirmi? Belə düşünənlər ukraynalıların kim olduğunu hələ də anlamayıblar", - prezident qeyd edib.
Zelenski Rusiyanın müharibəni tez bir zamanda dayandıra biləcəyini, lakin bunu istəmədiyini bildirib və beynəlxalq təzyiqin vacibliyini vurğulayıb. "Rusiya öz müharibələrini heç vaxt könüllü şəkildə bitirməyib. Tarixdə belə bir nümunə yoxdur. Yalnız kənardan gələn təzyiq, onların "xoş niyyət jesti" adlandırdıqları məcburetmə nəticə verib", - o, bildirib.
Prezident əlavə edib ki, Rusiyanın "Donbası versələr, müharibə bitəcək" iddiası yalandır və dünyanın bu yalana inanması ümumi beynəlxalq təhlükəsizlik üçün ciddi təhlükədir. Zelenski vurğulayıb ki, Ukraynaya parlamentlər tərəfindən ratifikasiya edilən real və möhkəm təhlükəsizlik zəmanətləri lazımdır:
"Budapeşt sənədi Ukraynanı qane etmir. Minsk tələsi də bizə lazım deyil. Zəif razılaşmalar yalnız müharibəni uzadır. Mənim imzam yalnız güclü sazişin altında olacaq". Onun fikrincə, sanksiyalar Rusiyanı artıq sıxışdırır, lakin yalnız "ölümcül sıxma" effekt verə bilər. Zelenski bildirib ki, əgər Qərb sürətli və qətiyyətli hərəkət edərsə, müharibə 2026-cı ildə başa çata bilər.
ABŞ-la münasibətlər
Zelenski etiraf edib ki, ABŞ-ın yeni rəhbərliyi ilə münasibətlərin tonunu dəyişmək asan olmayıb. Fevralda Oval kabinetdə gərgin başlayan dialoqun, bir neçə gün əvvəl Mar-a-Laqodakı görüşdə tamamilə fərqli atmosferdə davam etdiyini bildirib.
"Ukrayna öz səs hüququnu qorudu və buna görə bizə hörmət edirlər. Bunun ən açıq sübutu isə bu il ABŞ prezidenti ilə keçirdiyim yeddi görüşdür", - o, qeyd edib. Prezident vurğulayıb ki, ABŞ prezidenti çıxışlarının demək olar ki, hər birində Ukraynanın qəhrəman mübarizəsini xatırladır və bu, artıq digər dünya liderləri üçün də adi hala çevrilib.
"Bunları eşitmək xoşbəxtlikdir. Bu xalqın, bu dövlətin prezidenti olmaq qürurdur. Elə bir dövlətin ki, dayanmağı bacardı, düşmənin hərbi obyektlərinə və neft emalı zavodlarına zərbə vurur, müasir dronların nə olduğunu NATO ordularına öyrədir və Rusiyaya asimmetrik sillə vurur", - Zelenski bildirib.
Avropa və Ukraynanın rolu
Zelenskinin sözlərinə görə, Avropada hələ də Rusiyaya qarşı sərt mövqenin zəruriliyini tam dərk etməyənlər var. "Mən istəmirəm ki, bu anlayış Avropaya Ukraynada olduğu kimi səhər saat dörddə gəlsin. Mən istəmirəm ki, avropalılar bunu küçələrində "Z" hərfli texnikanı görəndə başa düşsünlər", - o, xəbərdarlıq edib.
Prezident bildirib ki, bu gün Ukrayna "rus dünyası" ilə Avropanın rahat həyatı arasında dayanan yeganə sipərdir. Onun sözlərinə görə, Avropa liderlərinin əksəriyyəti artıq Ukraynanın dəstəyinin əhəmiyyətini anlayır. Zelenski Aİ-nin Ukraynaya 100 milyard dollarlıq reparasiya krediti ayırmasını sadəcə maliyyə yardımı deyil, strateji qərar adlandırıb: "Bu, ordumuzun davamlılığıdır, insanlarımız üçün sakitlikdir, maaşlardır, pensiyalardır. Bu, həyatdır. Və ədalətdir ki, bunun bədəlini sonda Rusiya ödəyir".
Yeni il və ümid
Yeni il müraciətinin sonunda Zelenski ukraynalıların bayram süfrəsində qaldıracağı əsas badəni də səsləndirib: "Cəbhədə olan döyüşçülərimiz üçün. Ukrayna uğrunda canını verənlər üçün. Hər gün bizi xilas edənlər üçün. Bu gecə də növbədə olanlar üçün - həkimlər, yanğınsöndürənlər, energetiklər üçün. Əsirlikdən qayıdanlar və evdə Yeni ili qarşılayanlar üçün. Gözlədiklərimiz üçün. Bizə kömək edən hər kəs üçün. Bu müharibənin bitməsi üçün. Sülhün gəlməsi üçün".
Prezident qeyd edib ki, bu il Yeni il qarının yağması ukraynalılar üçün rəmzi bir işarədir: "Əgər biz nəyisə çox-çox istəyiriksə, gec-tez bu baş verir. Ən çox istədiyimiz isə sülhdür. Amma o, Yeni il qarı kimi möcüzə ilə göydən düşməyəcək. Biz sülhə inanırıq, onun uğrunda mübarizə aparırıq və çalışırıq. Yeni ilin mübarək, əziz xalq! Ukraynaya eşq olsun!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















