Icma.az
close
up
RU
Bursadan İzmirəcən (Birinci yazı)

Bursadan İzmirəcən (Birinci yazı)

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

HƏCƏR

Hadisələri, səfərləri isti-isti yazmağı sevirəm. Üstündən zaman keçəndə istədiyim kimi alınmır. İndi də "soyumuş kabab"a dönəcəyindən qorxurdum, amma dolmuşdum, yazmasaydım, uzun zaman içimdə qalan bu ağırlığın əziyyətini çəkəcəkdim.

Türk yazıçı və şairləri birliyi ictimai təşkilatlarının dəvəti ilə müxtəlif türk ölkələrində görüşlər keçirilir. Bu səfərlərdə söz sənəti adamlarının yaradıcılıq əlaqələri genişlənir, həm də türk ölkələrinin ictimai-siyasi həyatı və ölkə ilə tanış oluruq. Builki proqramda adları çəkilən şəhərləri görəndə getmək qərarım qətiləşdi. Türkiyəyə səfərimiz Qarabağ Zəfərimizin beş illiyi,  Çanaqqala döyüşlərinin yüz on illiyi və B.Vahabzadənin anadan olmasının yüz illiyini qeyd etmək məqsədi daşıyırdı.

İstanbulda - Sabiha Gökçen hava limanında digər ölkələrdən olan nümayəndələrin də gəlməsini gözlədik. Hamı yığışandan sonra Bursaya avtobuslarla yola düşdük. Artıq çoxumuz bir-birimizi tanıyırdıq, amma dəstəyə yeni qoşulanlar da vardı. Xüsusən Qazaxıstan tərəfi tərkibini çox yeniləmişdi, təzə dostlar çoxdu.

Yamyaşıl, dünya gözəli Bursanın hündür bir yerində - Uludağa gedən yolun üstündə "Boyugüzel" otelində yerləşdik. Burdan Uludağa qalxan yola çıxanda Bursa şəhəri ovuc içi kimi görünürdü. Türkiyənin dördüncü böyük şəhəri, üç milyon əhalisi olan Bursa yaşıllığı ilə məşhurdur. Yerlilərin bir şüarı var: "Yaşam denince: yeşil. Yeşil denince: Bursa. Bursa denince: kardeşlik!" Bursanın yaşıllığı iqlimindəndir, orda olduğumuz müddətdə bir neçə dəfə güclü yağış yağdı. Onu deyim ki, yaşıllığı ilə öyünən Bursada, məsələn, Şəkidəki, Oğuzdakı, Qəbələdəki kimi bol yaşıllıq görməzsən. Yalnız Uludağ tərəfdə, şəhər kənarında bəzi yerlərdə qismən hiss olunur. Böyük şəhərlər adətən yaşıllığın qənimidir. Amma ölkənin şəhərsalma planı əvvəldən mütərəqqi olsa, məsələn, Moskva kimi nəhəng aqlomerasiya mərkəzi dirəvi əlli kilometrlik meşə massivlərindən ibarətdir və bu, şəhər havasının təmizliyini qoruyur, əhalinin istirahəti üçün isə gözəl şərait yaradır.

Tədbirin rəsmi açılışı Bursada Merinos Atatürk Orxan Qazi Mərkəzində çıxışlar, müxtəlif türk xalqları nümayəndlərinin rəqs və mahnı ifası ilə başlandı. Rəsmi açılışdan sonra şəhərin görməli və tarixi yerlərinə səyahətlər nəzərdə tutulmuşdu.

Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin izlərini özündə birləşdirən Bursanın panoraması Osman Qazi mavzoleyindən baxdıqda çox möhtəşəm görünür. Yüz otuz il Osmanlı dövlətinin paytaxtı olmuş şəhərdə altı sultanın məzarı qorunur. Osmanlıların bəylikdən dövlətə, dövlətdən imperiyaya keçdiyi yerin anasıdır Bursa.

Osmanlının tarixi buradan - Bursadan başlanır. Türkiyəyə səfərlərimdə onların tarixə bu qədər qayğı ilə yanaşmalarına hər zaman heyran olmuşam. Bu ölkə başdan-başa daşla yazılmış tarix kitabıdır, gərək gəzib oxuyasan. Şəhərin tarixi Friqiya, Bitiniya və Roma dövrlərinə gedib çıxır. Eramızdan əvvəl IV əsrdə Bitiniya kralı I Prusias tərəfindən salınan şəhər onun şərəfinə Prussa adlanıb. Şəhərin ən şərəfli tarixi osmanlıların buranı fəthi ilə bağlıdır. Bəzi rəvayətlərə görə, Osman Qazi oğlu Orhan Qaziyə vəsiyyət edib ki, onu Bursanın ən hündür yerində dəfn etsin. 1326-cı ildə Bursanı fəth edən Orhan Qazi atasının vəsiyyətini yerinə yetirərək onu şəhərin ən hündür yerində dəfn edir və özü də vəfat edəndən sonra atasının yanında dəfn olunur. Bu mavzoley indi Bursaya gələn hər bir turistin ziyarət yerinə çevrilib. Həmin ərazidən baxanda Bursa gözəl naxışlarla bəzənmiş xalı kimi göz önünə sərilir. Mavzoleyin giriş qapısı tərəfdə-yolun o tayında hündür qala divarları görünürdü.

Şəhərin mərkəzində Osmanlı imperiyasının qurucusu Osman Qazinin əzəmətli heykəli ucalır. Əsas ticarət obyektlərinin olduğu yerdə, kapalı çarşının yanında Ulu Came yerləşir. 1396-1399-cu illərdə inşa edilən bu camenin tikintisi  əslən Təbrizdən olan memar Məhəmməd Əbdüləzizoğlunun adı ilə bağlıdır. Mahir memar şagirdləri ilə birgə camenin bəzədilməsində astronomik və islami bilgilərdən məharətlə istifadə edib. Camenin minbərini bəzəyən naxışlarda 6666 ağac parçasından istifadə olunub ki, bu rəqəm "Quran"dakı ayələrin sayına bərabərdir. Came haqda maraqlı rəvayət mövcuddur. Deyirlər, Xızır peyğəmbər hər gün burda gözə görünmədən gəlib namaz qılır. Ümumiyyətlə, Türkiyədə hər addımda bir məscidin tikilməsi bütün milləti kütləvi ibadətə, Tanrının qulluğuna səsləyir, həm də, məncə, mövcud vəziyyətə şükür etmək və itaətkar psixologiyanı aşılayırlar. Zöhr namazı vaxtı camelərdə gördüyüm dəstəmaz üçün növbəyə dayanan, qaynaşan müsəlmanlar maraqlı təsir bağışlayırdı. Həmin vaxt bu adamların hamısının üzündə bir nur, ümid işığını görməmək mümkün deyildi. Özüm də ibadət adamıyam. Namaz mənim üçün Tanrı ilə danışmaq, bölüşmək, sağlam bədən və sağlam ruh deməkdir. Bütün əsassız, fanatik bilgilərə qarşıyam.

Bursa bir çox şəhərlərin artıq "əlvida" dediyi tramvayları ilə də məşhurdur. Burda insanları daşıyan qırmızı tramvaylar elə Bursanın özündə istehsal olunur. Səfər zamanı Kapalı çarşını dolaşmaq üçün bir gün vaxtımız vardı. Başqa ölkələrdə dükan və bazarları dolaşmağa çox da maraq göstərmirəm, öz ölkəmdən almağa üstünlük verirəm. Çox sevdiyim muzey və tarixi yerlərə səyahətdir. Çarşıya çıxan kimi yoldaşlar iki bir-üç bir ayrılıb gəzməyə başladılar. Nəvəmə və anama hədiyyə almaq üçün bir-iki mağazaya baş çəkdim. Azərbaycan türkcəsində danışırdım, təəccübümə rəğmən, satıcıların əksəriyyəti bizim dildəki çox işlək adi sözlərin mənasını bilmirdilər. Onlara Azərbaycan dilində heç olmasa gündəlik işlənən və satıcıları cəlb etmək üçün satışla bağlı söz öyrətmədən keçmək olmazdı. Sevindim ki, satıcılar həvəslə sözləri təkrar edir, yadda saxlamağa çalşırdılar. Bizim sözlərin tələffüzündə çətinlik çəkənlər də olurdu, o birilər tez düzəliş verirdilər. Gənc satıcı qızlar, oğlanlar daha çox maraq göstərirdilər. Bu iş çox vaxt apardı. Bir də ayıldım ki, bizim görüş saatımızın zamanı keçib. Çarşıdan camenin qarşısına çıxdım. Avtobuslarımız artıq getmişdi. Yolun kənarında dayanmış uniformalı gəncdən adını soruşdum: "İsmayıldır", - dedi. Vəziyyəti başa saldım, otelin adını deyib yardım istədim. O, telefonla danışdı, oteldə qeydiyyatda olduğumu öyrənib avtobus sürücüləri və qrup rəhbərimizlə əlaqə yaratdı. Budur, on beş dəqiqəyə maşın qarşımda dayanmışdı. Bu gənc türk "arkadaşıma" təşəkkür edib mənim üçün gələn Hayrettin Yazıcı və Adilə Nəzər xanımla özümüzü Uludağın ətəyində bizimkilərə çatdırdıq. Hərə bir tərəfdən narahatlığını bildirib:

- Hardaydın? Dedik, ta Bursada itirdik səni, - dedilər.

- Satıcılara Azərbaycan dilini öyrədirdim, - dedim.

Gözlənilməz cavabdan çaşıb qaldılar. Sonra çəkilən şəkillərə baxanda qrupa yazdım, bəs mən niyə yoxam bu şəkillərdə? Otaq yoldaşım Elmira xanım:

- Müəllimə, sən satıcılara dil öyrədəndə çəkdirmişik şəkilləri. Səni tapırdıq ki, şəkil də çəkdirək, - dedi.

Uludağa qalxan yolun kənarında saysız-hesabsız mağazalarda turistlərə cürbəcür mallar təklif edilir. Burda qara tutun bəhməzi, tut şirəsi, müxtəlif şirniyyatlar, suvenirlər satılır. Onu deyim ki, məsələn, bizdə nar şirəsi göz önündə tərtəmiz sıxılır, alıcılara təqdim olunur. Tərkibində meyvənin miqdarı az, şəkəri qat-qat çox olan tut bəhməzi və tut şirəsində tutun dadı tamam itir. Satış isə sanki səyyar mağazalar kimi primitiv şəkildə quraşdırılmış tikililərdə fəaliyyət göstərir.

Bursa şəhəri həmçinin çox qədimdən termal sular şəhəridir. Qaldığımız otel də bu su vannaları ilə müştərilərə xidmət göstərirmiş, təəssüf bundan xəbərim olmadı. Xəstəxanalarda da müalicə məqsədilə termal sulardan istifadə olunur. Dünyanın hər yerindən insanlar müalicə və müayinə olunmaq, istirahət etmək üçün Bursanı seçirlər. Osmanlı imperatorluğunun ilk xəstəxanası və tibb fakültəsi də Bursada qurulub.

Coğrafi mövqeyinə görə İpək yolu üzərində yerləşən Bursa turist şəhəri olmaqla bərabər, həmçinin ticarət, sənaye və mədəniyyət şəhəri kimi tanınır. Burda toxuculuq sektorunun tarixi 1500 il əvvələ gedib çıxır. Osmanlı imperiyası zamanında da ipəkçilik, toxuculuq mərkəzi olmaqda davam edən şəhər Türkiyənin toxuculuq paytaxtıdır. Çarşılarda, mağazalarda yerli fabriklərin istehsalı olan cürbəcür, gözoxşayan, həmçinin yüksək keyfiyyətli tekstil mallar satılır. Bursadan toxuculuq malları almadan geri dönən sonra mütləq peşman olur. Ona görə hədiyyə almadan dönmək istəmədim, bir neçə qəşəng krujeva hörməli dəsmal, süfrə və büllur aksesuar aldım.

Bursada qida sənayesi ilə bağlı fəaliyyət göstərən firmalar da çoxdur. "Bidfood Türkiye" ölkənin iri distribusiya ictmaiyyətindən biridir. Bu firma bir sıra dünya səviyyəli premium qida və içki markalarının Türkiyə distribütorudur. Onun portfelində "İlly" - italyan espresso qəhvəsi,  "S.Pelleqrino" - İtaliya mineral suları, "Perrier"-Frabsa mineral suyu, "Monin" - fransız şirniyyatı, şirələr, içkilər "Lambveston" - fast-food (restoran sektoru üçün) və s. brendlər var. Türkiyə kimi çoxmilyonlu ölkənin qida sektorunun normal və keyfiyyətli fəaliyyətini təmin etmək üçün daha böyük, yeni və operativ işləyən ciddi layihələrə həmişə ehtiyac duyulur. Televiziyada rast gəldiyim bəzi kortəbii fəaliyyət göstərən fermer təsərrüfatlarının məhsullarının sahələrdə tökülüb qalması, alıcı üzündən xarab olması məyusluq doğurur. İri firmalar bundan öz xeyirləri üçün istifadə etsə, kiçik fermerlər də ziyan çəkməz, əməyin məhsulu zay olmaz, qida sektorumuz çeşidli məhsullarla təmin olunardı.

...Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan park Bursa sakinlərinin sevimli istirahət yeridir. Azərbaycan-Türkiyə dostluq parkında Nilufər bələdiyyəsinin qonaqlar üçün təşkil etdiyi şirniyyat süfrəsi hər birimizin ürəyincə oldu. Yüksəklikdə yerləşən parkdan baxanda qarşıda dərin ovalığa enən böyük sahənin qarşı tərəfində yüksələn yaşıl təpəliklər çox gözəl bir mənzərə yaradır. Sanki suyu sovulmuş böyük bir gölün sahilində dayanıb onun mənzərəsinə baxırsan. Parkda həmçinin pişiklər üçün tikilmiş xüsusi barınma evi çox maraq doğurdu. Bundan sonra Polad Həşimov adına parkı ziyarət etdik. Mərkəzi yolun kənarında yerləşən parkda daş sütunda Polad Həşimov haqda məlumat yazılmışdı. Könül istərdi, orda qəhrəman generalımızın gözəl bir abidəsi ucalaydı. Yəqin ki, bu arzumuz yaxın zamanda özünü doğruldar.

Tarixi Sögütlüyə səfər xüsusilə maraq doğurdu. Türkiyəli qardaşlarımızın tarixlərinə ehtiram və qayğısı hər addımda hiss olunur. Burda Ərtoğrul Qazinin möhtəşəm türbəsini ziyarət etdik. Türbə önündə gözətçilik növbəsi dəyişən milli geyimli, qədim silahlı ucaboy, boqatır görkəmli gənclərin bir-birinə ciddi və ehtiramla qədim sultanların zamanında olduğu kimi müraciəti, hərbi raportu çox ecazkar təsir bağışlayırdı.

Bursa şəhəri əfsanəvi Uludağı ilə də məşhurdur. Ta Bizans dövründən zahidlərin və yüksək təbəqənin istirahət mərkəzi və bitki aləmi ilə zəngin olan Uludağ Bursaya çox yaxındır. Şəhər kənarında olması bitki aləminin qorunmasına şərait yaradıb. Bir zamanlar Osmanlıların Keşiş dağı dedikləri, indi isə "Qar cənnəti" adlandırılan Uludağda dağ turizmi və dincəlmək üçün əla şərait var. Özcan Dənizin baş rolda çəkildiyi "İstanbullu gəlin " filmindən tanıdığım Uludağı gedib görmək xoşbəxtliyinə görə Tanrıya təşəkkürümü bildirdim.

Gəzinti zamanı bir sürücü dedi ki, bir zamanlar mərkəzi yoldan aşağı bütün sahələr şaftalı bağları olub. Sonra şəhər böyüdükcə bağların yerində məskunlaşma genişlənib. Yeri gəlmişkən, otelin qarşısındakı mağazadan hazır qablaşdırılmış meyvələrdən aldıq. Penoplast qabların üzəri şəffaf örtüklə bağlandığı üçün alarkən meyvənin necəliyini bilmədik. Otağımıza gələndə aldığımız iki kiloqram meyvədən yalnız azca üzüm yeyə bildik. Gavalı daş kimi bərk, dadsız və içi çürük kimiydi, şaftalı da onun kimi. Üzdən çox gözəl görünən meyvələrin bu cür olması təəccüblüdür. Yadıma bizim meyvələr düşdü: bal kimi dadlı, qiyməti də münasib. 

Fürsət düşdükcə axşam gəzintisinə çıxırdıq. Həm təmiz hava alır, həm də Uludağa qalxan dolama yollardan şəhərə baxmağın zövqünü yaşayırdıq. Bizim sevimli, nazlı xanım Lalə Mədətova xahiş etdi, yolun kənarında - meymunalması ağacı var, onun meyvələrindən bir neçəsini gətirək, dərman düzəltmək üçün lazımdır. Geri qayıdanda alma boyda meyvələrdən tapıb götürdük. Otelə az qalmış birdən üç ədəd böyük it üstümüzə cumdu. Düzü, mən heç vaxt itdən çəkinməmiş, qorxmamışam, yanımdan sakit keçib gediblər. Burda isə bərk qorxdum, çünki yad yerin itinin adamı tutmağı bir macəralı hay-küyə səbəb olar, həmçinin səhhətimizdə problem ola bilərdi. Meymunalmalarını əlimizdə daş atmaq istəyən adam kimi sazlayıb müdafiə olunmaq istədik. İncəvara, itlər elə bil qonaq olduğumuzu başa düşdülər, tez əl çəkdilər. Bu da dil öyrətmək cəhdindən sonra yaşadığım ikinci macəra. Üçüncü macəramız isə lap gözlənilməz oldu. Bursadan ayrılmamıza bir gün qalmışdı. Gecə gənclər otelin birinci mərtəbəsində şənliyə yığışmışdılar, biz isə otaqda gündüz gəzintisinin yorğunluğunu çıxarırdıq. Birdən otaq yoldaşım Elmira xanım:

- Vay, zəlzələ, - deyə həyəcanla  bildirdi. Baxdım, televizor yerində rəqs edir, tefal çaydan yırğalanır, divarlardan, pəncərədən səs gəlir. Yerimdən dik atıldım, pəncərəni açdım, əgər çox davam etsəydi, ikinci mərtəbədən restoranın üstünə atılacaqdım. Kahramanmaraş zəlzələsindən gözümüz qorub axı. Yaxşı ki, silkələnmə tez ötdü. Sonra Elmira xanım dedi, pəncərədən atılsaydın, buraları zəlzələdən betər dağıdardın. Restoranın nazik plastik tavanı qırıq-qırıq olardı, zəlzələdən xəbəri olmadan rəqs edən camaatın başına düşsəydin, qiyamət qopardı. Daim yumorla danışan Elmira xanım hər sözü ilə üzümü güldürürdü. Sonra məlumatda oxuduq ki, 6 bal gücündə zəlzələ olubmuş.

Hər il türk ölkələrinə səyahətləri, gəzintiləri təşkil edən Dünya Türkləri Koordinasiya Mərkəzinin başqanı İlqar Türkoğlu bu səfərdə də iştirakçıların rahatlığı üçün, səyahətlərin daha gözəl keçməsi üçün əlindən gələni əsirgəmədi. Bu tədbirlərin ən yaddaqalan hissəsi türk dövlətlərindən gəlmiş şair və yazıçıların, bəstəkar və müğənnilərin çıxışları idi. Qazaxıstan, Özbəkistan, Çuvaşiya, Qırğızıstan, Kərkük və başqa türk dövlətlərindən gəlmiş şairlər: Utkirbek Muhamedov, Gülnar Rahimcan, Börübek Orazimbet, Ardak İqenova, bəstəkar-müğənni Yasira Zaxanqızı, Bolat Kurmanqajul, Amankul Bekşorayeva, Ayşa Turmaqanbetova, Kulyaş Abişeva, Nurjamal Kubayeva, Çuvaşıstan Xalq şairi Raisa xanım Sabri, şairlər Alevtina, İrina xanım, Tatyana xanım,  Gülmira Abikeeva, Riyaz Demirci, Hüsameddin Debbağ, Adnan Uryan, bədii qiraətçi Arzu Yılmaz Dağdemir, hərbçi xanımlarımız Aida Şirinova, Əntiqə Qonaq, şair Hayrettin Yazıcı və başqaları yaddaqalan çıxışları ilə səfərlərimizə gözəllik qatırdılar. AHB TV-nin rəhbəri Rüfət Muradlı, şairlər Cahit bəy Günay, Savaş bəy Sarıkaya təbirləri mətbuatda işıqlandırırdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see213

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see205

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see162

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see153

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see149

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see143

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see136

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see130

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see128

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see126

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri