Bülənt Ecevitin şair tərəfi... Çingiz Aytmatov onun şeirləri barəsində nə yazmışdı?
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
5 noyabr şair, publisist və görkəmli siyasi xadim Bülənd Ecevitin anım günüdür.
Kulis.az bu münasibətlə Ömər Kayanın "Bülənd Ecevitin şair tərəfi..." yazısını təqdim edir.
Türkiyənin siyasi tarixində "Qaraoğlan" ("Karaoğlan") ləqəbi ilə tanınan Bülənd Ecevit, siyasət meydanında olduğu qədər ədəbiyyat dünyasında da iz qoymuş nadir şəxsiyyətlərdən biridir.
Onun həyatında şeir siyasət qədər önəmli yer tuturdu. Ecevitin ilk şeirləri cəmi 17 yaşında ikən dərc olunmuşdu və sonradan o, poetik yaradıcılığını üç şeir kitabında toplamışdı.
Ecevitin şeirləri bir çox dillərə tərcümə edilib, poetik dili və fəlsəfi dərinliyi ilə diqqət çəkib.
Ecevitin bütün şeirlərini bir araya gətirən “Bir şeyler olacaq sabah" (Doğan Kitap, 2005) kitabı onun ədəbi dünyasının aynası sayılır.
Kitabın ön sözündə yer alan eyniadlı şeirində o, poeziyanın mahiyyətini açıqlayırdı. Ecevit üçün şeir nə təbliğat, nə də siyasətin davamı idi; o, şeiri bir düşünmə metodu kimi görürdü.
“Niyə şeir” adlı yazısında bu fikri belə izah edirdi: “Nəsr diliylə düşünülə bilənin o tayına şeirlə keçmək mümkündür… Amma şair yaradıcılığında heç vaxt şeir xaricində bir məqsəd güdməməlidir”.
Ecevit üçün şeir şəxsi, dərin bir daxili yol idi. “Topluma bir bildirim olacaqsa bunun üçün şiirdən yararlanmam... Şeirlərimdə bəzən bir bildiri tapıla bilər, amma çox vaxt mən də onu şeirdən öyrənirəm. Mənim üçün şeir, siyasətin tamamlayıcısı deyil, mənim özəl əməlimdir” – deyə o yazırdı. Bu baxış Ecevitin poeziyasını fərqləndirən əsas cəhətlərdən biridir; o, ictimai məsuliyyətini siyasətlə, daxili azadlığını isə şeirlə daşıyırdı.
Bir müsahibəsində o belə demişdi: “Siyasətə girdim deyə şeir yazmağı və ya tərcümə etməyi buraxsaydım, siyasətdə mən mən olmazdım".
Onun fikrincə, siyasətçinin yalnız siyasətlə yaşaması insanlıqdan uzaqlaşmaq deməkdir. Hər siyasətçi, Ecevitə görə, siyasətin xaricindən baxa biləcəyi başqa bir dünyaya sahib olmalıdır. Şeir bu “başqa dünya”nın qapısı idi.
Ecevit dilin insan düşüncəsini müəyyən qaydalarla məhdudlaşdırdığını, bu asılılıqdan xilas olmağın ən mümkün yolunun isə şeirdən keçdiyini söyləyirdi: “Anlatma azadlığından qurtulan şair dil azadlığı qazanır. Dil azadlığı isə düşüncə azadlığını artırır”. Ona görə, şeir özün üçün yazmaqdır, amma bu, eqoist bir seçim deyil: “Çünki özündə tapdığını bəşəriyyət üçün tapmış olursan. Özündə eşitmədiyin duymadığın bir həqiqəti başqasına da eşitdirə bilməzsən".
Ecevitin fikrincə, insanlıq poeziyanın bəxş etdiyi azadlığı itirdiyi anda, dil insanın yox, insan dilin alətinə çevrilir. Alman mütəfəkkiri Hamannın “Şeir insanlığın ana dilidir” sözünə istinad edən Ecevit xəbərdarlıq edirdi: “Şeirsiz bir toplum, insanlığın ana dilindən qopmuş sayılar. O zaman insanlar düşüncəsini itirər, yalnız şüarlarla danışar, daha pisi – şüarlarla düşünər”.
Ecevitə görə, türk xalqı poeziya vasitəsilə öz mənliyini qoruyub. “Türk xalqı - dünyanın harasında olursa olsun, basmaqəlib düşüncələrdən, təzyiqlərdən və susqunluqdan şeirlə qurtulmuşdur. Türk kəndlisi üçün şeir düşüncəyə qoyulan qadağaların yetişə bilmədiyi bir azadlıq sahəsi olmuşdur” – deyə o bildirirdi.
Ozanı axtardığını bilən, amma tapmağın əlçatmazlığını da dərk edən insan kimi təsvir edən Ecevit yazırdı: “Ozan duyğularının qapılarını sonuna qədər açar və gözləyər”. Onun fikrincə, şeir fəlsəfədən, fəlsəfə elmdən əvvəl gəlir, çünki şair düşünməkdə hamıdan daha azaddır – “çünki o, dildə də ən azaddır”.
Ecevitin şeirlərində nə vergül, nə nöqtə, nə də böyük hərflər olurdu. O, bu poetik qərarını belə izah edirdi: “Xalq şeirində də belədir. Amma hər misra yenə də asanlıqla anlaşılır. Mən bunu şeirdə bacardım, sonradan nəsrdə də tətbiq etməyə başladım”.
Məşhur qırğız yazıçısı Çingiz Aytmatov, Ecevitin rus dilində çap olunan şeir kitabına yazdığı “Son söz”də belə yazmışdı: “Ecevitin şeirlərindəki intellektual dərinlik və fəlsəfi səviyyə, türk poeziyasının imkanlarını və dilinin qaynaqlarını dünya səviyyəsinə yüksəldir. Bu, onun zəhməti ilə qazanılmış yeni bir çeviklik və bədii texnologiyadır”.
Ecevitin ilk şeirləri 1942-ci ildə Vedat Nedim Törün təşəbbüsü ilə “Hep Bu Topraktan” jurnalında yayımlanmış və “Bu şeirləri bu torpağın 17 yaşlı bir gənci yazdı” sözləri ilə təqdim edilmişdi.
1970-ci illərdə nəşr olunan iki kitabına bu gənclik şeirlərini daxil etməsə də, “Bir şeyler olacaq sabah”da (2005) həmin əsərlərə də yer verdi.
O, həm də ədəbiyyat aləmində fəal idi – “Özgür İnsan” (1972–78) və “Arayış” (1981) jurnallarının baş köşə yazarı olmuş, 1941-ci ildə Rabindranat Taqorun “Gitancaliali” kitabını türkcəyə çevirmiş, 1963-cü ildə isə T.S. Eliotun “Kokteyl partisi” pyesini dilimizə qazandırmışdı.
Londonda mətbuat attaşesi kimi çalışarkən yazdığı “Türk-yunan şeiri” əsəri bəstəkar Muammer Sun tərəfindən “Mavi sehr" adı ilə musiqiləşdirilmiş və ilk dəfə Bursa türk-yunan Dostluq Konsertində səsləndirilmişdi.
Bülənd Ecevit üçün siyasət insan azadlığının, şeir isə düşüncənin azadlığının ifadəsi idi. Onun dediyi kimi: “Şeir mənim şəxsi fəaliyyətimdir".
Ecevitin poetik irsi bu gün də yalnız bir siyasətçinin deyil, azad düşüncə şairinin səsi kimi yaşamağa davam edir.
Çəhrayı çobanyastığı - Sara ibrahimin romanından hissə İnsan sifətli daş sütun tapıldı "Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















