“Burada kişilər hər dəfə mənə “maşallah” deyirlər” Arina Elizarovanın ə MÜSAHİBƏSİ FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan qadın voleybolu çempionatında çıxış edən çoxsaylı legionerlər arasında “Abşeron” klubunun mərkəz bloker Arina Elizarova təkcə oyunu ilə deyil, boyu və gözəlliyi ilə də seçilir.
İdman.Biz oxucularına Azərbaycan klubunda çıxış edən, rusiyaəsilli serbiyalı voleybolçu ilə müsahibəni təqdim e
dir.
- Siz Moskvada doğulmusunuz, vətəndaşlıq baxımından isə serbiyalısınız. Azərbaycanın vol
eybol klubuna necə gəldiniz?
- Bəli, mən rus olsam da, 16 yaşımdan Serbiyada yaşayıram və bu ölkənin vətəndaşıyam. Azərbaycana gəlməzdən əvvəl son klubum Serbiyanın “Jelezniçar” komandası olub və həmin klubla yerli Superliqanın çempionu olmuşam. Karyerama isə “Partizan”da
başlamışam. Azərbaycana isə yəqin ki, xarici klublarda çıxış edən bütün idmançılar kimi agentim vasitəsilə gəlmişəm.
Azərbaycandan bir neçə təklif var idi, lakin biz “Abşeron”u seçdik. Keçən ilin sentyabr ayından bu klubda çıxış edirəm.
- Bakıya gəlməzdən əvvəl bu şəhəri hansı sifətlərlə təsəvvür edirdiniz və gəlişdən sonra nə dəyişdi?
- Mən hələ balaca olanda Bakını tanıyırdım, çünki valideynlərimin dostları azərbaycanlı idi və onlar bizə tez-tez doğma şəhərləri haqqında danışırdılar. Bilirdim ki, Bakı isti, gözəl və qonaqpərvər şəhərdir. Buraya gələndən sonra sifətlərə isimlər də əlavə olundu – dəniz, yeməklər, insanlar (gülür).
- Azərbaycan mətbəxindən nələri bəyəndiniz?
- Demək olar ki, hər şeyi, amma xüsusilə üzüm yarpağından dolmanı! Əlbəttə ki, şirniyyatları da. Onlar o qədər çoxdur və o qədər dadlıdır ki, söz tapmaq çətindir…
- Yəqin ki, bir çox azərbaycanlı kişilər də sizi görəndə söz tapa bilmir: gənc, uzunboylu, gözəl və ən əsası, subaysınız. Bakıda kişilər sizə yəqin ki, digər ölkələrlə müqayisədə daha çox diqqət göstərirlər.
- Kişi diqqətindən heç vaxt məhrum olmamışam (gülür). Amma anlayıram ki, burada uzunboylu qızlarla bağlı müəyyən problem var… Burada tez-tez arxamca “maşallah” deyildiyini eşidirəm – açığı, bunun yaxşı mənada, yoxsa pis mənada deyildiyini bilmirəm (gülür).
- Bu sözün yalnız müsbət mənası var.
- Bəli, bunu mənə artıq izah ediblər. Amma bundan o yana azərbaycanlı kişilərlə ünsiyyətim olmayıb. Yəqin risk etmirlər (gülür).
- Ola bilər ki, boy fərqinə görə kompleks keçirirlər? Axı azərbaycanlı kişilərin hamısının boyu 190 sm-i keçmir ki, sizin 194 sm-lik boyunuzla rəqabət aparsınlar.
- Axı ayaqqabı da var (gülür). Ola bilsin, kompleks keçirirlər. Amma mənim üçün boy heç vaxt kişilərlə ünsiyyətdə problem olmayıb. Əsas odur ki, o, həqiqi kişi olsun.
- Yeri gəlmişkən, ayaqqabı demişkən. Sizə uyğun ayaqqabı tapmaq çətin deyil ki?
- Ayaqqabı elə də problem deyil - cəmi 43 ölçü geyinirəm. Amma geyimlə, xüsusilə şalvarla bağlı burada böyük çətinlik var. Bakıda özümə maksimum köynək ala bilirəm.
- Uzunboylu olmağın üstünlükləri nələrdir?
- İlk növbədə, şkafın yuxarı rəflərindən əşyaları rahat götürmək olur (gülür). Amma ciddi desəm, üstünlükləri çoxdur. Məsələn, uzunboylu olmaq mənə özümə inam verir. Özümü sıradan biri yox, xüsusi biri kimi hiss edirəm.
- Kişilər kompleks keçirir, bəs qadınlar? Azərbaycanda yeni rəfiqələriniz olubmu?
- Bəli, əlbəttə, və onların əksəriyyəti də idmançılardır. Ümumiyyətlə, Azərbaycan voleybolunda və xüsusilə bizim klubda çoxlu əcnəbi var. Onların hər biri buraya həm ünsiyyət, həm də mədəniyyət baxımından öz töhfəsini verir. Hətta komandamızda yaponiyalı da var… Ümumiyyətlə, “Abşeron”da çox yaxşı kollektiv formalaşıb.
- Amma hələlik ciddi nəticələr yoxdur. Komanda niyə liderlər sırasına çıxa bilmir?
- Düşünürəm ki, bu, müvəqqətidir. Komandamız perspektivlidir, məşqlərdə çox çalışırıq. Əminəm ki, klubumuzun uğurları hələ qabaqdadır.
- Bəs siz? Mövsüm bitəndən sonra da komanda ilə qalacaqsınızmı, yəni müqaviləni uzatmağı düşünürsünüz?
- Hələlik bunu deyə bilmərəm. Düşünürəm ki, təkcə mən yox, klub rəhbərliyi də hələ qərar verməyib. Əsas məqsəd çempionatı yaxşı başa vurmaqdır.
- Azərbaycan dili necə? Öyrənməyə başlamısınızmı?
- Əlbəttə, çalışıram. Burada hamının rusca danışmadığını başa düşürəm və ona görə də dili öyrənmək lazımdır.
- Adətən əcnəbilərin etdiyi kimi, söyüşlərdən başlayırsınız?
- İnanmayacaqsınız, amma hələ bir dənə də söyüş bilmirəm. Azərbaycan dilindəki ağır ifadələrdən ancaq "zırt" sözünü bilirəm (gülür). Amma ona qədər saymağı öyrənmişəm. Azərbaycan dilində salamlaşa və sağollaşa bilirəm. Bilirəm ki, bu, hələ çox azdır, amma çalışıram.

Vüqar Vüqarlı
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















